Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13887/2024 12.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı “pulun ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 46240,81 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı təqaüddə olan həkimdir. 20 aprel 2024-cü il tarixdə saat 7-8 radələrində ağzından qan gəlməsi ilə əlaqədar olduğu yerə yaxın olan Bona Dea xəstəxanasının Acil şöbəsinə müraciət etmişdir. İddiaçının KT müayinəsindən keçirdikdən sonra vəziyyətinin ağırlaşması ilə bağlı dərhal renimasiya şöbəsinə yerləşdirmişlər və intubasiya edilərək dərmanlar vasitəsi ilə yatızdırıb müalicəyə başlamışlar. İddiaçı 20 aprel 2024-cü il tarixdən 22 may 2024-cü il tarixədək həmin xəstəxanada stasionar müalicə almışdır və hazırda ev şəraitində müalicəsi davam edirilir. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və Tibbi Sığorta haqqında qanunun tələbləri baxımından İcbari Tibbi Sığortadan yararlanmaq hüququ vardır. Lakin buna baxmayaraq iddiaçı ailə üzvlərinin xəstəxanaya və Ağentliyə şifahi müraciətlərinə baxmayaraq icbatı tibbi sığortadan yararlana bilməmişdir. Nəticədə iddiaçının ailə üzvləri tərəfindən xəstəxanaya 46240,81 manat (628,74 + 32026.10 +13455,97 + 130 manat) məbləğində vəsait ödənilmişdir. Tibbi Sığorta haqqında qanunun 15-4.1.2-ci maddəsinə əsasən, bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək icbari tibbi sığorta üzrə sığortaolunanların hüquqlarına aid edilmişdir. Göründüyü kimi, iddiaçının sığortaolunan olaraq tibb müəssisəsini və həkimi seçmək hüququ vardır. Lakin iddiaçının tibb müəssisəsini seçmək imkanı olmayıb. Onu ağır vəziyyətdə müayinə üçün yaxın xəstəxanaya çatdırıblar və orada dərhal onu reanimasiya şöbəsinə yerləşdiriblər. Başqa sözlə desək, vəziyyəti təxirəsalınmaz olaraq müdaxilə olunmasını gərəkləndirmişdir. Qanunun 15-4.1.2-ci madəsınin tələbindən çıxış edərək qanunun 15-3.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tələblərə cavab verən tibb müəssisələri icbari tibbi sığortada iştirak etmək hüququna maiikdirlər. Bona Dea xəstəxanası müvafiq qaydada qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən xəstəxanadır Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi intermet səhifəsində X7 xəstəxanası ilə müqaviləsinin olmasına dair məlumat yerləşdirilmişdir. Bundan başqa qanunun 15-28.1-ci maddəsinə əsasən, xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-polikiinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd olunmuşdur ki, X8 Hospitalda göstərilmiş müvafiq tibbi xidmətlər tibb müəssisəsində aparılmış tibbi-iqtisadi ekspertiza zamanı dəyərləndirildikdən sonra təcililik statusu təsdiqləndiyi halda tibbi xidmətin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulmuş tariflərə uyğun olaraq tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödəniləcəkdir. Həmin vəsaitin geri qaytarılması üçün tibb müəssisəsinə müraciət edilməsi tövsiyə olunur.
4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi və izahatında bildirdi ki, cavabdeh qismində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi deyil, X3malıdır. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsi təcili və təxirəsalınmaz tibbi yardımla bağlı münasibətləri tənzimləyir: 1) Əgər şəxs təcili tibbi yardım üçün müraciət edirsə, bu zaman tibb müəssisəsi müvafiq tibbi xidmətlərini göstərməli, daha sonra çəkilmiş xərcləri Agentlikdən tələb etməlidir; 2) Təxirəsalınmaz tibbi xidmət göstərilməsi zərurəti olduqda isə şəxsdən hər hansı ödəniş alınmadan pulsuz tibbi yardım göstərilməlidir. Müvafiq maddədəki öhdəliklər ümumi tibb subyektləri üçün (həm dövlət tibb müəssisələri, həm də özəl tibb müəssisələri üçün) nəzərdə tutulmuşdur. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi müxtəlif tibb müəssisələri ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilələr bağlamışdır. Bu tibb müəssisələri arasında X8 Hospital da nəzərdə tutulmuşdur. Tibb müəssisəsi təcili və təxirəsalınmaz tibbi yardım göstərdiyi şəxslər, həmin xidmətlərin məbləği barədə aylıq olaraq Agentliyə hesabat təqdim edir, həmin hesabat əsasında Agentlik tərəfindən ekspertiza həyata keçirilir və həqiqiliyi təsdiq edilmiş tibbi xidmətlərə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə müəyyən edilmiş məbləğlər 1 ay ərzində tibb müəssisəsinə ödənilir. Heç bir halda Agentlik tərəfindən vətəndaşa birbaşa sığorta ödənişi həyata keçirilmir. Konkret işin hallarına əsasən aydın olur ki, şəxs təxminən 1 ay xəstəxanada qalmış və həmin müddətdə tibbi yardım almışdır. Belə olan təqdirdə iddiaçıya göstərilmiş tibbi xidmət təcili hesab edilir (ölüm halındakı şəxsə müdaxilə göstərildiyi halda təxirəsalınmaz tibbi yardım hesab edilir). Agentlik İddiaçı münasibətdə göstərilmiş tibbi xidmət zərfinə əsasən (müayinələr) müvafiq məbləği (təxminən 3400 manat) X8 Hospitala ödənmişdir, tibb müəssisəsi tərəfindən isə şəxsə ödəniş edildiyi bildirilmişdir.
II. İddianın mümkünlüyü
5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
9. Azərbaycan Respublikasının "İnzibati icraat haqqında" Qanundan: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibatı orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
10. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 33. Təcili və təxirəsalınmaz tibbi yardım Vətəndaşlara təcili və təxirəsalınmaz tibbi yardım təcili tibbi müdaxilə tələb edən hallarda (bədbəxt hadisələr, travmalar, zəhərlənmələr və digər xəstəliklər) mülkiyyət formasından asılı olmayaq təcili yardım tibb müəssisələri, eləcə də qanunvericilikdə müəyyən edilmiş qaydada ilkin tibbi yardım etməyə borclu olan şəxslər tərəfindən göstərilir. Dövlət tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir. Özəl tibbi praktika ilə məşğul olan şəxslər təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərirlər. Narkoloji xəstəliklə əlaqədar göstərilən təxirəsalınmaz tibbi tədbirlər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. İxtisaslı təcili və təxirəsalınmaz tibbi yardım təcili yardım və sanitar-aviasiya xidməti tərəfindən təşkil edilir. Təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1.1. xidmətlər zərfi – icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin, habelə dərman vasitələrindən ambulator və ya stasionar şəraitdə istifadənin təmin edilməsi üçün dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin məcmusu; 1.1.5. sığortaçı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini etmək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs, icbari tibbi sığortaya münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 1.1.6. sığortalı – bu Qanunda nəzərdə tutulmuş hallarda öz adından və ya sığortaolunan adından sığorta haqqı ödəyən şəxs; 1.1.7. sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslər; 1.1.8. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə, habelə şərti kompensasiya məbləğinə, könüllü tibbi sığortaya münasibətdə isə könüllü tibbi sığorta müqaviləsinə uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsinə və ya aptek təşkilatına ödənilən maliyyə vəsaiti; 1.1.13. tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə – icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə tibb müəssisəsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanan müqavilə; 1.1.16. tibb müəssisəsi – dövlət və ya qeyri-dövlət səhiyyə sisteminə daxil olan və tibb fəaliyyətini həyata keçirən hüquqi şəxs; Maddə 15-3. Tibb müəssisələrinin və aptek təşkilatlarının icbari tibbi sığortada iştirakı 15-3.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tələblərə cavab verən tibb müəssisələri icbari tibbi sığortada iştirak etmək hüququna malikdirlər. 15-3.2. Tibb müəssisələrinin bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə uyğunluğunun qiymətləndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. 15-3.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verən tibb müəssisəsi arasında tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılır 15-7.1. Tibb müəssisəsinin aşağıdakı hüquqları vardır: 15-7.1.2. bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verdikdə, icbari tibbi sığortanın həyata keçirilməsində iştirak etmək; 15-7.1.3. bu Qanunun 15-19-cu maddəsinə uyğun olaraq bağlanmış müqavilə əsasında göstərilmiş tibbi xidmətə görə sığorta ödənişini sığortaçıdan tələb etmək; 15-7.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunla nəzərdə tutulmuş qaydada apardığı ekspertizanın nəticələrini mübahisələndirmək. 15-7.2. Tibb müəssisəsinin aşağıdakı vəzifələri vardır: 15-7.2.1. bu Qanunun və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərmək; 15-7.2.2. icbari tibbi sığorta çərçivəsində və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə təminat vermək; 15-7.2.3. icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətin uçotunu aparmaq; 15-7.2.4. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin həyata keçirilməsi məqsədilə sığortaolunanlar, onlara göstərilən tibbi xidmətlərin növü, müddəti, keyfiyyəti, şərtləri, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onlarla bağlı həkim sirri təşkil edən məlumatları sığortaçıya vermək; 15-7.2.5. icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmət barədə hesabatları bu Qanunla nəzərdə tutulmuş qaydada və müddətdə sığortaçıya təqdim etmək; 15-7.2.6. onun təqsiri üzündən sığortaolunanların sağlamlığına dəymiş zərərin əvəzini ödəmək; 15-7.2.7. tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə nəzərdə tutulmuş ixtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən öz maliyyə vəsaiti hesabına sığortaolunanı bu xidməti göstərən digər tibb müəssisəsinə göndərmək.
12. “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi (bundan sonra – Sənəd) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-17.4-cü maddəsinə əsasən hazırlanmışdır və icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətlərin siyahısını və tariflərini (o cümlədən, sığorta limitini), növündən asılı olaraq tibbi xidmətlərin göstərilməsi şərtlərini, müştərək maliyyələşmə məbləğlərini, habelə gözləmə müddətlərini müəyyən edir. 1.2. Sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) Qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və (və ya) həmin müəssisələrin göndərişi əsasında göstərilir. 1.3. Sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər tibbi göstəriş olduğu hallarda göstərilir.
5. Təcili və təxirəsalınmaz tibbi xidmətin göstərilməsi şərtləri 5.1. Təcili və təxirəsalınmaz tibbi xidmət çərçivəsində ambulans xidmətinin maliyyələşdirilməsi müvafiq tibb müəssisəsinin xidmət göstərdiyi ərazi vahidlərində yaşayan əhalinin (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olan şəxslərin) adambaşı sayına görə həyata keçirilir. 5.2. Ambulator və ya stasionar şəraitdə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmət bu Sənədin əlavəsində göstərilmiş müvafiq tariflərə uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisəsinə həmin müqavilədə qeyd olunmuş həcmdə ödənilir. 5.3. Təcili və təxirəsalınmaz tibbi xidmətin göstərilməsindən dərhal sonra sığortaolunanın stasionar şəraitdə müalicə olunmasının davamına tibbi göstəriş olduğu hallarda, stasionar müalicədən əvvəl göstərilən tibbi xidmətə görə sığorta ödənişi həyata keçirilmir. 5.4. Təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi mümkün olmadıqda, tibb müəssisəsi öz maliyyə vəsaiti hesabına sığortaolunanın həmin tibbi yardımı göstərən digər tibb müəssisəsinə göndərilməsini təmin edir. 5.5. Kütləvi tədbirlər və hadisələr zamanı (nümayişlər, milli bayramlar və s.) yerli idarəetmə orqanlarının tələblərinə əsasən, müvəqqəti təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin təşkili büdcə vəsaiti hesabına, idman oyunları, müxtəlif mədəniyyət tədbirləri zamanı, habelə istirahət zonalarında təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin təşkili və ambulans xidmətinin ödənişi tədbir təşkilatçılarının vəsaiti hesabına həyata keçirilir.
13. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X8 Hospitalda tibbi xidmət göstərilmişdir və iddiaçı hazırda tibbi xidmətlərlə əlaqədar çəkdiyi xərclərin geri qaytarılması tələb edir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsi təcili və təxirəsalınmaz tibbi yardımla bağlı münasibətləri tənzimləyir: 1) Əgər şəxs təcili tibbi yardım üçün müraciət edirsə, bu zaman tibb müəssisəsi müvafiq tibbi xidmətlərini göstərməli, daha sonra çəkilmiş xərcləri Agentlikdən tələb etməlidir; 2) Təxirəsalınmaz tibbi xidmət göstərilməsi zərurəti olduqda isə şəxsdən hər hansı ödəniş alınmadan pulsuz tibbi yardım göstərilməlidir. Müvafiq maddədəki öhdəliklər ümumi tibb subyektləri üçün (həm dövlət tibb müəssisələri, həm də özəl tibb müəssisələri üçün) nəzərdə tutulmuşdur. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi müxtəlif tibb müəssisələri ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilələr bağlamışdır. Bu tibb müəssisələri arasında X8 Hospital da nəzərdə tutulmuşdur. Tibb müəssisəsi təcili və təxirəsalınmaz tibbi yardım göstərdiyi şəxslər, həmin xidmətlərin məbləği barədə aylıq olaraq Agentliyə hesabat təqdim edir, həmin hesabat əsasında Agentlik tərəfindən ekspertiza həyata keçirilir və həqiqiliyi təsdiq edilmiş tibbi xidmətlərə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə müəyyən edilmiş məbləğlər 1 ay ərzində tibb müəssisəsinə ödənilir. Heç bir halda Agentlik tərəfindən vətəndaşa birbaşa sığorta ödənişi həyata keçirilmir.
15. Məhkəmə qeyd edir ki, qanunvericilik normalarının təhlilindən və cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, tibbi xidmətlərin göstərilməsi haqqında müqaviləyə (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və tibb müəssisələri arasında bağlanmış) əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisəsi tərəfindən təqdim edilmiş hesabat əsasında ekspertiza həyata keçirdikdən (xidmət zərfi olaraq təqdim edilən məbləğin həqiqiliyi təsdiqləmək məqsədilə) sonra müvafiq xidmət zərfinə daxil olan tibbi xidmətlər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 5 nömrəli Qərarı ilə müəyyən edilmiş məbləğdə ödəniş tibb müəssisəsinə verilir, daha sonra tibb müəssisəsi həmin məbləği tibbi xidmət göstərilmiş fiziki şəxsə ödəyir. Nəticədə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tibbi xidmət göstərilmiş fiziki şəxsə birbaşa hər hansı ödəniş həyata keçirilmir, müvafiq sığorta məbləği fiziki şəxsə məhz tibb müəssisəsi tərəfindən ödənilir. Belə ki, bağlanmış müqavilə əsasında göstərilmiş tibbi xidmətə görə sığorta ödənişini sığortaçıdan tələb etmək məhz tibb müəssisəsinin hüququdur. Belə ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə tibb müəssisəsinə ödənilən maliyyə vəsaitidir. (“Tibbi sığorta haqqında” qanunun 1.1.8. və 15-7.1.3-cü maddələri). “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 5 nömrəli Qərarına əsasən ambulator və ya stasionar şəraitdə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmət bu Sənədin əlavəsində göstərilmiş müvafiq tariflərə uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisəsinə həmin müqavilədə qeyd olunmuş həcmdə ödənilir (5.2-ci bənd). Təcili və təxirəsalınmaz tibbi xidmətin göstərilməsindən dərhal sonra sığortaolunanın stasionar şəraitdə müalicə olunmasının davamına tibbi göstəriş olduğu hallarda, stasionar müalicədən əvvəl göstərilən tibbi xidmətə görə sığorta ödənişi həyata keçirilmir (5.3-cü bənd).
16. Belə olan təqdirdə pul tələbi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı deyil, şəxsə tibbi xidmət göstərilmiş X2rşı irəli sürülməlidir.
17. Məhkəmə bununla bağlı nəzərə alır ki, X8 Hospital tibb müəssisəsi olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən olunmur.
18. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi publik hüquq münasibətlərin tənzimlənməsindən irəli gəlmir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə (tibb müəssisəsi) iddiaçı arasında arasındakı mülki hüquq (sığorta) münasibətlərin tənzimlənməsi ilə bağlıdır.
19. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.
20. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.
21. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir.
22. Odur ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla müvafiq hüquqi yardım göstərilərək bildirilmişdir ki, hazırki iddia tələbi inzibati orqan olmayan hüquqi şəxslə (qeyri-kommersiya təşkilatı ilə) iddiaçı arasındakı mülki hüquq (sığorta) münasibətlərinin tənzimlənməsi ilə bağlıdır və mülki məhkəmə icraatının predmetidir. Odur ki, iddiaçının səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur.
23. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona maddi və mənəvi zərər vurulduğunu hesab etdiyi təqdirdə, mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər.
24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
25. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva