Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1384/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük ödənişinin geri ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdə, **********0694 sorğu nömrəli bəyannamə əsasında idxal etdiyi mallara görə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən ondan qanunsuz olaraq alınmış 1102.62 manat məbləğdə gömrük rüsumlarının Dövlət Gömrük Komitəsi tərəfindən ona geri ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə, **********0694 sorğu nömrəli bəyannamə əsasında X1 hüquqi şəxsi olan “Prima Dental LTD” şirkətindən 9.90 ABŞ dolları məbləğində olan 170 ədəd VLC X5 7 Shades in Syringes, 1.80 ABŞ dolları məbləğində olan 100 ədəd, Prime-Paste [Prophy] 100 g, 4.50 ABŞ dolları məbləğində olan, 5 ədəd X3 Enhancer Kit 4 Syringes, 4.50 ABŞ dolları məbləğində olan, 200 ədəd NE X6 15 gm/15 gm Jars, 26.00 ABŞ dolları məbləğində olan, 5 ədəd X4 DC Kit 4 - 10g Syringes, 8.00 ABŞ dolları məbləğində olan, 10 ədəd X8 Kit4 x 3.5 stomotoloji avadanlıq idxal edilmişdir. İdxal edilən mallar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilərkən gömrük orqanının məsul əməkdaşları tərəfindən yuxarıda qeyd olunan gömrük bəyannaməsi ilə iddiaçının bəyan etdiyi malların gömrük dəyərini onun sövdələşmə dəyəri olan 2,995.50 ABŞ dolları ilə deyil, idxal etdiyi malların dəyərinin bazar qiymətinə uyğun 5815.5 ABŞ dolları məbləğində müəyyənləşdirildiyini və 5815.5 ABŞ dolları gömrük dəyərinin müəyyən edilməsi üçün hesablanma bazası kimi götürülərək idxal edilən malların gömrük və digər vergi ödənişlərinin bu məbləğdən hesablandığını və gömrük ödənişləri, o cümlədən ƏDV-sinin ümumilikdə 2576.65 AZN məbləğində müəyyənləşdirildiyini və idxal etdiyi 9.90 ABŞ dolları məbləğində olan 170 ədəd VLC X5 7 Shades in Syringes, 1.80 ABŞ dolları məbləğində olan 100 ədəd, Prime-Paste [Prophy] 100 g, 4.50 ABŞ dolları məbləğində olan, 5 ədəd X3 Enhancer Kit 4 Syringes, 4.50 ABŞ dolları məbləğində olan, 200 ədəd NE X6 15 gm/15 gm Jars, 26.00 ABŞ dolları məbləğində olan, 5 ədəd X4 DC Kit 4 - 10 g Syringes, 8.00 ABŞ dolları məbləğində olan, 10 ədəd X8 Kit4 x 3.5, mallarının hər birinin statistik dəyərini yüz faiz artrmaqla birinci təsnifat kodu üzrə 180 ABŞ dolları, ikinci təsnifat kodu üzrə 2640 ABŞ dolları məbləğində göstərməyini iddiaçıdan qanunsuz olaraq tələb etmişlər. Kontragentləri qarşısında öhdəliklərini icra edə bilmək və müəssisənin iqtisadi baxımdan ağır vəziyyətə düşməməsini nəzərə alaraq iddiaçıdan tələb edilən artıq 1102.62 manat məbləğində gömrük ödənişlərini məcburiyyət qarşısında qalaraq ödəməli olmuşdur. Bununla bağlı xx.xx.2020-ci il tarixində Dövlət Gömrük Komitəsinin sədrinə 06 saylı məktub ünvanlayaraq iddiaçıdan tələb edilən artıq rüsumların məcburiyyət qarşısında qalaraq ödədikləri və gələcəkdə sözügedən məbləğin geri qaytarılması üçün zəruri hüquqi tədbirlərin tərəfindən görüləcəyi bildirilmişdir. Gömrük orqanı əməkdaşları iddiaçının idxal etdiyi malların gömrük dəyərinə əlavələr etdikləri zaman əlavə rüsumların ödənilməsi ilə bağlı ona əsaslandırılmış hər hansı bildiriş təqdim etməmişlər, halbuki “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə əsasən aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Məsələylə bağlı hüquqlarının bərpa edilməsi məqsədi ilə 26 yanvar 2021-ci il tarixdə gömrük orqanı əməkdaşlarının iddiaçının idxal etdiyi malların gömrük dəyərinə düzəlişlərin edilməsiylə bağlı əsaslandırılmış bildirişin təqdim edilməməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi üçün Dövlət Gömrük Komitəsi yanında Apelyasiya Şurasına müraciət etmiş və sözügedən müraciətə 21 aprel 2021-ci il tarixdə Şurada baxılaraq 009 saylı qərar qəbul edilmişdir. Qeyd olunan qərarla tələb qismən təmin edilərək idxal edilmiş malların gömrük dəyərinə düzəlişlərin edilməsiylə bağlı gömrük orqanı əməkdaşlarının hərəkətləri qanunsuz hesab edilmiş, qərarın əsaslandırma hissəsində isə gömrük dəyərinə düzəlişlərin edilməsi və onların əsaslandırılması barədə bəyənnaməçiyə əsaslandırılmış bildirişin təqdim edilməməsi faktı öz əksini tapmışdır. Dövlət Gömrük Komitəsi yanında Apelyasiya Şurasının qəbul etdiyi qərara istinadən qeyd edilir ki, gömrük dəyərinə düzəlişlərin edilməsi gömrük orqanı əməkdaşları tərəfindən əsaslandırılmamış və gömrük dəyərinə düzəlişlərin edilməsi ilə hər hansı bildiriş təqdim edilməmişdir. İddiaçıdan əsaslandırılmamış hər hansı gömrük ödənişinin alınması eyni zamanda gömrük dəyərinə düzəlişlərin edilməsinə dair bildirişin təqdim edilməməsi qanunsuz olmaqla yanaşı özbaşınalıqdır. Təbii olaraq gömrük rəsmiləşdirilməsi zamanı əgər ilkin prosedurun aparılması qanunun tələbi pozulmaqla aparılıbsa, bu pozuntuya əsaslanaraq iddiaçıdan əlavə rüsumların alınması əsassızdır. Beləliklə, gömrük orqanı əməkdaşları tərəfindən “Gömrük tarifi haqqında” Qanunun 11.2ci maddəsinin tələbi pozulmaqla yanaşı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-7899/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsi vasitəsi ilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş X1 hüquqi şəxsi olan “X2 LTD” şirkəti (satıcı) ilə “Sumatra MMC (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 1-ci maddəsinə əsasən alıcı hər bir çatdırılmanın şərtlərinin ayrılmaz hissəsi olan bu müqaviləyə əsasən fakturada göstərilmiş (stomatoloji məhsulların) satıcıdan alır. Qablaşdırma və işarətləmə: məhsullar adi ixrac keyfiyyətində və ixrac qablaşdırması ilə çatdırılır. Malların həcmi, çəkisi və keyfiyyəti: mallar müqaviləyə əsasən hissə şəklində göndərilir, konkret çatdırılmanın miqdarı və qiyməti fakturaya əsasən təyin olunur. Müqavilənin 2-ci maddəsinə əsasən məhsulun qiyməti və sifarişin toplam dəyəri fakturada göstərilir. Hazırkı müqaviləyə əsasən çatdırılan məhsulların hər sifarişə görə qiyməti bütün vergilər əlavə olunmaqla ABŞ dolları ilə fakturada göstərilməlidir və alıcı tərəfindən ödənilir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 26555 nömrəli invoysa əsasən İddiaçı MMC-nin idxal etdiyi dişlərin təmizlənməsi üçün vasitələrinin ümumi qiyməti 2,995.50 ABŞ dolları olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, **********0694 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC malın kodu 330610, invoys dəyəri 2995,50, ümumi gömrük dəyəri 9886,35, statistik dəyəri 5455,50 ABŞ dolları olan dişlərin təmizlənməsi üçün vasitələri ABŞ-dan idxal edərək İD 40 kodu altında bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apelyasiya Şurasının xx.xx.2021-ci il tarixli 009 nömrəli qərarına əsasən İddiaçı ilə Koreya Respublikasının hüquqi şəxsi olan “Vericom Co LTD” şirkəti arasında bağlanmış 12 mart 2020-ci il tarixli, ********* nömrəli müqavilə əsasında idxal olunan malların gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı yenidən dəyərləndirilməsinin düzgünlüyü, artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması və gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün yazılı bildirişin təqdim olunmaması məsələlərinə 21 aprel 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Apelyasiya Şurasının videokonfrans formatında keçirilən iclasında İddiaçı nümayəndəsinin iştirakı ilə baxılmışdır. İddiaçı direktorunun şikayətinin qismən təmin edilməsi, İddiaçı tərəfindən gələcəkdə həyata keçiriləcək xarici ticarət əməliyyatları zamanı gömrük dəyərinə gömrük orqanları tərəfindən hər hansı səbəbdən düzəlişlər edilərsə, bu barədə bəyannaməçiyə əsaslandırılmış yazılı bildirişin verilməsinin təmin olunması, İddiaçınə gələcəkdə həyata keçiriləcək xarici ticarət əməliyyatları zamanı gömrük dəyərinin bəyan edilməsini “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq düzgün qaydada həyata keçirməsinin tövsiyə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli, 1900-012/0xx-xx/000232 nömrəli məktubunda bildirilmişdir ki, müvafiq gömrük proseduru altında yerləşdirilən malların gömrük dəyəri Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tələbləri nəzərə alınmaqla, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının 13 iyun 2013-cü il tarixli Qanununun 12-ci maddəsində təsbit edilmiş üsullar əsasında müəyyən edilir. Azərbaycan Respublikasının 13 iyun 2013-cü il tarixli, 687-İVQ nömrəli “Gömrük tarifi haqqında” Qanununun 11.1-ci maddəsinə əsasən gömrük orqanlarının gömrük dəyərləndirilməsi məqsədilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Qanunun 1.2-ci maddəsinə uyğun olaraq aparılmış yoxlama, gömrük auditi va ya araşdırma nəticəsində bəyan edilmiş gömrük dəyərinin düzgün olmadığı aşkar edilərsə, gömrük dəyərinə müvafiq düzəlişlərin edilməsi zərurəti yarana bilər. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, 1900- 012/0xx-xx/000590 nömrəli məktubunda bildirilmişdir ki, müvafiq gömrük proseduru altında yerləşdirilən malların gömrük dəyəri Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tələbləri nəzərə alınmaqla, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının 13 iyun 2013-cü il tarixli Qanununun 12-ci maddəsində təsbit edilmiş üsullar əsasında müəyyən edilir. İddiaçı MMC tərəfindən **********0694 sorğu nömrəli gömrük bəyannaməsi əsasında sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında bəyan edilmiş malların gömrük dəyərinin müəyyən edilməsi zamanı sövdələşmə üsulunun əsas götürülməsi malların faktiki dəyərinin əks etdirilməməsinə dair risk ehtimalını yaratmışdır. Azərbaycan Respublikasının 13 iyun 2013-cü il tarixli, 687-İVQ nömrəli “Gömrük tarifi haqqında” Qanununun 11.1-ci maddəsinə əsasən gömrük orqanlarının gömrük dəyərləndirilməsi məqsədilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Qanunun 1.2-ci maddəsinə uyğun olaraq aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində bəyan edilmiş gömrük dəyərinin düzgün olmadığı aşkar edilərsə gömrük dəyərinə müvafiq düzəlişlərin edilməsi zərurəti yarana bilər. Həmin Qanunun 14-cü maddəsini rəhbər tutaraq eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədilə satılan eyni malların sövdələşmə qiymətinə dair statistik məlumatlar araşdırılmış və sözügedən malların digər idxalatçılar tərəfindən 1 kq-ı üçün təqribən 60- 65 ABŞ dolları dəyərində bəyan edildiyi halda İddiaçı MMC tərəfindən həmin malların 1 kq-ı üçün 35 ABŞ dolları dəyərində bəyan edilməsi aşkar edilmişdir. Eyni zamanda, İddiaçı MMC ilə ixracatçı arasındakı müqavilənin şərtlərinə görə malların daşıma şərtinin FOB olaraq müəyyənləşdirildiyi halda, təqdim edilmiş invoys sənədində CİP olaraq qeyd edilməsi də risk faktoru kimi şübhə doğurmaqdadır. İddiaçı MMC tərəfindən malların dəyərinin süni şəkildə aşağı bəyan edilməsinin qarşısının alınması gömrük orqanlarının Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 8-ci maddəsi ilə müəyyən edilmiş vəzifələrinə riayət etmək və xarici iqtisadi fəaliyyət iştirakçılarına münasibətdə bərabər hüquqlu davranış sərgiləməklə sağlam rəqabət mühitin pozulmasının qarşısının alınmasına xidmət edir. Beləliklə, müəyyən olunur ki, İddiaçı MMC idxal etdiyi malları Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx.xx.2021-ci il tarixli, **********0694 sorğu nömrəli bəyannamə ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirərək rəsmiləşdirmişdir. İdxal edilən mallar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilərkən iddiaçının idxal etdiyi malların gömrük dəyərini onun sövdələşmə dəyəri olan 2995.50 ABŞ dolları ilə bəyan etmiş, gömrük orqanı malların gömrük dəyərinin düzgün olmadığı qənaətinə gəlmiş, gömrük bəyannaməsini bəyannaməçiyə geri qaytarmışdır. Bundan sonra iddiaçı yenidən bəyannamə təqdim edərək idxal olunan malların dəyərini bazar qiymətinə uyğun 5815.5 ABŞ dolları məbləğində bəyan etmiş və idxal edilən mallara bu məbləğdən tutulmalar tətbiq edilmişdir. Hal-hazırda iddiaçı gömrük ödənişinin artıq ödənildiyini, invoys dəyəri əsas götürülməklə gömrük dəyərinin müəyyən edilməli olduğunu iddia edərək artıq ödənilmiş hissənin geri qaytarılmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Cavabdeh orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gönrük İdarəsidir. Belə ki, nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannaməsi həmin idarəyə təqdim edilmiş, gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda 21.1.2.1-ci bəndində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ayrıca inzibati orqan kimi qeyd edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: -9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarının təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququ vardır. -40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. -102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. -104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. -104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. -121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. -146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. -146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. -148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitlərini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsinə yardım göstərmək kimi vəzifələri vardır. -152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. -153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun: -7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. -8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra gömrük orqanı) bəyan edilir. -10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. -11-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır (11.1-ci maddə). Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır (11.2-ci maddə). Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır (11.3-cü maddə). Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur (11.4-cü maddə). -12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. -18.1-ci maddəsinə əsasən idxal olunan malların gömrük dəyərini bu Qanunun 13– 17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın: -1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.3-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarını müəyyən edir. -1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir. -2.2-ci maddəsinə əsasən gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. -2.3-ci maddəsinə əsasən elektron formada təqdim edilən gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannaməsi bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir. -2.4-cü maddəsinə əsasən malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan kağız üzərində yazılı və ya elektron formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. -3.1-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların şifahi, kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Qeyd edilən yuxarıda istinad olunan normalara görə malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük qiymətləndirilməsi) sistemi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara şamil edilir. Həmin normalara əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyəri malların sövdələşmə qiyməti və ya eyni malların sövdələşmə qiyməti ilə, yaxud eynicinsli malların sövdələşmə qiyməti ilə və yaxud dəyərin çıxılması üsulu ilə, habelə dəyərin toplanması və ya ehtiyat üsulu ilə müəyyən edilir. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Gömrük bəyannaməsini və gömrük orqanlarının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Bu zaman nəzərə almaq lazımdır ki, gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması cavabdehin məsuliyyət sferasına aiddir. Bu baxımdan yuxarıda qeyd olunan normalarda təsbit edilmiş malların gömrük dəyərinin müəyyən edilməsi üsulunun seçilməsi və tətbiqi, gömrük ödənişlərinin hesablanması cavabdehin vəzifə səlahiyyətlərinə aiddir. Cavabdeh gömrük dəyərinin müəyyən edilməsi üçün seçdiyi konkret üsulu və hesabladığı gömrük ödənişlərini əsaslandırmağa və bu barədə qanuni qərar qəbul etməyə borcludur. Bu, qanunçuluq prinsipindən və cavabdehin fəaliyyətinin qanuna tabe olmasından irəli gəlir. Beləliklə, işin araşdırılmış hallarından göründüyü kimi iddiaçı **********0694 sorğu nömrəli bəyannamədə malın kodu 330610, 22-ci qrafasında invoys dəyəri 2995,50, 12-ci qrafasında gömrük dəyəri 9886,35, 46-cı qrafasında statistik dəyəri 5455,50 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq malların sövdələşmə qiyməti deyil, ehtiyat üsulu seçilərək iddiaçı tərəfindən bəyan olunmuşdur. İddiaçının təsdiqləyərək təqdim etdiyi **********0694 sorğu nömrəli gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. Qeyd edilməlidir ki, gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən idxal edilmiş malın gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələrin olmasına görə gömrük ekspertizası təyin olunması ilə bağlı təşəbbüs irəli sürülməmişdir. Belə ki, Gömrük Məcəlləsinin: -299.3-cü maddəsinə əsasən fiziki şəxslər gömrük sərhədindən malları istehsal, yaxud kommersiya məqsədləri üçün keçirərkən, gömrük rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq olunur. -302.2-ci maddəsinə əsasən Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. -322.1-ci maddəsinə əsasən malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; malların gömrük dəyərinin təyin olunması; malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi məqsədilə gömrük ekspertizası aparılır. -322.2-ci maddəsinə əsasən Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. -322.3-cü maddəsinə əsasən gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. Göründüyü kimi iddiaçı gömrük ekspertizasınnı aparılmasına dair hüququndan da istifadə etməmiş, gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini başa çatdırmış və idxal olunan malı sərbəst dövriyyəyə buraxmışdır. İddiaçı iddia ərizəsində tələb edilən artıq gömrük ödənişlərinin məcburiyyət qarşsıında qalaraq ödədiyi, bununla bağlı Gömrük Komitəsinə, eləcə də DGK yanında Apelyasiya Şurasına müraciət etdiyi, sonuncunun qəbul olunmuş qərarı ilə gömrük orqanı əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Əvvəla, artıq gömrük ödənişlərinin məcburiyyət qarşısında ödənilməsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı idxal etdiyi malların dəyərini xx.xx.2021-ci il tarixli bəyannamə ilə özü bəyan etmiş, bəyannaməni onu təmsil edən şəxs imzalamış, gömrük məbləğinin əsassız olaraq tələb edilməsi ilə bağlı yuxarıda da qeyd edidliyi kimi müdafiə tədbirlərindən yararlanmamışdır. İddiaçının DGK-nə ünvanladığı şikayət iddia ərizəsində də qeyd etdiyi kimi xx.xx.2021-ci il tarixlidir, yəni xx.xx.2021-ci il tarixdə gömrük rəsmiləşməsi başa çatdıqdan, mallar sərbəst dövriyyəyə buraxıldıqdan sonra edilmiş şikayətdir. Halbuki, ona qədər iddiaçı gömrük rəsmiləşməsi zamanı invoys dəyəri ilə bəyan etmiş olsa da sonradan gömrük orqanının təklifi ilə düzəliş edərək bazar qiymətinə uyğun gömrük bəyannaməsini təqdim etmişdir. Bu halda “gecikdirilmiş” şikayət iddiaçının tələbinin əsaslı olduğu qənaətinə gəlməyə kifayət etmir. Digər tərəfdən, DGK-nin Apelyasiya Şurasının xx.xx.2021-ci il tarixli qərarında Şura gömrük orqanının idxal olunan malların gömrük dəyərinə düzəliş edilməsi və onların əsaslandırılması barədə bəyannaməçiyə yazılı bildiriş təqdim etmədiklərini pozuntu kimi tanımış, gömrük əməkdaşlarına gələcəkdə idxal olunacaq mallara münasibətdə bəyannamədə düzəlişə zərurət yaranarsa, bu barədə iddiaçıya əsaslandırılmış yazılı bildirişin verilməsinin təmin edilməsi qərara alınmışdır. Başqa sözlə, Şuranın qərarında iddiaçının idxal etdiyi malların gömrük dəyərinin düzgün hesablanmadığı, ödənişlərin qaytarılmalı olmasına dair hər hansı münasibət bildirməmiş, həmin hissədə gömrük əməkdaşlarının hərəkətlərində pozuntu olmaısna dair müddəa qeyd edilməmişdir. Beləliklə, Şuranın qərarı da hazırkı iddia tələbinin təmin edilməsi əsası kimi çıxış edə bilməz. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 153.2.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, iddiaçı idxal edilmiş malların gömrük dəyərini bəyannamədə göstərmiş, gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və gömrük orqanı da həmin bəyannamədə göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmiş, gömrük ödənişləri həyata keçirildikdən sonra sərbəst dövriyyəyə buraxmışdır. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanunazidd deyildir, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiası əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrinə əsaslanaraq, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük ödənişinin geri ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1384/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1384/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver