Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13812/2024 18.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Xəzər Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin verilməsi üçün sorğu göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Xəzər Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçıya verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun-xx.xx.1957-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunun Tapan kəndində doğulmuş İddiaçı - doğum faktının Gürcüstan Respublikasının Bolnisi rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə 51 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi öhdəliyinin Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsininin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunun Tapan kəndində anadan olmuşdur. Onun doğumunun Bolnisi rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə 51 nömrəli aktla qeydə alınmışdır və buna müvafiq olaraq o xx.xx.1957-ci il tarixdə İ-P3 seriyalı, 186834 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. X5 1925-ci ildə Gürcüstanın Bolnisi rayonunun Aşağı Gülaver kəndində anadan olub. Anası əvvəllər Gürcüstan SSR-nin vətəndaşı olub, o, təxminən xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının Abşeron rayonunda vəfat edib. X3 1916-cı ildə Gürcüstanın Bolnisi rayonunun Aşağı Gülaver kəndində anadan olub. Atam əvvəllər Gürcüstan SSR-nin vətəndaşı olub, o, təxminən xx.xx.1993-cii il tarixdə Azərbaycan Respublikasının Sumqayıt şəhərində vəfat edib. 1964-cii ildə Bolnisi Azərbaycan orta məktəbinin birinci sinfinə getmiş, 1974-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Daha sonra təhsilimi davam etdirməmişdir. 1975-ci ilin may ayında Bolnisi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Rusiya Federasiyasının Çeçenistan Respublikasının Qroznı şəhərinin Qudermes rayonunda keçmişdir. 1977-ci ilin may ayında hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra Gürcüstana geri dönmüşdür. xx.xx.1978-ci il tarixdə Bolnisi rayon İcraiyyə Komitəsinin Daxili işlər orqanı tərəfindən V-TM seriyalı, 544566 nömrəli SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. xx.xx.1978-ci il tarixdə Bolnisi rayon İcraiyyə Komitəsinin Daxili işlər orqanı tərəfindən Bolnisi rayonunun Tapan kəndində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. 1978-ci ildən 1990-cı ilə kimi Bolnisi rayonu Radevan sovxozunda traktor sürücüsü vəzifəsində çalışmışdır. xx.xx.1983-cü il tarixdə Gürcüstanın Bolnisi rayonunun Qoçulu kəndində anadan olmuş, xx.xx.1955-ci il təvəllüdlü X1 ilə nikaha daxil olmuşdur. Onların nikahları Bolnisi rayon VVAQ Şöbəsi tərəfindən 79 nömrəli aktla qeydə alınmışdır. Nikaha daxil olduqdan sonra həyat yoldaşına iddiaçının soyadına uyğun olaraq “Əliyeva” soyadı verilmişdir. Həmin nikahdan 3 uşaqları doğulub. xx.xx.1990-cı il tarixdə onunla aralarında olan nikaha xitam verilmişdir. xx.xx.1990-cı il tarixdə Azərbaycan SSR-nin vətəndaşı X6 ilə nikaha daxil olmuşdur. Nikahları Bolnisi rayon VVAQ Şöbəsi tərəfindən 119 nömrəli aktla qeydə alınmışdır. 1999-cu ildə X6 ilə aramızda olan nikaha xitam verilmişdir və bu barədə xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Sumqayıt şəhər VVAQ Şöbəsi tərəfindən qeyd aparılmışdır. xx.xx.1990-cı il tarixdə Gürcüstanda yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq daimi yaşamaq məqsədilə Azərbaycana gəlmişdir. Azərbaycana gəldikdən sonra xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmin vaxtdan etibarən daimi olaraq Azərbaycanda yaşayır. İddiaçı Azərbaycana Gürcüstan dövləti tərəfindən verilmiş SSRİ vətəndaşının pasportu ilə gəlmişdir. 2005-ci ildə Azərbaycanda SSRİ nümunəli pasportlar qüvvədən düşdükdən sonra o nə Gürcüstan dövləti tərəfindən, nə də Azərbaycan dövləti tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilmişdir. Hazırda 67 yaşı var, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən himayəyə götürülmüşdür. Hazırda sənədləşmə işi ilə əlaqədar müvafıq səlahiyyətli orqanlara doğum haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətini və azərbaycan dilinə tərcüməsini də təqdim etməyi tələb olunur. Lakin doğum haqqında şəhadətnaməsi yararsız hala düşdüyündən (doğum haqqında şəhadətnaməmdə möhürdəki yazılar tam oxunmur, eyni zamanda sənəd yuxarı və aşağı hissədən ortadan cırılıb) notariuslar həmin sənədin surətini təsdiq etməkdən imtina edirlər. Odur ki, iddiaçının doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməsi zərurəti yaranmışdır. Lakin yuxarıda da qeyd edilən kimi, şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün Gürcüstan Respublikasına gedib həmin sənədi ala bilmir. Hazırda iddiaçı ünvan 2 iimanında yaşayır və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həmin ünvana olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də xx.xx.2024-cii il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1957-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunun Tapan kəndində anadan olmuş İddiaçı - doğum faktının Gürcüstan Respublikasının Bolnisi rayon VVAQ Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-224/24 nömrəli məktubla müraciətin təminindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 22 sentyabr 2023-cü il tarixdə verilmiş və xx.xx.2024-cü il tarixədək etibarlı olan ***-*******90 №-li “Himayə Sənədi”dən görünür ki, sənəd xx.xx.1957-cı il tarixdə anadan olmuş İddiaçı verilmişdir. Bu sənədi daşıyan şəxs BMT QAK-ın mandatı altında olan şəxsdir. BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin hökümət orqanlarından adı çəkilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaradılmasını və məcburi geri qaytarılmasının qarşısının alınmasını xahiş etdiyi və sənədin surətinin Daxili işlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/2-Ə-8882-xx-xx- 26802/2023 nömrəli Arayışında qeyd olunur ki, Verilir, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.1957-ci il təvəllüdlü Alyaz Aliyevə (himayə sənədi № ***- *******90) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 22 sentyabr 2023-cü il tarixindən 30 sentyabr 2024-cü il tarixinədək ünvan 2 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Arayış tələb olunan yerə təqdim etmək üçün verilir. Bakı Şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-224/24 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7 və 9.8-ci maddəsinin tələbinə əsasən VVAQ orqanına və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarinın arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarinın arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Tərəfimizdən şöbəmizə şəxsiyyətinizi təsdiq edən sənəd təqdim olunmadığına görə ərizənin təmini mümkün olmamışdır. Göstərilənlərə əsasən doğum haqqında təkrar şəhadətnamənin alınması barədə ərizənizin təmin olunması qeyri mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır. Beləliklə, bu növ iddia üzrə xüsusi mümkünlük şərti ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. Belə ki, iddia tələbindən və iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Gürcüstan SSR-nin Bolnisi rayonunun Tapan kəndində anadan olmuş, o, 1990-cı ildən etibarən Azərbaycan Respublikasında daimi yaşayır, şəxsiyyəti ilə bağlı xx.xx.1957-ci il tarixdə verilmiş 186834 saylı doğum haqqında şəhadətnamə, V-TИ 544566 nömrəli xx.xx.1978-ci il tarixli SSR pasportu vardır. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 22 sentyabr 2023cü il tarixdə verilmiş ***-*******8 №-li “Himayə ***-*******90 №-li Sənədi”nə əsasən, BMT QAK-ın mandatı altında olan şəxsdir, 22 sentyabr 2023-cü il tarixindən 30 sentyabr 2024cü il tarixinədək ünvan 2 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Hazırda onun təkrar doğum haqqında şəhadətnamə ilə təmin edilməsi zərurəti yaranmışdır. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyətini təsdiq edən sənəd əldə edə bilmir. Bununla əlaqədar cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının şəxsiyyət vəsiqəsini təqdim etmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: -3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. -21.1-ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). -21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. -74.1-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. -74.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. 19 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1996-cı il martın 8-də Tbilisi şəhərində imzalanmış Müqavilə təsdiq edilmişdir. Sadalanan normaların tələblərindən çıxış edərək məhkəmə qeyd edir ki, qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyəti müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunur. Hazırkı iş üzrə iddiaçı vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında iddiaçının vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq onu olduğu ünvan üzrə qeydiyyata almışdır. İddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımi sənədləri əldə edə bilmir. Cavabdeh inzibati orqan iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını da nəzərə almamışdır. Belə ki, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum haqqında şəhadətnamə təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir və yaxud iddiaçını təmsil edən şəxsə təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkündür ki, təmsil etmə üçün tələb olunan etibarnamə özü də şəxsiyyət vəsiqəsi əsasında verilir. Məhkəmə bu halda hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçıya verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun-xx.xx.1957-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunun Tapan kəndində doğulmuş İddiaçı doğum faktının Gürcüstan Respublikasının Bolnisi rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə 51 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü Gürcüstanın Bolnisi rayonunun Tapan kəndində anadan olmuş İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçıya verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında doğum faktının Gürcüstan Respublikasının Bolnisi rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə 51 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-13812/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13812/2024
18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver