Məhkəmə qərarları › İş №2-1(112)-1388/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1388/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1388/2022 08.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, iddiaçı 25 sentyabr 1973-cü il tarixdən 10 fevral 1974-cü il tarixədək 1-ci dərəcəli fəhlə vəzifəsində BBTİ 5 saylı Tikinti İdarəsində çalışmış, 26 may 1974-cü il tarixdən 31 may 1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Daha sonra 2 sentyabr 1976-cı il tarixdən 11 sentyabr 1978-ci il tarixədək “Az NXZR” SMU-3-də (TQİ), 28 noyabr 1978-ci il tarixdən 15 yanvar 1979-cu il tarixədək AzərbSMU “Stalkonstruksiya”, 1 fevral 1979-cu il tarixdən 13 sentyabr 1982-ci il tarixədək “Sumqayıt Sintetik Yuyucu Məhsullar” Zavodu, 3 yanvar 1983-cü il tarixdən 13 sentyabr 1984-cü il tarixədək “SU-13”, 15 fevral 1984-cü il tarixdən 6 avqsut 1985-ci il tarixədək “Svabodnıy” Sovxozunda, 25 noyabr 1985-ci il il tarixdən 14 dekabr 1985-ci il tarixədək “Dmitrov” Sovxozunda, 25 mart 1986-cı il il tarixdən 23 mart 1987-ci il tarixədək “NİVA” sovxozunda, 11 iyul 1987-ci il il tarixdən 7 fevral 1988-ci il tarixədək “Kalinin” Sovxozunda, 20 fevral 1988-ci il il tarixdən 16 may 1988-ci il il tarixədək “Suvorov” Sovxozunda, 21 may 1988-ci il tarixdən 26 iyun 1991-ci il tarixədək “Karl Marks” Sovxozunda, 28 iyun 1991-ci il tarixdən 6 iyul 1992-ci il tarixədək “Əlaqə” KM-də, 6 iyul 1992-ci il tarixdən 10 oktyabr 1992-ci il il tarixədək "xxxx" Firmasında, 1 dekabr 1992-ci il tarixdən 4 yanvar 1993-cü il tarixədək "xxxx" Firmasında, 11 may 1993-cü il tarixdən 1 mart 1994-cü il tarixədək “Azərkanaltikinti SU-87”-də, 5 aprel 1994-cü il tarixdən 15 yanvar 1997-ci il tarixədək "xxxx" Firmasında, 1 avqust 1997-ci il tarixdən 9 mart 2005-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. Beləliklə, onun əmək kitabçasında hərbi xidmət illəri də nəzərə alınmaqla 25 ildən artıq stajı var. İddaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar ərizə ilə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına müraciət etmişdir. Əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş şərtlər, yaş və 25 illik staj şərtləri olmasına baxmayaraq, cavabdeh tərəfindən ona əmək pensiyası təyinatından imtina olunmuşdur. Cavabdehin ona ünvanlanmış 11 iyun 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, təqdim edilən 28 sentyabr 1977-ci il tarixdə tərtib edilmiş ИТ-İ ******* saylı əmək kitabçasının sürətində qeyd olunmuş 6 iyul 1992-ci il tarixdən 10 oktyabr 1992ci il tarixədək "xxxx" Fırmasındakı, 5 aprel 1994-cü il tarixdən 15 yanvar 1997-ci il tarixədək "xxxx" Fırmasındakı və 1 avqust 1997-ci il tarixdən 9 mart 2005-ci il tarixədək "xxxx" ASC-dəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa ziddir və onun konstitusion sosial təminat hüququnun pozulması kimi qiymətləndirilməlidir. Həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun bu normasından göründüyü kimi, ona (iddiaçıya) pensiya təyin edilməsi üçün pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, ya da 25 il sığorta stajına malik olmalıdır. Həmin dövrlərdə idduaçı faktiki olaraq işləmiş və bunu həmin dövrdə onunla işləyən iş yoldaşları da təsdiq edə bilərlər. İşlədiyi həmin hüquqi şəxslər ciddi təşkilatlar olmuş və məcburi dövlət sosial sığorta haqlarını vaxtında ödəmişlər. Cavabdehin bununla bağlı məlumatları əldə edə bilməməsi və ya arxivdə sənədlərin olmaması onun pensiya təminatı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Halbuki, əmək fəaliyyətini təsdiq edən və sosial sığorta stajını sübüt edən sənəddə, yəni əmək kitabçasında bu barədə qeydlər aparılmış və möhürlə təsdiq edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qərəzli və qanunsuzdur. Belə ki, cavabdeh onun hüququnun icrasına əsassız maneələr yaradır. Bunu cavabdehə ünvanladığım digər məktuba onun rəsmi cavabını göstərməklə də sübut etmək olar. Belə ki, 19 avqust 2020-ci il tarixdə iddiaçı eyni məsələ ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh 29 sentyabr 2020-ci il tarixli məktubunda ona pensiya təyin edilməsinin mümkün olmamasını bildirmişdir. Ərizədə "xxxx" ASC-də işlədiyi dövrdə onun aldığı əmək haqqı barədə məlumatların və ya arxivdə sənədlərin olmamasına görə həmin dövrün sığorta stajıma əlavə edilməsinin mümkün olmaması qeyd edilmişdir. Növbəti 16 aprel 2021-ci il tarixli ərizəyə cavabdehin yazdığı 11 iyun 2021-ci il tarixli cavab məktubunda isə, arxiv sənədlərinin olmamasına görə həmin dövrün sığorta stajıma əlavə olunmasının mümkünsüzlüyü bildirilməmiş, araşdırılma aparılmasının zəruri olduğu qeyd olunmuş və araşdırmanın nəticəsindən sonra pensiya hüququ ilə bağlı məsələyə yenidən baxılması göstərilmişdir. Bu isə özündə bir sıra suallar doğurur: 1) Hansı səbəbdən iki məktub arasında ziddiyyət var? Əgər cavabdeh birinci məktubda qeyd olunan cavabı haqlı hesab edərdisə, əvvəlki mövqeyini təkrarlaya bilərdi. Cavabdehin əvvəlki mövqeyi təkrarlamaması ilkin mövqeyinin doğru olmamasını təsdiqləyir; 2) Fiziki şəxsin əmək stajını təsdiq edən rəsmi sənəd hansı sənədir? Arxiv sənədləri yoxsa əmək kitabçası? Əlbəttə ki, əmək kitabçası. O zaman hansı əsasla cavabdeh onun hüququnu arxiv sənədlərinin olmamasını əsas gətirərək məhdudlaşdırmağa çağırır; 3) arxiv sənədlərinin qaydasında olmasını hansı şəxs təmin və nəzarət etməlidir? İddiaçının arxiv sənədləşməsini təmin etmə kimi vəzifə yoxdur və o, arxivləşmənin qanunuauyğun və düzgün aparılmasına nəzarət etmir. Bəs o zaman cavabdeh ona (iddiaçıya) aid olmayan məsələrdən irəli gələn nəticələrə əsaslanaraq nə üçün onun hüququnu məhdudlaşdırmağa çalışır? 4) arxiv işi hansı məqsədlə təşkil olunur? Arxiv işi vətəndaşın pensiya hüququnun təmini üçün deyil, kargüzarlıq məqsədləri üçün təşkil olunur. Bu fəaliyyət həm dövlət statistik hesabatların hazırlanması, həm də hər hansısa sənədin orijinalı itirildikdə dublikatın verilməsinin təmin edir. Yəni faktiki olaraq, iddiaçının əmək kitabçasının əsli olduğu təqdirdə arxiv sənədlərinin olmamasının onun pensiya hüququnun reallaşmasına qətiyyən mane ola bilməz; 5) araşdırma aparılması zərurəti yaranıbsa kim araşdırma aparmalıdır? İddiaçı, yoxsa cavabdeh? Araşdırılmanın aparılması üçün iddiaçı tərəfindən hansı addımlar atılmalıdır? İddiaçı bu barədə səlahiyyəti qurum olaraq cavabdehə müraciət etmiş və əgər araşdırma aparılması lazım idisə də aparmalı və ona daha dəqiq cavab verməli idi. Sonuncu məktubuna 2 aydan sonra cavab verən cavabdeh niyə araşdırmasını aparmayıb. İddiaçı üçüncü dəfə müraciət etməlidir ki, araşdırma başlansın? Bütün bunlardan aydın olur ki, cavabdeh onun hüquqlarının icrasına əsassız və qanunsuz bir şəkildə süni maneələr yaradır. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasıın 60, 71-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə, İPM-in 2.2, 34.1-ci maddəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına əsaslanaraq, məhkəmədən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh DƏDRX Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdehin nümayəndəsinin məhkəməyə İPM-in 47-ci maddəsinə uyğun olaraq iddiaya qarşı təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddia ərizəsində 25 sentyabr 1973-cü il tarixdə fəhlə vəzifəsinə qəbul olunduğunu, fasilələrlə 9 mart 2005-ci il tarixədək müxtəlif müəssisələrdə işləməyə davam etdiyini, 6 iyul 1992-ci il tarixdən 10 oktyabr 1992-ci il tarixədək "xxxx" Firmasında, 5 aprel 1994-cü il tarixdən 15 yanvar 1997-ci il tarixədək "xxxx" Firmasında, 1 avqust 1997-ci il tarixdən 1 yanvar 2000-ci il tarixədək "xxxx" ASC-də işlədiyini və sosial sığorta haqlarını ödədiyini iddia edir. Bundan sonra o, yemə də ərizəsində qeyd etmişdir ki, ona yaşa görə əmək pensiyası təyinatı üçün 14 avqust 2020-ci il tarixdə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin Filial "xxxx" Müstəqil Firmasının və "xxxx" Firmasının faktiki sənədləri və arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyindən, həmin illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bu səbəbdən də ona yaşa görə əmək pensiyasının təyin olunması üçün məhkəməyə müraciət etmişdir. Hesab olunur ki, iddia təmin oluna bilməz və rədd edilməlidir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 14 avqust 2020-ci il tarixdə ərizə ilə DSMF-yə müraciət etmiş, lakin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yetərli qədər sosial siğorta stajına malik olmaması və 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək onun fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması aşkarlanmış və şəxsə imtina məktubu göndərilmişdir. Eləcə də, şəxsin təqdim etdiyi 28 sentyabr 1977-ci il tarixdə tərtib olunmuş əmək kitabçasına, H3 ******* saylı hərbi biletinə əsasən ümumi sığorta stajı 21 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, sığorta stajına uyğun pensiya kapitalı 16.182,79 manat olmaqla qanunvericilikdə tələb olunan 28.800 manat pensiya kapitalından azdır. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə X1 və araşdırma şöbəsinin 21 iyun 2021-ci il tarixli xidməti məruzəsinə əsasən 6 iyul 1992-ci il tarixdən 10 oktyabr 1992-ci il tarixədək işlədiyi iddia edilən "xxxx" Müstəqil Firmasının və 5 aprel 1994cü il tarixdən 15 yanvar 1997-ci il tarixədək işlədiyini iddia etdiyi "xxxx" Firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından, sözügedən dövrlərin araşdırılıb iş stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının 2 sentyabr 2020-ci il tarixli 587 nömrəli arayışındakı məlumatlar 1 yanvar 2000-ci il tarixdən sonrakı dövrü əhatə etdiyi üçün 1 avqust 1997-ci il tarixdən 1 yanvar 2000-ci il tarixinədək işlədiyi X9 Fabrikindəki dövrün iş starjına əlavə edilməsi də mümkün hesab edilməmişdir. DSMF tərəfindən 30 noyabr 2021ci il tarixli **********1 nömrəli sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 dekabr 2021-ci il tarixli **********5 nömrəli cavab məktubuna əsasən "xxxx" müəssisəsi haqqında dövlət əmlakının registrinə heç bir məlumat təqdim edilməmiş və onlar barədə məlumat qeydiyyata alınmamışdır. DSMF tərəfindən 30 noyabr 2021-ci il tarixli **********5 nömrəli sorğuya Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 13 dekabr 2021-ci il tarixli 01/3-2875 nömrəli cavab məktubuna əsasən "xxxx" müəssisəsi 13 iyun 1996-cı il tarixindən 1 aprel 2009-cu il tarixinədək qeydiyyata alınmışdır. Dövlət Statistika Komitəsinin 01/3-2795 nömrəli cavab məktubuna əsasən statistik vahidlərin Dövlət reyestrində "xxxx" firmasına dair məlumat mövcud deyildir. "xxxx" firması isə 22 oktyabr 1996-cı il tarixindən qeydiyyatdadır. DSMF tərəfindən 19 noyabr 2021-ci il tarixli **********8 nömrəli sorğuya Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 30 dekabr 2021ci il tarixli **********463100 nömrəli cavab məktubuna əsasən "xxxx" müəssisəsi 21 noyabr 1994-cü il 19130 nömrə ilə dövlət qeydiyatına alınmışdır. Eləcə də "xxxx" Firması 15 may 1995-ci il tarixdə 23966 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyatına alınmışdır, inventarlşdırmadan keçərək on rəqəmli VÖEN alması barədə məlumat müəyyən edilməmişdir. "xxxx" ASC 20 may 1998-ci il tarixdə 7 nömrə ilə dövlət qeydiyyatına alınmış 31 mart 2009-cu il tarixdə vergi uçotundan, 1 aprel 2009-cu il tarixdə isə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmşdır. Sorğulara ünvanlanan cavablardan göründüyü kimi, müəssisələrin dövlət qeydiyyatından keçməməsi və ya qeydiyyatdan keçmə vaxtı ilə şəxsin orda işlədiyi dövrlərlə üst-üstə düşməməsi əsaslı şübhələr yaradır. Bütün bunlara əsasən iddiaçının kifayət sosial siğorta stajı mövcud olduğundan yaşa görə əmək pensiyası təyin edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. DSMF tərəfindən şəxsə yaşa görə pensiya təyin edilçnəsindən imtina vermə əsaslarından biri kimi 1 yanvar 2006-cı il tarixdən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət etməməsi qeyd edilmişdir. Belə ki, X7 (PAS) əsasən iddiaçının 1992-ci ilə qədər və 1992 – 2006-ci illər arası pensiya kapitalı olmamış, eynilə 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdur. Halbuki, lazım olan pensiya kapitalı 28.800 manatdır. X8 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Odur ki, şəxsin həm sosial siğorta stajı, həm də pensiya kapitalı yoxdur. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə, «Sosial sığorta haqqında» Azərbaycan Respublikasinin Qanununun 11-ci maddəsinə əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddia təmin olunaraq iddiaçıya 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İPM-in 8.1.2-ci maddəsinin 1 oktyabr 2021-ci il tarixədək qüvvədə olan tələblərinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.2-ci maddəsinin 1 oktyabr 2021-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh iddiaçının müvafiq müraciəti üzrə qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, iddia “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan, iddia ərizəsi məhkəməyə 1 oktyabr 2021-ci il tarixdən əvvəl daxil olduğundan, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin birinci hissəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü hissəsinə əsasən iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti. Həmin Qanunun 67-ci maddəsinin səkkizinci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun (Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minir) 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Məhkəmə qeyd edir ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunvericiliyinin qüvvədə olan tələbləri müvafq yaş həddinə çatmış (63 yaş + 2 il) yaşa görə əmək pensiyasının təyin olunmasını aşağıdakı hallardan hər hansı birinin mövcud olması ilə şərtləndirir: - sığorta stajından asılı olmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; - 25 il sığorta stajı olduqda. Məhkəmə araşdırılması ilə müəyyən edilən işin faktiki hallarına görə İddiaçı əmək kitabçası və hərbi biletinə əsasən cavabdeh inzibati orqanın mübahisələndirilməyən sosial sığorta stajı 21 il 10 təşkil edir və həmin staja münasibətdə onun toplanmış pensiya kapitalının məbləği 16.182,79 manatdır, halbuki tələb olunan pensiya kapitalı məbləği 28.800 manat olmalıdır. Lakin cavabdeh iddiaçının 6 iyul 1992-ci il tarixdən 10 oktyabr 1992-ci il tarixədək "xxxx" Müstəqil Firmasında, 5 aprel 1994-cü il tarixdən 15 yanvar 1997-ci il tarixədək "xxxx" Firmasında, 1 avqust 1997-ci il tarixdən 1 yanvar 2000-ci il tarixədək "xxxx" ASC-də işlədiyi müddətləri onun sığorta stajı kimi nəzərə almamış və bu halı həmin müəssisələrin arxiv sənədlərinin yoxlanılmasının mümkün olmaması, habelə "xxxx" müstəqil müəssisəsinin 21 noyabr 1994-cü il tarixdən, "xxxx" ASC-nin 20 may 1998-ci il tarixdən, "xxxx" Firmasının isə 15 may 1995-ci il tarixdən dövlət qeydiyyatına alınması, eləcə də "xxxx" Firmasının dövlət qeydiyyatına alındığı tarixdən sonra inventarlaşdırmana keçməklə VÖEN (on rəqəmli) alınması barədə məlumatın olmaması, "xxxx" ASC-nin 1 aprel 2009-cu il tarixdə ləğv olunması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır və qeyd edir ki, 1) iddiaçının əmək kitabçasında əks olunan əmək fəaliyyətinin istər arxiv sənədlərinin əldə olunmaması, istərsə də digər səbəbdən qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının iradəsindən asılı sayılmayan, onun təqsiri olmayan haldır və bu halın mövcudluğu təsdiq olunsa belə, öz-özülüyündə əmək qanunvericiliyinlə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit olunmamışdır. Belə hallar iddiaçının pensiya hüququnu məhdudlaşdırıcı nəticələr doğurmamalıdır; 2) iddiaçının əmək kitabçasındakı qeydlər üzrə məlumatlar, onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən tam sübuta yetirilmədiyindən, müvafiq hissədə mötəbər sayılır; 3) müvafiq dövrdə qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin müddəaları 1 yanvar 2002-ci il tarixədək əmək stajına əmək fəaliyyətinin daxil edilməsini məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirmir. Eləcə də, Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən sığortaedənlərin 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə "xxxx" Müstəqil Müəssisəsi 24 noyabr 1994-cü il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığından, İddiaçı əmək kitabçasındakı 6 iyul 1992-ci il tarixdən 10 oktyabr 1992-ci il tarixədək həmin qurumda işləməsi barədə qeydlər mötəbər sayıla bilməz və həmin dövr sığorta stajı kimi qəbul olunmamalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Lakin iddiaçının əmək kitabçasında "xxxx" Firmasında 5 aprel 1994-cü il tarixdən 15 yanvar 1997-ci il tarixədək işlədiyi qeyd olunsa da, həmin qurum hüquqi şəxs kimi 15 may 1995-ci il tarixdə dövlət qeydiyyatına alındığından, sonradan onun inventarlaşdırmana keçməklə VÖEN (on rəqəmli) alınması barədə məlumat mövcud olmasa da, hüquqi şəxs kimi qeydiyyat tarixindən, əmək kitabçasındakı işdən azad olunma tarixinədək, yəni 15 yanvar 1997-ci il tarixədək 1 il 8 ay müddət onun sığorta stajına daxildir. İddiaçının "xxxx" ASC-dəki əmək fəaliyyətinə gəldikdə isə, məhkəmə vurğulayır ki, ASC dövlət qeydiyyatına 20 may 1998-ci il tarixdə alındığından, həmin tarixdən 1 yanvar 2000-ci il tarixədək iddiaçının həmin qurumdakı əmək fəaliyyətini təşkil edən 1 il 7 ay 11 gün müddət də sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Odur ki, iddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən 21 il 10 ay sığorta stajı onun "xxxx" Firmasında işlədiyi 1 il 8 ay və "xxxx" ASC-də işlədiyi 1 il 7 ay 11 gün sığorta stajı ilə birlikdə 25 il 3 ay 11 gün təşkil edir ki, bu da ona 65 yaşdan yaşa görə əmək pensiyası hüququ verir. Yuxarıdakılara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuna ziddir və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətkəndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı yaşa görə əmək pensiyasının (65 yaşdan) təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının (65 yaşdan) təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar