Məhkəmə qərarları › İş №2-1(112)-1380/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1380/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1380/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "kompensasiyanın ödənilməsi" barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona məxsus və qanuni istifadəsində olmuş Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisində 400 kv.metr torpaq sahəsinin iradəsinə zidd və əvəzi ödənilmədən geri götürülməsi və üzərindəki tikililərin sökülməsi ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 185.000 manat məbləğin iddiaçıya ödənilməklə kompensasiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-cı il tarixli, 33/14 nömrəli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq 400 kv.metr torpaq sahəsi iddiaçıya əvəzi alınmaqla mülkiyyətinə verilmişdir. Həmin qərarın icrası ilə bağlı, adıçəkilən torpaq sahəsi ona satılmış və bu barədə Xocasən Bələdiyyəsi ilə “Torpaqların alqı-satqısına dair” Akt təsdiqlənmişdir. Torpaq üçün müəyyən edilmiş dəyər xx.xx.2007-ci il tarixdə iddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı ona məxsus torpaq sahəsini mərz boyu mişar daşı ilə hasara almış və orada 10x15 metr ölçüdə, 3,8 metr hündürlüyündə anbar tikmişdir. 2009-cu ildə həmin sahəni 80.000 ABŞ dollara X1 razılaşıb, yarı pulu olan 40.000 ABŞ dollarını almışdır. Digər yarısını isə çıxarış alıb, alqı-satqını rəsmiləşdirəndə ödəyəcəyi şərti ilə razılaşıb, əmlakı onun faktiki istifadəsinə vermiş və həmin gün ona, adıçəkilən torpaq sahəsinə sərəncam vermə barədə etibarnamə vermişdir. İddiaçının məlumatı və icazəsi olmadan adıçəkilən 400 kv.metr torpaq sahəsi "xxxx" QSC tərəfindən zəbt edilmiş, tikililər sökülmüş və orada “Xocasən” elektrik deposu tikilmişdir. Nəticədə iddiaçı əvəzi ödənilmədən ona məxsus əmlakdan iradəsinə zidd məhrum edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı torpağa olan hüquqlarını bələdiyyə qərarı ilə əsaslandırmağa çalışır və iddia ərizəsində qeyd edir ki, Xocəsən Bələdiyyəsinin 26 dekabr 2007-ci il tarixli 33/14 saylı qərarı ilə Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m. torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə verilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, “Xocəsən" elektrik deposunun tikintisi “Bakı Metropoliteninin Perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli, 1408 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteni Xətlərinin X6”ndə nəzərdə tutulmuşdur. Bakı Metropoliteninin xx.xx.2011-ci il tarixli 40N-10/2-318 saylı müraciətini və Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli 22/MQ-789 saylı rəyini nəzərə alaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamı ilə Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində 23,7 ha torpaq sahəsi “Xocəsən” elektrik deposunun layihələndirilməsi və tikintisi üçün Bakı Metropoliteninin daimi istifadəsinə verilmişdir. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli, 158 nömrəli Qərarına əsasən Binəqədi rayonu, Xocəsən- Lökbatan yolunun şərq hissəsində “Xocəsən” elektrik deposunun tikintisi üçün 21,91 ha torpaq sahəsini dövlət ehtiyacları üçün alan orqan qismində Bakı Metropoliteni müəyyən edilmişdir. Alınmanın həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti və şikayətlərə baxılmasını nəzərət orqanı olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirirdi. Sərəncamla ayrılmış sözügedən torpaq sahəsində inventarizasiya işlərinin yerinə yetirilməsi zamanı ayrı-ayrı şəxslərə torpaq sahələrinin ayrılması barədə Xocəsən Bələdiyyəsinin qərarlarının, torpaqların alqısatqısına dair aktlarının olduğu müəyyən edilmiş, lakin toplanmış sənədlər əsasında Maliyyə Nazirliyi tərəfindən həmin şəxslərə torpağa görə kompensasiyanın ödənilməsi məqsədəuyğun hesab edilməmişdir. Binəqədi rayonu Xocəsən bələdiyyəsi sədrinin imzası ilə Daşınmaz Əmlakın Kadastrı və X3 direktorunun adına ünvanlanmış 01 aprel 2013-cü il tarixli 315 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu günə qədər Xocəsən bələdiyyəsinin mülkiyyətinə torpaq sahəsi verilməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamından görünür ki, “Xocəsən” elektrik deposunun layihələndirilməsi və tikintisi üçün Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində 23,7 ha torpaq sahəsi Bakı Metropoliteninin daimi istifadəsinə verilərkən Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli 22/MQ-789 saylı rəyi alınmışdır. Həmin rəydə Bakı Metropoliteninin İİİ xəttinin elektrik deposunun tikintisi üçün nəzərdə tutulmuş 23,7 ha torpaq sahəsi ARDNŞ-nin daimi istifadəsində və Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Şianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında’’ Sazişə əsasən neft-qaz əməliyyatlarının aparılması üçün “X10” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsi hüdudları daxilində yerləşən sənaye təyinatlı torpaqlara aid olduğu, qaldırılan məsələnin strateji əhəmiyyətliliyini nəzərə alaraq, cizgisi məktubda əlavədə verilmiş torpaq sahəsinin İİİ xəttin elektrik deposunun tikintisi üçün ayrılmasına ARDNŞ-nin etiraz etmədiyi qeyd olunur. Göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verə bilər, sözügedən torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin mülkiyyətində olmamışdır. Həmin torpaq sahəsi ilə bağlı bələdiyyənin heç bir hüquqi bağlılığı olmamış, habelə hüquqi bağlılıq olmuş olsaydı da belə torpağın fiziki şəxsə satılması ilə əlaqədar qanunvericiliyin heç bir tələbinə əməl olunmaması iddiaçının torpaqla bağlı hər hansı hüququnun yaranmamasına dəlalət edir. Həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid edilməklə ARDNŞ-nin daimi istifadəsində olmuş, daha sonra isə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamı ilə Bakı Metropoliteninin (hazırda - "xxxx" QSC) daimi istifadəsinə verilmişdir. Aidiyyəti rəsmi orqanların təqdim etdikləri mötəbər məlumatlardan bir daha aydın olur ki, mübahisəli torpaq sahəsi ilə əlaqədar iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqi bağlılığı mövcud deyildir və belə olan halda iddiaçıya həmin torpaq sahəsinə görə kompensasiya ödənilməsi yolverilməzdir. İddiaçı iddia ərizəsində həmin torpaq sahəsinin mərz boyu mişar daşı ilə hasara alındığını (80 paqon metr) və orada 10*15 metr ölçüdə, 3,8 metr hündürlüyündə anbar tikdiyini iddia etmişdir. Əvvəla, Xocəsən Bələdiyyəsinin 26 dekabr 2007-ci il tarixli 33/14 saylı qərarında İddiaçı alqı-satqı yolu ilə 400 kv.metr torpaq sahəsinin anbar deyil, fərdi yaşayış evinin tikintisi üçün verildiyi qeyd olunur. İkincisi, iddiaçı yuxarıda göstərilən ərazidə tikinti işlərini həyata keçirdiyini qeyd etsə də, bununla əlaqədar heç bir mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, anbar tikilməmişdən əvvəl tikinti layihəsi hazırlanmalı, yerli icra hakimiyyəti ilə, o cümlədən aidiyyəti dövlət qurumları ilə razılaşdırılmalı idi, tikintiyə icazə sənədi alınmalı idi. Tikintinin kim tərəfindən və nə vaxt tikilməsi barədə heç bir rəsmi, təsdiqləyici sənəd təqdim olunmamışdır. Hətta belə bir tikinti olsa idi belə, onun həqiqətən də iddiaçı tərəfindən tikildiyini, ona məxsus olmasını təsdiqləyən rəsmi sənədlər ortaya qoyulmalı idi. İnventarizasiya zamanı orada anbar aşkar edilsə idi, kadastr planından çıxarışda öz əksini tapmış olardı. Xocəsən elektrik deposunun tikinti sahəsinə düşən ərazidə köçürməyə məruz qalan yalnız 2 (iki) anbar olmuşdur ki, onlar da “AMAY" MMC-yə məxsus idi. Göründüyü kimi, qeyd olunan torpaq sahəsi üzərində tikilinin olması barədə iddiaçının fikri həqiqətə uyğun ola bilməz və əsassızdır. Köçürülmə işlərinin həyata keçirilməsi zamanı bələdiyyə qərarı əsasında torpaq sahəsinə malik olduğunu iddia edən vətəndaşların heç birinə torpaq sahəsinə görə kompensasiya ödənilməmişdir. Bunun üçün hüquqi istinad kimi həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin xx.xx.2013-cü il tarixli DX-03/02-03-808 nömrəli cavab məktubu da diqqətə çatdırılmalıdır. Həmin məktubda qeyd olunur ki, “Xocəsən bələdiyyəsi tərəfindən torpaqların satılmasına dair təqdim edilmiş sənədlər Xidmətin mütəxəssisləri tərəfindən Xocəsən bələdiyyəsində müvafiq sənədlərlə üzləşdirilmiş və nəticədə alqı-satqı işlərində mövcud qanunvericiliyin tələblərinin pozulduğu, torpaqların satış dəyərinin bələdiyyənin hesabına mədaxil edilməsini və hansı təyinata xərclənməsini təsdiq edən sənədlərin olmadığı, torpaqların alqı-satqısına dair aktların Dövlət və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Alqı-satqı işlərindəki mövcud uyğunsuzluqları nəzərə alaraq, kompensasiya ödənilməsi barədə tərtib olunan siyahıya 14 nəfərin aldlarının daxil edilməsi məqsədəmüvafiq hesab edilməmişdir”. İnventarizasiya işləri zamanı İddiaçı adının həmin vaxt siyahıda olmamasına aydınıq gətirərək bildirilir ki, X2 ünvanlanmış Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 02-K/37 nömrəli məktubunda "vətəndaş İddiaçı adına xx.xx.2007-ci il tarixli 33/14 saylı qərarla ayrılmış 400 kv.metr torpaq sahəsinin “Bakı Metropoliteni" QSC-nin ərazisində yerləşdiyi, hasarlanmış torpaq sahələrinə dair siyahıda vətəndaş İddiaçı adının texniki səhvlik səbəbindən qeyd edilmədiyi" bildirilmişdir. İddiaçı torpaq sahəsinin ayrılması barədə qərarı hər-hansı başqa bir bələdiyyə deyil, məhz Xocəsən bələdiyyəsi qəbul etmişdir ki, onun bir nüsxəsinin də (digər sənədlərlə birlikdə) həmin bələdiyyədə olmaması mümkün deyil. X2 ünvanlanmış Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA-03425- 2022 nömrəli məktubunda "İddiaçı barəsində Xocəsən Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2007-ci il tarixli 33/14 saylı qərarın və ona əlavə edilmiş cizgi sənədinin Dövlət Arxivinin Bakı Filialında mövcud olduğu" qeyd edilmişdir. Beləliklə, inventarizasiya zamanı İddiaçı münasibətdə məlumatın təqdim edilməsi öhdəliyi vətəndaşın özünün və/və ya Xocəsən Bələdiyyəsinin üzərində idi ki, həmin vaxt bu vətəndaşın adının siyahıda olmamasını “texniki səhv" kimi ört-basdır etməyə çalışan Xocəsən Bələdiyyəsinin məsuliyyət dairəsinə aid olan məsələdir. Hərçənd ki, təqdim edilsə idi belə, torpaq sahəsi ilə əlaqədar bu kimi sənədlərə malik olan digər vətəndaşlara münasibətdə olduğu kimi, İddiaçı də kompensasiya ödənilməyəcək idi. Xocəsən Deposunun tikinti sahəsinə düşən ərazidə bələdiyyə qərarları ilə onlara torpaq sahəsinin məxsus olduğunu iddia edərək buna görə "xxxx" QSC-yə qarşı kompensasiya tələbi ilə məhkəməyə müraciət edənlər də olmuş, lakin həmin iddialar təmin edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 33/14 nömrəli qərarına əsasən, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 0,04 ha (400 kv.m) torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi qərara alınmışdır. Qeyd olunan qərar nəzərə alınmaqla torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamı ilə Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində 23,7 ha torpaq sahəsi “Xocəsən” elektrik deposunun layihələndirilməsi və tikintisi üçün Bakı Metropoliteninin daimi istifadəsinə verilmişdir. - Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli, 22/MQ-789 saylı rəyində göstərilmişdir ki, Bakı Metropoliteninin İİİ xəttinin elektrik deposunun tikintisi üçün nəzərdə tutulmuş 23,7 ha torpaq sahəsi ARDNŞ-nin daimi istifadəsində və Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Şianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında’’ Sazişə əsasən neft-qaz əməliyyatlarının aparılması üçün “X10” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsi hüdudları daxilində yerləşən sənaye təyinatlı torpaqlara aid olduğu, qaldırılan məsələnin strateji əhəmiyyətliliyini nəzərə alaraq, cizgisi məktubda əlavədə verilmiş torpaq sahəsinin İİİ xəttin elektrik deposunun tikintisi üçün ayrılmasına ARDNŞ-nin etiraz etmir. -Xocəsən bələdiyyəsi tərəfindən torpaqların satılmasına dair təqdim edilmiş xx.xx.2013-cü il tarixli sənədlər siyahısında İddiaçı adı qeyd edilməmişdir. - Binəqədi rayon Xocasən bələdiyyəsinin 17 may 2023-cü il tarixli, 02-K/37 nömrəli məktubuna əsasən İddiaçı adına xx.xx.2007-ci il tarixli, 33/14 saylı qərarla ayrılmış 400 kv.metr torpaq sahəsi, "xxxx" QSC-nin ərazisində yerləşir. "xxxx" QSC-yə ayrılmış torpaq sahəsində yerləşən, hasarlanmış torpaq sahələrinə dair siyahıda vətəndaş İddiaçı adı texniki səhvlik səbəbindən qeyd edilməmişdir. - Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin xx.xx.2013-cü il tarixli DX-03/02-03-808 nömrəli məktubunda qeyd olunur ki, “Xocəsən bələdiyyəsi tərəfindən torpaqların satılmasına dair təqdim edilmiş sənədlər Xidmətin mütəxəssisləri tərəfindən Xocəsən bələdiyyəsində müvafiq sənədlərlə üzləşdirilmiş və nəticədə alqı-satqı işlərində mövcud qanunvericiliyin tələblərinin pozulduğu, torpaqların satış dəyərinin bələdiyyənin hesabına mədaxil edilməsini və hansı təyinata xərclənməsini təsdiq edən sənədlərin olmadığı, torpaqların alqı-satqısına dair aktların Dövlət və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Alqı-satqı işlərindəki mövcud uyğunsuzluqları nəzərə alaraq, kompensasiya ödənilməsi barədə tərtib olunan siyahıya 14 nəfərin aldlarının daxil edilməsini məqsədəmüvafiq hesab edilməmişdir”. -Binəqədi rayonu Xocəsən bələdiyyəsi sədrinin imzası ilə Daşınmaz Əmlakın Kadastrı və X3 direktorunun adına ünvanlanmış 01 aprel 2013-cü il tarixli 315 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu günə qədər Xocəsən bələdiyyəsinin mülkiyyətinə torpaq sahəsi verilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş məlumata əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsi ərazisində ayrılmış 400 kv.metr torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Xocəsən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 33/14 nömrəli qərarı Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən kompensasiyanın ödənilməsi iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın kompensasiyanın ödənilməsi iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.9. dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafıə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafıq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Maddə 246.1. bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, X4 üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 8. torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Maddə 55. hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 86. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506İİİ QD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 680 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 1.1.2-ci maddəsinə əsasən torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər. Həmin Qanunun 54-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili (65.1.2); torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi (65.1.5) formalarında kompensasiya ödənilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 1. Əsas anlayışlar 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; Maddə 2.Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. İddiaçı Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 33/14 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisində 400 kv.metr torpaq sahəsinin və üzərindəki tikililərin dövlət ehtiyacları üçün alınmaya məruz qaldığı üçün 185.000 manat məbləğində pulun (kompensasiyanın) cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Yuxarıda göstərilən qanunvericilik normalarının məzmununa görə bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verə bilər. İddiaçıya satılmış torpağın Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin mülkiyyətində olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmiş, digər tərəfdən iddiaçı kompensasiya verilməsini tələb etdiyi torpaq sahəsinə və üzərindəki tikililərə sahiblik etməsi və ya torpaqdan fayda almasını sübut edə bilməmişdir. Bundan başqa iddiaçının kompensasiya verilməsini tələb etdiyi torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş əsaslarla hüquq əldə etməsi, həmçinin sözügedən torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin mülkiyyətində olması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "kompensasiya ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar