Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1384/2025 10.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “qərarın ləğvi və ali təhsilə dair kvalifikasiyanın tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Elm və Təhsil Nazirliyi və Təhsildə X1rşı “diplomun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin cavabdehlər siyahısınnan çıxarılmasını, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin cavabdeh kimi müəyyən olunması, “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 26 aprel 2024-cü il tarixli NA00027052 saylı qərarının ləğv etmə öhdəliyini cavabdehin üzərinə qoyulması barədə və Sapienza Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, №639846 saylı diplomunun ali təhsilə aid kvalifikasiyalarının tanınması üçün öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Menecment və İnnovasiya üçün İqtisadiyyat və Kommunikasiya” ixtisası üzrə magistr təhsili almış və ona Sapienza Roma Universiteti tərəfindən 11 dekabr 2023-cü il tarixli, 639846 nömrəli diplom verilmişdir. İddiaçı aldığı təhsil üzrə kvalifikasiyanın tanınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh əsassız olaraq onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2024-cü il tarixində elektron sistem vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2021/2022-ci tədris ili üzrə - 8 gün (pandemiya dövrü), 2022/2023-cü tədris ili üzrə - 26 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”mn 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Belə ki, magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalan"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sapienza Roma Universiteti tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli, 639846 nömrəli diplomun surətindən görünür ki, İddiaçı “Menecment və İnnovasiya üçün İqtisadiyyat və Kommunikasiya” ixtisası üzrə magistr dərəcəsi ilə təltif edilmişdir. Sapienza Roma Universiteti tərəfindən verilmiş “İmtahanların siyahısı ilə birlikdə diplom arayışı”ndan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində 101/110 qiyməti ilə İqtisadiyyat fakültəsi, Menecment və İnnovasiya üçün İqtisadiyyat və Kommunikasıya ixtisası üzrə magistr dərəcəsi ilə təltif olunmuşdur. İxtisasın müəyyən edilmiş müddəti 2 tədris ilidir. O, “Koronavirusdan sonrakı dövrdə davamlı təcrübələrin təşviqi və “Yaşıl İqtisadiyyat”ın inkişafı: Azərbaycan timsalında” mövzu üzrə diplom işini müdafiə etmişdir. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Qərarda qeyd olunmuşdur ki, iddiaçının müraciətinə baxılaraq onun ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Eyni zamanda, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: (ləğv olunmuş) 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. 7.1. Ərizəçinin ali təhsilə aid kvalifikasiyasının tanınmasına dair qərar qəbul edildikdə, tanınma şəhadətnaməsi qərarın qəbul edildiyi tarixdən etibarən 5 (beş) gün müddətində hazırlanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi” Qaydalarının: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və dövlət təhsil standartları əsasında ali təhsilin magistratura səviyyəsində təhsilin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydalarını tənzimləyir. 1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. 1.6. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 1,5-2 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır). Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qanunvericilikdə tanınma üzrə ümumi tələblərin əhatə dairəsi dəqiq müəyyən edilmiş, bu tələblərdən biri, xüsusilə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrindəki kvalifikasiyalara münasibətdə, ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiyanın tədrisinə ayrılmış normativ müddətin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tələbidir (bu tələblər tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində olan təhsil müddətini də əhatə edir). Qeyd olunmalıdır ki, normativ hüquqi aktların tələblərinə əsasən, tibb və səhiyyə ixtisasları istisna olmaqla, digər ixtisaslar üzrə kvalifikasiyanın tanınması üçün, təhsil formasından asılı olaraq, tələbənin təhsil aldığı ölkədə tədris müddətinin ən azı yarısı ərzində iştirak etməsi mütləqdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı Sapienza Roma Universitetində “Menecment və İnnovasiya üçün İqtisadiyyat və Kommunikasiya” ixtisası üzrə əyani təhsilalma formasında magistr təhsili almış, 2021/2022-ci tədris ili üzrə 8 gün, 2022/2023-cü tədris ili üzrə isə 26 gün müddətində təhsil aldığı ölkənin ərazi hüdudları daxilində olmuşdur. Cavabdeh, 2021/2022-ci tədris ilinin pandemiya dövrünə təsadüf etdiyini nəzərə alaraq, həmin dövr ərzində iddiaçının ölkədə olma müddətini mübahisələndirməsə də, 2022/2023-cü tədris ilində iddiaçının İtaliya Respublikasında fiziki iştirakının məhdud olmasını əsas gətirərək onun ixtisas üzrə bilikləri lazımi səviyyədə mənimsəmədiyini irəli sürmüşdür. Lakin məhkəmə cavabdehin bu arqumentlərini əsassız hesab edir. İlk növbədə, vurğulanmalıdır ki, Sapienza Roma Universiteti təkcə İtaliya daxilində deyil, beynəlxalq miqyasda tanınan və yüksək elmi nüfuza malik olan ali təhsil müəssisələrindən biridir. Universitetin akademik proqramları və məzunlarına təqdim etdiyi diplomlar beynəlxalq səviyyədə tanınmaqla yanaşı, təhsil prosesində tələbələrin bilik və bacarıqlarını qiymətləndirmək üçün ciddi akademik standartlar tətbiq edilir. Hətta nəzərə alınmalıdır ki, “İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Romanın Sapienza Universiteti arasında akademik əməkdaşlığa dair Saziş” imzalanmış, Sazişin mübadiləsi ilə əlaqədar 2022-ci ildə keçirilən mərasimdə həmin universitetin nüfüzlü olan ali təhsil müəssisəsi olması ilə bağlı mübadilələr, təhsil prosesin standartlara cavab verməsi ilə bağlı mübadilələr aparılmışdır. Qeyd olunur ki, 2022-ci il sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - X5 Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, X4 Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilmişdir. Başda ölkə rəhbərinin adıçəkilən universitetlərin –“Bu adlar İtaliya və ondan kənarında da məşhurdur” məzmunlu çıxışında, eləcə də digər nüfuzlu elm sahəsində kifayət qədər nüfuz qazanmış şəxslərin çıxışlarında (https://president.az/az/articles/view/57086) Universitetin yüksək standartlara cavab verən təhsil tədrisi müzakirə edilmişdir ki, məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə həmin növ yüksək səviyyədə təşkil edilmiş tədrisin keyfiyyət meyarını istisna edən hər hansı hal aşkar edilməmişdir. Bu baxımdan, Məhkəmə hesab edir ki, iddiaçının müvafiq magistr proqramı üzrə təhsili başa vurması və universitet tərəfindən diplomla təltif edilməsi onun ixtisas üzrə bilikləri mənimsədiyini təsdiq edir. Cavabdehin irəli sürdüyü arqumentə gəldikdə isə qeyd olunmalıdır ki, cavabdeh iddiaçının 2022/2023-cü tədris ilində cəmi 26 gün İtaliyada olması və bunun tədris prosesində iştirak üçün kifayət etmədiyinə istinad edir. Lakin məhkəmə bu mövqeyin pandemiyanın yaratdığı obyektiv reallıqlar nəzərə alınmadan irəli sürüldüyünü hesab edir. Məhkəmə nəzərə alır ki, COVİD-19 pandemiyası 2022-ci ildə İtaliya Respublikasında hələ də ciddi təhlükə olaraq qalmaqda idi. Mövcud statistik göstəricilər və X3 (WHO) rəsmi məlumatlarına əsasən, həmin dövrdə İtaliya infeksiyaya yoluxma hallarının sayına görə dünyada ön sıralarda olmuşdur. Xüsusi ilə o da nəzərə alınmalıdır ki, bu mənbələr ilə yanaşı həmçinin dünyada statistik hesabatlar üzrə “Statista” platformasında paylaşılan məlmatların təhlili nəticəsindən də göründüyü kimi həmin dövrlərdə İtaliya Respublikası dünyada koronavirus infeksiyası yoluxan ölkələr sırasında 9-cu yerdə olmuşdur. Beləliklə, Beynəlxalq araşdırmalara və statistik hesabatlara istinadən müəyyən olunur ki, 2022-ci ildə İtaliyada koronavirusa yoluxma halları yüksək həddə çatmış və bu vəziyyət təhsil müəssisələrinin fəaliyyətini birbaşa təsirləndirmişdir. Belə şəraitdə iddiaçının təhsil aldığı müddətdə ölkədə məhdud iştirak etməsi obyektiv üzrlü səbəblərlə əsaslandırıla bilər. Məhkəmə həmçinin hesab edir ki, ali təhsil müəssisəsinin verdiyi diplomun qanuniliyi və etibarlılığı şübhə altına alınmamalıdır. Sapienza Roma Universiteti iddiaçının magistr təhsilini başa vurduğunu təsdiqləyərək ona müvafiq diplom təqdim etmişdir. Bu, birbaşa olaraq universitetin iddiaçının akademik proqramı mənimsədiyini qəbul etdiyini göstərir. Cavabdeh tərəfin iddiaçının təhsil aldığı ölkə ərazisində az olması səbəbilə onun ixtisası lazımi səviyyədə mənimsəmədiyini irəli sürməsi hüquqi əsası olmayan mülahizələrə əsaslanır. Əgər universitet özü tələbənin bilik və bacarıqlarını yetərli hesab edərək diplom vermişdirsə, cavabdehin bunun əksini sübuta yetirməsi üçün ciddi hüquqi və akademik əsaslar tələb olunur ki, bu da iş materiallarında təqdim olunmamışdır. Bütün bu hallar nəzərə alınaraq, məhkəmə cavabdehin mövqeyini hüquqi baxımdan əsassız və iddiaçının ali təhsil almaq hüququnun qeyri-qanuni şəkildə məhdudlaşdırılmasına yönəlmiş bir yanaşma kimi qiymətləndirir. Beləliklə, iddiaçının aldığı magistr təhsilinin tanınması üçün onun İtaliya Respublikasının hüdudları daxilində az olmasının əsas meyar kimi qəbul edilməsi düzgün hesab olunmur və bu arqument iddiaçının əldə etdiyi təhsil kvalifikasiyasının tanınmasından imtina üçün yetərli əsas sayıla bilməz. Bundan başqa Məhkəmə onu da bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddə-sinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibin-dən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) nota-rial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, tərəfindən iddiaçıya verilmiş diplom həmin ölkənin səlahiyyətli orqanı tərəfindən apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanımışdır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar ləğv edilməli, iddiaçının altdığı təhsil üzrə kvalifikasiyası tanınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 26 aprel 2024-cü il tarixli NA00027052 saylı qərarı ləğv edilsin. Sapienza Universiteti İddiaçı cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, №639846 saylı diplomunun ali təhsilə aid kvalifikasiyanın tanınması öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1384/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1384/2025
10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver