Məhkəmə qərarları › İş №2-1(112)-13891/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13891/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13891/2023 22.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Mütəllim qızının cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər X15 və X10 “qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiaları üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı Mütəllim qızının, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Mütəllim qızının cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı, X15 və X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 2/21 hissə X4, 9/21 hissə İddiaçı Mütəllim qızının (bundan sonra - iddiaçı), 2/21 hissə X7, 2/21 hissə X3, 2/63 hissə X8, 2/63 hissə X5, 2/63 hissə X11 və 4/21 hissə X12 ümumi paylı mülkiyyətindədir. X15 (bundan sonra – üçüncü şəxs) iddiaçının keçmiş gəlinidir və xx.xx.2018-ci il tarixdə iddiaçının razılığı ilə həmin mənzilə pasport qeydiyyatına alınmışdır. İddiaçı X13 (hazırkı iş üzrə iddiaçının oğlu) cavabdeh X14 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, e-2(004)-1824/2022 saylı qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiqlənərək iş üzrə icraata xitam verilmişdir. Sazişin şərtlərinə görə, X14 15000 manat kompensasiya verilməklə ünvan 2 ünvanda yerləşən 157 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi barədə tərəflər razılığa gəlmişlər. İddiaçı üçüncü şəxsin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxsin ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1977-ci ildə X17 ilə rəsmi nikaha girmiş, həmin ildən də ünvan 5 ünvanında yerləşən mənzilə gəlin köçüb. Bu nikahdan iki oğlu, bir qızı dünyaya gəlmişdir. X1 2015-ci ildə vəfat edəndən sonra, A.M.Şərifzadə küçəsi ev 61 ünvanında yerləşən ümumi mülkün altı pay vərəsə mülkiyyətçisindən biri o olub. X6 2008ci ildə nikaha daxil olmuşdur. Bu nikahdan iki qız övladı doğulmuşdur. Ailə qurduğu gündən 2020-ci ilə qədər övladları və həyat yoldaşı ilə birgə oğluna məxsus olan, Yeni Yasamal massivi Dadaş Bünyadzadə 3 A küçəsində yerləşən, ("xxxx" MMC) iki otaqlı mənzildə yaşayıblar. Adı çəkilən şirkətə məxsus binanın çıxarışı olmadığına görə oğlunun həyat yoldaşı (üçüncü şəxs) və övladları 2018-ci ildən mülkiyətçisi olduğu Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 61 ünvanında yerləşən mənzilə qeydiyyata düşüblər. 2021-ci ildə oğlu həyat yoldaşı ilə rəsmi nikahdan ayrılıb. Oğlunun keçmiş həyat yoldaşı ailə qurduqdan sonra birgə yaşadıqları mənzillə bağlı yaşamaq hüququnun tanınmasına görə iddia qaldırıb. Sonradan tərəflər arasında barışıq sazişi bağlanıb. Oğlunun keçmiş həyat yoldaşı, 15000 manat müqabilində kompensasiyanı qəbul edərək, birgə yaşadıqları evdə yaşamaq hüququ tələbini geri götürüb. Keçmiş gəlini və nəvələri bir gün belə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 61 ünvanında yerləşən mənzildə yaşamayıblar. Bunu qonşuları və keçmiş gəlini də təsdiq edə bilər. Nəvələrinin qeydiyyatda olmasına heç bir etirazı yoxdur. Amma keçmiş gəlininin oğlu ilə rəsmi nikahdan ayrılmasını, aralarında heç bir əlaqə və münasibətin olmamasını və onunla birgə heç vaxt yaşamadığını nəzərə alaraq, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə müraciət edərək, iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Üçüncü şəxs F.Ağayeva iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə mübahisəli mənzil iddiaçı da daxil olmaqla, ümumi paylı mülkiyyətdir. Üçüncü şəxs iddiaçının keçmiş gəlinidir və iddiaçının oğlu ilə üçüncü şəxs arasında olan nikah pozulmuşdur. Üçüncü şəxs iddiaçının razılıq ərizəsi ilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınmışdır. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı üçüncü şəxsin həmin evdən pasport qeydiyyatından çıxarılmasına yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxs faktiki yaşamadığı və istifadə hüququ olmadığı iddiaçıya məxsus mənzildə qeydiyyatdadır. Belə ki, iddiaçının təqdim etdiyi məhkəmə qərardadından görünür ki, üçüncü şəxsin iddiaçının oğluna məxsus olan ünvan 2 ünvanda yerləşən 157 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, üçüncü şəxsin istifadə hüququ ilə bağlı mübahisə, hazırda iddia tələbinin predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış ilə bağlı deyil, üçüncü şəxsin iddiaçının oğlu ilə birgə yaşadığı 157 nömrəli mənzillə bağlı olmuşdur. Həmçinin müəyyən edilir ki, üçüncü şəxs ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşamır. Belə ki, məhkəməyə təqdim edilmiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı tərəfindən Salyan rayon sakini X2 icarəyə verilmişdir. Məktuba iddiaçı ilə Ə.Ələkbərov arasında bağlanmış icarə müqaviləsi əlavə edilmişdir. Həmçinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8.09.2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçının oğlu ilə üçüncü şəxs arasında olan nikah pozulmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə görə, şəxs yaşayış yerini dəyişdikdə (yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən) müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, iddiaçının ailə üzvü olmayan və faktiki olaraq həmin mənzildə yaşamayan və istifadə hüququ olmayan üçüncü şəxs qeydiyyatdadır. Məhkəmə evin paylı mülkiyyətdə olması və paylı mülkiyyətçilərdən yalnız iddiaçının iddia qaldırması və üçüncü şəxs F.Ağayevanın iddia tələbinə münasibətinin öyrənilməsi ilə bağlı qeyd edir ki, məhkəmə sorğularına cavab olaraq təqdim edilmiş materiallarında müəyyən edilir ki, üçüncü şəxs iddiaçının keçmiş gəlinidir və 2018-ci ildə iddiaçının razılıq ərizəsinə əsasən həmin evə qeydiyyata düşmüşdür. Ona görə də, üçüncü şəxsin qeydiyyatdan çıxarılması da təkcə evin paylı mülkiyyətçilərindən iddiaçının iradəsinə əsasən həyata keçirilməsi mümkündür. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: Maddə 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; Maddə 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Normalardan göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçiləri qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sərəncam vermək ixtiyarına malikdirlər. Üçüncü şəxsin həmin evə pasport qeydiyyatına alınması iddiaçının iradəsi ilə həyata keçirildiyindən (onun keçmiş gəlini olmuşdur) onun qeydiyyatdan çıxarılması paylı mülkiyyətçilərin iradəsinə uyğundur. Həmçinin sadalanan normalardan göründüyü kimi, əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur. Hazırkı işdə isə, üçüncü şəxsin həmin evdən qeydiyatdan çıxarılması evin özgəninkiləşdirilməsi, yüklü edilməsi və ya təyinatının dəyişdirilməsi hesab edilmir. Digər tərəfdən Məcəllənin 215.3-cü maddəsində paylı mülkiyyətçilərin bir-birləri ilə bağlı paylı mülkiyyətə dair hansı səlahiyyətləri ləğv etmək və məhdudlaşdırmaq hüququnun olmadığı hallar sadalanmışdır. Hazırkı iddia tələbinin təmin edilməsi sadalanan halların heç birinə aid deyil. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, üçüncü şəxsin mübahisəli mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxs özünün faktiki olaraq yaşadığı yeni yaşayış yeri üzrə qeydiyyata alına bilər. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. X9 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar