Məhkəmə qərarları › İş №2-1(112)-138/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-138/2021

29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-138/2021 29.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi) “diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Ukrayna Respublikası Çerkask Dövlət Texnologiya Universiteti tərəfindən “kompyuter mühəndisi” ixtisası üzrə bakalavr dərəcəsi alması barədə verilmiş 30.06.2016-cı il tarixli, B16 seriyalı, 195238 nömrəli diplomun Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi (ekvivalentliyinin müəyyən edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, Ukrayna Respublikası Çerkask Dövlət Texnologiya Universitetini bitirmiş “Kompyuter mühəndisi” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Bu barədə ona 30.06.2016-cı il tarixli, B16 seriyalı, 195238 nömrəli diplom verilmişdir. O, Azərbaycan Respublikasına qayıdaraq ali təhsil haqqında sənədlərin nostrifikasiya olunması barədə cavabdehə 07.02.2017-ci il tarixdə elektron xidmət vasitəsilə müraciət etmişdir. Cavabdeh 15.04.2019-cu il tarixli məktubu ilə diplomun ekvivalentliyinin müəyyən edilməsindən imtina edərək diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasının mümkün hesab edilməməsini bildirmişdir. Məktubda qeyd edilir ki, mənfi rəy imtina üçün əsasdır, bəs həmin rəyi kim verir? Belə çıxır ki, Təhsil Nazirliyi özü rəy verir, sonra da elə həmin rəyə istinad edərək qərar verir. Mübahisələndirilən məsələ elə rəyin düzgün verilməməsidir. Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli qərarında normativ müddət Azərbaycan Respublikası təhsilinin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az müəyyən edilmişdir. Onun təqdim etdiyi sənədlərdə bu müddət cəmi üç gün təşkil edir ki, bu da tamamilə mümkündür və qanuna uyğundur. Göründüyü kimi istinad edilən qanun deyil, Təhsil Nazirliyinin özünün verdiyi rəydir, bu rəy həqiqətə uyğun deyil və əsassızdır. Bu rəy Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 nömrəli 13.05.2003-cü il tarixli qərarının 3.6-cı və 3.7-ci maddələrinin tələbinə ziddir. Eyni zamanda məktubda onun buraxdığı normativ müddətin nə qədər az olması göstərilməmişdir və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçının ixtisas üzrə sənədləri araşdırılarkən təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, Ukrayna Respublikası Çerkask Dövlət Texnologiya Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olmuşdur. İddiaçı əyani təhsil aldığı halda, İ tədris ilində - 8 gün; İİ tədris ilində - 6 gün İİİ tədris ilində - 6 gün; İV tədris ilində - 10 gün; V tədris ilində - 23 gün təqvim günü təhsil aldığı dövlətin ərazisində olmuşdur. Ukrayna Respublikası ərazisinə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin bazasında 2011-2016-cı illər haqqındakı qeydlərdə öz əksini tapmışdır. Rəydə eyni zamanda qeyd olunur ki, qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Göründüyü kimi, Ukrayna Respublikasının qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Qeyd olunanlar əsasında iddiaçının adına Ukrayna Respublikası Çerkask Dövlət Texnologiya Universiteti tərəfindən verilmiş B16 195238 nömrəli 30.06.2016-cı il tarixli bakalavr diplomunun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. Qeyd olunan Qaydaların və digər normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Ukrayna X7 Universiteti tərəfindən 30 iyun 2016-cı ildə verilmiş B16 seriyalı 195238 nömrəli bakalavr diplomunun və bakalavr diplomuna əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı 2016-cı ildə X7 Universitetini bitirmiş və ona Kompüter mühəndisliyi üzrə Bakalavr dərəcəsi verilmişdir. Diplom və diploma əlavə Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən 15.07.2016-ci il tarixdə A-43968-16 və A-43969-16 nömrəsi ilə apostil edilmişdir. İş materiallarında olan olan Azərbaycan Respublikası Təhsi Nazirliyi 24.04.2017-ci il tarixli ekspert rəyində qeyd olunur: Ukrayna Respublikası Çerkask Dövlət Texnologiya Universiteti tərəfindən İddiaçı adına verilmiş B16 195238 nömrəli, 30.06.2016-cı il tarixli ali təhsil haqqında sənəddə tədrisin müddəti 2011-2016-cı illər qeyd olunmaqla kompyuter mühəndisliyi ixtisası üzrə təhsil aldığı bildirilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Ukrayna Respublikası Çerkask Dövlət Texnologiya Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Göstərilənləri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən, Ukrayna Respublikası Çerkask Dövlət Texnologiya Universiteti tərəfindən İddiaçı adına verilmiş B16 195238 nömrəli, 30.06.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirlinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22.05.2017-ci il tarixli məktubda qeyd edilir: Xarici ali təhsil ixtisasınızın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə daxil olmuş 14.02.2017-ci il tarixli müraciətinizə baxılmışdır. Ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukrayna Respublikası Çerkask Dövlət Texnologiya Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Siz həmin ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd oiunan tədris yükünü yerinə yetirməyiniz qeyri-mümkündür. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Göstərilənləri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən, Ukrayna Respublikası Çerkask Dövlət Texnologiya Universiteti tərəfindən Sizin adınıza verilmiş B16 195238 nömrəli, 30.06.2016cı il tarixli diplom üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirlinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçı X4 ünvanlanmış 15.04.2019-cu il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə daxil olmuş 10.04.2019-cu il tarixli, İ-214 nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, müraciətçi İddiaçı 07.02.2017-ci il tarixli elektron müraciətinin nəticəsi barədə ona 13.04.2018-ci il tarixdə müvafiq elektron xidmət vasitəsilə məlumat verilmiş və 22.05.2017-ci il tarixli, 1345/ANİ saylı məktub (surəti əlavə olunur) elektron ərizəsində qeyd eldiyi ünvana göndərilmişdir. Məlumat üçün bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Sərhədkeçmə məlumatlarından görünür ki, İddiaçı 19.08.2011-ci ildən 21.08.2011-ci ilədək 3 gün, 23.04.2012-ci ildən 30.04.2012-ci ilədək 8 gün, 29.04.2013-cü ildən 04.05.2013-cü ilədək 6 gün, 13.04.2014-cü ildən 19.04.2014-cü ilədək 6 gün, 03.06.2015-ci ildən 13.06.2015-ci ilədək 10 gün, 22.05.2016-cı ildən 04.06.2016-cı ilədək 13 gün, 05.06.2016-cı ildən 15.06.2016-cı ilədək 10 gün təhsil aldığı Ukrayna Respublikasının ərazisində olmuşdur. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 01.06.2021-ci il tarixli məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-1271/2020 saylı qərardadının icrası məqsədilə İddiaçı X5 Texnoloji Universiteti tərəfindən verilmiş 30.06.2016-cı il tarixli, B16 195238 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və həmin ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; 2.5-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir; 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır; 3.4-cü bəndinə əsasən ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi; 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur; 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın: 1.2-ci bəndinə əsasən bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir; 1.5-ci bəndinə əsasən bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir; 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir; 2.7-ci bəndinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər; 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir; 2.9-ci bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ukrayna X7 Universiteti tərəfindən 30 iyun 2016-cı ildə verilmiş B16 seriyalı 195238 nömrəli bakalavr diplomuna əsasən İddiaçı 2016-cı ildə X7 Universitetini bitirmiş və ona Kompüter mühəndisliyi üzrə Bakalavr dərəcəsi verilmişdir. İddiaçı diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etsə də, Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğu üçün, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilmədiyi üçün cavabdeh tərəfindən müraciəti təmin edilməmiş, imtina cavabı verilmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən ekspert rəyi də tərtib edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Ukrayna X7 Universitetinin tədris normativi üzrə orada təhsil almaq üçün həmin ölkədə qısa müddət ərzində (təhsil müddətində cəmi 53 gün) olmuşdur. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir, bu baxımdan qısa müddətə tədris proqramını yerinə yetirmək qeyri-mümkündür. İddiaçı ali təhsil müəssisəsinin normativi qarşılığında həmin ölkədə qısa müddət olduğu üçün tədris proqramının yerinə yetirilməsi baxımından təhsilin müddətinin yetərli olmaması səbəbi ilə cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar