Məhkəmə qərarları › İş №2-1(112)-13845/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13845/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13845/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixli, 5-11/1 -A-15/3-091/2-t1/2023 saylı ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin təsdiq edilməsini xahiş etmişdir. Araşdırma zamanı, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 271 saylı sərəncama əsasən vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin dəqiq ünvanı (istinad nöqtələri) qeyd olunmadığı müəyyən edilmiş və vətəndaş İddiaçı xahişini təmin etməyin imkanları xaricində olduğu nəzərinə çatdırılmışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar vətəndaş İddiaçı narazı qalaraq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 04.08 2023-cü il tarixli, 2-1(112)-11012/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Bildirirlər ki, hazırda iş üzrə İddiaçı mübahisələndirdiyi torpaq sahəsinin yerləşmə cizgisinin müəyyən edilməsi ilə əlaqədar qeyd olunan Bakı İnzibati Məhkəməsinin qərarında Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş və mübahisəli inzibati iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, iddiaçının hazırki iddia tələbi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məsələyə mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 271 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı İ qrup Qarabağ əlili kimi Əhmədli qəsəbəsi ərazisində müstəsna hal kimi 0.03 ha torpaq sahəsi ayrılmış və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11012/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı iddia tələbi təmin edilərək Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2000-ci il tarixli 271 saylı sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsinə (0.03 ha) yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən sözügedən qərardan apellyasiya şikayəti verilmişdir. - Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 5-11/2-A-15/6-091/3-H2-2023 nömrəli məktubla ona bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin yerləşmə cizgisinin təsdiq olunmasına dair Bakı İnzibati Məhkəməsinin müvafiq qərarı rayon icra hakimiyyətinə daxil olduqdan sonra müraciətinə aidiyyəti üzrə baxıla bilər. Beləliklə məhkəmə araşdırması zamanı hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 271 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı İ qrup Qarabağ əlili kimi Əhmədli qəsəbəsi ərazisində müstəsna hal kimi 0.03 ha torpaq sahəsi ayrılmış və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı hazırki tələbində həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının hazırki tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən Məcəllə qüvvəyə minənədək tikintisinə icazə verilmiş, lakin Məcəlləyə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu yaşayış evlərinin tikintisinə nəzarət Məcəllənin 80.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.10-cu bəndinə əsasən həmin Məcəllənin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 58.2-ci maddəsinin ikinci cümləsində, 80.5-ci, 82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda), 92.1ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Beləliklə işin faktiki hallarının qanunvericiliyin yuxarıda sadalanan normalarına tətbiqi nəticəsində məhkəmə belə bir qənaətə gəlir ki, qüvvədə olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 271 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı İ qrup Qarabağ əlili kimi Əhmədli qəsəbəsi ərazisində müstəsna hal kimi 0.03 ha torpaq sahəsi ayrılaraq həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə artıq icazə verildiyindən iddiaçının hazırki tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5-ci maddəsinə müvafiq olaraq barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti kimi iddiaçının tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı qismində Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti deyil, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirə bilər. Əgər cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti sözügedən maddənin tələbləri baxımından qanunvericiliyə zidd olaraq səlahiyyətli orqan kimi çıxış edərsə, bu zaman iddiaçı həmin pozulacaq hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iddiaçının hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağına, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olmasını müəyyən etməmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmamışdır. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərindən də, göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar