Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13855/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə qarşı “mənzillə təmin edilmə və dəyərinin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı Şəhər Baş Polis İdarəsinin onun 2 otaqlı mənzillə təminatı və ya maliyyə dəyərindən imtinası qanunsuz hesab edilməsi, cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinin üzərinə onun 2 otaqlı mənzillə təminatı və ya Bakı şəhəri Nəzsimi rayonun ərazisində iki otaqlı mənzilin dəyərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmasini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X2 1986-cı ildə Bakı Şəhər Baş Polis İdarəsinin Polk Patrul Xidməti Alayının (indiki çevik alay) komandir müavini işlədiyi vaxtı mənzil şəraitinin yaxşılaşdırılması üçün 6 (altı) nəfər ailə üzvü ilə 2 (iki) otaqlı mənzildə yaşadığı və yaşayış sahəsi sanitar normalara uyğun olmadığı üçün ərazi üzrə Nəsimi Rayon İcrayə Komitəsinin qərarı ilə 4 (dörd) otaqlı mənzil növbəsinə götürüldü. 2009-cu ildə məcburiyyət qarşısında qalaraq 2 (iki) otaqlı evi satıb Abşeron rayonu Ceyranbatan qəsəbəsi kanalətrafı küçədə sahəsi 120 m2 (yüz iyirmi kvadratmetr) sahəsi olan sənədsiz bir həyət evi alıb ailəni oraya köçürdü. Həmin vaxtdan DİN-nin rəhbərliyinə müraciət edərək dövlətin ona verəcəyi 2 (iki) otaqlı mənzili ala bilmir. Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş Polis İdarəsi qanuna zidd olaraq Əmək və Əhalinin Sosial Müdafiə Fonduna yönəldirlər. Sosial Müdafiə Nazirliyindən obyektiv olaraq bildirdilər ki, Azərbaycan respublikasının Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələlərinin nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı müharibə veteranı və Silahlı qüvvələr veteranıdır, əlilliyi yoxdur, deməli bu kateqoriyaya aid olmadığı üçün növbədə olduğu Bakı Baş Polis İdarəsi tərəfindən iki otaqlı mənzillə təmiri edilməli, ya da Nəsimi rayonunun irazisində iki otaqlı mənzilin maliyyə dəyəri ödənməlidir. Müxtəlif təşkilatlara müraciət edərək cavab alır ki, hansı orqanın ev növbəsindədirsə həmin orqan onun evlə təminatının məsuliyyətini daşıyır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi.
II. İddianın mümkünlüyü
5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).
11. İddia tələbi iddiaçının iki otaqlı mənzillə təminatı və ya Bakı şəhəri Nəsimi rayonu ərazisində iki otaqlı mənzilin dəyərinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin üzərinə qoyulmasından ibarətdir.
12. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinə əsasən cavabdeh qurumun belə vəzifəsi (səlahiyyəti) nəzərdə tutulmamışdır. Belə ki Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır və ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması işinin təşkili, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, cinayətlərin açılması işinin və istintaqın təşkili, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi işinin təşkili, daxili qoşunların fəaliyyətinin təşkili kimi funksiyaları həyata keçirir.
13. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, iddiaçının hüquqi marağına uyğun müvafiq tələblə müvafiq icra hamiyyətinə qarşı iddia qaldırılmalıdır.
14. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva