Məhkəmə qərarları › İş №2-1(112)-13803/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13803/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13803/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinə qarşı “əmrin ləğv edilməsi və müəssisədə həyata keçirilən iaşə xidmətinin formasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) Cavabdeh İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın Cavabdeh İB-yi “28 may” Neft və Qazçıxarma idarəsinin rəisi Şahiddin İsmayılov tərəfindən imzalanmış, 28 aprel 2024-cü il tarixli, 14-2-1-7/3-5-34/2024 saylı əmrin ləğv edilməsi, müəssisədə həyata keçirilən iaşə xidmətinin formasının dəyişdirilməsi ilə bağlı tələbin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2010-cu ildən SOCAR-ın “28 May” NQÇİ-nin QİHN və KTS-nin SKS-də mühəndis vəzifəsində işləyir. Hər bir müəssisədə, təşkilatda çatışmazlıqlar mövcuddur və aradan qaldırılması üçün müvafiq addımlar atılmalıdır. İddiaçının işlədiyi dövrdə rastlaşdığı neqativ hallar barədə daim rəhbərliyə məlumat vermiş və aradan qaldırılmasını xahiş etmişdir. Təəssüf ki, onun işlədiyi müəssisənin rəhbərliyi, diqqətinə çatdırılan nöqsanları aradan qaldırmaq əvəzinə bunlar barəsində məlumat verib aradan qaldırılmasını tələb edən şəxslərə qarşı qərəzli münasibət bəsləyir. İddiaçının müraciət və şikayətləri əsasən iş şəraitinin mümkün qədər yaxşılaşdırılması, fəhlələrə göstərilən iaşə xidmətinin keyfiyyətinin artırılması, yüksək tibbi xidmət göstərilməsinin təmin edilməsi ilə bağlıdır. Təəssüf ki, müəssisənin həmkarlar təşkilatı ittifaqı da öz növbəsində bu problemlərin həllində fəhlə və qulluqçuların deyil, işəgötürənin, yəni müəssisə rəhbərliyinin mənafeyi fövqündə dayanır. Hal-hazırda müəssisədə fəhlələrə ümumi qaydada iaşə xidməti həyata keçirilir və bu xidmət müqabilində büdcədən "xxxx" adlı MMC-nin hesabına xeyli miqdarda vəsait ayrılır. Lakin təəssüf ki, göstərilən iaşə xidmətinin keyfiyyəti aşağı səviyyədədir. Fəhlə və qulluqçulara verilən yeməklər, ət və yağ məhsullarının keyfiyyəti xeyli aşağıdır. Bunu yalnız iddiaçı yox, keçirilən sorğunun nəticələrindən göründüyü kimi, xeyli miqdarda fəhlə və qulluqçular da təsdiq edirlər. Onlar vəziyyətdən çıxış yolu kimi göstərilən iaşə xidmətinin əvəzinə onlara pullu xidmət göstərilməsini, yaxud da, ödənilən məbləğin onlara verilməklə yeməklərinin özləri tərəfindən təşkil olunmasına icazə verilməsini təklif edirlər. Ləğv olunmasını tələb olunan əmrdən göründüyü kimi, bu əmrdə iddiaçıya qarşı qərəzli münasibət açıq aşkar hiss olunur. Əmrdə açıq tekslə bildirilir ki, iddiaçı yalnız hüququ tələb etdiyi üçün cəzalandırılmışdır. Cavabdeh tərəfindən iddia tələbinə yazılı münasibət təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci hissəsinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni zamanda Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi). İddiaçının hazırkı iddia ərizəsindən müəyyən olunur ki, o, cavabdeh qismində inzibati orqan olmayan, adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanlarının Təsnifatı”nda inzibati orqan kimi qeyd olunmayan və qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilməyən Cavabdeh İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi göstərmişdir. Tələbi isə həmin Birlik tərəfindən qəbul edilmiş əmrin ləğv edilməsi və müəssisədə həyata keçirilən iaşə xidmətinin formasının dəyişdirilməsi olmaqla, onunla işəgötürən arasında yaranan əmək münasibətləri ilə bağlıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlində göstərilmişdir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq əmək münasibətlərindən irəli gələn tələblərə ümumi məhkəmələr baxır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi ilə aralarında yaranan münasibət əmək hüquq münasibətlərindən yarandığından, hüquq münasibətlərinin xarakterinə görə inzibati mübahisə hesab olunmadığından və cavabdeh inzibati orqan olmadığından inzibati məhkəmə icraatı qaydasında baxılaraq qiymət verilməsi mümkün deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərarın 15.2-ci bəndi). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərarın 15.3-cü bəndi). Qeyd edilənlərə əsasən məhkəmə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı iddiaçıya izah edir ki, iddiaçının hazırkı tələblə mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinə qarşı “əmrin ləğv edilməsi və müəssisədə həyata keçirilən iaşə xidmətinin formasının dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar