Məhkəmə qərarları › İş №2-1(112)-13798/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13798/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13798/2023 05.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Süleymanov Ümidin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ümid Süleymanov cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28 iyul 2023-cü il tarixli, DMX İQ-53/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, onun 30 may 2023-cü il tarixli vəsatətini təmin edərək qaçqın statusu verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının vətəndaşıdır. xx.xx.1991-ci ildə Sankt-Peterburq şəhərində anadan olub və orada yaşayır. Etnik olaraq azərbaycanlıdır və İslamın sünni etiqadına sadiqdir. O, Rusiya vətəndaşı Zərifə Məhərrəmova ilə ailəlidir və valideynləri, həmçinin 3 qardaş və 1 bacısı hazırda Sankt- Peterburqda yaşayır, qardaşlarından biri dünyasını dəyişib, biri isə Azərbaycanda yaşayır. O, 10 illik orta təhsilini 527 saylı məktəbdə aldığını, daha sonra X1 daxil olub və 2 il orada təhsil alıb. Maddi problemlər üzündən təhsilini davam etdirə bilməyib. 2012-ci ildən 2013cü ilədək “QOZ Abuxovski” zavodunda işləmiş, daha sonra Azərbaycana gələnə qədər 2013-cü ildən 2022-ci ilə qədər müxtəlif işlərdə çalışmışdır. O, Rusiyada gedən müharibə ilə əlaqədar hərbi xidmətə çağırılmaqdan qorxduğunu və buna görə də ölkəsini tərk edərək 30 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasına gəlmiş və ölkəsindən qaçmışdır. Buna səbəb hərbi xidmətə çağırılmasını və Ukraynaya qarşı cinayətkar müharibədə iştirak etmək istəmir. O, Azərbaycan hökumətinə sığınacaq üçün ərizə təqdim etmiş və 28 iyul 2023-cü ildə Dövlət Miqrasiya Xidmətində qeydiyyata alınıb. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin iddiaları əsaslı deyil. Qaçqın statusunun verilməsi ilə bağlı qərar ərizəçiyə 3 avqust tarixində DMX-nin səlahiyyətli nümayəndəsi tərəfindən izahı verilmədən təqdim edilmişdir. İddiaçı hesab edir ki, DMX-nin qərarı qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. DMXnin qərarında aşağıdakı fundamental səhvlərə yol verilib: DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin siyasi baxışına görə təqib edilməsi riskidir. DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında ərizəçiyə münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığını yoxlanılmalıdır. Bu ehtimal ağlabatandır ki, Rusiyaya qayıdacağı təqdirdə ərizəçinin İnsan Hüquqlarının Ümumi Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan yaşamaq, pis rəftara məruz qalmamaq, azadlıq hüquqları təhlükə altına düşə bilər. Bundan əlavə, ərizəçi müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib edilir. BMT QAK-ın Təlimatına əsasən "müəyyən sosial qrup" bir qayda olaraq eyni zəminə, vərdişlərə və ya sosial statusa aid olan şəxslərdən ibarətdir. Bu başlıq altında təqib qorxusuna dair iddia digər əsaslarla (irq, din, siyasi və ya milliyyət və digərləri) ilə üst-üstə düşə bilər. Müəyyən sosial qrupa mənsubluq təqibin mənbəyi bir neçə səbəbdən ola bilər. Özlüyündə müəyyən sosial qrupa mənsub olma qaçqın statusuna iddianı əsaslandıran hal deyil. Lakin bəzi xüsusi hallarda özlüyündə sosial qrupa mənsub olma da qaçqın statusunun əsasını təşkil edə bilər. Bundan əlavə, ərizəçi qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Lakin Rusiya rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Ukraynaya qarşı müharibədə iştirakdan imtina edən şəxslər adekvat müdafiə ilə təmin edilmirlər. İddiaçının işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir və buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir. İddiaçı siyasi baxışına görə təqiblərə məruz qaldığı və buna görə də onun əsaslı təqib qorxusu olduğu üçün vətəndaşı olduğu ölkənin (Rusiya) himayəsindən istifadə edə bilməyən şəxsdir. Göstərilənlərə əsasən iddiaçıya qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Süleymanov Ümidin iddiası əsassızdir və təmin edilməməlidir. İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli İQ-53/1 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddianın heç bir hüquqi əsası yoxdur. İddiaçı Umid Suleimanov (pasport nömrəsi: 6********) ona qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-53/1 nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasına gələnədək Rusiya Federasiyası - dövlət hər hansı təqibə və təhdidə məruz qalmamış, ölkə sərhədlərini maneəsiz keçmişdir. Şəxsin DMX-yə təqdim etdiyi vəsatətindən görünür ki, onun Rusiya Federasiyası yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Onun ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqəli olmuşdur. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cvabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İşin məhkəmə araşdırması ilə müəyyən edilir ki, Rusiya Federasiyasının vətəndaşı (pasport – 6********) 05 fevral 1991-ci il tarixdə doğulmuş iddiaçı 30 may 2023-cü il tarixdə qaçqın statusu verilməsi barədə vəsatətlə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatət həmin orqanda araşdırılması üçün qeydiyyata alınmış və 64-2023 saylı şəxsi iş açılmış, iddiaçı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları (Ukrayna Respublikasında gedən müharibə səbəbindən hərbi xidmətə cəlb olunacağından ehtiyat etdiyi, bu səbəbdən ölkəsini tərk edərək Azərbaycana gəldiyini, ölkəsini tərk edərkən heç bir maneə ilə rastlaşmadığını, vətəndaşı olduğu ölkədə irqi əlamətlərinə, milliyətinə, dini etiqadına, siyasi əqidəsinə görə təqib olunmamışdır və. s.) əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə 28 iyul 2023-cü il tarixdə qərar qəbul edilmişdir. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Göründüyü kimi qanunvericilik “qaçqın” statusunun verilməsi üçün şəxsin vətəndaşı olduğu, yaxud vətəndaşlığı olmayıb adətən yaşadığı ölkənin himayəsindən istifadə edə bilməməsini onun irqi, milli, dini, sosial və ya siyasi səbəblərə görə ölkəsində təqiblərin qurbanı olması və ya olacağı ehtimalını tam əsaslandırması və bu müdaxilənin ehtiyat tədbiri kimi onun üçün zəruri olmasını sübut etməsi halı ilə şərtləndirir. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan, təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Hazırkı mübahisədə isə istər inzibati icraat, istərsə də məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan şərtlərin mövcud olması iddiaçılar tərəfindən əsaslandırılmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçıya münasibətdə əsaslı qərar qəbul etmişdir. İddiaçının mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. Nəzərə almaq lazımdır ki, iddiaçının istinad etdiyi hallar vətəndaşı olduğu ölkədəki vəziyyətlə bağlı narahatlıqdan doğan ümumi mülahizələrə söykənir və özü-özlüyündə qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ki, iddiaçının ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də iddiaçı vətəndaşı olduğu ölkədə təhlükəsizliyinin təmin edilməməsi, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmiş, onun dəlilləri isə mülahizələrə söykənir. Bununla yanaşı, məhkəmə əlavə olaraq qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarın qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aiddir. Bu baxımdan məhkəmə yalnız cavabdeh tərəfindən həmin səlahiyyətlərin düzgün, yəni qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini yoxlaya bilər. Məhkəmə həmçinin qeyd edir ki, oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda, o cümlədən 2-1(102)- 3182/2019 saylı, 10 dekabr 2019-cu il tarixli, 2-1(102)-2143/2020 saylı, 25 noyabr 2020-ci il tarixli, 2-1(102)-366/2021 saylı, 24 fevral 2021-ci il tarixli və 2-1(102)-535/2021 saylı, 31 mart 2021-ci il tarixli qərarlarında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edərək, iddiaçının vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən cavabdehin imtinasını qanuni və əsaslı hesab etmişdir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə ləğv edilməsi tələb olunan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçıya “qaçqın” statusunun verilməsindən imtina olunması barədə 28 iyul 2023-cü il tarixli İQ-53/1 saylı qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən, iddiaçının həmin qərarın ləğv edilməklə qaçqın statusunun verilməsi öhdəliyinin cavabehə həvalə edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-cimaddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar