Məhkəmə qərarları › İş №2-1(112)-13865/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13865/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13865/2023 15.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehə qarşı “kirayə xərcinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 14 avqust 2023-cü il tarixdən Cavabdeh başçısının birinci müavininin 5-14\2-219\2023 saylı məktubu ilə 2023-cü ilin may ayından dayandırılmış müvəqqəti kompensasiya məbləğinin ödənilməsinin bərpa edilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur. xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1997-ci ildən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tabeliyində olan hissələrdə müxtəlif vəzifələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin 92 ş/h əmrinə əsasən xx.xx.2018-ci il tarixdən tərxis olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 79, mənzil 122-ci mənzildə bir ailə tərkibi ilə daimi qeydiyyatda olmasına baxmayaraq beş nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 qızı və oğlu) kirayədə yaşayır. Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən ailə tərkibi 1 nəfər (özü) olmaqla yaşayış yeri üzrə Cavabdehdə mənzil növbəsinə götürülmüş, güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ehtiyata buraxılmış hərbi qulluqçuların siyahısına daxil edilmiş və 2022-ci ilin oktyabr ayından 2023-cü ilin may ayınadək hər ay 450 manat məbləğində müvəqqəti mənzil kirayəsi üçün kompensasiya məbləği ödənilirdi. Həmin məbləğ 14 avqust 2023-cü il tarixdən Cavabdeh başçısının birinci müavininin 5-14/2-219/2023 saylı məktubu ilə dayandırılmışdır. Dayandırılmasının əsası kimi “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” AR Qanununun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə xidmətkeçmədən azad olunması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 174 №li qərarının İ bəndinin ona şamil olunmadığı qeyd edilmişdir. Cavabdeh ehtimal ki, ona ödənilən müvəqqəti mənzil kirayəsi üçün kompensasiya məbləği ödənilməsindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəmsinin 18 iyul 2022-ci il tarixli Qərardadını əsas görürmüşdür. Halbuki, cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərardadı qəbul edilənədək onu yaşayış yeri üzrə mənzil növbəsinə siyahıya almış və 2022-ci ilin oktyabr ayından 2023-cü ilin may ayınadək hər ay 450 manat məbləğində müvəqqəti mənzil kirayəsi üçün kompensasiya ödəmişdir. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarı qəbul edilənədək və ondan sonra da ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə 6 avqust 2012ci il № 174 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qüvvədədir və ləğv edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinin xx.xx.2019-cu il tarixli, 302 №-li Arayışına əsasən 1970-ci il təvəllüdlü ehtiyatda olan kapitan İddiaçı, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək müddətli həqiqi hərbi xidmət, xx.xx.1997-ci ildən xx.xx.2018-ci ilədək AR DSX-də xidmət edib, AR DSX rəisinin 92 ş/h nömrəli əmri ilə xx.xx.2018-ci ildə “Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında” AR Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) əsasən tərxis olunub. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinin 2ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin bəndin 3-cü abzasına əsasən, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli Qərardadına əsasən, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, qeyd olunan tələbin cavabdeh tərəfindən yerinə yetirilməsi mümkünsüz hesab olunur, həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq, iddiaçıya ehtiyata buraxılmış hərbi qulluqçu kimi müvəqqəti mənzil kirayə xərclərinin verilməsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq imtina olunmuşdur. Yuxarıda göstərilənlər və əlavə olunmuş sənədlər bir daha təsdiq edir ki, iddiaçı X2 Cavabdehə qarşı iddia tələbləri tam əsassızdır və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən İddiaçı Cavabdehə qarşı iddia ərizəsinin təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1970-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İnzibati icraat materialları ilə təqdim olunmuş sənədlərin surətindən görünür ki, Bakı Şəhər Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 272 nömrəli sərəncamı ilə İddiaçı ailə tərkbi 1 nəfər (özü) olmaqla yaşayış yeri üzrə Nərimanov RİH-də mənzil növbəsinə götürülməsi, güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ehtiyata buraxılmış hərbi qulluqçuların siyahısına daxil edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nərimanov Rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 302 nömrəli Arayışında qeyd edilmişdir ki, verilir 1970-ci il təvəllüdlü ehtiyatda olan kapitan İddiaçı ondan ötəri ki, o, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək müddətli həqiqi hərbi xidmət, xx.xx.1997-ci ildən xx.xx.2018-ci ilədək Azərbaycan Respublikası DSX-də xidmət edib. Azərbaycan Respublikası DSX rəisinin 92 ş/h nömrəli əmri ilə xx.xx.2018-ci ildə “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən tərxis olub. xx.xx.2019-cu ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsində qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nərimanov Rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 3-43-46/2-1570/2023 nömrəli məktubu ilə göndərilmiş şəxsi işin surətindən görünür ki, iddiaçı DSX rəisinin xx.xx.2018-ci il tarixli 92ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət” haqqında A.R. Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq 01 fevral 2018-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış və Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İş materiallarına əlavə edilmiş Kapital Bankın iddiaçının adına ödəniş kartı üzrə çıxarışlarından görünür ki, iddiaçıya xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək hər ay 450 manat ödəniş edilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 5- 14/2-219/2023 nömrəli məktubunda bildirilmişdir ki, Siz Cavabdeh başçısının xx.xx.2019cu il tarixli, 272 №-li Sərəncamı ilə ehtiyatda olan hərbi qulluqçu statusunda mənzil növbəsinə götürülmüşsünüz. Mənzil-uçot işinizə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Nərimanov Rayon İdarəsinin xx.xx.2019-cu il tarixli, 302 №-li arayışına əsasən Siz, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək müddətli həqiqi hərbi xidmət, xx.xx.1997-ci ildən, xx.xx.2018-ci ilədək Azərbaycan Respublikası DSX-da xidmət etmişsiniz, xx.xx.2018-ci ildə DSX rəisinin müvafiq əmri ilə “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzunuzla) tərxis olunmuşsunuz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, mənzil-uçot işinizə baxış keçirilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 №-li Qərarının 1-ci bəndinin tələbləri Sizə şamil olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən dövlət büdcəsindən Sizə müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsi dayandırılır. Müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsinin dayandırılması ilə bağlı hüquqlarınızın pozulduğunu hesab etdiyiniz təqdirdə müvafiq məhkəmə orqanına müraciət edə bilərsiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mahiyyət üzrə əsassız iddiadır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək müddətli həqiqi hərbi xidmət, xx.xx.1997-ci ildən xx.xx.2018-ci ilədək Azərbaycan Respublikası DSX-də xidmət etmiş, Azərbaycan Respublikası DSX rəisinin 92 ş/h nömrəli əmri ilə xx.xx.2018-ci ildə “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçı Bakı Şəhər Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 272 nömrəli sərəncamı ilə 1 nəfər (özü) olmaqla yaşayış yeri üzrə Nərimanov RİH-də mənzil növbəsinə götürülmüş, güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ehtiyata buraxılmış hərbi qulluqçuların siyahısına daxil edilmişdir. İddiaçıya mənzil növbəsinə götürülməklə yanaşı eyni zamanda cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 №-li Qərarı ilə nəzərdə tutulmuş mənzil kirayə xərci ödənilmişdir. İddiaçıya ödənilmiş həmin kirayə xərci xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək iddiaçının hesabına ödənilmiş, lakin 2023-cü ilin iyun ayından kirayə xərcinin ödənilməsi dayandırılmış, bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, 5-14/2- 219/2023 nömrəli məktubu ilə məlumat verilmişdir. Hazırkı iddiasında iddiaçı mənzil növbəsinə götürülmə ilə əlaqədar ödənilən kirayə xərcinin dayandırıldığı tarixdən bərpa edilməsini mübahisələndirir. Məhkəmə cavabdehin hərəkətlərini mənzil kirayə xərcinin ödənilməsi ilə bağlı hərəkətlərinin əsaslılığını həm maddi hüquq, həm də inzibati icraat zamanı tətbiq edilən prosessual hüquq baxımından qiymətləndirir. Maddi hüquq anlamında məhkəmə iddiaçının mənzil kirayə xərcinin ödənilməsinə hüququn mövcudluğu aşağıdakı normalar əsasında yoxlanılır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12ci maddəsininin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12ci maddəsində göstərilmiş qaydada təmin edirlər “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, “(....) hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Göründüyü kimi Nazirlər Kabinetinin adıçəkilən Qərarı mənzil növbəsinə götürülmüş hərbi qulluqçulara kirayə xərclərinin ödənilməsi ilə bağlı məsələrdə xüsusi tənzimləmə nəzərdə tutmuşdur. Həmin tənzimləməyə əsasən yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulmuş ehtiyata buraxılmış hərbi qulluqçuların dairəsi konkret olaraq müəyyən edilmişdir. Yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlər, gizirlər və miçmanlara münasibətdə: -yaşına xəstəliyə, ailə vəziyyətinə görə ehtiyata və istefaya buraxılmış; -5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış; Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulara münasibətdə - 15 təqvim ili və daha çox xidmət etmişlər. Yuxarıda sadalanan qanunvericilik aktlarının tələblərindən görünür ki, qanunverici zabit heyətinə münasibətdə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi alana kimi kirayə haqqı və s. ilə təmin edilməsini yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirmişdir. Yəni, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə iddiaçı kapitan rütbəsində zabit heyətinə aid olmaqla öz arzusu ilə ehtiyata buraxılmışdır. İddiaçı yuxarıda sadalanan qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənzillə təmin edilənədək kirayə haqqı ilə təmin olunmalı ehtiyatda olan hərbi qulluqçu kateqoriyasına aid deyildir. Bu baxımdan iddiaçının hazırkı halda ümumən mənzil növbəsinə götürülmüş hərbi qulluqçu olmaqla mənzillə təmin edilənədək mənzil kirayə haqqının ödənilməsini tələb etmək hüququ nə mənzil növbəsinə götürülmə barədə 2019-cu il tarixli sərəncamın qəbul edildiyi vaxt, nə də hazırda da qüvvədə olan (dəyişməyən) qanunvericiliklə yaranmamış və mövcud olamamışdır. Prosessual hüquq baxımından dəyərələndirmə apardıqda məhkəmə ilk növbədə qeyd edir ki, mənzil növbəsinə götürülmə barədə xx.xx.2019-cu il tarixli 272 nömrəli sərəncamda iddiaçının yalnız rayon icra hakimiyyətində mənzil növbəsinə götürülməsi qərara alınmışdır. Adıçəkilən sərəncamın nə təsviri hissəsində, nə də nəticə hissəsində iddiaçının mənzillə təmin olunanadək mənzil kirayə xərcinin ödənilməsi ilə bağlı müddəa, nə də bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarəına istinad olunmamışdır. Baqa sözlə, sərəncam yalnız iddiaçının mənzil növbəliyinə götürülməsi barədədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən oktyabr 2019-cu ildən may 2023-cü il tarixi də daxil olmaqla kirayə xərci adı ilə ödədiyi aylıq pul kompensasiyası cavabdeh inzibati orqanın inzibati aktından-sərəncamından deyil, inzibati orqanın faktiki xarakterli hərəkətlərindən irəli gəlmişdir. Yəni aylıq ödənilmiş kompensasiya məbləğinin ödənilməsinin əsasında hüquqi fakt-inzibati orqanın adıçəkilən 2019-cu il tarixli sərəncamı, nə də NK-nin 174 nömrəli qərarı dayanmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, nə qədər ki, cavabdehin kirayə xərcinin ödəməsi ilə bağlı hərəkətləri inzibati aktdan yaranmamışdır, o zaman kirayə xərcinin dayandırılması ilə bağlı ayrıca inzibati icraatın açılması, bu barədə əlavə inzibati aktın qəbuluna (sərəncamın dəyişdirilməsi və ya qismən ləğvi) zərurət olmamışdır. Dolayısı ilə inzibati aktla təmin edilməmiş kirayə xərcinin ödənilməsi barədə hərəkət inzibati akt qəbul edilmədən də sonlandırıla bilər. Faktiki xarakterli hərəkətinkirayə xərcinin ödənilməsinin kökündə inzibati akt dayanmadığından hazırkı halda iddiaçının inzibati akt olmayan hərəkətə dair etimad hüququ da yaranmamışdır. Yuxarıda sadalanan qanunvericiliklə öz arzusu ilə ehtiyata buraxılmış hərbi qulluqçunun mənzil kirayə xərcini almaq hüququ olmadığından cavabdehin hazırkı halda qanuni əsası olmayan faktiki hərəkətlərini sonlandırmaq imkanı var və bunu qadağan edən (inzibati orqanın qanunla yol verilən həddə düzəliş imkanı) norma qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu baxımdan inzibati orqanın qanunvericiliyin tələbinə uyğun iddiaçının kirayə xərcini almaq hüququnun olmadığını və bununla da xərcin ödənilməsinin dayandırılması ilə bağlı əsaslandırılmış məlumat verməsi və eyni zamanda həmin məktubda hüquq müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etməsi inzibati orqanın icraatını yekunlaşdırmasına kifayət etmişdir. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mənzil kirayə xərcinin öədnilməsindən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehə qarşı “kirayə xərcinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar