Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13857/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq ” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 oktyabr 2006-cı il tarixli “557a” saylı qərarına əsasən alqı-satqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında çıxarışın və torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 oktyabr 2006-cı il tarixli “557a” saylı qərarına əsasən alqı-satqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 oktyabr 2006-cı il tarixli “557a” saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin mülkiyyətinə verilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçının müraciətinə əsasən bələdiyyənin müvafiq orqanları tərəfindən yerində tələb olunan qaydada yoxlanılma aparılaraq torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi məqsədə müvafiq hesab edilmişdir. X1 İnkişaf daimi komissiyasının iclasında iddiaçının ərizəsinə baxılaraq xx.xx.2006-cı il tarixli, 13 saylı ümumi iclasında vətəndaş İddiaçı 600 kv. m torpaq sahəsi ayrılması məqsədə uyğun hesab edilmişdir. 30 dekabr 2006-cı il tarixində bələdiyyə ilə 600 kv. m torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə bağlanmışdır. Torpaq sahəsinin sərhədləri və dönmə nöqtələri yerində müəyyənləşdirilərək naturaya və xəritəyə keçirilmiş, torpaq sahəsinin plan-cizgisi iddiaçının hesabına hazırlanmışdır. Bunun müqabilində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin hesaba əvvəlcədən 2496 manat haqq ödənilmişdir. İddiaçı torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında çıxarışın və torpaq sahəsinə dair plan və ölçünün verilməsinə dair cavabdehə müraciət olunmuş və cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddiaçının mülkiyyətinə ayrılan torpaq sahəsinin yanındakı torpaq sahələrinə analoji hüquqmüəyyənedici sənədlər əsasında torpaq sahəsinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən qeydiyyatdan keçən torpaq sahələri eyni analoji hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyata alınmışdır və həmin torpaq sahələri ilə indiki vəziyyətdə müraciət olunan ərazi ilə yan-yana yerləşir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********20 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən təqdim edilmiş akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmayıb və səlahiyyətli şəxsin imzası yoxdur. Torpaq sahəsi xx.xx.2006-cı il tarixli, 557a saylı qərarla ayrılsa da, alqısatqı aktında xx.xx.2006-cı il tarixli, 557 nömrəli qərara istinad olunmuşdur. İdarənin mütəxəssisləri tərəfindən müayinə zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsi Zeytun sovxozunun ərazisi olmaqla dövlət mülkiyyəti torpağıdır və kənd təsərrüfatı torpaqlarına aiddir. Yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyindən göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, hal-hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazı müdafiə etdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1978-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 557a nömrəli, 29 oktyabr 2006-cı il tarixli Qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Qərb hissəsində 600 kv.metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq, vətəndaş iddiaçı tərəfindən abadlaşdıraraq yararlı vəziyyətə salındığını və onun tərəfindən istifadə edildiyini nəzərə alaraq onun mülkiyyətinə ayrılması, iddiaçı ilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması qərara alınmışdır. Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 662 nömrəli, 30 dekabr 2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Qərb hissəsində 600 kv.metr torpaq sahəsi Binəqədi Bələdiyyəsi tərəfindən iddiaçıya satılmışdır. İş materiallarına torpaq sahəsinin situasiya planı, habelə torpaqların alqı-satqısına dair akt əlavə edilmişdir. 30 dekabr 2006-cı il tarixli, 062437 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən iddiaçı tərəfindən alqı-satqı aktında göstərilən məbləğdə vəsait Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 01 oktyabr 2024-cü il tarixli məktubu ilə iddiaçı barəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 557a saylı qərar və ona əlavə edilmiş digər sənədlər məhkəməyə göndərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə 2 nömrəli X4 Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin sahə şərti sərhədli olmaqla daxilində çoxlu sayda zeytun ağacı olan ümumi ərazinin bir hissəsidir. Eyni zamanda torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla dövlət mülkiyyətindədir. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023- cü il tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən meşəlik (çoxillik zeytun bağları) zonasında yerləşir. Cavabdeh tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr-nun qərb hissəsində yerləşən torpaq sahəsinin faktiki ölçüsü 600,0 kv.metr təşkil edir, torpaq sahəsi zeytun bağlarının bir hissəsində yerləşməklə, bir tərəfdən 0,4 metr hündürlükdə zeytun bağlarının sərhəddi olan mişar daş hasarla, bir tərəfdən qismən şərti və 0,4 metr hündürlükdə mişar daş hasarla, iki tərəfdən şərti olaraq göstərilmişdir. Üzərində tikili yoxdur. Faktiki göstərilən torpaq sahəsi zeytun bağlarının bir hissəsi olmaqla üzərində zeytun ağacları mövcuddur. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Ortofoto məlumatlarında görsənən torpaq sahəsinin şimal tərəfindən təqribən 18.0 metr məsafədən keçən YGE hava xətti faktiki olaraq sökülmüşdür, lakin yeraltı kabel xəttinə keçməsini dəqiqləşdirmək mümkün olmamışdır. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları baxılması üçün sənədlər əlavə edilmişdir. Məhkəmə sorğusuna əsasən iddiaçının torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). İşdən görünür ki, iddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 oktyabr 2006-cı il tarixli “557a” saylı qərarına əsasən alqı-satqı yolu ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdehin imtinasının əsasını aşağıdakılar təşkil etmişdir: 1) torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən təqdim edilmiş akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir; 2) torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmayıb və səlahiyyətli şəxsin imzası yoxdur; 3) torpaq sahəsi xx.xx.2006-cı il tarixli, 557a saylı qərarla ayrılsa da, alqı-satqı aktında xx.xx.2006-cı il tarixli, 557 nömrəli qərara istinad olunmuşdur; 4) idarənin mütəxəssisləri tərəfindən müayinə zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsi Zeytun sovxozunun ərazisi olmaqla dövlət mülkiyyəti torpağıdır və kənd təsərrüfatı torpaqlarına aiddir; 5) yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyindən göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi bələdiyyələrin iclaslarında həll edilir (144.İ. 6). Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (145.İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (145. İİ.). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki,hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Ərazinin ortofoto görüntüsündən görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin ətrafında, həmçinin ayrıc aktına əsasən 2 nömrəli Zeytunçuluq sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazisində çoxsaylı fərdi yaşayış evləri mövcuddur. Məhkəmə sorğusu əsasında iddiaçının torpaq sahələri ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçının torpaq sahəsi ilə qonşuluqda, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ərazidə bir neçə şəxsə Binəqədi bələdiyyəsinin qərarları ilə torpaq sahələri ayrılmı və həmin qərarlar əsasında həmin şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışlar verilmişdir. İddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. İddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnu pozaraq eyni faktiki hallara dair fərqli imtina vermişdir. Belə ki, iddiaçıya məxsus bağ sahəsinin qonşuluğunda yerləşən ayrı-ayrı şəxslərə məxsus bağ sahələrinə dair mülkiyyət hüququ ilə bağlı çıxarışlar verildiyi halda iddiaçıya onun mülkiyyətində olan bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tələbinin təmin olunmasından imtina etməklə cavabdeh inzibati orqan onun bərabərlik hüququnu pozmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 oktyabr 2006-cı il tarixli “557a” saylı qərarına əsasən alqı-satqı yolu ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 oktyabr 2006-cı il tarixli, “557a” saylı qərarına əsasən alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün ona verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-13857/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13857/2024
24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver