Məhkəmə qərarları › İş №2-1(112)-1380/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1380/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1380/2022 23.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi” tələbinə tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət edərək, Mətbuat Komitəsinin (Dövlətnəşrkomun) nəzdindəki “Poliqraf” bağçılıq-yoldaşlıq birliyinin üzvü kimi indiki Pirallahı rayonunun Dübəndi bağlar massivində ona ayrılmış 5 sot torpaq sahəsinə sahiblik hüququnun təmin olunmasını xahiş etmişdir. Bu müraciətin aidiyyəti üzrə göndərildiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi) ərizəyə baxaraq xx.xx.2021-ci il tarixli, ********* nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Poliqraf” bağçılıq-yoldaşlıq birliyinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan qovluqda Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 saylı qərarı, xx.xx.1988-ci il tarixli T/688 nömrəli akt, bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahıları mövcuddur. Lakin sözügedən bağçılıq-yoldaşlıq birliyi nəzdində ayrılmış bağ sahələrinə dair ayrı-ayrı vətəndaşların adına verilmiş üzvlük kitabçaları, texniki pasport və ya cizgilər arxiv qovluğunda aşkar edilməmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı ilə “Poliqraf” bağçılıqyoldaşlıq birliyinə ayrılmış torpaq sahəsinin bölgü-sxeminin layihəsi hazırlanmışdır. Hüquq sahiblərinin torpaq sahəsinə dair hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas olaraq müəyyən edilmiş qanunvericiliyə uyğun tələb olunan hüquqmüəyyənedici sənədləri mövcud olmadığından məsələyə məhkəmə qaydasında baxılmasının zəruriliyi barədə “Poliqraf” bağçılıq-yoldaşlıq birliyinin üzvlərinə Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən məlumat verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, Pirallahı rayonunun Dübəndi bağlar massivində yerləşən sahəsi 0,4 ha (400,0 kv.m) olan 150 saylı bağ sahəsinə onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər X5 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarı ilə Dövlət Mətbuat Komitəsinin (Dövlətnəşrkomun) nəzdindəki “Poliqraf” bağçılıq-yoldaşlıq birliyinin üzvləri üçün indiki Pirallahı rayonunun Dübəndi bağlar massivində 360 nəfərə 21 hektar 40 sot ərazisi olan bağ sahəsi ayrılmışdır. Onun adı da həmin 360 nəfərin sırasındadır. 1988-1990-cı illərdə və ondan sonrakı dövrlərdə baş verən faciəvi hadisələr, müharibələr ona ayrılmış torpaq sahələrinə sahiblənməyə, sənədləşdirməyə mane olmuşdur. Hazırkı vaxta qədər istifadəsiz qalmış bağ sahələrinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışların alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh 20 aprel 2021-ci il tarixli imtina məktubu ilə məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Cavabdeh inzibati orqan ona həmin bağ sahələrinin 1987-ci il tarixindən ayrıldığını, adının bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında olduğunu və hətta “Poliqraf’ bağçılıq yoldaşlıq birliyinə ayrılmış bağ sahələrinin bölgüsxem layihəsində adının olmasını təsdiq etsə də, sonradan məhz üzvlük kitabçasının olmaması əsası ilə məhkəməyə müraciət etməyi məsləhət görüb. Bu cavabdehin imtinasının əsassızlığının birbaşa sübutudur. “Poliqraf” bağçılıq yoldaşlıq birliyinə ayrılmış bağ sahələrinin bölgü-sxem layihəsində sahəsi 0,4 ha olan 150 saylı bağ sahəsinin onun üçün ayrıldığı əks olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********68 saylı iddiaya dair yazılı etirazında göstərmişdir ki, “Poliqraf” bağçılıq-yoldaşlıq birliyinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan qovluqda Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli qərarı, xx.xx.1988-ci il tarixli T/688 nömrəli akt, bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahıları mövcuddur. Lakin sözügedən bağçılıq-yoldaşlıq birliyi nəzdində ayrılmış bağ sahələrinə dair ayrı-ayrı vətəndaşların adlarına verilmiş üzvlük kitabçaları, texniki sənədlər arxiv qovluğunda aşkar edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən vətəndaşlara **********19 nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehin tabe olduğu orqana müraciət etmiş, cavabdeh həmin müraciəti ilkin müraciət kimi qəbul etmiş, iddiaya mahiyyəti üzrə yazılı münasibətini məhkəməyə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhər X5 İcraiyyə Komitəsinin Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının yaradılması üçün torpaq sahəsinin ayrılması barədə xx.xx.1987-ci il tarixli, 20/396 saylı qərarından görünür ki, Azərbaycan SSR Nəşriyyat, poliqrafiya və kitab ticarəti üzrə dövlət komitəsinin 360 nəfər üzvünə keçmiş Zirə tərəvəz südçülük sovxozunun ərazisinə aid olan Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində yerləşən ərazidən torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan SSR Nəşriyyat, poliqrafiya və kitab ticarəti üzrə dövlət komitəsinin (“Госкомиздата”) bağçılıq-yoldaşlığa üzv qəbul edilən işçilərinin siyahısından görünür ki, iddiaçının adı həmin siyahıda 283-cü sırada göstərilmişdir. İddiaçı hazırda adının həmin siyahıda olmasına istinad edərək Pirallahı rayonunun Dübəndi bağlar massivində yerləşən sahəsi 0.4 ha olan 150 saylı bağ sahəsinin ona məxsus olduğunu iddia edərək həmin bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmiş, iddaçı bu sənədlərdən heç birini məhkəməyə təqdim etməmişdir. İşdə olan yeganə sənəd xx.xx.1987-ci il tarixli, 20/396 saylı Bakı şəhər X5 İcraiyyə Komitəsinin qərarıdır, hansı ki, həmin qərar ümumi xarakter daşımaqla Azərbaycan SSR Nəşriyyat, poliqrafiya və kitab ticarəti üzrə dövlət komitəsinin 360 nəfər üzvünə keçmiş Zirə tərəvəz südçülük sovxozunun ərazisinə aid olan Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində yerləşən torpaq sahəsinin ayrılmasını nəzərdə tutmuş, qərara əsasən 360 nəfərin siyahısı təsdiq edilmiş və iddiaçının adı həmin siyahıda olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının adının bağçılıq-yoldaşlığın üzvlərinin siyahısında göstərilməsi hələ ona torpaq ayrılması demək deyil. Belə ki, həmin sənəddən nə iddiaçıya ayrılan bağ sahəsinin nömrəsi, nə yerləşmə yeri, nə də onun ölçüsü müəyyən olunur. Buna görə də həmin sənəd Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri hesab oluna bilməz. Çünki Bakı şəhəri XDS İK-nin xx.xx.1987-ci il tarixli qərarının qəbul edildiyi vaxt qüvvədə olan (1971-ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da X9 İcraiyyə Komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Sadalanan normalardan müəyyən olunur ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri XDS İK-nin 20/396 nömrəli, xx.xx.1987-ci il tarixli qərarı ilə ona torpaq sahəsinin ayrıldığını iddia etsə də, həmin vaxt torpaq sahəsinin naturada (faktiki) iddiaçının istifadəsinə verilməsi müəyyən olunmur. İddiaçı ona ayrılmış bağ sahəsinin nömrəsini belə bilməmiş, cavabdehə müraciət etdikdən sonra həmin qurumun mütəxəssislərinin iştirakı ilə hazırlanmış “Poliqraf” bağçılıq-yoldaşlıq birliyinə ayrılmış torpaq sahəsinin bölgü-sxeminin layihəsinə əsasən 150 saylı bağ sahəsinin ona məxsus olduğunu bildirmişdir. Lakin işdə olan cavabdehin xx.xx.2021-ci il tarixli, **********29 saylı məktubundan görünür ki, “Poliqraf” bağçılıq-yoldaşlıq birliyinə aid bölgü sxemi arxiv qovluğunda aşkar edilməmişdir. Sözügedən bağçılıq-yoldaşlıq birliyi nəzdində bağ sahələri küçələr üzrə paylanmışdır. Sorğuda bəhs edilən 150 saylı bağ sahəsinin Dübəndi bağ massivində hansı küçədə yerləşməsinin qeyd edilməməsi səbəbindən araşdırılması mümkün olmamışdır. Dübəndi bağ massivində 10-cu və 9-cu cənub küçələrində 150 saylı bağ sahələri (“Çapçı” bağçılıq yoldaşlığı, 26 Bakı Komissları adına mətbəə) digər şəxslərin adına dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktubundan görünür ki, Xəzər rayonu, Dübəndi bağ sahəsi “Çapçı” b/y-nın 10-cu cənub küçəsi, 150 saylı bağ sahəsi 01.07 2010-cu il tarixdə X1 adına, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 9-cu cənub küçəsi, “Çapçı” b/y-nın 150 saylı bağ sahəsi isə xx.xx.2017-ci il tarixdə X2 adına dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. Həmin şəxslərin hüquqlarının qeydə alınması ilə bağlı sənədlərdən görünür ki, X3 10-cu cənub küçəsində ayrılmış sahəsi 500 kv.metr olan 150 saylı bağ sahəsi ilə bağlı üzvlük kitabçasını və xx.xx.1992-ci il tarixli protokoldan çıxarışı, X4 isə 9-cu cənub küçəsində ayrılmış 150 saylı bağ sahəsi ilə bağlı 1993-cü il tarixli orderi cavabdeh orqana təqdim etmişdir. Lakin işdən görünür ki, iddiaçı 150 saylı bağ sahəsinə mülkiyyət hüququnun onun adına qeydə alınmasını xahiş etsə də, həmin bağ sahəsinin hansı küçə üzrə ona verilməsini təsdiq edən sənədi nə cavabdehə, nə də məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin yuxarıda sadalanan hallarına əsasən məhkəmə hesab edir ki, inzibati orqanın imtina ilə bağlı hərəkətləri qanuni olmuşdur. İnzibati orqan iddiaçının tələb etdiyi qeydiyyatı qanunvericiliyin tələbinə görə yalnız torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlər və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduqda apara bilər. Belə sənədlər isə hazırkı iş üzrə müəyyən olunmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar