Məhkəmə qərarları › İş №2-1(112)-13832/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13832/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13832/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 11 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1967-ci il təvəllüdlüdür və xx.xx.2011-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiyaya çıxdıqdan sonra əmək faəliyyətini davam etdirərək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı yığılmış və 9.04.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, yığılan vəsaitin peniyasına əlavə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra – cavabdeh) 1.05.2024-cü il tarixli, 3-17-1/3-7-5205/2024 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği 1201.99 manatdan 1343.99 manata artırılmış, yenidən hesablamanın səbəbi “37.3.2-1)” qeyd edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-14199/2025 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği 1452.86 manatdan 1459.84 manata artırılmış, yenidən hesablamanın səbəbi “37.3.2-1)” qeyd edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli Əmək pensiyasının hesablanması haqqında məktubunda bildirilmişdir ki, “...sizə Mərkəzi Filial tərəfindən 21 avqust 2011-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əmək pensiyası təyin edildikdən sonra işlədiyiniz müddət ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına görə əmək pensiyanızın yenidən hesablanması üçün 9 aprel 2024-cü il tarixində Mərkəzi Filiala müraciətiniz daxil olub. Bununla əlaqədar olaraq bildiririk ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1 -ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən, Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən, Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Sizə əmək pensiyası təyin edildikdən sonra Mərkəzi Filiala müraciət etdiyiniz 9 aprel 2024-cü il tarixinədək işlədiyiniz müddət ərzində fərdi hesabınızın sığorta hisəsində 24793,15 manat (sonradan əks olunmuş ödənişlər nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Həmin 24793,15 manat pensiya kapitalınız Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 167 aya bölünməklə (24793,15:167 ay (65 il (kişilərə münasibətdə pensiya yaşı)-57 il 1 ay (əmək pensiyasının yenidən hesablanması üçün hüququnuzun yarandığı tarixə yaşınız)=95 ay+72 ay (144 ay (Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddətinin aylarının sayı)-72 ay))=148,46 manat) həmin tarixədək mövcud olmuş pensiyanızın (1201,99 manat) üzərinə əlavə edilərək əmək pensiyanız həmin tarixdən 1350,45 (1201,99+148,46) manat məbləğində müəyyən edilib. Eyni zamanda bildiririk ki, sonradan əks olunmuş pensiya kapitalınız ilə əlaqədar sizə ötən dövr üzrə ödənilməli olan 6,40 manat fərq məbləği hesablanıb. Həmin fərq məbləğinin cari ilin avqust ayında pensiyanızın üzərinə əlavə edilməklə müvafiq kart hesabınıza köçürülməsi nəzərdə tutulur. Məlumat üçün bildiririk ki, Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cari ilin 1 yanvar 2025-ci il tarixindən əmək pensiyanız 1459,84 manat təşkil edir.” İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması haqqında cavabdehin 3 iyul 2025-ci il tarixli qərarının ləgv edilməsi və əmək pensiyası təyin edildikdən sonra 6 ildən çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının məbləğinin azaldılmamaqla (72 aya bölünməklə) yenidən hesablanması və keçmiş müddət ərzində ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuş və xx.xx.2011-ci il tarixində həqiqi hərbi xidmətdən silahlı qüvvələrin ehtiyatına buraxlmışdır. Müharibə veteranıdır. Həmin tarixdən ona hərbi qulluqçu olaraq pensiya təyin olunub. Pensiya təyin olunduqdan sonra hazırkı vaxtadək əmək pensiyaçısı kimi işləməkdə davam edir. 6 il işlədikdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması üçün 9.04.2024-cü il tarixində cavabdehə müarciət etmişəm. Müraciət etdiyi vaxtda pensiyasının məbləği 1201.99 manat olmuşdur. Müraciəti əsasında pensiyası fərdi hesabının sığorta hissəsində toplanmış 23713 manat pensiya kapitalı 167 aya (23713:167 ay (57 il 1 ay=95+(144-72 ay) bölünərək, 2024-cü ilin may ayından 1343.99 manat təyin edilmiş, yəni pensiyasının üzərinə 142.00 manat əlavə edilmişdir. Halbuki pensiyası yenidən hesablandıqdan sonra üzərinə 329.35 manat (23713 manat :72 ay=329.35) əlavə edilməli, pensiyasının məbləği 1531.34 manat olmalı olduğu halda, 142.00 manat əlavə edilərək, pensiyasının məbləği həmin tarixdən 1343.99 manat təyin edilmişdir. Yəni 187.25 manat az əlavə edilmişdir. Bununla əlaqədar olaraq pensiyasının qanunvericiliyin tələblərinə əsasən yenidən hesablanması ilə bağlı 03 iyul 2025-ci il tarixində yenidən cavabdehə müarciət etmişdir. Həmin filialın diektorunun imzası ilə 9.07.2025-ci il tarixində mənə göndərilmiş SMS-də bildirilmişdir ki, xx.xx.2025-ci il tarixli müraciətə əsasən pensiyanız yenidən hesablanaraq 1459.84 manat müəyyən edilmişdir. Yəni pensiyası bu dəfə ki, müraciətinə əsasən yenidən hesablandıqdan sonra 6.98 manat artırılmışdır ki, bu da fərdi hesabının sığorta hissəsində toplanmış 23713 manat pensiya kapitalına uyğun deyildir. Belə ki, pensiyasının məbləği fərdi hesabının sığorta hissəsində toplanmış 23713 manat pensiya kapitalı 72 aya bölünməklə (1201.99+329.35=1532.34) 1531.34 manat təyin edilməli və bununla yanaşı keçmiş müddət ərzində ödənilməmiş fərq məbləğinin ödənilməsi təmin olunmalıdır. Cavabdeh iddia tələbinə yazılı ərizə təqdim edərək iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Mərkəzi Filiala müraciət edərək ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın 8 avqust 2025-ci il tarixli 3-17-1/2-N-186868/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əmək pensiyası təyin edildikdən sonra Mərkəzi Filiala müraciət etdiyi 9 aprel 2024-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hisəsində 24793.15 manat (sonradan əks olunmuş ödənişlər nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınmışdır. Həmin 24793,15 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 167 aya bölünməklə (24793,15:167 ay (65 il (kişilərə münasibətdə pensiya yaşı)-57 il 1 ay (əmək pensiyasının yenidən hesablanması üçün hüququnun yarandığı tarixə yaşı)=95 ay+72 ay (144 ay (Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddətinin aylarının sayı)-72 ay))=148,46 manat) həmin tarixədək mövcud olmuş pensiyasının (1201,99 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1350,45 (1201,99+148,46) manat məbləğində müəyyən edilmişdir. Bildirirlər ki, iddiaçıya Mərkəzi Filial tərəfindən 21 avqust 2011-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına görə əmək pensiyasının yenidən hesablanması üçün 9 aprel 2024-cü il tarixində Mərkəzi Filiala müraciəti daxil olmuşdur. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra Mərkəzi Filiala müraciət etdiyi 9 aprel 2024-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hisəsində 24793,15 manat (sonradan əks olunmuş ödənişlər nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınmışdır. Həmin 24793,15 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 167 aya bölünməklə (24793.15:167 ay (65 il (kişilərə münasibətdə pensiya yaşı)- 57 il 1 ay (əmək pensiyasının yenidən hesablanması üçün hüququnun yarandğı tarixə yaşı)=95 ay+72 ay (144 ay (Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddətinin aylarının sayı)-72 ay))=148,46 manat) həmin tarixədək mövcud olmuş pensiyasının (1201,99 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1350,45 (1201,99+148,46) manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda bildirmişlər ki, iddiaçının sonradan əks olunmuş pensiya kapitalı ilə əlaqədar ona ötən dövr üzrə ödənilməli olan 6,40 manat fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğinin cari ayda pensiyasınır üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulur. Məlumat üçün bildirirlər ki, Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cari ilin 1 yanvar 2025-ci il tarixindən əmək pensiyası 1459,84 manat təşkil edir. İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, iddiaçı Ə.Əmrah-zadə barəsində inzibati icraat başlamışdır. Belə ki, “Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin xx.xx.2022ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-5205/2024 nömrəli qərar ilə iddiaçının əmək pensiyası 1201.99 manatdan 1343.99 manata artırılmışdır; xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-14199/2025 nömrəli qərar ilə iddiaçının əmək pensiyası 1452.86 manatdan 1459.84 manata artırılmışdır. Qeyd edilən müraciətlərlə əlaqədar qanunvericiliyin yuxarıda qeyd olunan maddələrinə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə əmək pensiyası keçmiş üç il müddət üçün aşağıdakı qaydada hesablanmışdır: İddiaçıya əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğu 9 aprel 2024cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 24793.15 manat təşkil etmişdir. Həmin 24793.15 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 158 aya bölünməklə (24793,15:167 ay (65 il -57 il 1 ay=95 ay+72 ay (144 ay-72 ay)=148,46 manat) 9 aprel 2021-ci il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi 9 aprel 2024-cü il tarixindən üç il geriyə) mövcud olmuş pensiyasının (1201.99 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1350,45 (1201,99+148,46) manat məbləğində hesablanmışdır. Eyni zamanda sonradan əks olunmuş pensiya kapitalı ilə əlaqədar iddiaçıya ötən dövr üzrə ödənilməli olan 6.40 manat fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğinin cari ilin avqust ayında pensiyasının üzrə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşudr. Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar cari ilin 1 yanvar 2025-ci tarixindən əmək pensiyası 1459.84 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın onun pensiyasının yenidən hesablanması nəticəsində pensiya məbləğinin azalmasını və nəticədə subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Hazırkı iddia məcbuertmə haqqında iddiadır və cavabdeh tərəfindən iddiaçının müraciətinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının məbləğinin azaldılmamaqla (72 aya bölünməklə) yenidən hesablanmasını tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1156/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…hazırkı mübahisəyə dair iş üzrə iddiaçı tələbində həmçinin cavabdehin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********153600 nömrəli qərarının ləğv olunmasını xahiş etsə də, həqiqətdə iddiaçının hüquqi marağı və məqsədi alqı-satqı müqaviləsinə əsasən nağdsız qaydada dəyərini satıcıya tam ödədiyi mənzilə görə ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. Mübahisələndirilən qərarın ləğvi ilə iddiaçının bu məqsədinə çatması mümkün deyil. İddiaçı məqsədinə yalnız məcburetmə haqqında iddia vasitəsi ilə nail ola bilər. Belə ki, cavabdehin üzərinə iddiaçıya müvafiq əlavə dəyər vergisi məbləğinin 30 faizinin qaytarılması barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsi öhdəliyi məhkəmənin həmin iddia üzrə yalnız pozitiv qərarı vasitəsi ilə qoyula bilər. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, məcburetmə haqqında iddia, eyni zamanda, cavabdeh tərəfindən qəbul edilmiş imtina qərarının da ləğvini ehtiva edir və bunun müstəqil tələb kimi xüsusi vurğulanmasına ehtiyac yoxdur”. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. (xx.xx.2022-dək qüvvədə olan redaksiya) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanun: 1.11. 45-ci maddənin ikinci cümləsi çıxarılsın. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Qanun (xx.xx.2023-dən qüvvəyə minmişdir): 1.13. 45-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: "Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.”. Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya xx.xx.2011-ci il tarixdən Dövlət Sərhəd Xidmətinin əməkdaşı kimi, güzəştli şərtlərlə pensiya təyin edilmişdir. İddiaçı pensiyaya çıxdıqdan sonra əmək faəliyyətini davam etdirərək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı yığılmışdır. İddiaçı fərdi hesabın sığorta hissəsində yığılmış pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanması ilə bağlı 9.04.2024-cü il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdehin 1.05.2024-cü il tarixli 3-17-1/3-7-5205/2024 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq 1201.99 manatdan 1343.99 manata artırılmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-14199/2025 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq 1452.86 manatdan 1459.84 manata artırılmışdır. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı, fərdi hesabın sığorta hissəsində yığılmış pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanması zamanı pensiya kapitalının 72 aya bölünməsi yolu ilə hesablanmasına yönəlmişdir. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, iddiaçıın fərdi hesabın sığorta hissəsində yığılmış pensiya kapitalı 72-yə deyil, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 158 aya bölünməklə (64 il 6 ay-57 il 4 ay=86 ay+72 ay (144 ay-72 ay) hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız, cavabdehin mövqeyi isə əsalsıdır. Belə ki, Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait - pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. İlk növbədə qeyd edilməlidir ki, əmək pensiyasının hesablanma qaydası "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə müəyyən edilir. Həmin maddəyə əsasən, yaşa görə əmək pensiyasının məbləği yaşa görə əmək pensiyasının sığorta hissəsi və yığım hissəsinin məbləği ilə müəyyən edilir. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği isə sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalının pensiya ödənişi müddətinin aylarının sayına bölünməsi ilə müəyyən edilir. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, 1.07.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə dəyişməz olmuş, 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Qanunverici xx.xx.2022-ci il tarixdən 45-ci maddənin ikinci cümləsini "Əmək pensiyaları haqqında” Qanundan çıxarsa da, xx.xx.2023-cü il tarixdən bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxslərə münasibətdə yenidən əlavə etmişdir. "Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. "Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İddiaçının 2024-cü ilin aprel ayında müraciətinə əsasən, pensiyası toplanmış pensiya kapitalına əsasən hüququnun yarandığı həmin vaxt qüvvədə olan qanuna əsasən yenidən hesablanmışdır. Belə ki, "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 və 45-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən iddiaçının yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 - 72 ay) həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış və pensiya kapitalı 167-yə bölünmüşdür. (65 il-57 il 1 ay=95 ay+72 ay (144 ay-72 ay) "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, iddiaçının adıçəkilən Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxs kimi əmək pensiyasının yenidən hesablanması hüququ 2024-cü ilin aprel ayında müraciətinə əsasən həmin tarixdə yaranmışdır. Cavabdeh tərəfindən iddiaçının pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanması xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə aparılmışdır. Ona görə də, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddiaçının "pensiyanın yenidən hesablanması” tələbindən qanuni əsaslarla imtina olunduğundan, işin bu cür halında isə cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməsi hər hansı dəlil ilə sübuta yetirilmədiyindən, iddia təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar