Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1380/2025 04.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA-ya) qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ona münasibətdə üçüncü dərəcə əlilliyin müəyyən edilməsinə dair verilmiş xx.xx.2023-cü il tarixli rəyin ləğv edilməsi, ikinci dərəcə əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ona üçüncü dərəcə əlilliyin müəyyən edilməsinə dair verilmiş xx.xx.2023-cü il tarixli 3-17- 4/3-3-16020/2023 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-1362/2025 qərarların aidiyyəti hissədə ləğv edilməsi və ikinci dərəcə müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilərək müvafiq altsistemə daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DTSERA-nın xx.xx.2024-cü il tarixli məktubu ilə 1994-cü ildən 2023-cü ilin iyul ayınadək olan müddət ərzində müəyyən edilmiş ikinci dərəcə əlilliyinin bərpa edilməsinə dair müraciəti heç bir əsas göstərilmədən, hazırkı sağlamlıq vəziyyətinin müaytinəsi zamanı AR NK-nın göndərişin rəsmiləşdirildiyi vaxt qüvvədə olan 30.012.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndinə müvafiq olaraq hissəvi reabilitasiya olunması və xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edildiyini əsas göstərməklə təmin edilməmişdir. İddiaçı cavabdehin mövqeyi ilə razı deyil və qeyd edir ki, ona təyin edilmiş ikinci dərəcə əlilliyi bərpa edilməlidir. Qeyd edilmişdir ki, birinci Qarabağ müharibəsi dövründə gedən döyüşlərdə aldığı xəsarətlər, yaralanmalarla əlaqədar Kəlbəcər rayonu 9 saylı Həkim ekspert komissiyasının xx.xx.1994-cü il tarixli, 044550 nömrəli qərarı və AR MN-in Mərkəzi Həkim Komissiyasının xx.xx.1996-cı il tarixli, 131 nömrəli qərarı ilə iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. 2017-ci ildə səhhətinin daha ağırlaşması ilə əlaqədar təkrar həkim ekspert komissiyasından keçirilməklə iddiaçıya birinci dərəcə əlilliyin təyin edilməsi üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət etmişdir. Müraciətinə cavab olaraq AR ƏƏSMN TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışla imtina edilib və imtinanın əsası olaraq əlavə müalicəyə ehtiyacı olması göstərilmişdir. xx.xx.2023-cü ildə isə iddiaçıya məlum olmayan səbəblərdən müəmmalı şəkildə əlillik pensiyası kəsilmiş və xx.xx.2023-cü il tarixdə Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış əlillik haqqında arayışdan məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsi üçüncü dərəcə müəyyyən edilmiş və diaqnoz olara isə “baldır sümüklərinin aşıq-baldır oynağı da daxil olmaqla sınığı, xəstənin aşıq-baldır oynağı da daxil olmaqla sınığı, xəstənin sağ aşq-baldır oynağı və baldırın aşağı 1/3 hissəsində geniş çapıq toxuma” olması müəyyən edilmişdir. İddiaçı qeyd etmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixdəki rəy ilə heç bir əsas göstərmədən xx.xx.1994-cü il tarixli, 044550 saylı və xx.xx.1996-cı il tarixli 131 saylı HƏKin rəyləri ilə AR ƏƏSMN-ə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında forma 88-də müəyyən edilmiş diaqnozların mövcudluğunu inkar etmiş və həmin diaqnozların aradan qalxmasını təsdiq edən hər hansı rəsmi tibbi sənədə istinad etməmişdir. İddiaçı hesab etmişdir ki, rəsmi sənədlərdən göründüyü kimi, 27 il 6 ay ərzində ikinci dərəcə müddətsiz əlillik təyin edilməsinə qərarın ləğv edilərək üçüncü dərəcə əlilliyn təyin edilməsi onun vəziyyətinin pisləşdirilməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, DTSERA-nın xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının əlillik vəziyyəti xx.xx.1993-cü ildə TSEK tərəfindən əyani olunmuş və ona “Sol aşıq daban oynağını dəlib keçən yaralanmadan sonra ətrafın 7 sm gödəlməsi. Ətrafa hərəkətin məhdudluğu ilə. Sağ ağciyərin dəlib keçən yarasından sonrakı hal” diaqnozu ilə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, lakin Əlillik altsisteminə daxil edilməmişdir. Vətəndaş əlillik təyinatının Əlillik altsisteminə daxil edilməsi üçün müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı AR MN HHHK tərəfindən xx.xx.1996-cı il tarixli 131 nömrəli qərar verilmişdir. Həmin qərarda “Sağ qamış sümüyünün odlu silah yaralanmasından sonrakı osteomeliti. İlizarov metodu ilə sağ qamış sümüyünün distal ucluğun uzadılmasından sonrakı vəziyyət. Sağ kürək nahiyəsinin güllə yaralnması və yad cisimlərin (qəlpələri) həmin nahiyədə olması, sağ ayağın 4 sm qısalması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ kürəkdə və sağ baldırın aşağı 1/3-də çapıqlar izlənmiş, ətrafında qısalığın İlizarov üsulu ilə ləğv edildiyi məlum olmuş, fəaliyyət göstərən fistula izlənilməmiş, sağ pəncədə hərəkət qeyd edilməmişdir. Nəticədə xx.xx.1993-cü il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatının Əlillik altsisteminə daxil edilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə AR NK-nın xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 2.5.5-ci bəndinə müvafiq olaraq hissəvi reabilitasiya olması və xx.xx.2023cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyn edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək, iddianın dəqiqləşdirilməsinə dair ərizədə göstərilən tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (iddia müddəti) cavab verməklə təqdim olunmuşdur. Belə ki, iş materialları ilə mübahisələndirilən qərarın iddiaçıya təqdim (elan) edilməsi, eləcə də qərarda həmin inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin izah olunması müəyyən edilməmişdir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materillarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh DTSERA-nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraicətinə baxılmış və etirazdakı dəlillərə uyğun cavab verilmişdir. -TSEK tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli arayışdan və Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1993-cü ildən 2-ci dərəcə müddətsiz əlillik verilmişdir. -Tibbi-Sosial Ekspertiza və X3 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı oğlunun əlillik vəziyyəti 0112003AABNE nömrəli, xx.xx.2017-ci il tarixli Forma-88 əsasında qiymətləndirilmiş və imtina verilmişdir (əlillik dərəcəsinin dəyişməsi ilə əlaqədar müraciəti üzrə). -Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü ildən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Təsdiqlənmə tarixi xx.xx.2023-cü il. Cavabdeh DTSERA tərəfindən müvafiq sorğu əsasında iddiaçıya təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin müddətsiz üçüncü dərəcə əlilliklə əvəz edilməsi üçün əsas olmuş sənədlərin və qəbul edilmiş qərar məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş DTSERA-nın Tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Komissiya xx.xx.2023-cü il tarixdə aşağıda göstərilən 24 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsi həyata keçirilmişdir. Nəticədə İddiaçı xx.xx.1993-cü il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatının Əlillik altsisteminə daxil edilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə AR NK-nın xx.xx.2015ci il tarixli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 2.5.5-ci bəndinə müvafiq olaraq hissəvi reabilitasiya olması və xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyn edilməsi barədə qərar qəbul edilmişdir. Məktuba həmçiinin hər iki qərarın əlillik altsisteminə daxil edilməsi barədə çıxarış əlavə edilmişdir. Həmin çıxarışdan görünür ki, hər iki qərar 3-17-4/3-1-16251/2023 nömrəli qeydə əsasən daxil edilmişdir. Müvafiq sorğu ilə iddiaçının xx.xx.1993-cü ildə təyin edilmiş əlilliynin xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə müddətsiz əlilliklə əvəz edilməsinə dair qəbul edilmiş xx.xx.2023cü il tarixli qərarın qəbul edilməsi üçün əsas olmuş iddiaçının müraciətinin, həmin müraciət üzrə iddiaçının əyani müayinəsinin aparılmasına dair sənədlər cavabdehdən tələb edilmişdir. Sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına etdiyi müraciət əsasında əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2023-cü il tarixli məktubla Agentliyə qəbula dəvət edilmişdir. Vətəndaş xx.xx.2023-cü ildə müayinədə iştirak etmişdir. Vətəndaş xx.xx.2023cü il tarixində müayinədə iştirak etmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə məlumatlar əlillik altsisteminə daxil edilmiş, həmçinin hissəvi reabilitasiya qərarı qəbul olunaraq xx.xx.2023-cü il tarixindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə vətəndaşa dair dövlət tibb müəssisəsi tərəfindən F00247397DLT nümrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2025-ci il tarixindən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir -DTSERA-nın Tibbi-sosial ekspert komissiyasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Komissiya xx.xx.2023-cü il tarixdə aşağıda göstərilən 23 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsi həyata keçirilmişdir. Nəticədə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi xx.xx.1993-cü il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin bərpa edilməsi və müvafiq əlillik altsisteminə bərpa edilməsidir. Bununla əlaqədar iddiaçı cavabdehin həm xx.xx.1993-cü il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarını, həm də məhkəmə araşdırması dövründə aldığı xx.xx.2025-ci il tarixli, F00247397DLT nömrəli tibbi göndəriş üzrə əlilliyinin qiymətləndirilməsi nəticəsində tam reabilitasiya olunması barədə xx.xx.2025-ci il tarixli qərarını özünə aid olan hissədə mübahisələndirir. Məhkəmə ilk növbədə xx.xx.2023-cü il tarixli qərara münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-SosialEkspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi Tibbi Sosial Ekspert komissiyası tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. -4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. -4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. -67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında”Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Hazırkı halda işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının müddətsiz ikinci dərəcə əlilliyinin üçüncü dərəcə əlillik ilə əvəz edilməsinə dair xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərar əlillik məlumatlarının müvafiq elektron sistemə işlənməsi barədə iddiaçının müraciəti nəticəsində qəbul edilmişdir. Lakin əlillik vəziyyətinin qiymətləndirilməsinə dair hər hansı tibbi göndəriş mövcud olmadığı halda, iddiaçı cavabdeh tərəfindən əyani müayinəyə cəlb edilmiş, beləliklə də iddiaçı üçün əlverişsiz hüquqi nəticələr yaradan inzibati akt qəbul edilmişdir. Halbuki, AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.8 və 2.4-cü bəndlərinə əsasən, əlillik səlahiyyətli tibb müəssisəsinin göndərişində qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Belə olan halda, iddiaçının sağlamlıq vəziyyətinin müvafiq əlillik üçün əsas verən olubolmaması üzrə əyani müayinəyə cəlb edilməsi və müvafiq qiymətləndirmə aparılması yalnız səlahiyyətli tibb müəssisəsinin göndərişində olduğu halda aparıla bilərdi. Bununla yanaşı məhkəmə qeyd edir ki, AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Göründüyü kimi, Agentliyin müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda cavabdeh inzibati orqan “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Hazırkı işin araşdırılan halları ilə cavabdeh tərəfindən, TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar, bu əsasla icraatın təzələnməsinə dair materiallar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bilavasitə iddiaçının ikinci dərəcə əlilliyinin üçüncü dərəcə əlilliklə əvəz edilməsinə dair mövcud olan bütün sənədlərin sübutların məhkəməyə təqdim edildiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2-1(102)-1685/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarında da oxşar mövqe əks etdirilmişdir. Məhkəmə istinad olunan qərarda müəyyən edilən hallardan çıxış edərək belə qənaətə gəlir ki, inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olmasını müəyyən etmədən, özü də təxminən 30 il sonra qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahib olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Tibbi-Sosial EkspertKomissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 16020/2023 nömrəli qərarı İddiaçı aid hissədə ləğv olunmalıdır. Məhkəmə iddiaçının xx.xx.2025-ci il tarixli, F00247397DLT nömrəli tibbi göndəriş üzrə əlilliyinin qiymətləndirilməsi nəticəsində tam reabilitasiya olunması barədə xx.xx.2025-ci il tarixli qərarının iddiaçıya aid hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmətibbi ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 PHŞ-yə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ekspertləri tərəfindən verilmiş T489/2025 nömrəli ekspert rəyində qoyulmuş suallara verilən cavablardan görünür ki, iddiaçının göndərişdə göstərilmiş xəstəliklərdən əziyyət çəkdiyi, eləcə də reabilitasiya olunmadığı müəyyən edilir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial EkspertKomissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16020/2023 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-1362/2025 qərarları İddiaçı aid hissədə ləğv edilməli və iddiaçıya TSEK-in xx.xx.1993-cü il tarixli qərarı ilə təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə daxil edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16020/2023 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-1362/2025 qərarları İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı TSEK-in xx.xx.1993-cü il tarixli qərarı ilə təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə daxil edilməsi öhdəliyi altsisteminə daxil edilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1380/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1380/2025
04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver