Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1385/2025 30.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcəli əlilliyin bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “iddiaçıya xx.xx.2024-cü il tarixli göndəriş əsasında əlilliyin təyin edilməsini cavabdehə həvalə edilməsi, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əlilliyin təyininin imtinaya dair iddiaçıya aid hissədə ləğv edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixdən əlilliyi olan şəxs olmuşdur. Əlilliyin müddəti son dəfə 5 il olaraq müəyyən edilmişdir. Əlilliyin müddəti bitdikdən sonra cavabdeh forma 088 əsasında iddiaçının əlilliyini qiymətləndirmiş və onda olan xəstəliklərin əlilliyin təyininə əsas vermədiyini bildirmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas diaqnoz F06.5 Üzvi dissosiativ pozuntu, Üzvi dissositiv pozuntu funksional tutmalarla Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Xəstəliyin hal-hazırki mərhələsi əlillik təyinatı üçün əsas vermir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, əlilliyin təyinindən imtinaya dair qərarların ləğv edilməsi hissəsində mübahisələndirmə növündə iddiaya münasibətdə xüsusi mümkünlük şərti kimi iddia müddətinin ötürülməməsi qənaətinə də gəlinir ki, müddətin ötürülməmiş hesab edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin qərarların rəsmi qaydada iddiaçıya təqdim edilməsi aşkar edilmir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Elektron müayinə aktlarından görünür ki, iddiaçıya: -xx.xx.2012-ci il tarixdə “Keçirilmiş serebral araxnoditin qalıq əlamətləri” diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcəli əlillik; -xx.xx.2014-cü il tarixdə “Keçirilmiş serebral araxnoditin qalıq əlamətləri” diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcəli əlillik; -xx.xx.2015-ci il tarixdə “Keçirilmiş serebral araxnoditin qalıq əlamətləri” diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcəli əlillik; -xx.xx.2016-cı il tarixdə “Keçirilmiş serebral araxnoditin qalıq əlamətləri” diaqnozu əsasında 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bakı 2 nömrəli X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli forma 088 arayışdan görünür ki, iddiaçıda: Əsas diaqnoz F06.5 “Üzvi dissosiativ pozuntu, funksional tutmalarla”; Yanaşı xəstəliklər G09 “Mərkəzi sinir sisteminin iltihabı xəstəliklərin nəticələri”; İ67.4 “Hipertenziv ensefalopatiya”; xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iddiaçıya ikinci dərəcəli əlilliyin təyinindən imtina olunmuşdur. Səbəb – diaqnoz əlillik əlaməti təyin etmir. xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-19832/2024 nömrəli qərardan görünür ki, iddiaçıya diaqnozun əlillik əlaməti təyin etməməsi qərara alınmışdır. Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi dissoativ pozuntu, anamnezində qıcolma tutmaları ilə“ (F06.5) qeyd olunur. Bunu inzibati iş materialları, anamnestik məlumatlar (kəllə beyin travması alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 nömrəli X4”nda “Üzvi dissosiativ pozuntu. Anamnezində qıcolma tutmaları ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6”ndə “Üzvi dissosiativ pozuntu. Anamnezində qıcolma tutmaları ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicə olması) və hal-hazırki psixiatrik müayinənin nəticələri (davranışında nümayişkarlıq elementlərinin müşahidə edilməsi və s.) sübut edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1.Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.2.İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin meyarlarının 7-ci bölməsində (Psixi və davranış pozuntuları) aşağıdaki əks olunan xəstəliklər əlilliyin təyininə əsas verir: baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular; (F06) üzvi mənşəli şəxsiyyət pozuntusu; (F07) postensefalit sindromu; (F07.1) postkontuzion sindrom; (F07.2) baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları (F07.8) Həmin meyarların 7.6.2-ci bəndinin xx.xx.2023-cü il tarixli redaksiyasına əsasən F06.5 kod altında nəzərdə tutulan üzvi dissosiativ pozuntu xəstəliyi əlilliyin təyininə əsas verir. Yuxarıda qeyd olunan bəndlərin təhlilinə keçməzdən əvvəl, məhkəmə vurğulayır ki, əlilliyi olan şəxslərə münasibətdə dövlətin sosial siyasəti onların cəmiyyətin həyatında fəal iştirak imkanlarının genişləndirilməsinə, sosial rifah və maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəlmişdir. Əlilliyin təyin olunması meyarlarını tənzimləyən qanunvericilik aktları, konkret olaraq əlilliyin birinci, ikinci və ya üçüncü dərəcələrinin müəyyən olunması üçün xəstəliklərin siyahısını və dərəcələrin müddətini hüquqi əsaslarla müəyyən etmişdir. İş materiallarından məlum olur ki, iddiaçıya xx.xx.2012-ci il tarixində 1 il, xx.xx.2014cü il tarixdə 1 il, xx.xx.2015-ci il tarixdə 1 il, xx.xx.2016-cı il tarixdə isə 5 (beş) il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddətinin başa çatması ilə əlaqədar olaraq iddiaçı yeni forma 088 arayışı ilə əlilliyin yenidən qiymətləndirilməsi üçün müraciət etmiş, lakin ona əlilliyin təyinindən müxtəlif əsaslarla imtina olunmuşdur. Son olaraq iddiaçı xx.xx.2024-cü il tarixli forma 088 arayışı ilə müraciət etmiş, lakin onda olan diaqnozun əlilliyin təyin edilməsi üçün əsas verməməsi səbəbi ilə ona əlilliyin təyinindən imtina olunmuşdur. Hazırkı inzibati mübahisənin predmeti olaraq, məhkəmə, iddiaçıda mövcud olan xəstəliklərin ona əlillik dərəcəsinin yenidən təyin edilməsi üçün əsas verib-verməməsini müəyyən etməlidir. Bu istiqamətdə işin həllinin xüsusi tibbi bilik tələb etdiyini nəzərə alaraq, məhkəmə tərəfindən ekspertiza təyin olunmuşdur. Ekspert rəyindən görünür ki, müayinə zamanı forma 088 arayışında əsas diaqnoz kimi göstərilən “Üzvi dissosiativ pozuntu, funksional tutmalarla” (F06.5) xəstəlik iddiaçıda aşkar olunmuşdur. Cavabdeh tərəf təqdim olunan diaqnoz üzrə kliniki ağırlaşmanın müəyyən olunmadığını əsas göstərmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, inzibati məhkəmə icraatında "əlilliyin təyini və ya bərpası" məsələlərinə baxılarkən məhkəmə ekspertizaları zamanı ekspertlər tərəfindən verilən rəylərdə “xəstəliklərin ağırlaşması” suallarının cavabı bəzən konkret şəkildə ifadə olunmur. Bu isə həmin halların inkar edildiyi mənasına gəlmir. Hazırki iş materiallarından və ekspert rəyindən aydın olur ki, iddiaçıda qeyd olunan psixiatrik pozuntu hal-hazırda da müşahidə olunur və bu, əvvəllər təyin olunmuş əsas diaqnozun davamı (kəllə beyin travması alması) və faktiki ağırlaşmasıdır. Məhkəmə bu xüsusatları nəzərə alaraq bildirir ki, iddiaçıda mövcud olan “üzvi dissosiativ pozuntu, anemnizidə qıcolma tutmaları” xəstəliyi hal-hazırda da aktualdır və onun müşahidə olunan kliniki əlamətləri əlillik təyini üçün hüquqi və tibbi əsas təşkil edir. Həmin xəstəliyin klinik xarakteri və simptomatikası, xüsusilə də davranışında nümayişkarlıq elementlərin müşahidə edilməsi, əhvali-ruhiyyə fonun dəyişkən olması əmək qabiliyyətini ciddi şəkildə məhdudlaşdırır. Bundan başqa Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş və hal-hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nda F06.5 kodlu diaqnozun, yəni “Üzvi dissosiativ pozuntu”nun birbaşa qeyd edilməməsi, iddiaçının əlillik statusunun qiymətləndirilməsinə mənfi təsir göstərə bilməz. Belə ki, meyarların 20 iyul 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasında F06.5 kodlu diaqnoz, X1 sistemində F06 kateqoriyası olan “Baş beynin zədələnməsi və ya disfunksiyası, yaxud somatik xəstəliklə bağlı digər psixi pozuntular” alt qrupunda nəzərdə tutulmuşdur. Məhkəmə bildirir ki, halhazırda F06.5 kodun Meyarlarda göstərilməməsi, müvafiq diaqnozun ümumi F06 kod altında olan diaqnozun daxilində mövcudluğunu, başqa sözlə desək həmin kod altında nəzərdə tutulan diaqnoz ilə uyğunluğunu istisna etmir. Nəticə etibarilə, “Üzvi dissosiativ pozuntu”nun diaqnostik kateqoriyasının indiki meyarlarda ayrıca kodlaşdırılmaması, bu diaqnozun əlillik meyarlarına uyğunluğunu aradan qaldırmır. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2024-cü il tarixli forma 088 arayışı əsasında əlilliyin təyin edilməsi ilə yanaşı, həmçinin onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əlilliyin təyinindən imtina barədə qərarlar ləğv edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. 24 aprel 2024-cü il tarixli göndəriş üzrə 03 may 2024-cü il tarixli əlilliyin təyininə imtina barədə qərarı və 12 sentyabr 2024-cü il tarixli qərarı İddiaçı aid olan hissədə ləğv edilsin. 24 aprel 2024-cü il tarixli göndəriş əsasında İddiaçı əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov