Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1385/2021 01.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili X12, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X19, 3-cü şəxslər Əliyev İlqar Əliövsət oğlunun,X3 və X10 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X22, Əliyev İlqar Əlövsət oğlu, X14 və X7 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “çıxarışlarının əsaslı sayılması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (hazırki: Bakı İnzibati Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********14 saylı xx.xx.2015-tarixli cavab məktubunun qanunsuz hesab olunması, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının X9 və İstismarı birliyinin 1193 il tarixli 2024 saylı qərarına əsasən Bakı şəhəri Mərdəkan Bağlar sahəsində yerləşən 2431 “a” saylı bağ sahəsinin 2499 sayla qeydiyyata alınmasını və iddiaçının adına özəlləşdirilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-in Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, bağ sahəsinin nömrə uyğunsuzluğu aradan qaldırılmaqla ona hüquqları qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi göstərilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakitmiyyəti Aparatının X11 və İstismarı birliyinin 1993 il tarixli 2024 saylı qərarına əsasən Bakı şəhəri Mərdəkan Bağlar sahəsində yerləşən 2431 «a» saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir.Həmin vaxtdan mübahisəsi olunan bağ sahəsi iddiaçının istifadəsindədir. xx.xx.2015 il tarixdə uzun illər istifadəsində olan qeyd olunan bağ sahəsinin adına özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı Ərazi idarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Qeyd olunan təşkilat tərəfindən iddiaçının xahişi təmin olunmamış və xx.xx.2015 il tarixdə alınmış **********14 saylı xx.xx.2015 il tarixli cavab məktubu ünvanlanmışdır.Cavab məktubunda göstərilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki,tərəfinizdən göstərilən torpaq sahəsi 2489 saylı bağın ərazisidir və təqdim olunan orderin həmin əraziyə heç bir aidiyyəti yoxdur. Qeyd olunanlar nəzərə alınaraq «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanununun 15-ci maddəsinin müddüalarına əsasən ərizənizin icrasından imtina olunur. Mübahisəsi olunan bağ sahəsi 1993-cü ildə verilmiş və həmin vaxt peykdən torpaq sahələrinin ölçülməsi,qeydə alınması və sairə yox İdi. Həmin vaxt bağ sahələri Baxlar Təıərrüfatı adlanan qurum tərəfindən ayrılır və qeydiyyata alınırdı. Bu gün iddiaçıya ayrılmış bağ sahəsinin 2431 “a” sayla deyil 2489 sayla qeydə alınması ilə bağlı iddiaçının hər hansı bir təqsirli hərəkəti olmamışdır. Belə olan halda mübahisəsi olunan bağ sahəsi cavab məktubunda göstərildiyi kimi 2489 sayla qeydiyyatdan keçirilməklə iddiaçının adına özəlləşdirilməlidir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1029/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsinin qəbul edilməsini, iddia tələbinin “bağ sahəsinin nömrə uyğunsuzluğu aradan qaldırılmaqla ona hüquqların qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1029/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə, iddianın təmin edilməsi, İddiaçı X9 və İstismarı Birliyinin 217 saylı orderi ilə Mərdəkan qəsəbəsində ona ayrılmış bağ sahəsinin nömrə uyğunsuzluğu aradan qaldırılmaqla onun yerləşdiyi 0.12 ha torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Baki Apelyasiya Məhkəməsinin 2-1(103)-1774/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1029/2016 saylı, xx.xx.2016cı il tarixli qərararı dəyişdirilmədən saxlanılmışdır. xx xxxx 2020-ci il tarixdə X22 məhkəməyə ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1029/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1029/2016 saylı, xx.xx.2020-cı il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyat alınmasına dair reyestrdən çıxarışın verilməsi» tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata X22 üçüncü şəxs qismində cəlb edilməsi və Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1029/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə X7 tərəfindən, xx.xx.2020-ci il tarixdə Əliyev İlqar Əlövsət oğlu tərəfindən, xx.xx.2020-ci il tarixdə X14 tərəfindən, həmçinin xx.xx.2020-ci il tarixdə 3cü şəxs X22 tərəfindən Əliyev İlqar Əlövsət oğlunun, X10 və X4 iş üzrə məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsi barədə ərizələr daxil olmuş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5797/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Əliyev İlqar Əlövsət oğlunun, X10 və X4 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X20 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, son olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 a saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində qeydə alınmış mülkiyyət hüquqları ilə yanaşı verilmiş çıxarışlarının əsaslı olmasının nəzərə alınmasını xahiş etmiş, dəqiqlədirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin üçüncü şəxs X22 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs X15 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X20 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 a saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu yenidən əldə etmək kimi hər hansı bir tələbi yoxdur. Belə ki, iş materiallarında olan sənədlərdən aydın görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1029/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı icra olunduqdan sonra, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 a saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə bağlı İddiaçı RX seriyalı ******* saylı çıxarış verilmişdir. Çıxarış verildikdən sonra, iddiaçı müvafiq olaraq, həmin torpaq sahəsini sataraq İ.Əliyev ilə mülki əqd bağlamış və son olaraq torpaq sahəsi alqı-satqı yolu ilə digər vətəndaşlara satılmışdır. Hesab edir ki, hazırki halda iddia tələbimin təmin olunmaması, torpağın alqı-satqı yolu ilə satılmış şəxslərin hüquqlarının xeyli dərəcədə pozulmasına gəticərəkdir. Həmçinin, alıcıların gələcəkdə alqı-satqı müqaviləsinin etibarsız sayılması və ödənilmiş dəyərin geri qaytarılması ilə bağlı iddia irəli sürmək ehtimalını yaradacaqdır. Bundan başqa isə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1029/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ləğv edildikdən sonra, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş M.Zeynalov ilə iddiaçı arasında yaranmış mübahisə danışıqlar yolu ilə həll olunmuş və nəticə etibarı ilə Mehman Zeynalovun 2431 a saylı bağ sahəsi ilə bağlı hər hansı bir iddiası olmuyacaqdır. Qeyd olunanları rəhbər tutaraq, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 a saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində qeydə alınmış mülkiyyət hüquqları ilə yanaşı verilmiş çıxarışlarının əsaslı olması nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X23 iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, iddiaçının müraciətinə ilkin qiymət verilərkən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 a saylı bağ sahəsində yerləşən torpaq sahəsinin 2489 saylı bağ sahəsinin ərazisinə aid olduğu bildirilmişdir. Həmçinin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1029/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra, məhkəmə qərarı tərəfimizdən icra olunmuş, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmış, mülki-əqdlər bağlanıldıqdan sonra belə digər vətəndaşların müvafiq olaraq mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əliyev İlqar Əliövsət oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə etirazının olmadığını bildirərək, əlavə olaraq qeyd etmişdir ki, İddiaçı ilə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında, aralarında alqı-satqı münasibətləri yaranmışdır. Torpaq sahəsinin dəyəri ödənildikdən sonra, o, aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş və 506408 saylı çıxarışı ilə onun hüquqları rəsmiləşdirilmişdir. İ.Əliyev əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 a saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu yenidən əldə etmək kimi onun hər hansı bir tələbi yoxdur. Qeyd olunanlara əsasən, üçüncü şəxs iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X8 və X14 iddia tələbinə etirazlarının olmadığını bildirərək, əlavə olaraq qeyd etmişdirlər ki, onlar vicdanlı alıcılardı. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 a saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə bağlı Əliyev İlqar Əliövsət oğlu ilə aralarında alqı-satqı müqavilələri bağlanarkən, sözügedən ərazinin mübahisəli ərazi olmasından xəbərdar olmamışdırlar. Sadəcə torpaq sahəsinin dəyərini ödədikdən sonra, aralarında alqı-satqı müqavilələri bağlanılmış və torpaq sahəsini almışdırlar. Qeyd olunanlara əsasən üçüncü şəxslər iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlər: -Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının X9 və X18 Bağlar sahəsindəki 189 saylı kooperativi tərəfindən verilmiş 217 saylı orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 1993-cü il tarixli, 2024 saylı qərarına əsasən Mərdəkan bağlar sahəsində BTK nəznində 0,12 ha torpaq sahəsi olan 2431 “a” saylı bağ sahəsi İddiaçı ayrılmışdır. -Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 35 nömrəli arxıv arayışından görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının X11 və X18 Bağlar sahəsində Bakı şəhər İcra Hakimiyyətinin 1993cü il tarixli 2024 saylı qərarına əsasən İddiaçı Mərdəkan Bağlar sahəsində 1200 kv.m torpaq sahəsi olan 2431 “a” saylı bağ ayrılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx xxxxxx 2015-ci il tarixli məktubda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, tərəfinizdən göstərilən torpaq sahəsi 2489 saylı bağın ərazisidir və təqdim olunan orderin həmin əraziyə heç bir aidiyyəti yoxdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 2431 a saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 686 nömrəli reyestr kitabının 64993 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 23 saylı Notariat ofisi tərəfindən təqdim olunmuş 47-729 saylı, xx xxxxxxxx 2019-cu il tarixli notariat işindən görünür ki, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 A saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi Əliyev İlqar Əliövsət oğluna satılmışdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixli, **********34 saylı məktub ilə təqdim olunmuş sənədlərdən görünür ki, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 A saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi Əliyev İlqar Əliövsət oğluna satılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 506408 saylı çıxarışı ilə torpaq sahəsi üzərində Əliyev İlqar Əliövsət oğlunun xüsusi mülkiyyət hüququ qeydə alınaraq, rəsmiləşdirilmişdir. Üçüncü şəxs X7 tərəfindən təqdim olunmuş: - AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əliyev İlqar Əliövsət oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 A saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin 0.08 ha sahəsi X1. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsin tərəfindən tərtib olunmuş bölgü sxemindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu,Mərdəkan qəsəbəsi, 2431 A saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi olan 0.12 ha torpaq sahəsinin 0.08 ha hissəsi X5, digər 0.04 ha sahəsi isə X13 aiddir. X7 və X14 bölgü ilə bağlı etirazlarının və əlavələrinin olmadığlarını öz imzaları ilə təsdiqləmişdirlər. Üçüncü şəxs X14 tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431D saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsi X10 mülkiyyətindədir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən təqdim olunmuş xx xxxx 2020-ci il tarixli, 7-1951/17 saylı məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1993-cü ilə dair sərəncamlar kitabında olan 2022 №-li Sərəncamın çıxarışına görə Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında (bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1993-cü il tarixli, 55 №-li protokolu) Bakı şəşər Sovet İcraiyyə Komitəsinin xx xxxx 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin x xxxx 1988-ci il 195 №-li qətnaməsinə əsasən: X21 Mərdəkan BTK № 246 bağ sahəsi ayrılmışdır. Üçüncü şəxs X26 tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X22 2-1(82)-1057/2016 saylı inzibati iş ilə bağlı İddiaçı iddiasını qəbul edir, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1029/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərarı ilə razıdır, bununla yanaşı, İddiaçı verilmiş Bakı şəhəri, Mərdəkan qəsəbəsində 2431 “A” saylı bağ sahəsinə heç bir etirazı və iddiasının olmadığını bidlirmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən, X9 və İstismarı Birliyinin 217 saylı orderi ilə Mərdəkan qəsəbəsində ona ayrılmış bağ sahəsinin nömrə uyğunsuzluğu aradan qaldırılmaqla onun yerləşdiyi 0.12 ha torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış verilməsini xahiş etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2- 1(82)-1029/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəsini aldıqdan sonra M.Zeynalov tərəfindən qərarın ləğvi ilə bağlı ərizə verilmiş və məhkəmə zəruri cəlbetmənin mütləq olmağını nəzərə alaraq, məhkəmə qərarını ləğv etmiş və M.Zeynalovu iş üzrə üçüncü şəxs qismində cəlb etmişdir. İddiaçı hazırda iddia tələbinə dəqiqləşmə verərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 a saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində qeydə alınmış mülkiyyət hüquqları ilə yanaşı verilmiş çıxarışlarının əsaslı olmasının nəzərə alınmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, iddiaçının hazırda həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun yenidən qeydiyyata alınması ilə bağlı hər hansı bir tələbi mövcud deyil, əksinə bağ sahəsi ilə bağlı çıxarışların qüvvədə olması səbəbi ilə, əvvəl qeydə alınmış mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslıdır. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxx 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 8.0.5-ci maddəsinə görə icra hakimiyyətinin nəznində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər belə əsaslar sırasında nəzərdə tutulmuşdur. Cavabdehin imtina məktubunun əsasında duran hal odur ki, İddiaçı tərəfindən göstərilən torpaq sahəsinin 2489 saylı bağın ərazisinə düşdüyü halda, iddiaçıya verilmiş orderin sözügedən əraziyə aidiyyəti olmamasıdır. Məhkəmə ilk öncə cavabdehin imtinasına münasibət bildirir. Belə ki, iddiaçı ilkin olaraq məhkəməyə müraciət edərkən, X9 və İstismarı Birliyinin 217 saylı orderi ilə Mərdəkan qəsəbəsində ona ayrılmış bağ sahəsinin nömrə uyğunsuzluğu aradan qaldırılmaqla onun yerləşdiyi 0.12 ha torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən İddiaçı sözügedən torpaq sahəsi üzrə hüquqlarının qanuni olub-olmamasına qiymət verilərkən, cavabdehin imtinasının formal xarakter daşıdığı bildirilmişdir. Belə ki, apelyasiya instansiya məhkəməsi tərəfindən xüsusi ilə vurğulanmışdır ki, cavabdeh imtinada göstərilən halı təsdiq edən hər hansı bir sübutu, 2489 saylı bağ sahəsinin plan ölçüsünü, həmin bağ sahəsinin dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsini, 2489 saylı bağ sahəsi ilə iddiaçıya ayrılmış 2431 a saylı bağ sahəsinin üst-üstə düşməsini təsdiq edən sənədləri, həmin torpaq sahələrinin kadastr göstəricilərini (o cümlədən, döngə nöqtələrinin koordinatları) məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, məhkəmə icraatı zamanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 A saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin 2489 saylı bağ sahəsinin ərazisinə düşməsi ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Sözügedən bağ sahələrinin üst-üstə düşməsi ehtimalının olması isə yalnız X15 məhkəməyə etdiyi müraciəti əsasında məlum olmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 a saylı bağ sahəsinə və Mərdəkan bağlar sahəsində 246 saylı BTK nəznində 0,12 ha torpaq sahəsində olan 2489 saylı bağ sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlərin əsillərinin təqdim olunması, həmin bağ sahələrinin koordinatları, o cümlədən eyni ərazidə olub-olmamaları müəyyənləşdirilməsi məqsədi ilə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 A saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı məhkəmə qərarı ləğv olunmuş və X22 üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 A saylı və 2489 saylı bağ sahələri ilə bağlı aidiyyəti üzrə müvafiq inzibati orqanlara sorğular vermiş, sorğulara cavab məktublarından məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1993-cü ilə dair sərəncamlar kitabında olan 2022 №-li Sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2489 saylı bağ sahəsi X21 ayrılmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin 1993-cü il tarixli, 2024 saylı qərarına əsasən Mərdəkan bağlar sahəsində BTK nəznində 0,12 ha torpaq sahəsi olan 2431 “a” saylı bağ sahəsi İddiaçı ayrılması ilə bağlı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının X9 və X18 Bağlar sahəsindəki 189 saylı kooperativi tərəfindən verilmiş 217 saylı orderin əsli isə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş və məhkəmə icraatı zamanı baxış keçirilmiş sənədlər toplusunda saxlanılmışdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 a saylı bağ sahəsi ilə bağlı X15 hər hansı bir etirazının və iddiasının olmayacağı barədə xx xxxxxxxx 2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə daxil olduğundan, cavabdehin imtina məktubunda göstərilən əsasın, yəni bağ sahələrinin üst-üstə düşməsi ehtimalının olmasının müəyyənləşdirilməsi mümkün olmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxs qismində çıxış edən X15 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 a saylı bağ sahəsi ilə bağlı iddiasının olmaması, cavabdehin imtinasında göstərilən, yəni 2431 a saylı bağ sahəsinin 2489 saylı bağ sahəsinin ərazisində olması ilə bağlı yeganə imtina əsasını aradan qaldırır. Məhkəmə zəruri olaraq bir məqama da toxunmaq istəyir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 a saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı məhkəmə qərarı qəbul olunduqdan sonra, həmin hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı İddiaçı RX ******* saylı çıxarış verilmişdir. Bundan sonra, həmin torpaq sahəsinin satılması ilə bağlı mülki əqdlər bağlanmış və nəticədə alqı-satqı münasibətlər zənnində həmin torpaq sahəsi bölgü sxemində göstərilən ölçülərdə X6 və X2. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Məhkəmə hesab edir ki, sözügedən mülki əqdlər mübahisələndirilmədiyindən, həmçinin, üçüncü şəxs X15 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 a saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə bağlı hər hansı bir iddiası olmadığından, o, cümlədən də, hazırda mülki əqdlər nəticəsində sözügedən torpaq sahəsini alan şəxslər vicdanlı alıcalar hesab olunduğundan, İddiaçı iddiası təmin edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 a saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində qeydə alınmış mülkiyyət hüquqları ilə yanaşı verilmiş çıxarışlarının əsaslı olması nəzərə alınmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2431 a saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində qeydə alınmış mülkiyyət hüquqları ilə yanaşı verilmiş çıxarışlarının əsaslı olması nəzərə alınsın. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1385/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1385/2021
01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver