Məhkəmə qərarları › İş №2-1(112)-13797/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13797/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13797/2022 12.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 11/9 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi Binəqədi Rayonu M.Ə. Rəsulzadə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, № 11/9 saylı qərarı ilə İddiaçı ünvan 1 ünvanında yerləşən, ona məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 573,58 (büş yüz yetmiş üç manat əlli səkkiz qəpik) məbləğində borcun Binəqədi Rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsinə məcbur edilməsi qərara alınmışdır. Nəzərə alınmalıdır ki, borcla bağlı cavabdeh tərəfindən indiyə qədər olan müddət ərzində iddiaçıya heçbir məlumat verilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli müraciətə əsasən Binəqədi Rayonu M.Ə. Rəsulzadə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, № 11/9 saylı qərarı ona rəsmi şəkildə təqdim edilmişdir. Qərarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.2 və 87-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanunu rəhbər tutularaq, onu 573,58 (büş yüz yetmiş üç manat əlli səkkiz qəpik) məbləğində borcun Binəqədi Rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsinə məcbur edilmiş, qərarın icrası Binəqədi rayon İcra Şöbəsinə həvalə edilməsi qeyd edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddiaçı mübahisələndirilən qərardan icra mərhələsində xəbər tutduğunu bildirmiş, cavadeh isə bu halın əksini təsdiq edən sənədləri, yəni mübahisələndirilən qərarın hansı tarixdə iddiaçıya təqdim edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, “Bələdiyyələtin statusu haqqında” Qanun: 8-1. Yerli ödənişlər – "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanun: 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə: 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: -3.1.1.yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; -3.1.2.yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; -3.1.3.yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən aydın olur ki, yerli ödənişlərin ödənilməsinə nəzarət bələdiyyə vergi xidməti orqanlarının səlahiyyətidir, onlar həmin nəzarəti kameral və ya səyyar yoxlama aparmaqla həyata keçirirlər və yoxlamanın aparılması qaydası həm Əsasnamədə, həm də Əsasnamənin 1.2-ci maddəsinə müvafiq olaraq Vergi Məcəlləsi ilə tənzimlənir, yoxlama nəticəsində isə vergi xidməti orqanı akt tərtib etməli və bələdiyyə vergi xidməti orqanının aktına əsasən yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxara bilər və həmin qərar əsasında ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir.

196. Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. 200.4-cü, 200.5-ci və 200.6-cı maddələrinə əsasən, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 208.1. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. 208.2. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. 208.3. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Vergi Məcəlləsinin müddəalarından göründüyü kimi, əmlak vergisi-siyahısı vergi qanunvericiliyi ilə məyyən edilmiş daşınan və daşınmaz əmlaka görə fiziki şəxslər və balanslarında olan əsas vəsaitlərə görə, müəssisələr tərəfindən ödənilən birbaşa verginin bir növüdür. Torpaq vergisi isə birbaşa (vasitəsiz) vergi növü olub maddi nemətlərin əldə edilməsi və toplanması prosesində alınır. Əmlak və torpaq vergisinin ödəyiciləri, obyekti, dərəcələri, hesablanması, ödənilməsi qaydası, bu vergi ilə bağlı güzəştlər, hesabatın verilməsi və digər oxşar məsələlərlə əlaqədar münasibətləri tənzimləyən normalar VM-in Xİİİ, XİV fəslində cəmlənmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. Halbuki, hazırkı iş üzrə mübahisələndirilən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11/09 saylı qərarı yuxarıda sadalanan normaların tələbləri pozulmaqla qəbul edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarın (inzibati aktın) təsdiq edilmiş surətinin, həmçinin qərarın qəbul edilməsinə əsas olan sənədlərin (inzibati-icraat materiallarının; tərəfə göndərmiş tədiyyə bildirişin; bildirişin və qərarın iddiaçıya təqdim edilməsi barədə sənədlərin təsdiq edilmiş surətinin) məhkəməyə təqdim olunması ilə bağlı cavabdeh inzibati orqana sorğu vermişdir. Sorğuya cavab olaraq cavabdeh tərəfindən qərar və tədiyyə bildirişləri təqdim olunmuşdur. Məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi ünvan 2 ünvanında yerləşən X1 məxsus torpaq sahəsinə və əmlaka görə ödənilməmiş 573,58 manat məbləğində borcun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli qərar (akt) akt qəbul etmişdir. Doğrudur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altındaki torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Baxmayaraq ki, cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan daşınmaz əmlaka münasibətdə əmlak və torpaq vergisinin ödənilməsinin zəruriliyi ilə bağlı qərar qəbul etsə də, prosessual qənaət prinsipi baxımından inzibati akt inzibati icraat qaydalarına riayət olunmadan qəbul edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 11/09 saylı qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət olunmamasına, həmçinin tədiyyə bildirişinin iddiaçıya rəsmi qaydada təqdim edilməməsinə münasibətdə, Məhkəmə aşağdakıları əsas gətirir: Belə ki, Vergi Məcəlləsinin 84-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir. Verginin hesablanması haqqında bildirişdə aşağıdakılar göstərilir: 84.0.1. vergi ödəyicisinin adı və ya obyektin adı; 84.0.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 84.0.3. bildirişin tarixi; 84.0.4. bildirişin aid olduğu obyekt və bildirişin əhatə etdiyi vergi dövrü və ya vergi dövrləri; 84.0.5. verginin növü, hesablanmış verginin və faizlərin məbləği; 84.0.6. verginin ödənilməsinə dair tələb və ödəmənin müddətləri; 84.0.7. verginin ödənildiyi yer və üsul; 84.0.8. verginin hesablanmasına əsas olmuş hallar; 84.0.9. şikayət etmə qaydası İnzibati aktın forması və inzibati akta dair tələblər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda qəti olaraq müəyyən edilmişdir Həmin Qanunun 57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Hazırki iş üzrə qanuniliyi mübahisələndirilən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11/09 saylı qərarında isə qanunvericiliyin tələb etdiyi məlumatlar, o cümlədən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməmişdir. Bundan əlavə, qəbul edilmiş qərarın mətnində iddiaçıya tədiyyə bildirişi göndərilməsinə baxmayaraq onun vergi borcunun bələdiyyənin yerli büdcəsinə ödəməkdən yayındığı qeyd olunsa da, əmlak və torpaq vergisi ilə bağlı tədiyyə bildirişlərin ünvanladığı fiziki şəxs - İddiaçı təqdim edilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda mübahisələndirilən xx.xx.2022-ci il tarixli 11/09 saylı inzibati aktın (qərarın) iddiaçının müraciətindən öncə, ona rəsmi qaydada təqdim olunmasını təsdiq edən sənəd aşkar olunmamışdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçı mübahisələndirilən qərardan yalnız icra mərhələsində məlum olduğunu, qərarın və tədiyyə bildirişlərin həmin vaxtda əldə etdiyini bildirmişdir ki, cavabdeh bunun əksini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən tədiyyə bildirişinin tərtib olunması şübhə doğurmur. Burada şübhəli olan hal odur ki, tədiyyə bildirişləri bələdiyyənin sədrinin imzası və möhürü ilə təsdiq olunsa da, tədiyyə bildirişinin kötüyü olan hissə iddiaçıya rəsmi qaydada verilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tədiyyə bildirişinin alınmasını təsdiq edən hal yalnız o zaman mövcud olar ki, seriya nömrəsi eynilik təşkil etməklə tədiyyə bildirişinin kötüyündə vergi ödəyicisinin imzası mövcud olsun ki, hazırki mübahisə üzrə bu halın olması müəyyən edilməmişdir. Əlavə olaraq qeyd olunur ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsində, bələdiyyə və fiziki şəxs arasında bu cür mübahisəli hallar yarandığı zaman tədiyyə bildirişinin fiziki şəxsə təqdim olunması mütləq qaydada yoxlanılır ki, bu hal mübahisənin həlli üçün əhəmiyyət kəsb edir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, qüvvədə olan qanunvericiliyin tələbləri əsasında iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun, həmçinin Vergi Məcəlləsinin normalarına görə əsassız sayılır. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11/09 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar