Məhkəmə qərarları › İş №2-1(112)-13844/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13844/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13844/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi vaxtında icra edilmədiyinə görə 8 il 7 ay ərzində ona dəymiş 150 000 (yüz əlli min) manat maddi, 10 000 (on min) manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bank Technique ASC-dən xx.xx.2014-cü il tarixli 201S10F142460001 saylı sığortalı əmanət (depozit) hesabı haqqında müqavilə şərtlərinə əsasən, 40000 ABŞ dolları əmanətini geri almaq üçün Xətai Rayon Məhkəməsinə xx.xx.2015-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6861 saylı 28 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, Bank Technique ASC-dən xx.xx.2014-cü il tarixli 201 Sİ0F142460001 saylı sığortalı əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən 40000 ABŞ dolları, vurulmuş mənəvi ziyana görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulması barədə qərar qəbul etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6861 saylı 28 sentyabr 2015-ci il tarixli Qətnaməsindən qarşılıqlı apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8344 saylı 17 dekabr 2015-ci il tarixli Qətnaməsi ilə iddianın mənəvi ziyan tələbinin təmin edilən hissəsində ləğv edilmiş, qətnamə qalan hissədən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 sayh 10 fevral 2016-cı il tarixli qərarı ilə Texnika Bank müflis elan olunmuşdur. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 10 aprel 2016-cı il tarixli Qərardadı ilə "xxxx" ASC-nin Ləgvedici qismində təyin olunmuş "xxxx" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Sığorta hadisəsi baş verdikdən sonra mənə 30000 (otuz min) manat, yəni 18917 (on səkkiz min doqquz yüz on yeddi) ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir. 21293 (iyirmi bir min iki yüz doğsan üç) ABŞ dolları isə bu günə qədər ödənilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli Qətnaməsinin qanuni qüvvəyə minməsindən uzun müddət, 8 il 7 ay keçməsinə baxmayaraq, bu günə qədər cavabdeh Ədliyyə Nazirliyinin tabeliyində olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən qətnamə icra olunmamışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsi bu 8 il 7 ay müddətində ona yalan vədlər verməklə məşğul olmuşdur. Bu müddət ərzində yalnız öz təkidi ilə 3 dəfə "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xəbərdarlıq etməklə vəzifənsini yerinə yetirmiş olduğunu hesab etmişdir. Borclu icra sənədini icra etmədiyi halda icra məmuru borclunun inzibati və cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlər görməmişdir. Xəbərdarlıqdan sonra “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü, 84.1-ci, 84.2-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və AR CM-nin 306.1-ci maddəsinin tələblərini ləğv prossesində olan "xxxx" ASC-nin Ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu“ na tətbiq etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. «İcra məmurları haqqında» Qanunun 7-ci maddəsinə görə icra məmurunun icra işi ilə əlaqədar yerinə yetirməli olan vəzifələrdən biri də icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməkdən ibarətdir. «İcra haqqında» Qanunun 12.1-ci maddəsinin tələbinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyət, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 216.2. Məhkəmə qətnaməsi Azərbaycan Respublikası adından çıxarılır. 234.1. qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununu: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1. məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikasınin Konstitusiyasının 129-cu maddəsinə görə- Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli Qətnaməsinin icrasının sürətləndirilməsi və qanuni tədbirlə görülməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət etsəmdə ərizələrimə cavab verilməmişdir. Həmçinin sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli Qətnaməsinin icra edilməməsi ilə bağlı xx.xx.2024-cü il tarixində Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə müraciət etsə də ərizəsinə cavab verilməmişdir. Bununla bağlı Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun hərəkət (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi ilə bağlı məhkəməyə etdiyi şikayət Xətai Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 8(011)-91/2024 saylı və Bakı Apellyasiya Məhkəməsinin 10 may 2024-cü il tarixli 8(103)-155/2024 saylı qərardadları ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli Qətnaməsinin icrası Ədliyyə Nazirliyinin tabeliyində olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən vaxtında icra edilmədiyinə görə ona küllü miqdarda maddı və mənəvi ziyan dəymişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixində cavabdehə rəsmi ərizə ilə müraciət etmişdir. Bu günə qədər cavabdeh tərəfində ərizəsinə rəsmi cavab verilməmişdir. Bununla da cavabdeh qurum “Vətəndaşların Müraciətləri” haqqında Azərbaycan Respublikası Qaunununun 10.1-ci maddəsinin və “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qaunununun tələblərinin kobud şəkildə pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış 2(103)-8344/2015 saylı 10 avqust 2022-ci il tarixli məktubda bildirilmişdir ki, icra sənədinin icrası ilə bağlı hərəkətlərdən (hərəkətsizlikdən) inzibati məhkəmə icraatı qaydasında şikayət edə bilər. Hazırda qeyd olunan tələblərlə bağlı hər hansı prosessual hərəkət etmək mümkün deyil. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Xətai rayon Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilmişdir. Qətnamə iddianın mənəvi ziyan tələbinin təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş və qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Bank Technique ASC-dən xx.xx.2014-cü ii tarixli 201 Sİ OF ********* saylı sığortalı əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən 40000 ABŞ dolları, ödənilmiş dövlət rüsumuna görə 30 manat X1 xeyrinə tutulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-155/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 8(011)-91/2024 saylı (iddiaçı X1 Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsinə dair şikayətin rədd edilməsi barədə) qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, icra məmuru tərəfindən qətnaməsinin icrası üzrə icra tədbirləri qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirildiyindən, hər hansı bir qanunsuzluğa yol verilməsi halı aşkar edilmədiyindən, onun hər hansı hərəkətsizliyi müəyyən olunmadığından, məhkəmə ərizəni rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Predmet aidiyyəti üzrə hazırkı mübahisəyə baxılması Bakı İnzibati Məhkəməsinin səlahiyyətinə aid deyildir. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8344/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası ilə bağlıdır. Məhkəmə həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-155/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 8(011)-91/2024 saylı (iddiaçı X1 Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsinə dair şikayətin rədd edilməsi barədə) qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, icra məmuru tərəfindən qətnaməsinin icrası üzrə icra tədbirləri qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirildiyindən, hər hansı bir qanunsuzluğa yol verilməsi halı aşkar edilmədiyindən, onun hər hansı hərəkətsizliyi müəyyən olunmadığından, məhkəmə ərizəni rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, işin mahiyyəti üzrə qərarın çıxarılmasından sonrakı mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən edilməsi" üzrə məhkəmə araşdırmasının bütün mərhələlərinə tətbiq olunur. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (Hornsby Yunanıstana qarşı, § 40). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı olduğundan iddia mümükün hesab edilməməlidir. İddiaçıya icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı ərizə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunsun. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar