Məhkəmə qərarları › İş №2-1(112)-13805/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13805/2025

05.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13805/2025 05.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “cavabdehin 04 mart 2024-cü il tarixli pensiya təyini qərarında dəyişiklik edilməklə mərhum Məhəmmədəli Hüseynovun vəfat etdiyi tarixə aldığı pensiya məbləğinin 80 faizi məbləğində hesablanması və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və 12 fevral 2025-ci il tarixli qərarın ləğv edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı uzun illər vergi orqanlarında işləmiş, dövlət qulluqçusu kimi ona pensiya təyin edilmiş, həmin şəxs 12 fevral 2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı ona pensiya təyin edilməsi barədə müraciət etmiş, 1086 manat məbləğində ona pensiya təyinatı aparılmışdır. Pensiyası artırılmamış, cavabdeh onun həyat yoldaşına əvvəl artıq pensiya ödənildiyini bildirmiş, ödənilməli olan pensiya məbləğinin 80 faizinə məbləğində pensiya təyin edildiyi bildirilmişdir. İddiaçı qeyd edir ki, iddiaçının həyat yoldaşına 1477 manat pensiya məbləği müəyyən edilmişdir ki, onun 80 faizi miqdarında pensiya ona təyin edilməlidir. Cavabdehin etirazı Etiraz onunla əsaslandırılır ki, iddiaçının həyat yoldaşı M.Hüseynova sabiq vergi orqanı əməkdaşı kimi yaşa görə pensiya təyinatı aparılmış, ona pensiya artıq məbləğdə ödənilmişdir. Cavabdeh son olaraq bildirir ki, 1 yanvar 2024-cü il tarixdən iddiaçıya ödənilməli olan pensiya 1357,81 manat müəyyən edilməli olmasına baxmayaraq 2024-cü ilin yanvar və fevral ayları üzrə hər ay 1477,76 manat məbləğində ödəniş edilib. Bundan əlavə, maddi yardım üzrə 2022-ci il üçün M.Hüseynova 102,62 manat artıq pul vəsaiti ödənilmişdir. Son üç il üçün ümumilikdə 3527,12 manat artıq pul vəsaiti ödənilmişdir. Şəxsə pensiya təyinatı 1357,81 manat məbləğində olmalı olduğundan onun 80 faizi miqdarında-1086,24 manat olmaqla iddiaçıya ailə başçısının itirməyə görə təyin edilən pensiya düzgün hesablanmışdır. 01 yanvar 2025-ci il tarixdən hesablanmaqla indeksləşdirmə ilə əlaqədar pensiya 1174,23 manat təşkil edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, qərarın ləğvinə dair iddia mübahisələndirmə növündə iddia olduğundan iddia tələbi həmin qərarın ləğv edilməsi ilə bağlı olsa da, iddia dəyişiklik edilmə formada olsa da iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyinatı barədə qərarda dəyişiklik edilməsi hissəsində məcburetmə növündə iddia hesab edildiyindən həmin qərarda dəyişiklik edilmə məhkəmə tərəfindən yox, inzibati orqan üzərinə həmin vəzifənin həvalə edilməsi ilə həyata keçirilə bilər. Mübahisələndirilən qərarda dəyişiklik ilə iddiaçının bu məqsədinə çatması mümkün deyil. İddiaçı məqsədinə yalnız məcburetmə haqqında iddia vasitəsi ilə nail ola bilər. Belə ki, cavabdehin üzərinə iddiaçıya müvafiq məbləğdə iddiaçının mərhum yoldaşı tərəfindən alınmış pensiya məbləğinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə pensiya məhkəmənin həmin iddia üzrə yalnız pozitiv qərarı vasitəsi ilə qoyula bilər. Bu baxımdan qərarda müvafiq dəyişiklik edilməklə 80 faiz məbləğində pensiya təyinatının aparılması hissədə iddia məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin 20 iyun 2025-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçının həyat yoldaşı M.Hüseynova sabiq vergi orqanı əməkdaşı kimi yaşa görə pensiya təyinatı aparılmış, ona pensiya artıq məbləğdə ödənilmişdir. Cavabdeh son olaraq bildirir ki, 1 yanvar 2024-cü il tarixdən iddiaçıya ödənilməli olan pensiya 1357,81 manat müəyyən edilməli olmasına baxmayaraq 2024-cü ilin yanvar və fevral ayları üzrə hər ay 1477,76 manat məbləğində ödəniş edilib. Bundan əlavə, maddi yardım üzrə 2022-ci il üçün M.Hüseynova 102,62 manat artıq pul vəsaiti ödənilmişdir. Son üç il üçün ümumilikdə 3527,12 manat artıq pul vəsaiti ödənilmişdir. Şəxsə pensiya təyinatı 1357,81 manat məbləğində olmalı olduğundan onun 80 faizi miqdarında iddiaçıya ailə başçısının itirməyə görə təyin edilən pensiya düzgün hesablanmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının həyat yoldaşı M.Hüseynov12 fevral 204-cü il tarixdə vəfat etmişdir. Əmək pensiyasının təyin edilməsi barədə 04 mart 2024-cü il tarixli qərardan görünür ki, iddiaçıya 1086,24 manat məbləğdə olmaqla ailə başçısının itirməyə görə pensiya təyinatı aparılmışdır. Əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iddiaçının mərhum həyat yoldaşı Məhəmmədəli Hüseynovun pensiya məbləği 1477,76 manatdan endirilərək 1357,81 manat edilmişdir. Pensiya təyin edilmə vaxtı 11 noyabr 2005-ci il tarix kimi göstərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının həyat yoldaşına təyin edilmiş pensiya məbləğinin 1477,76 manatdan 1357,81 manata azaldılması ilə əlaqədar cavabdehin qərarının ləğv edilməsi, eləcə də həmin qərarın hüquqi nəticəsi kimi, 1477,76 manat məbləğ əvəzinə 1357,81 manat məbləğin nəzərə alınmaqla ona uyğun ailə başçısını itirməyə görə pensiya təyinatının aparılması ilə əlaqədardır. Qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşin faktiki halları ilə iddiaçının həyat yoldaşı tərəfindən rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə pensiya təyininə və müvafiq hesablamanın aparılmasına müdaxilə etməsi müəyyən edilmir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının şəxsdən gözlənilməsi ağlabatan deyildir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Məhkəmə hesab edir ki, pensiyanın təyin edilməsi barədə iddiaçının və onun həyat yoldaşının etimad hüququ qorunmalı olan qərarda müəyyən edilmişdir. Şəxs hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdir. Məhkəmə, bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması və ya hesablanması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi müəyyən edilmir, hansı hallara görə qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Cavabdeh ehtimal etdiyi yanlışı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut hazırda təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Məhkəmə qeyd edir ki, pensiya təyin edildikdən və hesablamalar aparıldıqdan sonra buna dair təyinatı həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində pensiyanın düzgün təyin edilmədiyini və ya düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin təyinatına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. İnzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının düzgün təyin edilmədiyi barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 4 ” noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”nın: 1.1. Bu Qaydalar vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyət kəsb edən məhkəmə aktlarının indeksləşdirilməsinin xüsusiyyətlərini, tətbiqi mexanimzlərini və qaydalarını müəyyən edir. 1.2. Bu Qaydaların tətbiqində əsas məqsəd Azərbaycan Respublikasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyətli olan məhkəmə aktlarının müəyyənləşdirilməsi və onlara əlçatanlığın təmin edilməsidir. 2.1.3. ★★★ (üç ulduz) – Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişandır; 3.3. Azərbaycan Respublikasının Ali Məhkəməsi baxdığı iş üzrə həll edilən hüquqi məsələnin məhkəmə təcrübəsinin müəyyən edilməsi və ya inkişaf etdirilməsi baxımından əhəmiyyətliliyi ilə bağlı birinci və / və ya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdıqda və ya özünün bununla bağlı mövqeyi olduqda, qəbul etdiyi məhkəmə aktına ★★★ nişanını təyin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardan (★★★) görünür ki, hazırkı qərar məhz adıçəkilən qərarda nəzərdə tutulmuş mövqe də əsas götürülməklə qəbul edilir. Qərarda xüsusi olaraq qeyd edilmişdir ki, Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. Əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Ali Məhkəmənin 2-1(102)-1425/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadında, 2-1(102)-1268/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadında, 2-1(102)-1035/2025 saylı iş üzrə qəbul etdiyi 01 may 2025-ci il tarixli qərardadında, 2-1(102)-976/2025 saylı iş üzrə qəbul edilmiş qərardadında və digər aidiyyəti qərar və qərarlarında 1 illik müddətin tətbiqi baxımından eyni mövqe təkrarlanmış, cavabdehin kassasiya şikayətlərinin qəbulundan imtina edilmişdir. Əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iddiaçının mərhum həyat yoldaşı Məhəmmədəli Hüseynovun pensiya məbləği 1477,76 manatdan endirilərək 1357,81 manat edilmişdir. Yuxarıda göstərilən normativ tənzimləmənin tələbindən isə görünür ki, 12 fevral 2025-ci il tarixli qərar 1 illik müddət məhdudiyyəti nəzərə alınmamaqla qəbul edilmiş, göstərilən müddət məhdudiyyəti gözlənilməli olsa da, həmin müddət ötdükdən sonra əvvəllər aparılmış səhv hesablamaya istinadən dövlət qulluqçusu kimi pensiya təyinatı aparılmış şəxsin pensiya məbləği azaldılmışdır. Halbuki, həmin növ azaldılma şəxsin etimad hüququ qorunursa, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə pensiya təyininə və müvafiq yenidən hesablamanın aparılmasına müdaxilə etmə müəyyən edilmirsə, 1 illik müddət ötdükdən sonra yol verilməzdir. Odur ki, cavabdeh tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli qərar ləğv edilməlidir. Qeyd olunur ki, məhkəmə qərarı ilə cavabdehin qərarının ləğv olunması onun ləğvi ilə yanaşı, bu ləğvetmənin doğurduğu hüquqi nəticələrin də aradan qaldırıldığını vurğulayır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu maddənin tələblərindən irəli çıxıraq Məhkəmə qeyd edir ki, qərarla mübahisələndirilən inzibati aktın ləğvi özündə - bu akt qəbul etdiyi andan yaradan hüquqi nəticələri aradan qaldırır. Eyni zamanda inzibati hüquq münasibətlərini tənzmiləyən İnzibati Prosessual Məcəlləsinin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırkı işin faktiki hallarından isə görünür ki, tarixilik baxımından 12 fevral 2025-ci il tarixli qərardan sonra qəbul edilsə belə, cavabdehin 04 mart 2024-cü il tarixli pensiya təyini qərarı 12 fevral 2025-ci il tarixli qərarın yaratmış olduğu hüquqi nəticələr ilə sıx əlaqədardır. Belə ki, iddiaçının həyat yoldaşına təyin edilmiş və ödənilmiş pensiya məbləğinin 1477,76 manatdan 1357,81 manata endirilməsi iddiaçıya təyin edilmiş pensiya məbləği ilə birbaşa əlaqədədir. Cavabdehin mərhumun vəfatından sonra 1 illik müddət məhdudiyyəti nəzərə alınmadan pensiyanın 1477,76 manatdan 1357,81 manata azaltması, pensiya alan şəxsin vəfatından sonra ailə başçısını itirməyə görə pensiya təyinatı aparılmış iddiaçıya mərhumun almış olduğu pensiyanın 80 faizi miqdarında pensiya təyinatı aparılması zamanı onun hüququnun pozuntusuna səbəb olmuşdur. Aydın məsələdir ki, göstərilən iki rəqəmin 80 faizi eyni rəqəm olmamaqla, sonuncu məbləğə uyğun hesablama pensiyanın məbləği baxımından iddiaçının hüquqi marağına cavab vermir. Cavabdeh isə 1 illik müddətlə bağlı məhdudiyyəti nəzərə almadan mərhumun vəfatından sonra həm onun pensiyasının azaldılması ilə bağlı qərar qəbul etmiş, bundan öncə isə iddiaçıya qərar qəbul edilməzdən əvvəl, inzibati akt qüvvədə olduğu halda 1357,81 manat məbləğ nəzərə alınmaqla pensiya təyinatı aparmışdır. Halbuki, 1 illik müddət məhdudiyyəti nəzərə alınmasa belə, hər bir halda əmək pensiyasının məbləği barədə 1477,76 manat məbləğin qanuniliyi inzibati aktla ləğv edilmədən, yəni 12 fevral 2025-ci il tarixli qərar qəbul edilmədən, 04 mart 2024-cü il tarixdə pensiyanın göstərilən qaydada müəyyən edilməsi yolverilməzdir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin olunsun. Cavabdeh tərəfindən qəbul edilmiş X2 barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Cavabdehin İddiaçı barəsində qəbul etdiyi 04 mart 2024-cü il tarixli əmək pensiyasının təyin edilməsi haqqında qərarında dəyişiklik edilməklə mərhum Məhəmmədəli Hüseynovun vəfat etdiyi tarixə aldığı pensiya məbləğinin 80 faizi məbləğində hesablanması və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar