Məhkəmə qərarları › İş №2-1(112)-13854/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13854/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13854/2022 09.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “Bakımənzilavtomat” İstehsalat-İstismar İdarəsinə və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “xidmət haqqının geri qaytarılması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “Bakımənzilavtomat” İstehsalat-İstismar İdarəsinə və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Bakımənzilavtomat” İstehsalat-İstismar İdarəsindən 2009-cu ildən etibarən onun evində yaşamayan, öz evində lift xidmətinə görə müvafiq ödənişlər etmiş qızı Ramidə üçün həmin vaxtdan indiyədək ötən illər ərzində lift xidmətinə görə ondan qanunsuz olaraq alınan pul vəsaitlərinin geri qaytarılması, ona yetirilən mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində cərimə edilərək, həmin məbləğin onun hesabına köçürülməsi, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən və onun tabeliyində olan Binəqədi rayon 92 saylı Mənzil-Kommunal İstismar Sahəsindən 2009-cu ildən etibarən onun evində yaşamayan, öz evində məişət tullantısına görə müvafiq ödənişlər etmiş qızı Ramidə üçün həmin vaxtdan indiyədək ötən illər ərzində məişət tullantısına görə ondan qanunsuz olaraq alınan pul vəsaitlərinin geri qaytarılması, ona yetirilən mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində cərimə edilərək, həmin məbləğin onun hesabına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, lift idarəsi öz işçisi (işçiləri) vasitəsilə illər boyu ondan qanunsuz aldığı pulu geri qaytarmalıdır. Onu aldatmış və həmişə bildirmişlər ki, qızı ərə getdikdən sonra öz ailəsi ilə yaşadığı başqa binada lift pulu verməsinin ata evindəki lift puluna aidiyyəti yoxdur. Çünki qızı onun evində pasport qeydiyyatından çıxmadığı üçün ona da lift pulu ödəməlidir. İddiaçı bu pulu ödəməyə məcbur edilmişdir. Cavabdehlərə ünvanladığı məktubda qeyd edilir ki, bu müddət ərzində qızının onun evində yaşamaması haqqında heç bir sənəd təqdim etməmişdir. Lakin lift idarəsinin lift xidmətinə görə nağd pul yığan rəsmi işçisi belə bir sənədi təqdim etməyin mənasız olduğuna onu inandırmış, aldatmışdır. Binəqədi rayon 92 saylı Mənzil-Kommunal İstismar sahəsinə (MKİS) də, qızı ailə qurduqdan sonra onunla yaşamadığını dəfələrlə bildirməsinə baxmayaraq həmin illər boyu qızı Ramidə üçün əlavə zibil pulu ödənilməsini tələb etmiş və o, bu pulu ödəməyə məcbur olmuşdur. Hər hansı bir şəxs faktiki olaraq yaşadığı binada hər ay lift xidməti və məişət tullantısı üçün pul ödəyirsə, ondan pasport qeydiyyatından, yaxud mənzillərinin sayından asılı olmayaraq, digər mənzilə (mənzillərə) görə bu ödənişi təkrar tələb etmək olmaz. Cavabdehlər iddiaya yazılı münasibəti məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin eməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarından olan Bakı şəhər İcra Hakimiyyəti “LİFTTƏMİR” İstehsalat Birliyi “BAKİMƏNZİLAVTOMAT” İİİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci ilə qədər həmin ünvanda 3 nəfərin qeydiyyatda olduğu göstərilir. Mövcud qaydaya əsasən liftlərə texniki xidmət haqqı ilin əvvəlindən MKİS tərəfindən təqdim olunan qeydiyyat siyahısı əsasında aparılır. İddiaçı bu müddət ərzində qızı R.Yusubovanın həmin ünvanda yaşamaması haqqında heç bir sənəd təqdim etməmişdir. Binəqədi rayon Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 385 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Mir Cəlal küçəsi, 89 evin 27 nömrəli mənzilində İddiaçı və X1 qeydiyyatdadırlar. İş materiallarında olan “YENES” şirkətinin xx.xx.2021-ci il tarixli, 07 nömrəli məktubundan görünür ki, X1 (Ş/v AZE № 16404611, ASAN3 tərəfindən xx.xx.2016-ci ildə verilmişdir) həqiqətən 2009-cu ilin yanvar ayından ünvan 3 ünvanında daimi yaşayır və hər ay lift xidmətinə və digər kommunal xidməti haqlarını ödəyir. İddiaçı hazırda qızı R.Həmidovanın onun mülkiyyətində olan 27 saylı mənzildə yaşamadığını iddia edərək 2009-cu ildən etibarən R.Həmidovaya münasibətdə liftlərə texniki xidmət və məişət tullantıları xidmətinə görə ödədiyi haqqın geri qaytarılmasını və bununla əlaqədar ona dəyən mənəvi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci hissəsinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni zamanda Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-in 1.1-ci maddəsi). İddia ərizəsindən görünür ki, iddiaçı hazırda ödədiyi xidmət haqqının geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu tələb xidmət göstərilməsi üzrə tərəflər arasında olan müqavilə münasibətlərindən yaranmışdır. Bu münasibətlərdə cavabdehlər inzibati orqan statusunda çıxış etmir və ona qarşı yönəlmiş hazırkı tələb inzibati hüquqla (publik hüquq) bağlı deyildir. Tərəflər arasında olan bu münasibətlər müqavilə vasitəsilə tənzimlənməklə yaranan öhdəliklər bilavasitə mülki hüquq normaları ilə tənzimlənir. Belə ki, "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarına əsasən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş xidmət haqqının geri qaytarılmasına yönəlmiş tələb inzibati hüquqdan irəli gələn tələb, mübahisə isə inzibati mübahisə hesab olunmadığından hazırkı iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati) xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar