Məhkəmə qərarları › İş №2-1(112)-13895/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13895/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13895/2023 22.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 22 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1958-ci il təvəllüdlür. xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuşdur (2 il 25 gün), 530 №-li Attestata əsasən iddiaçı xx.xx.1971-xx.xx.1973- cü illərdə Texniki-Peşə məktəbində təhsil almışdır (1 il 10 ay 26 gün), 22 iyul 1974-cü il tarixli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1974-xx.xx.1976-cı illərdə Avtomobil Təmiri Zavodunda çilingər işləmişdir (2 il, 3 gün), xx.xx.1976-xx.xx.1978-ci illərdə “Xəzərbeftflot” İdarəsinin Qəza-Xilasedici dəstəsində dalğıc vəzifəsində işləmişdir (1 il, 8 ay, 3 gün), xx.xx.1980-xx.xx.1983-cü illərdə N.Nərimanov adına NQÇİ-də qazmaçı köməkçisi vəzifəsində işləmişdir (3 il, 23 gün), xx.xx.1983-xx.xx.1999-cu illərdə Quyuların Əsaslı və Yeraltı Təmiri sexində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator vəzifəsində işləmişdir (16 il 2 ay, 15 gün), xx.xx.1999-xx.xx.2006-cı illərdə Quyuların Əsaslı və Yeraltı Təmiri sexində usta vəzifəsində işləmişdir (6 il, 10 ay, 13 gün), xx.xx.2006-xx.xx.2012-ci illərdə Quyuların Əsaslı və Yeraltı Təmiri sexində boru-alət meydançasının rəisi vəzifəsində işləmişdir (5 il, 5 ay, 6 gün), xx.xx.2012-xx.xx.2023-cü il tarixinədək Quyuların Əsaslı və Yeraltı Təmiri sexində usta və böyük usta vəzifələrində işləmişdir (11 il, 1 ay, 1 gün). Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Cavabdeh tərəfindən 3-17-1/3-3-14296/2023 №-li, xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarla iddiaçıya xx.xx.2010-cu il tarixdən (52 yaşdan) əmək pensiyası təyin edilmiş, pensiya məbləği 1452,60 manatdan, 1051,11 manata azaldılmışdır. İddiaçı pensiya məbləğində olan azalmaya aydınlıq gətirilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin "a" bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Araşdırma zamanı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınızın tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq sizin əmək pensiyanız aşağıdakı qaydada hesablanıb. Pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınız 31 il 11 ay 13 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajınıza uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinə qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən həmin tarixə pensiyanızın sığorta hissəsi 37,72 manat (31,95 il x 170 manat :144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 58,45 manat müəyyən edilərək üzərinə xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 5915,52 manat sığorta kapitalınıza uyğun 41,08 manat (5915,52:144) və baza hissəsi (75,00 manat) əlavə edilərək 174,53 manat (58,45+75,00+41,08 (indeksləşdirilərək və sonrakı yenidən hesablanmalar nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 1051,11 manat)) ödənilməli olduğu halda, səhvən 50 yaşınızın tamam olduğu xx.xx.2008-ci il tarixinə 344,04 manat (indeksləşdirilərək və sonrakı hesablamalar nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 1452,60 manat) əmək pensiyası müəyyən edilməklə ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə ola redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla sizə 21505,94 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunub. Həmin artıq ödənilmiş 21505,94 manat pul vəsaiti cari ilin aydan etibarən hissə-hissə (hər ay 105,11 manat) əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-14296/2023 nömrəli qərarının ləğv edilməsi, hər ay 105,11 manat məbləğində pulun əmək pensiyasından tutularaq büdcəyə ödənilməsinin dayandırılması və pensiyasından tutulmuş pul vəsaitinin ona geri ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona qanunvericiliyin tələblərinə uyğun olaraq 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxtdan etibarən aylıq pensiya haqqı vaxtlı-vaxtında ödənilmiş və sonrakı artımlar da nəzərə alınmaqla 01 iyun 2023-cü il tarixinə pensiyasının aylıq məbləği 1450,0 manat təşkil etmişdir. Lakin iyun 2023-cü il tarixdən başlayaraq aylıq pensiya haqqının məbləği təqribən 400,0 manat azaldılmaqla 1051,11 manata endirilərək ödənilmişdir. Cavabdehin onun pensiyasını azaltmağı barədə hərəkətləri onun hüquqlarını pozmuşdur. Tələb olunan stajı yaş həddində dəyişikliyin başlandığı xx.xx.1997-ci ilədək topladığından, yəni staja görə 50 yaşdan pensiya almaq hüququ yarandığından, yaş həddindəki dəyişiklik (ağırlaşdırıcı hal) ona münasibətdə tədbiq edilməməldir. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur Həmçinin etirazda bildirilmişdir ki, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı tərəflərindən inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibatı icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-V-140063/2023 nömrəli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuşdur. İddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıq ödənilmiş vəsatin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-14296/2023 nömrəli qərar qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. İddiaçı xx.xx.2023-cü il tarixində artıq ödənilmiş vəsaitin onun əmək pensiyasından 10 faiz məbləğində tutulmasına etiraz etmədiyinə dair ərizəsini (surəti əlavə olunur) Mərkəzi Filiala təqdim etmişdir. Bundan sonra iddiaçının əmək pensiyasından artıq ödənilmiş vəsaitin tutularaq büdcəyə bərpa edilməsinə başlanılmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən iddiaçıya xx.xx.2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmiş, lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarla iddiaçıya xx.xx.2010-cu il tarixdən, yəni 52 yaşından əmək pensiyası təyin edilmiş, pensiya məbləği 1452,60 manatdan, 1051,11 manata azaldılmışdır. Hazırda iddiaçı qeyd olunan qərarın ləğv edilməsini, əmək pensiyasından tutulmanın dayandırılmasını və tutulmuş pul vəsaitinin geri qaytarılmasını xahiş edir. Cavabdeh hesab edir ki, iddiaçıya 50 yaşdan deyil, 52 yaşda pensiya təyin edilməli idi. Çünki Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmış, 1 abqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı cavabdehin bu mövqeyini əsassız hesab edərək bildirir ki, tələb olunan stajı yaş həddində dəyişikliyin başlandığı xx.xx.1997-ci ilədək topladığından, yəni staja görə 50 yaşdan pensiya almaq hüququ yarandığından, yaş həddindəki dəyişiklik (ağırlaşdırıcı hal) ona münasibətdə tədbiq edilməməldir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Baxılan işdə iddiaçının 1.08.1997-ci ilədək ümumi və xüsusi stajının olması işin mübahisələndirilməyən halı olmaqla, iş materiallarında olan sənədlərlə müəyyən edilir. Məhkəmə cavabdehin yaşla bağlı mövqeyini əsassız hesab edərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi, həmin Qanunun qüvvəyə mindiyi günədək, güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi hüququnu tanımışdır. Belə olan halda, iddiaçının əgər xx.xx.1997-ci ilədək 20 il ümumi və 10 il xüsusi stajı vardırsa, o zaman iddiaçının 50 yaşının sonradan, yəni qanunda müvafiq dəyişikliklərin edildiyi xx.xx.2000-ci ildən sonra tamam olması, onun qazanılmış hüququna təsir etməməlidir. Oxşar işlər üzrə, məhkəmə təcrübəsi də bu istiqamətdədir. Belə ki, 57 yaşdan pensiya təyin edilməsi üçün şəxsin xx.xx.2006-cı ilədək, ümumi və xüsusi stajının olması şərti ödənilikdə, şəxsin 57 yaşının xx.xx.2006-cı ildən sonra tamam olmasının, ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyinatının aparılmasına təsir etmir. Qeyd olunanlara əsasən, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını xx.xx.1997-ci il tarixinədək topladığına görə ona əmək pensiyası 52 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni iddiaçının 50 yaşının tamam olduğu tarixdən təyin edilməlidir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi belə əsaslandırılmışdır (2-1(102)- 2641/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qərar). İddiaçıya 52 yaşdan pensiya təyin edilməsini məhkəmə əsassız hesab etdiyindən, tələbin digər hissələri də, yəni bu əsasla iddiaçının pensiyasından tutulmaların aparılmasının qadağan edilməsi və aparılmış tutulmaların geri qaytarılması barədə tələbləri də əsaslıdır. Cavabdeh maddi hüquq normasını səhv tədbiq edərək iddiaçının pensiyasını azaltdığından, iddiaçının inzibati icraat zamanı onun pensiyasından tutulmaların aparılmasına razılıq verməsi, hazırkı iddia tələbinin həmin hissəsinin təmin edilməsinə heç bir mane yaratmır. Belə ki, cavabdehin mövqeyi ümumiyyətlə yanlış olmaqla, aparılmış inzibati icraat da, bu səhv yanaşmanın nəticəsi olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 03 iyul 2023-cü il tarixli 3- 17-1/3-3-14296/2023 nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən hər ay 105,11 manat məbləğində pulun İddiaçı əmək pensiyasından tutularaq büdcəyə ödənilməsinin dayandırılması və pensiyasından tutulmuş pul vəsaitinin İddiaçı geri qaytarılması öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar