Məhkəmə qərarları › İş №2-1(112)-1381/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1381/2021

22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1381/2021 22.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X12, cavabdehin nümayəndəsi X13, üçüncü şəxs X10, onun nümayədəsi və vəkili X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrin Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrin Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 2-də yerləşən 41 saylı mənzilə dair X11 adına olan ÖM seriyalı, 197195 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 31.08.2020-ci il tarixli qərardadı ilə X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X18 ilə birlikdə ailəliklə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 2, mənzil 41-də yaşamışlar. Həmin mənzil 1972-ci ildə mərhum anaları X14 işlədiyi geoloji kəşfıyyyat idarəsi tərəfindən verilmişdir. Ona görə də mənzilin orderi anasının adına olmuşdur. Mənzil 75,5 kv.m. olmaqla 5 otaqdan ibarətdir. Ailəsi atasından, anasından, dörd oğlan və bir qızdan ibarət olmuşdur. Atası X40 1975-ci ildə, anası 1984-cü ildə vəfat etmişlər. Ata-anası vəfat edənə qədər qardaş-bacıları arasında münasibət həmişə xoş olmuşdur. Bu səbəbdən də mənzil barədə vəsiyyətnamə haqqında heç bir danışıq olmamışdır. 1994-cü ildən bəri o, öz ailəsi ilə 2, X18 isə 3 otaqda yaşayırdı. Onlarla birlikdə yaşayan 33 yaşlı oğlu X40 şikəst və xəstədir, 2-ci qrup əlildir. Mənzilə dair bütün kommunal xərclər X18 və onun tərəfindən hissədə mütəmadi surətdə ödənilmişdir və həmin qaydada da ödənilir. O, son vaxtlar tam surətdə əmin olub bilmişdir ki, saxta sənəddən istifadə etməklə X18 yaşadığı mənzili öz adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçirmişdir. Belə ki, ƏMDK DƏDRX-nin 1 sayl Bakı Ərazi idarəsinin 10.09.2018-ci il tarixli, **********04 saylı məktubundan görünmüşdür ki, yaşadığı mənzil 30.07.2004-cü il tarixdə Nəsimi rayon XDS-nin 02.08.1985-ci il tarixli, 21/12 nömrəli qərarına, sözügedən ünvanda qeydiyyatda olan X15, X6, X3, X11, X7, onun (iddiaçının) razılıq ərizələrinə əsasən 13.04.2004-ci il tarixli, 647 nömrəli Forma 2 arayışına əsasən X11 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bu xüsusatla əlaqədar tərəfindən Nəsimi rayon məhkəməsinə müraciət edilmiş, başqa mülki işdə olan, yaşadığı mənzilin özəlləşdirilməsinə guya razılıq vermiş olmağına dair 15.05.2004-cü il tarixli ərizənin surəti əldə olunmuşdur. Həmin ərizənin də surətindən görünmüşdür ki, azərbaycan dilində notarial qaydada 15.05.2004-cü il tarixdə təsdiq edilmiş, həmin tarixli ərizə ilə o, guya yaşadığı mənzilin Akif Əmirovun adına özəlləşdirilməsinə razılıq vermişdir. Ərizənin tərtib edildiyi 15.05.2004-cü il tarixdə o, ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır və bu fakt Dövlət Sərhəd Xidmətinin müvafiq arayışı ilə təsdiq edilmişdir. Göstərilən hal Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 2-də yerləşən, yaşadığı 41 saylı mənzilin saxta sənəd əsasında cavabdehin adına özəlləşdirilməsini təsdiq edən əyani sübutdur. Göründüyü kimi adı gedən mənzilin cavabdehin adına özəlləşdirilməsi üçün əsas olmuş onun adından tərtib olunmuş ərizə işin hallarına uyğun deyildir və bu səbəbdən həmin mənzilə dair X11 adına olan “Qeydiyyat vəsiqəsi” ləğv edilməlidir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, Əmirli X1 məsələ ilə bağlı İdarəyə rəsmi qaydada müraciəti daxil olmamışdır. Araşdırma zamanı müəyyən olmuşdur ki, Nəsimi Rayon İcra Hakimiyyətinin 21/4 nömrəli, 02.08.1985-ci il tarixli qərarı, Bakı şəhəri XDS İK-nin 14.05.1972-ci il tarixli 115829 nömrəli orderi əsasında, notarial qaydada təsdiq olunmuş razılıq ərizələri (X4 da razılıq ərizəsi daxil olmaqla) və mənzilin kommunal-məişət vəziyyəti barədə 65 saylı MKİS-nin 07.07.2004-cü il tarixli aktı (2 №-li forma) nəzərə alınmaqla müvafiq mənzilə dair X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir. Üçüncü şəxs X18 məhkəməyə iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, mənzilin ilkin icarədarı iddiaçının anası - X21 olmuşdur. Onun ölümündən sonra ailə üzlərinin, o cümlədən iddiaçının razılığı ilə Nəsimi rayon X29 Komitəsinin 02 avqust 1985ci il tarixli qərarına əsasən mənzil onun adına rəsmiləşdirilmişdir. 2004-cü ildə mənzil onun adına özəlləşdirilmişdir. İddiaçı hələ 2004-cü ildən mənzilin onun adına özəlləşdirilməsi barədə məlumatlı olmuşdur. Belə ki, İddiaçı Mirmehdi oğlu ona qarşı miras mənzilin ədalətli bölgüsü və mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nəsimi rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli, 2(0060-3469/2016 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(103)-7950/2016 saylı qətnaməsi ilə apelyasiya şikayəti rədd edilmişdir. Daha sonra kassasiya şikayəti verilmiş, kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra o, cavabdeh İddiaçı və digərlərinə qarşı kompensassiya verilməklə mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı Apelyasiya Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(103)-3704/2018 saylı qətnaməsi ilə 25.000 manat konpensasiya ödənilməklə, cavabdehlərin hüquqlarına xitam verilmişdir. Ali Məhkəmənin 26 fevral 2019-cu il tarixli, 2(102)-1254/2019 saylı qərarı ilə qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırda qeyd edilən qətnamə 2019-cı ilin may ayında icra olunmuş, icra işinə xitam verilmişdir. Yəni cavabdehlərə kompensassiya ödənilmiş (lakin cavabdehlər kompensassiya məbləğini götürməmişlər), cavabdehlərin hüquqlarına xitam verilmişdir. Cavabdehlər mənzildən pasport qeydiyyatından da çıxarılmışlar. Bütün proseslərdə, qətnamələrdə, yazdığı şikayətlərdə İddiaçı mənzilin özəlləşməsindən əvvəldən xəbərdar olmalarını qeyd etmişdir. Göründüyü kimi mübahisəli mənzilin özəlləşməsindən 16 il ötmüşdür. Ona görə də hazırki halda müddət ötürüldüyünə görə iddia mümkünsüz sayılmamlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X23 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X24 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X19, onun nümayədəsi və vəkili Vəkil iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanunverici öhdəliyin icrası haqqında iddia növü üzrə iddiaçının ilk növbədə müvafiq məsələ ilə bağı ərizə ilə inzibati orqana müraciət etməsini, yəni inzibati orqanla mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı mümkünlük şərtlərini müəyyən etmişdir və iddiaçı məhz həmin şərtlərə riayət etdikdə onun iddiası mümkün sayıla bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarının qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İlkin məhkəmə araşdırılması zamanı İddiaçı müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 27.04.2018-ci il tarixli, 2(103)- 3704/2018 nömrəli qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X8, X5 və X9 iddiaçı X18 tərəfindən 25.000 manat miqdarında kompensasiya verilməklə onların Bakı şəhəri, 4-cü mikrorayon, bina № 2-də yerləşən və iddiaçıya məxsus 41 №-li mənzilinə istifadə hüquqlarına xitam verilməsi və onlar mənzildən çıxarılmaları qət edilmişdir. Qeyd olunan qətnamə icra edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilə istifadə hüquqlarının ona kompensasiya ödənilməklə itirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olduğundan o, həmin mənzillə bağlı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa da malik deyildir. Məhkəmə həmçinin qeyd edir ki İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etmədiyindən, hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından onun tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar