Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1389/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin xx.xx.2009-cu il tarixdə verdiyi MH seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsində istifadədə olan 0,0228 ha torpaq sahəsində yerləşən 8 saylı evin 2 nömrəli fərdi yaşayış evinə mövcud eskiz layihəsinə uyğun çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsində istifadədə olan 0,0228 ha torpaq sahəsində yerləşən 8 saylı evin 2 nömrəli mənzil Bakı şəhər DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin xx.xx.2009-cu il tarixdə verdiyi MH seriyalı ******* saylı çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə onlara məxsusdur. Qeyd olunan ünvanda yerləşən mənzil müvafiq qaydada özəlləşəndən sonra, müvafiq İcra Hakimiyyətinin razılığı, eləcə də, təsdiq olunmuş layihəsi əsasında söküb öz vəsaiti hesabına 2 mərtəbəli və mansardlı fərdi yaşayış evi inşa etmişdir. İnşa etdiyi fərdi yaşayış evi şəhərsalma və tikinti normalara uyğun inşa edilmişdir. Hazırda istifadəsində də olan fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı üçün reyestr xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2004-cü il tarixli ********** saylı məktubu ilə müraciət etdi. Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin xx.xx.2024-cü il tarixli 3- 21-3-30/2/KƏ/021- 8/2024 **********78 saylı cavab məktubu ilə onların ərizəsinə imtina edilmişdir. Səbəb kimi əmlak üzərində hüquqların qeydiyyatı üçün hüquqmüəyyənedici sənədlərin təqdim ediməməsi göstərilmişdir. Cavabdehin hərəkəti qanunaziddir, hazırda yaşadığı fərdi yaşayış evi müvafiq çıxarışa əsasən onların paylı mülkiyyətindədir, belə ki, onlara məxsus çıxarışda qeyd edildiyi kimi 0,0228 ha həyətyanı sahədə şəxsi vəsaiti hesabına inşa edib və təyinatı ilə bağlı bütün tikinti normalarına tərəfindən tam əməl edilmişdir. Onlar cavabdeh təşkilata müraciəti zamanı mənzilə aid müvafiq çıxarışı və evin eskiz layihəsini təqdim etmişdir. Cavabdehin qeyd edilən səbəblərdən müraciətinə imtina etməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhər DƏDRX-nin 1 saylı ərazi İdarəsinin xx.xx.2009-cu il tarixli MH seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Keçlə qəsəbəsi, Yarış küçəsində olan 0.0228 ha torpaq sahəsində yerləşən 8 saylı evin 2 nömrəli fərdi yaşayış evinə mövcud eskiz layihəsinə və iddiaçıların paylarına uyğun çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin DƏDRX-nin 1 saylı Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli **********03 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar bildiririk ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsində yerləşən 8 saylı evin 2 nömrəli mənzili sökülərək yerində fərdi yaşayış evi inşa edilmişdir. İnşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzilin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanıilə təsdiq edilmiş “Daşımaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş layihədə qeyd olunan torpaq sahəsinin perimetrik ölçüləri ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Sökülmüş mənzil daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ üzrə X2 1/2 hissə, X3 1/2 hissə olmaqla qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Keçlə qəsəbəsi, Yarış küçəsində istifadədə olan 0.0228 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 1 mərtəbəli binada 38.8 kv.m ümumi, 12 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X2 ½ hissə, X3 ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 898 nömrəli reyestr kitabının 83458 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialarına əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82()-1124/2019 nömrəli qərarına əsasən, iddia təmin edilmiş, İddiaçı1 və İddiaçı2 məxsus, Bakı şəhər ünvan 4i yaşayış evinin eskiz layihəsinin razılaşdırılması ilə bağlı müvafiq sərəncamın verilməsi vəzifəsi Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 11-13/999 nömrəli iddiaçılara ünvanladığı məktubunda göstərilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, İş № 2-1 (82)-1124/2019 saylı Qərarı ilə Sizə məxsus ünvan 4i yaşayış evinin eskiz layihəsinin razılaşdırılması Nizami Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Məhkəmə Qərarının icrasını təmin etmək məqsədi ilə Keşlə qəsəbəsi, Yarış küçəsi 8 ünvanındakı fərdi yaşayış evinin təqdim etdiyiniz eskiz layihəsi ("xxxx" MMC—lisenziya № 088507) Məhkəmənin qərarı əsas götürülərək razılaşdırılır. Sənədləşdirilmə işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn tələblərə əməl etmək şərti ilə aparılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yarış küçəsi, ev 8 mənzil 2-də yerləşən İddiaçı1 və İddiaçı2 məxsus 2 mərtəbəli və mansardlı ərdi yaşayış evinin eskiz layihəsi "xxxx" MMC tərəfindən tərtib edilmiş və Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdə razılaşdırılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xx.xx.2024-cü il tarixli **********00 nömrəli məktubu ilə təqdim edilən xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keçlə qəsəbəsi, Yarış küçəsində yerləşən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlər üzrə otaqlarının sayı 1, ümumi sahəsi 38.8 kv.m, yaşayış sahəsi 12.0 kv.m-dir. Faktiki isə otaqlarının sahəsi 12, ümumi sahəsi 233.6, yaşayış sahəsi 93.0, köməkçi sahəsi 140.6, ərazinin ümumi torpaq sahəsi 271.9 kv.m-dir. Mənzil paylı mülk olmuşdur. Qeydiyyatdan keçmiş mənzil sökülərək yerində təqdim olunan eskiz layihəyə uyğun 2 mərtəbəli+ mansarddan ibarət fərdi yaşayış evi tikilmişdir, ancaq eskiz-layihədə sahə göstərilməmişdir. Evin ətrafında, ərizəçilərin istifadəsində olan 161.4 kv.m torpaq sahəsi daş hasara alınmışdır. 1-ci mərtəbənin döşəməsindən mansardın tavanının altına qədər olan məsafə 10.40 metrdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xx.xx.2024-cü il tarixli **********84 nömrəli məktubla təqdim edilən sənədlərdən görünür ki: -Nizami rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-780-07 nömrəli qətnaməsinə əsasən, Bakı şəhəri, Nizami rayonu , Yarış küçəsində yerləşən 8 saylı evin 2-ci mənzilinin 1/2 lussəsi X3 mülkiyyətində saxlanılmış, Bakı şəhəri, Nizami rayonu Yanş küçəsində yerləşən 8 saylı evin 2-ci mənzilinin 1/2 hissəsi X2 payı hesab edilmiş, Bakı şəhəri, Nizami rayonu, Yanş küçəsində yerləşən 8 saylı evin 2-ci mənzilinin mövcud vəziyyətdə 1/2 hissəsinin X5, qalan 1/2 hissəsi isə X1 adına qeydiyyat yazısının aparılması Azərbaycan Respublikasının Daşlnmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi idarəsinə həvalə edilmişdir. -Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2007-ci il tarixli 18/2007 nömrəli qətnaməsinə əsasən iş üzrə Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi iddia təmin edilsin” hissəsində “iddia qismən təmin edilsin” sözləri ilə əvəz edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(102)-496/08 nömrəli qərarına əsasən,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman qeydiyyata alınmış mənzil sökülərək 2 mərtəbəli fərdi yaşayış evinin tikildiiyi məlum olmuşdur. Bundan başqa sözügedən mənzilin yerləşdiyi torpaq sahəsinə və yeni inşa edilən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar arixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüyyənedici sənədlər təqim edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, işin hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsində yerləşən 8 saylı evin 2 nömrəli fərdi yaşayış evinə xx.xx.2009-cu ildə bərabər payda (hər birinə ½ hissə) olmaqla iddiaçıların adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Daha sonra iddiaçılar mənzili sökərək yerində 2 mərtəbəli, mansardlı fərdi yaşayış evi inşa etmiş, evin layihəsini "xxxx" MMC tərəfindən tərtib edilmiş, layihə ilk növbədə Nizami rayon İcra Hakimiyyəti tərəfindən razlaşdırılmamış, təsdiq edilməmişdir. İddiaçı fərdi yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsi ilə bağlı Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82()-1124/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı1 və İddiaçı2 məxsus, Bakı şəhər ünvan 4i yaşayış evinin eskiz layihəsinin razılaşdırılması ilə bağlı müvafiq sərəncamın verilməsi vəzifəsi Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qərar qanuni qüvvəsini almış, icra olunması üçün Nizami rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 11-13/999 nömrəli iddiaçılara ünvanladığı məktubu ilə ünvan 4i yaşayış evinin eskiz layihəsi razılaşdırılmış, bu barədə "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəyə Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin “xx.xx.2019-cu il tarixdə razılaşdırılmışdır” möhürü vurulmuşdur. İddiaçılar hazırkı halda sözügedən Bakı şəhər ünvan 4i yaşayış evinə mövcud vəziyyətdə, yəni sonradan tikilmiş 2 mərtəbəli və mansardlı fərdi yaşayış evinə mülkiyyət hüququnun paylarına mütənasib qeydiyyata alınmasını mübahisələndirirlər. Cavabdehin müraciətin təminindən imtina əsası ondan ibarətdir ki, inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzilin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinası ilə razılaşmır. Belə ki, sözügedən Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsi 8-də yerləşən, 2 saylı ünvanda yerləşən tikili ilkin olaraq ümumi sahəsi 38.8kv.m olmaqla mənzil kimi qeydiyyata alınmışdır. Arxiv sənədlərində mənzilin yerləşdiyi torpaq sahəsi ilə bağlı torpaqayırma sənədi olmasa da, iddaçıların adlarına olan xx.xx.2009-cu il tarixli reyestr qeydiyyatına dair çıxarışda mənzilin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.0228 ha olaraq göstərilmişdir. Başqa sözlə, mülkyyət hüququ qeydiyyata alınmış mənzilin yerəşdiyi torpaq sahəsinin ölçüsü 0.0228 ha olmaqla iddiaçıların istifadəsində olduğu qeyd edilmişdr. Daha sonra sözügedən mənzil sökülmüş və sökülmüş mənzilin yerində 2 mərtəbəli, mansardlı fərdi yaşayış evi inşa edilmişdir. İnşa edilmiş tikili mənzil kimi texniki göstəricilərə deyil, fərdi yaşayış evinə xas olan yerləşmə və texniki xüsusiyyətlərə malik olması işin mübahisələndirilməyən halıdır. Belə ki, sözügedən yeni inşa edilmiş tikilinin eskiz layihəsi tərtib edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən yerli icra hakimiyyəti orqanı tərəfindən xx.xx.2019-cu ildə razılaşdırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; -8.0.9.2-ci maddəısinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi xx.xx.2013-cü il tarixədək tikilmiş fərdi yaşayış evlərinə mülkiyyət hüququnun qeydə alınması üçün hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı, xx.xx.2013-cü ildən sonra məlumatlandırma icraatı qaydasında tikilmiş fərdi yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikintinin başa çatdıqdan sonra məlumatlandırmanı təsdiq edən sənəd tələb olunur. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün tələb olunan sənədlərdən torpaqayırma sənədi mövcud olmasa da, iddiaçıların adlarına daşınamz əmlakın dövlət reyestrində qeydə alınmış xx.xx.2009-cu il tarixli qeydi mövcuddur, həmin qeyddə iddiaçıların mülkiyyətində olan mənzilin isifadədə olan 0.0228ha ölçüdə torpaq sahəsində yerləşdiyi blavasitə öz əksini tapmışdır. Başqa sözlə, iddiaçıların qanuni istifadəsində 0.0228ha ölçüdə torpaq sahəsi mövcuddur və iddiaçılar həmin ölçüdə olan torpaq sahəsində yeni fərdi yaşayış evi inşa etmişlər. Belə olan halda cavabdehin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ilkin torpaqayırma sənədinin təqdim edilməsinin tələb edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: - 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur -80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. -80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. -80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. -80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir Cavabdeh tərəfindən keçirilmiş yerli müayinə aktında iddia olunan yeni tikilmiş tikilinin mənzil deyil, fərdi yaşayış evi olduğu, təqdim olunan, yerli icra hakimiyyəti ilə razılaşdırılmış layihəyə uyğun 2 mərtəbəli+mansarddan ibarət, 1-ci mərtəbənin döşəmə hissəsindən mansardın tavanına qədər hündürlüyünün 10.40 m olduğu, bununla da tikilinin icazə icraatı tələb etməyən, bilavasitə məlumatlandırma icraatı qaydası tətbiq edilən fərdi yaşayış ev olduğu müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Keçlə qəsəbəsi, Yarış küçəsində olan 0.0228 ha torpaq sahəsində yerləşən 8 saylı evin 2 nömrəli fərdi yaşayış evinə mövcud eskiz layihəsinə və İddiaçı1 oğlu və İddiaçı2 paylarına uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1389/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1389/2025
02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver