Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13848/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı «X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən, icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X2» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 13 saylı Sərancamının qismən, yəni 2.2 və 2.3-cü bəndlərinin və həmin Sərəncam əsasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1638 nömrəli “torpaq icarə” müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021ci il tarixli, 13 nömrəli Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 0.80 ha torpaq sahəsi yaşayış binalarının tikintisi məqsədilə icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. Həmin Sərancam əsasında Bakı Şəhər İcra hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1638 nömrəli “torpaq icarə” Müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 0.80 ha torpaq sahəsi 49 il müddətinə Cəmiyyətə icarəyə verilmişdir. Qeyd edilir ki, icarəyə verilmiş torpaq sahəsi üzərində 78 nəfərə məxsus fərdi yaşayış evləri olmuş və həmin fərdi yaşayış evlərinin sahibləri ilə razılaşma əsasında fərdi yaşayış evlərinin sökülməsi və yerində inşa ediləcək çoxmənzilli yaşayış binasında yeni mənzillərin verilməsi barədə müqavilələr bağlanılmışdır. Bununla da, Cəmiyyətin icarəsinə verilmiş həmin torpaq sahəsi qeyd olunan fərdi yaşayış evlərinin tikintialtı torpaq sahəsi olmuş, torpaq sahəsi həmin evlərin sahiblərinin istifadəsində olmuşdur. Həmçinin qeyd edilir ki, həmin ünvanda çox mənzilli yaşayış binasının tikintisi artıq başa çatmış və bina sakinlərin istifadəsinə verilməkdədir. Belə olan halda, Cəmiyyətin həmin torpaq sahəsində inşa etdiyi binaların təhvil verilməsindən sonra, torpaq sahəsi yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi istifadəsində qalacaqdır. Bu səbəbdən də, Cəmiyyət tərəfindən yalnız tikinti işlərinin aparılması üçün ayrılımış torpaq sahəsinin icarə əsasənda istifadəyə verilməsi, icarə müqaviləsi bağlanılması və icarə haqqı tələb edilməsi yolverilməzdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edimişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin mümkünlük məsələsinin müzakirə edilməsi üçün hazırlıq iclası təyin edilərək tərəflərə bildiriş göndərilmişdir. Tərəflər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi tələb iki hissədən ibarətdir: 1. Yaşayış binasının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 13 saylı Sərəncamının qismən, yəni 2.2 və 2.3-cü bəndlərinin ləğv edilməsi; 2. Bakı Şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış 1638 saylı, xx.xx.2021-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsi. Belə ki, iddiaçı «X2» Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Şəhər İcra Hakimiyyətinə qarşı eyni iddia tələbi ilə bundan əvvəl də, yəni xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5224/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamış, İddiaçı MMC həmin qərardadı yuxarı instansiya məhkəmələrində mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 1419/2024 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5224/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1704/2024 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 1419/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). İstinad olunan Plenum Qərarında həmçinin göstərilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Göründüyü kimi, iddiaçı hazırkı tələb ilə cavabdehə qarşı bundan əvvəl inzibati məhkəmədə qaldırdığı iddia mümkün sayılmamış və bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Belə olan halda cavabdehə qarşı eyni əsaslarla eyni tələb üzrə mübahisəyə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən, hazırkı iddiaya yenidən baxılması mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırkı iddiasında ifadə tərzini müəyyən qədər dəyişsə belə, yeni iddia kimi qəbul edilə bilməz. Ona görə ki, hər iki iddia tələbi üzrə iddiaçının hüquqi marağı eyni olmaqla Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli, 13 saylı Sərəncamının torpağın icarəyə verilməsi hissəsinin ləğv edilməsinə yönəlmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-13848/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13848/2024
22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver