Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13829/2025 18.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək cavabdeh DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-7-1/2-Ə-161449/2025 saylı “Yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmamaması haqqında” cavab məktubunun əsassız hesab edilməsi, onun üzərinə xx.xx.1984-cü il tarixindən xx.xx.2005ci il tarixinə kimi olan iş stajının sosial sığorta stajı hesab edilməsi və ona xx.xx.2025-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-cı il tarixində anadan olmuşdur. xx.xx.2025-ci il tarixində 64 yaşı və 25 ildən artıq sosial sığorta stajı olduğuna görə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan bütün sənədləri birinci dəfə 2025-ci ilin mart ayında 4 saylı Bakı DOST Mərkəzinə təqdim etdi. DSMF-nun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2025-ci il tarixli 3-17-1/2-Ə-71141/2025 saylı cavab məktubu ilə bildirdilər ki, təqdim edilən sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləriniz, o cümlədən xx.xx.1979-xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığınız illər də nəzərə alınmaqla cəmi sığorta stajınız 6 il 7 ay 1 gün təşkil edir. Həmçinin məktubla bildirirlər ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1984-cü il tarixindən 01.03. 2005-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə məxsus möhürlə təsdiq edilib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Tələb olunan sənədləri əldə etmək üçün işlədiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əczaçılıq və X2 fəaliyyətini dayandırdığı üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etdi. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin 27 may 2025-ci il tarixli 3-48-DA/2-Ə- 519 -33-679/2025 sayl cavab məktubu ilə ərizəsinə cavab olaraq bildirirlərlər ki, qismən qəbul olunmuş “Respublikası Səhiyyə Nazirliyi Əczaçılıq və X2’' arxiv fondunda mühafizə edilən 33 nömrəli aptekin 1981, 1982, 1987-ci illərə dair şəxsi heyyət üzrə əmr kitablarında Əliyeva (Mustafayeva) Mətanət Cavanşir qızının (əmr № 33, 18 noyabr 1981-ci il) işə təyin edildiyi qeyd edilir. Eyni zamanda bildirdirlər ki, yuxarıda qeyd olunan arxiv fondunun sənədlərində 349 nömrəli aptek üzrə 1984,1987-ci illərə dair, 33 nömrəli aptek üzrə 1987, 2005-ci illərə dair şəxsi heyət üzrə əmr kitabları aşkar edilmədi. DSMF-nun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərfindən tələb olunan sənədlər Arxivdə saxlanılmadığına görə təqdim edə bilmədiyini qeyd edərək İnzibati Orqana təkrar müraciət etdi. İnzibati Orqanın təkrar müraciətinə verdiyi xx.xx.2025-ci il tarixli 3-7-1/2-Əl61449/2025 saylı cavab məktubunda da təkrar olaraq eyni əsasla ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etdi. Ona görə də hesab edir ki, Mərkəzi Filialın 10.07. 2025-ci il tarixli 3-7- 1/2-Ə-161449/2025 saylı “Yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmamaması haqqında" cavab məktubunun əsassız hesab edilməsi, onun üzərinə xx.xx.1984-cü il tarixindən xx.xx.2005-ci il tarixinə kimi olan dövrün sosial sığorta stajı hesab edilməsi və ona xx.xx.2025-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, onun işləməyi barədə əmək kitabçasında qeydlərin olmasına baxmayaraq İnzibati Orqan onun xx.xx.1984-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan iş dövrünü işdən çıxma əmri keçmiş SSRİ dövrünə məxsus möhürlə təsdiqləndiyini bəhanə edərək ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sanəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri və sair nəzərə alınır. Göründüyü kimi onun iş stajları Əmək kitabçası ilə təsdiqlənir. Lakin işlədiyi müəssisə ləğv edildiyinə və sənədlər arxivə qismən təhvil verildiyinə görə əlavə təsdiqedici sənədləri İnzibati Orqana təqdim edə bilmir.
3. Cavabdehin iddiaçıya pensiyanın təyin edilməsindən imtina məktubunda qeyd edilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir ii azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləriniz, o cümlədən xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığınız illər də nəzərə alınmaqla cəmi sığorta stajınız 6 il 7 ay 1 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1984-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə məxsus möhürlə təsdiq edilib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Sözügedən maddənin tələblərinə əsasən sizə xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib və hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir.”
4. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, təqdim edilən sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil aldığı illər, övladına qulluq etdiyi dövr də nəzərə alınmaqla ümumi sığorta stajı 6 il 7 ay 1 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də mümkün olmamışdır. Əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə məxsus möhürlə təsdiq edilib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə ümumi sığorta stajı 25 ili tamamlanarsa, əmək fəaliyyəti dövrləri araşdırılaraq pensiya təyinatı hüququna yenidən baxılacaqdır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2018-ci il tarixdə 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir.
5. Azərbaycan Respublikası Dövlət Arxivinin 27 may 2025-ci il tarixli 3-48-DA/2-Ə-519-33- 679/2025 saylı arxiv arayışında bildirilir ki, qismən qəbul olunmuş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əczaçılıq və X2” arxiv fondunda mühafizə edilən 33 №-li aptekin 1981,1982,1987-ci illərə dair şəxsi heyət üzrə əmr kitablarında Əliyeva (Mustafayeva) Mətanət Cavanşir qızının (əmr № 33, 18 noyabr 1981-ci il) işə təyin edildiyi (müvəqqəti 33 nömrəli apteka təyin edilsin xx.xx.1981-ci il tarixdən); (əmr № 29, xx.xx.1982-ci il) işdən azad olunduğu qeyd olunur (tutduğu vəzifədən azad edilsin xx.xx.1982); (əmr № 76, 02 avqust 1987-ci il) - (33 nömrəli aptekin əczaçısına növbəti məzuniyyət verilsin xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək 18 iş günü müddətinə, işə başlama tarixi xx.xx.1987-ci il); (əmr № 82 а, 29 avqust 1987-ci il) - (349 nömrəli aptekin əczaçısına, aptekin təmiri ilə əlaqədar 33 nömrəli aptekdə xx.xx.1987-ci il tarixdən işə başlasın) qeyd olunur. Eyni zamanda yuxarıda qeyd olunan arxiv fondunun sənədlərində 349 №-li aptek üzrə 1984, 1987-ci illərə dair, 33 №-li aptek üzrə 1987, 2005ci illərə dair şəxsi heyət üzrə əmr kitabları aşkar edilmədi.
6. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
9. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
13. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
14. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
III. Məhkəmənin mövqeyi
15. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdeh tərəfindən iddiaçının ümumi sığorta stajı mübahisələndirilərək 6 il 7 ay 1 gün təşkil etdiyi bildirilmişdir. Cavabdehin bununla bağlı etirazının dəlilləri ondan ibarətdir ki, əmək kitabçasının doldurulma qaydası pozulduğu xx.xx.2005-ci il tarixli işdənçıxma əmrinin SSRİ dövrünə məxsus möhürlə təsdiq edildiyi üçün xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, xx.xx.2006-cı ilədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb edilən pensiya kapitalından az olmuşdur. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir.
16. Belə ki, iddiaçının əmək fəaliyyəti olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
17. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-cı il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd - əmək kitabçası əsasında müəyyən olunur.
18. İddiaçı əmək kitabçasından görünür ki, o, 33 №-li aptekə (əmr № 33) 18 noyabr 1981-ci il tarixdə işə təyin edilmiş; (əmr № 29) 04 oktyabr 1982-ci il tarixdə işdən azad olunmuş; (əmr № 194) 18 iyun 1984-cü il tarixdə 349 nömrəli aptekə əczaçı kimi işə təyin edilmiş; (əmr № 183) 05 iyun 1987-ci il tarixdə 33 №-li aptekə keçirilmiş, (əmr № 118) 05 iyul 1992-ci il tarixdə həmin aptekdə 0.25 ştat üzrə əzcaçı keçirilmiş; (əmr № 154) 30 iyun 1994-cü il tarixdə həmin aptekdə 0.5 ştat üzrə əczaçı keçirilmiş, (əmr № 1) xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir.
19. Cavabdehin imtinasından göründüyü kimi cavabdeh iddiaçıya məxsus əmək kitabçasının xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan qeydində işdən azadolma əmrlərinin SSRİ dövrünə məxsus möhürlə təsdiq edildiyindən əmək kitabçasının düzgün doldurulmadığını bildirir, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır.
20. Belə ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. 4.1-ci bəndinə əsasən əmək işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
22. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” xx.xx.1999-cu il tarixdə qəbul edilən Azərbaycan Respublikasının Qanununa əsasən: İ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-nin 1971-ci il 10 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi (Azərbaycan SSR X1, 1971-ci il, № 23, maddə 190) qüvvədən düşmüş hesab edilsin.
23. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci il tarixli, 34 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara almışdır: Möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlansın.
24. Məhkəmə əmək kitabçasının düzgün doldurulmadığı - aptekin möhürünün SSRİ dövrünə məxsus möhürlə təsdiq edilməsi qeyd edildiyi iddia edilən dövrünə (xx.xx.1984xx.xx.2005-cü il tarixləri) nəzərən qeyd edir ki, hamıya bəlli olan haldır ki, 1991-ci ildə kiril qrafikasından latın qrafikasına keçid dövrü olduğundan sənədləşmədə qarışıq qrafikalarda yazılara rast gəlmək mümkündür.
25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının doldurulması zamanı yanlışlığa yol verilməsi şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün (inzibati icraat zamanı lazımi həcmdə sübutetmə vasitələrindən istifadə etməklə) əsas ola bilər.
26. Lakin cavabdeh tərəfindən inzibati icraatın aparılmaması və qeyd edilən zəruri sübutetmə vasitələrindən istifadə edilməməsi nəticəsində formal yanaşma iddiaçının pensiya hüququndan məhrum edilməsi ilə nəticələnmişdir.
27. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin sonuncu hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.
28. Odur ki, əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil olması tələbi xx.xx.2002-ci ildən olan dövr üçün imperativ olduğundan həmin tarixədək olan dövr üzrə müəssisənin və əmək kitabçasında müvafiq qeydin mövcudluğu əmək stajının nəzərə alınması üçün yetərli hesab olunmalıdır.
29. Eyni zamanda, məhkəmə araşdırması nəticəsində əldə edilən arxiv arayışına əsasən müəyyən olunur ki, 33 №-li aptekin 1981,1982,1987-ci illərə dair, 349 №-li aptek üzrə 1984, 1987-ci illərə dair, 33 №-li aptek üzrə 1987, 2005-ci illərə dair şəxsi heyət üzrə əmr kitablarında iddiaçının işləməsi barədə məlumatlar öz əksini tapır.
30. Göründüyü kimi iddiaçının mübahisələndirilən dövrlər üzrə işləməsi arxiv arayışı ilə də təsdiq olunur.
31. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi 1984-2005-ci illərdə qüvvədə olan qanunvericilik normaları əmək kitabçası əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı əmək kitabçası ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur.
32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
33. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 62 yaşdır.
34. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər.
35. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 64-dür. Əmək kitabçasına əsasən inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı 25 ildən çoxdur.
36. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının işlədiyi müəssisə mövcud olmuş və onun həmin müəssisədə xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan (2002-ci ilədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi tələbi mövcud olmadığından) cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübut edilmiş, cavabdeh isə konkret halda pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, belə şərtlərin mövcudluğunu sübut etməmişdir.
37. Hazırda işin faktiki hallarına əsasən iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər cəmi 25 ildən çox sığorta stajı iş materiallarında öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd olunan dövrlərdə işlədiyi müddətlər (cəmi 25 ildən çox) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
39. “Əmək pensiyaları haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
40. Beləliklə, xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı 64 yaşdan, xx.xx.2025-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
41. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilərək 64 yaşdan, xx.xx.2025-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva