Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13795/2025 03.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayonu X1rşı “arayışın təqdim edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhər Sabunçu Rayonu Dövlət X4 (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq sığorta ödənişinin edilməsi üçün Forma 4 arayışının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərara qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Ford Tranzit markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı dairəvi yolunda hərəkətdə olarkən iddiaçının qabağında hərəkətdə olan Nissan X-trail markalı avtomobil yol qırağında duran adamı götürmək üçün qəfil əyləci basaraq yolun hərəkət hissəsinin ikinci sırasında dayanmışdır. Yol Hərəkəti haqqında Qaydaların tələblərinə riayət edərək maşını idarə edərək ara məsafəsini düzgün saxladığından, əyləcə basaraq qarşıdakı maşına dəymədən maşını saxlaya bilmişdir. Lakin iddiaçıdan arxada hərəkət edən Mercedes Benz markalı yük maşını ara məsafəsini və sürəti düzgün seçmədiyi üçün dayana bilməmiş və iddiaçının idarə etdiyi maşını arxadan vurmuş və inersiya ilə iddiaçının maşını yolda dayanmış Nissan X-trailə dəymişdir. Bütün bu hadisəyə dair video görüntü var. Hadisə yerinə gələn DYP əməkdaşı tərəfindən hadisə yerinə baxış keçirilmişdir. X2, arxadan ona dəymiş yük maşınının şinlərinin asfalt örtüyündə qoyduğu izin uzunluğunu ölçmədən, hadisəyə ilkin səbəb olan Nissan markalı avtomobilin anidən yolun hərəkət hissəsində nə üçün saxlamasını araşdırmadan, ərazidə olan video kamera görüntülərinə baxmadan 7 gün sonra xx.xx.2024-cü il tarixdə İXP ******* saylı protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixdə protokol xx.xx.2024-cü il tarixli TP ******* saylı qərar ilə birlikdə ona təqdim edilmişdir. X2 tərtib edilmiş qərarı ona özü deyil, Yol Polis İdarəsində növbədə olan əməkdaşa verməklə onun vasitəsi ilə sənədin əslini deyil, surətini göndərmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayət Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim olunmuş və məhkəmənin xx.xx.2025-ci il tarixli 3(008)-443/2025 nömrəli qərar ilə şikayət təmin edilmiş və barəsində tərtib olunmuş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Daha sonra məhkəmənin qərarı müvafiq olaraq polis şöbəsinə təqdim edildikdə, artıq sığortaya müvafiq arayışın verildiyi və sığorta ödənişinin Mercedes Benz markalı yük maşınına edildiyi üçün ona heç bir ödəniş edilməyəcəyi bildirilmişdir. Polis əməkdaşlarının hadisə yerinə düzgün baxış keçirməməsi və bununla bağlı olaraq yanlış qərar verməsi nəticəsində vaxt uzanmış və yol nəqliyyat hadisəsi üzrə ona ödəniş edilməsi lazım olduğu təqdirdə bu ödəniş iddiaçıya edilməmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının hazırkı tələbi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın verilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan bu iddia öhdəliyin icrası haqqında iddiadır ki, yuxarıda qeyd olunduğu kimi bu idda üzrə digər mümkünlük şərtləri ilə yanaşı tələb olunan şərtlərdən biri də ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət edilməsidir. Belə ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Çünki məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Buna görə də öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunun aradan qaldırmasını tələb edib-etməməsidir. İşdən görünür ki, iddiaçı öhdəliyin icrası haqqında hazırkı tələblə məhkəməyə qədər cavabdeh inzibati orqana müraciət etməmişdir. Məhkəmə iclasında iddiaçının özü də bu halı qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-13795/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13795/2025
03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver