Məhkəmə qərarları › İş №2-1(112)-13894/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13894/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13894/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixindən etibarən ömürlük təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixindən etibarən ömürlük təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələblərinə əsasən 24 iyul 2015ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Lakin 24 iyul 2021ci il tarixindən əlilliyə görə əmək pensiyası, ümumi əsaslarla yaşa görə əmək pensiyası növü ilə əvəz olunmuş və əlilliyə görə əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu müraciətə cavab olaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2015-ci il tarixində qüvvədə olan tələblərinə əsasən sizə həmin tarixdən xx.xx.2021ci il tarixinədək İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Həmçinin, təqdim etdiyiniz əmək kitabçalarınızın və digər sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığınız dövr, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövr, eyni zamanda əmək kitabçalarınızın surətlərində qeyd edilən digər dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 33 il 5 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququnuz yaranan tarixidək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 33144,8 manat pensiya kapitalı əsasında sizə xx.xx.2021-ci il tarixindən 447,90 manat yaşa görə əmək pensyası təyin olunmuşdur.” İddiaçı hesab edir ki, cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.2-ci maddəsində nəzərdə tutulmuş norma kobud surətdə pozulmuşdur. Belə ki, qanuna əsasən, ona pensiya yaşına çatdığı, yəni 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixindən etibarən ömürlük təyin edilməli idi. Bununla əlaqədar iddiaçının müraciətinə imtina cavabı verilmişdir. Mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlilliyin müddətinin bitməsi ilə əlaqədar ödəniş xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən, 01,09.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil illəri, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 33 il 5 ay 27 gün sığorta stajı və 01.01,2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 33144,80 manat pensiya kapitalı əsasında xx.xx.2021-ci il tarixdən (əlilliyə görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən) 447,96 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hal-hazırda aktiv əlillik dərəcəsi olmadığı üçün yaşa görə əmək pensiyasının əlilliyə görə əmək pensiyası növünə keçirilməsi mümkün hesab edilməmişdir. Əlavə olaraq, iş materiallarından görünür ki, iddiaçı X2 əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixdən etibarən ömürlük təyin olması ilə bağlı qanunvericiliyin tələbinə əsasən müraciəti qeydə alınmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cаvаbdеhin nümayəndəsi L.R.Məmmədova iddiaya dair cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır, ona xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təyin edilmiş İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmiş, xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitməsi ilə əlaqədar olaraq pensiya ödənişi cavabdeh tərəfindən dayandırılmış, xx.xx.2021-ci il tarixdən isə cavabdeh öz təşəbbüsü ilə iddiaçıya yaşa görə əmək pensiyasını təyin etmiş və 463,19 manat məbləğində pensiya ödəməyə başlamışdır. İddiaçı hesab edir ki, ona əlilliyə görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunsuz olmuş, belə ki, artıq 02 dekabr 2019-cu il tarixindən əlilliyə görə ömürlük əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh imtinasının onunla əsaslandırır ki, iddiaçının aktiv əlillik dərəcəsi olmadığı üçün yaşa görə əmək pensiyasının əlilliyə görə əmək pensiyası növünə keçirilməsi mümkün deyil. Məhkəmə cavabdehin yuxarıda göstərilən mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir Həmin Məcəllənin 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşin faktiki hallarına əsasən iddiaçıya ümumi xəstəlik səbəbilə İİ dərəcəli əlilliyə görə əmək pensiyası xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təyin edilmişdir. İddiaçının xx.xx.2019-cü il tarixdə 65 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanununun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Yuxarıda qeyd edilmiş qanun normalarına əsasən, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyası hüququ olan şəxslərə cavabdeh inzibati orqan tərəfindən avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilməsi nəzərdə tuulmuşdur. Belə olan halda, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanununun 32.2-ci maddəsinə əsasən 65 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdə əlilliyə görə ömürlük əmək pensiyası hüququ yarandığından cavabdeh tərəfindən yaşa görə əmək pensiyası deyil, əlilliyə görə əmək pensiyası təyin edilməli idi Cavabdehin imtinanın əsası kimi və etirazda qeyd etdiyi dəlillərə (iddiaçının aktiv əlillik dərəcəsinin olmaması, yaşa görə əmək pensiyadan əlilliyə görə əmək pensiyası növünə keçməsinin mümkün olmaması) gəldikdə məhkəmə qeyd edir ki dəlillər əsassızdır. Belə ki, iddiaçının 65 yaşı tamam olduğu tarixdə (xx.xx.2019-cu il tarixdə) ona xx.xx.2015ci ildən xx.xx.2021-ci ilədək təyin edilmiş əlilliyi davam edirdi. Bundan başqa qeyd edilməlidir ki, qanun ilə avtomatlaşdırılmış qaydada təyin edilən əmək pensiyasının yalnız yaşa görə əmək pensiyası olması göstərilməmişdir. Yəni cavabdeh inzibati orqan qanunvericiliyin normalarını nəzərə alınmaqla iddiaçının 65 yaşından yarandığı hüququna uyğun olaraq əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsinə dair müvafiq inzibati akt qəbul etmək əvəzinə ona yaşa görə əmək pensiyasının təyinatını aparmışdır. Eyni zamanda iş materiallarından aydındır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olması ilə bağlı qanunvericiliyin tələbinə əsasən cavabdeh orqana müraciət etməmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 34.2-ci maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasından, əlilliyi olan şəxslərin reabilitasiyasından, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyası üçün şərait yaradılmasından, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasından, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsindən ibarətdir və həmin siyasətin davam olaraq qanunvericilik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxsin ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilməsini nəzərdə tutulması barədə normanı qanuna daxil etmişdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 65 yaşı tamam olduğu tarixdən əlilliyə görə ömürlük əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır. İddiaçının 2021-ci ilə qədər ümumi xəstəlik səbəbilə İİ dərəcə əlil olmasını və həmin müddətə qədər əlilliyə görə pensiya aldığını nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Qanununun 32.2-ci maddəsini əsas götürərək iddiaçıya əlilliyə görə əmək pensiyası ömürlük təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, ona əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixindən etibarən ömürlük təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixindən etibarən ömürlük təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar