Məhkəmə qərarları › İş №2-1(112)-13881/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13881/2025

01.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13881/2025 01.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Vahid oğlunun sədrliyi ilə, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsinə qarşı “ölüm faktının reyestrdə qeydə alınması”na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : I. İşin halları: İddiaçı cavabdeh 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək X2 xx.xx.2025-ci il tarixində Krım Muxtar Respublikasının Armyansk şəhərində vəfat etməsi faktını reyestrdə qeydə almaq vəzifəsinin cavabdeh tərəfindən icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əri X3 xx.xx.2025-ci il tarixində Krım Muxtar Respublikasında, hazırda Rusiya Federasiyasının faktiki idarəçiliyi altında olan Armyansk şəhərində ölmüşdür. Bu ölüm faktı Rusiya Federasiyasının müvafiq səlahiyyətli orqanları tərəfindən tərtib edilmiş ölüm haqqında şəhadətnamə və arayışlarla təsdiq edilir. İddiaçının əri Azərbaycan Respublikası vətəndaşı olmuşdur. Onun ölümünün dövlət qeydiyyatının aparılmasının zəruri olması səbəbindən iddiaçı tərəfindən 1 saylı Bakı ASAN Xidmət Mərkəzində qeydiyyat şöbəsinə müvafiq məzmunda müraciət edilmişdir. Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli cavab məktubu ilə ölümün qeydə alınmasından imtina etdiyini bildirmişdir. Səbəb kimi Krım Muxtar Respublikasının Azərbaycan Respublikası tərəfindən Rusiya deyil, Ukrayna ərazisi kimi tanınması göstərilmişdir. İddiaçının ölümünü təsdiq edən yeganə sənəd Rusiya Federasiyasının müvafiq səlahiyyətli orqanlarının təqdim etdiyi sənəddir. Bu ölüm faktı ilə bağlı iddiaçının əlində olan və əldə etmək imkanı olan digər bir sənəd mövcud deyil. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir. BMT və dünya ölkələri tərəfindən sözügedən Krım Muxtar Respublikası Ukrayna ərazisi kimi tanınır. Göstərilənləri nəzərə alaraq bildirilir ki, təqdim edilən sənədin Ədliyyə Nazirliyi Vətəndaşlıq X1 Qeydiyyat və İnformasiya Sisteminə daxil edilməsi mümkün deyildir. İş materiallarına əlavə olunmuş Ölüm haqqında Şəhadətnamədə qeyd olunmuşdur ki, 29 noyabr 1953-cü il tarixində Azərbaycanda anadan olmuş Azərbaycan vətəndaşı X3 16 mart 2025-ci il tarixində vəfat etmişdir. Bu barədə 2025-ci il mart ayının 17-ci günündə ********************7 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm yeri: Rusiya Federasiyası, Krım Respublikası, Armyansk ş. II. Tərəflərin izahatı Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İddianın növü İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia öhdəliyin icrasına dair iddiadır və mümkün hesab edilir. IV. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əri Azərbaycan Respublikası vətəndaşı X3 xx.xx.2025-ci il tarixində Armyansk şəhərində vəfat etmiş və bu Rusiya Federasiyası, Krım Respublikası Simferopol şəhər VVAQ şöbəsi tərəfindən qeydə alınmaqla ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçının tələbi ərinin ölümü haqqında şəhadətnamənin reyestrdə qeydə alınması ilə bağlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsini 195.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı: 8.5-1. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. İddiaçı Azərbaycan Respublikası vətəndaşı olan ərinin ölümü barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarəsinə müraciət edilmədiyini bildirmiş və bunu vəfat etdiyi ölkənin səlahiyyətli orqanlarında ölümün qeydə alınması ilə əlaqələndirmişdir. Qeyd edilən şəhadətnamə Rusiya Federasiyası, Krım Respublikası, Simferopol şəhər VVAQ şöbəsi tərəfindən qeydə alımçış və şəxsin ölüm yeri “Rusiya Federasiyası, Krım Respublikası, Armyansk şəhəri” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın “Vətəndaşlıq vəziyyəti haqqında sənədlərin və digər sənədlərin ötürülməsi” adlı 13-cü maddəsinə əsasən:

1. Razılığa gələn Tərəflər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında sənədlərin bilavasitə Razılığa gələn Tərəflərin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə orqanlar vasitəsilə və sənədlərin ötürülməsi haqqında vətəndaşları məlumatlandırmaqla, sorğu əsasında bir-birinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər.

2. Razılığa gələn Tərəflər sorğu alan Razılığa gələn Tərəfin vətəndaşlarının və onun ərazisində yaşayan digər şəxslərin təhsili, əmək stajı haqqında sənədlərin və onların şəxsi, əmlak və qeyri-əmlak hüquq və maraqlarına aid olan digər sənədlərin sorğu əsasında birbirinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilənin təsdiq edilməsi barədə” müqavilənin 1-ci maddəsinə əsasən razılığa gələn Tərəflər onların suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət edilməsi, hüquq bərabərliyi və bir-birinin daxili işlərinə qarışmamaq, iqtisadi və digər təzyiq vasitələri də daxil olmaqla zor işlətməmək və zor işlədəcəyi ilə hədələməmək, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, mübahisələrin dinc yolla həll edilməsi, insan hüquqlarına və əsas azadlıqlarına hörmət edilməsi, qəbul edilmiş öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsiplərinə, habelə beynəlxalq hüququn digər hamı tərəfindən tanınmış prinsiplərinə əməl edilməsini öhdələrinə götürürlər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının ölümü həmin ölkənin səlahiyyətli orqanlarında qeydə alınmadığından və ölüm faktını təsdiq edən tibbi sənəd təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası qanuna zidd deyil və iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnməmişdir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar