Məhkəmə qərarları › İş №2-1(112)-13887/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13887/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13887/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin xx.xx.2021-ci il tarixdən müddətsiz hesab edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək əlilliyyə görə pensiyanın hesablanaraq ödənilməsi üçün cavabdehə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. İddiaçı tələbi İddiaçı təyin edilmiş əlilliyin “xx.xx.2021-ci il tarixdən müddətsiz hesab edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixədək 2-cü qrup əlil olmuşdur. xx.xx.2020-ci il tarixdə sağlamlığında yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasına müalicə üçün getmişdir. Məlum hadisələrlə əlaqədar (Pandemiya ilə əlaqədar Rusiya Federasiyasryla sərhədlər bağlanmış) müalicəsi bitdikdən sonra Azərbaycana qayıda bilməmişdir. xx.xx.2021-ci il tarixdə əlilliyi (2-ci qrup) dayandırılmışdır. Azərbaycana qayıtdıqdan sonra sənədləri təqdim olunmuş və iddiaçıya yenidən 2-ci qrup əlillik təsdiq olunmuşdur. Üzürlü səbəblərdən vaxtında sənədlərini təqdim etmədiyi dövr üzrə əllilliyə görə pensiyanın ödənilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət ünvanlamışdır. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ərizəmi dolayısı cavablandıraraq (xx.xx.2023-cü il tarixli №3-17-4/2-A- 21766/2023 ünvanına çatma xx.xx.2023-cü il) müraciətindən imtina etmişdir. Hesab edilmişdir ki, inzibati orqanın imtina barədə dəlilləri qanunsuzdur, əsassızdır və işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında’" Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.”... Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə ahına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dairƏsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə,ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15(on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilmişdir. Bəhs edilən sənədlərdə ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün “Forma 88”-in tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. İkinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır ki, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur. Bununla bağlı cavabdeh orqan hətta formalaşmış məhkəmə praktikasını və hüquqi mövqeyini göstərən qüvvədə olan Ali Məhkəmənin qərarlarını da nəzərə almamışdır Hesab edilmişdir ki, o üzürlü səbəblərdən təkrar komissiyada iştirak edə bilmədiyindən Pandemiya zamanı Azərbaycana gələ bilmədiyi ilə əlaqədar dövr üzrə (xx.xx.2021-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək) pensiya hesablanaraq ianə ödənilməlidir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə aparılmış əlillik təyinatının müddəti xx.xx.2021-ci il tarixində bitmiş, sonradan iddiaçının əlillik vəziyyətinə Bakı 10 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni: Obliterasiya edən trombangiit [Byurger xəstəliyi], Burger xəstəliyi Obliterasiyaedici trombangit. Sağ dizaltı arteriyanın stenookkuluziyası. Aşağı ətraf arteriyalarının emboliya və trombozu, Baldır arteriyalarının okkluziyası İİİ dərəcə. Xroniki işemiyası Periferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri, Sağ aşağı ətrafın ll-lll dərəcəli xroniki işemiyası Baldırın travmatik amputasiyası, Sol baldırın yuxarı 1/3-nin amputasion güdülü; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ - İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80- İ80.3, İ83.0-İ83.9);” müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanunun 3.3-1-ci bəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi iddiaçının əlillik müddəti bitdikdən 1 ildən daha çox zaman keçdikdən sonra qiymətləndirmə üçün növbəti göndəriş daxil olmuşdur. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Rablitasiya Agentliyi tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, ona xx.xx.2022-ci il tarixində hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Qeyd edilir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Odur ki, əlilliyin son bitmə tarixi xx.xx.2021-ci il tarixinə təsadüf etdiyindən və əlilliyin bitmə tarixi ilə yeni təyinat tarixi arasında qanunvericilikdə müəyyən edilmiş 6 aylıq müddət ötürüldüyündən ona əvvəlki dövrə dair ödənişin verilməsi mümkün deyildir.

6. TSEK-Müayinələr: - xx.xx.2011-ci il tarixində burger xəstəliyi qeyrin spesifik arterit, sol dərialtı arteriyasının oukluziyası, sol aşağı ətrafın baldırın 3/1 səviyyəsində amputasiyası, yerişin pozulması diaqnozun mətni ilə bir il müddətinə ikinci dərəcə əlillik (burger xəstəliyi qeyrin spesifik arterit) təyin edilmişdir. (Səbəb: hərbi xidmət dövrü ilə əlaqədar) - xx.xx.2014-cü il tarixində burger xəstəliyi qeyrin spesifik arterit, sol dərialtı arteriyasının oukluziyası, sol aşağı ətrafın baldırın 3/1 səviyyəsində amputasiyası, yerişin pozulması diaqnozun mətni ilə bir il müddətinə ikinci dərəcə əlillik (burger xəstəliyi qeyrin spesifik arterit) təyin edilmişdir. (Səbəb: hərbi xidmət dövrü ilə əlaqədar) - xx.xx.2015-ci il tarixində bliterasiyaedici trombongit, sol baldırın orta 2/1 amputasion güdülü, sağ aşağı ətrafın İİ-İİ xroniki işemiyası diaqnozun mətni ilə bir il müddətinə ikinci dərəcə əlillik (sol baldırın orta 2/1 amputasion güdülü) təyin edilmişdir. (Səbəb: hərbi xidmət dövrü ilə əlaqədar) - xx.xx.2016-cı il tarixində bliterasiyaedici trombongit, sol baldırın orta 2/1 amputasion güdülü, sağ aşağı ətrafın İİ-İİ xroniki işemiyası diaqnozun mətni ilə beş il müddətinə ikinci dərəcə əlillik (sol baldırın orta 2/1 amputasion güdülü) təyin edilmişdir. (Səbəb: hərbi xidmət dövrü ilə əlaqədar) - xx.xx.2022-ci il tarixində obliterasiya edən trombangit (byurger xəstəliyi), burger xəstəliyi, obliterasiyaedici trombangit, sağ dizaltı arteriyanın stenookkuluziyası, aşağı ətrafın arteriyalarının emboliya və trombozu, baldır arteriyalarının okkluziyası İİİ dərəcə xronik işemiyası, pereferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri, sağ ətrafın İİ-İİİ dərəcəli xroniki işemiyası, baldırın travmatik amputasiyası, sol baldırın yuxarı 1/3 amputasion güdülü diaqnozun mətni ilə müddətsiz ikinci dərəcə əlillik (2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ-İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ) təyin edilmişdir. (Səbəb: hərbi xidmət dövrü ilə əlaqədar)

7. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı tərəflər iştirak etməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

8. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

10. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.

11. Hazırki iddia müəyyənetmə növündə iddiadır.

12. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

14. Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən: - (status localis) Özünü 2003-dən xəstə hesab edir. Xəstəlik sol aşağı ətrafda ağrı şişkinlik düyünlərin olması ilə başlamışdır. Xəstəliyi ilə əlaqədar xidmət etməkdə çətinlik çəkdiyi üçün xx.xx.2006-də öz ərizəsi ilə hərbi xidmətdən tərxis olunmuşdur. xx.xx.2010-də "Burger xəstəliyi, sol aşağı ətrafın baldırın yuxarı 1/3 səviyyəsinin işemik qanqrena "d-zu ilə MN MHKH-da "Sol aşağı ətraf baldırın orta 1/3 səviyyəsində amputasiyası cərrahi əməliyyat icra olunub.-dən İİ qrup əlildir. Hal-hazırda sağ aşağı ətrafda dizaltı və pəncə nahiyyəsində arterial nəbz zəif hiss edilir. Sağ diz oynağında və baldır nahiyyəsində ağrılar var. Sol aşağı ətraf amputasion güdülü. Əlillik müddəti bitdiyi üçün TSEK-ə göndərilir.

15. Beləliklə, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən: 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

16. İddiaçıya xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərində həyata keçirilmiş qiymətləndirmələr nəticəsində bir il müddətinə, xx.xx.2016-cı il tarixində həyata keçirilmiş qiymətləndirmə nəticəsində beş il müddətinə, xx.xx.2022-ci il tarixində həyat keçirilmiş qiymətləndirmə nəticəsində müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının xx.xx.2011-ci ildən ikinci dərəcə əlilliyin olması və fasiləsiz olaraq təyin olunduğu vaxtdan 10 il müddətində mövcud olması işin mübahisəsiz halıdır.

17. Məhkəmə qeyd edir ki, xx.xx.2016-cı il tarixində həyata keçirilmiş qiymətləndirmə nəticəsində iddiaçıya təyin olunmuş ikinci dərəcə əlilliyin müddəti xx.xx.2021-ci ildə bitmişdir.

18. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən Baldırın travmatik amputasiyası (S88) müddətsiz əlillik təyin edən xəstəlikdir. Həmin qərarın 20 iyul 2023-cü il tarixinə qədər olan qüvvədə olan redaksiyasına əsasən 11.2.9.4. bir ətrafın amputasion bud/baldır güdülləri və ХАÇ İİ mərhələ, digər ətrafda osteoartropatiya orqanizmin funksiyalarının 80 faiz pozulması olmaqla müddətsiz əlillik təyin edən xəstəlik olmuşdur.

19. Məhkəmə hesab edir ki, iddiaçı dörd dəfə qiymətləndirmədən keçmiş və onun sol baldırının yuxarı 1/3 hissəsinin amputasiya olunması işin mübahisəsiz halıdır. Odur ki, qeyd edilən halda xx.xx.2016-cı il tarixində (istərsə də əvvəlki qiymətləndirmələr zamanı) qiymətləndirmə zamanı iddiaçıya müddətsiz deyil, beş illik əlillik təyin edilməsi aydın deyil.

20. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən, (2.4.6) bir budun güdülü (Z89.8), yəni ətrafların olmaması müddətsiz əlillik təyinatına əsas verən xəstəlikdir. Məhkəmə eyni zamanda nəzərə alır ki, XBT-10 yeni baxışa əsasən Z.89 xəstəlik kodu “Ətrafın qazanılma olmaması” başlığı ilə müddətsiz əlillik müəyyən edən “yuxarı və aşağı ətrafların qazanılma olmaması (hər hansı bir səviyyədə)” xəstəliyini nəzərdə tutur. Həmin redaksiyaya ətrafın itirilməsi: • əməliyyatdan sonra • posttravmatik əlamətləri (yəni qazanılma) sonradan daxil edilib. İddiaçıda da məhz aşağı ətrafın (sol baldırın yuxarı 1/3-nin) əməliyyatdan sonra posttavmatik itirilməsi (amputasiyası) həyata keçirilmişdir.

21. Belə olan təqdirdə, iddiaçının İİ dərəcə əlilliyi əlilliyinin əvvəlcədən müddətsiz təyin olunmalı olduğu halda, ona müddətli təyin olunmuşdur. Digər tərəfdən iddiaçının 10 il müddətinə fasiləsiz İİ dərəcə əlilliyi olduğundan (qeyd edilən konkret sağalmaz xəstəlik) həmin dövrdə qüvvədə olan qaydalara əsasən ona müddətsiz əlilliyin təyininə əsas verir.

22. İddiaçının əlillik müddəti xx.xx.2021-ci ildə bitmiş, xx.xx.2022-ci ilə qədər əlillik təyinatı ilə bağlı özündən asılı olmayan səbəblərdən müraciət edə bilmədiyindən qeyd edilən dövrdəki sosial təminat hüquqlarından (pensiya və ya müavinət ödənişindən) məhrum olmuşdur. Odur ki, fasiləsizliyin təmin olunması məqsədilə müddətsiz əlilliyinin məhz həmin xx.xx.2021-ci il tarixdən müəyyən edilməsində iddiaçının hüquqi marağı vardır. Belə ki, onun xx.xx.2021-ci il tarixə artıq qeyd edilən müddətsiz əlillik təyinatına əsas verən sağalmaz xəstəliklə 10 il müddətinə əlil olması işin mübahisəsiz halıdır.

23. Məhkəmə iddiaçının həmin dövrdə xüsusi karantin rejiminin mövcudluğu ilə bağlı ölkədə olmaması səbəbindən əlillik təyinatı ilə bağlı müraciət edə bilməməsini, eləcə də Rusiya Federasiyası ərazisində (A.V.Vişnevski adına Respublika Kliniki Xəstəxanası, damar cərrahiyyəsi şöbəsi) həkim müayinəsinin nəticəsində təyyarədə uçuşun tövsiyə edilməməsinə dair dəlillərini (pasportun müvafiq hissələri və təyyarədə uçuşun tövsiyə edilməməsinə dair qeydlə epikrizdən çıxarış məhkəməyə təqdim edilmişdir) nəzərə alır. Belə ki, iddiaçıya əlillik təyinatı məhz 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə diaqnozu üzrə aparılmışdır. Odur ki, uçuş zamanı yaranan təzyiq fərqlərinin onun səhhətinə mənfi təsir göstərə biləcəyi böyük ehtimalla mümkündür.

24. Odur ki, məhrum olduğu sosial təminat hüquqlarının təmin edilməsi üçün müddətsiz əlilliyinin xx.xx.2021-ci il tarixdən müəyyən olunması onun qanunvericiliklə təsbit olunmuş hüququdur.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

26. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

27. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq ona təyin edilmiş əlillik xx.xx.2021-ci il tarixdən müddətsiz hesab edilməlidir.

28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, təyin edilmiş əlilliyin xx.xx.2021-ci il tarixdən müddətsiz hesab edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı təyin edilmiş əlillik xx.xx.2021-ci il tarixdən müddətsiz hesab edilsin və əlillik altsistemində bununla bağlı qeydlərin aparılması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar