Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13896/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçılar İddiaçı4, İddiaçı8 Nəbi oğlunun, İddiaçı7 Məmməd oğlunun və İddiaçı20 Qurban oğlunun, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi X4 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Hüseynov X14, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 258 nömrəli qərarının və xx.xx.2006-cı il tarixli 297 nömrəli müqaviləsinin etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 258 nömrəli qərarının və xx.xx.2006-cı il tarixli 297 nömrəli müqaviləsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar yaşadıqları binanın qarşısındakı həyətdə əhalinin təşəbbüsü ilə 1980-cı illərdə tikilən və 2012-ci ildə yenidən qurulan xeyir-şər evinin - (əvvəllər tanımadığımız şəxs) X3 adına özəl obyekt kimi qeydə alınması və xx.xx.2018 tarixli Reyestr Çıxarışının verilməsi bardə məlumatsız olmuş, çıxarış məsələsi gizli saxlanılmışdır. Bu barədə 2023-cü ilin fevral ayında təsadüf nəticəsində Quliyev Emin adlı şəxs tərəfindən bildirildikdə məlum olmuşdur. Sakinlərin şikayətləri nəticəsində belə məlum olmuşdur ki, X3 adı ilə qeydə alınmış xx.xx.2018 tarixli. ******* saylı Çıxarışın verilməsinə əsas olmuş Binəqədi Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 258 saylı qərarı və xx.xx.2006-cı il tarixli, 297 saylı alqı-satqı müqaviləsi tamamilə saxtadır, rastlaşdıqları hal sənəd saxtakarlığından ibarətdir, nəticəsi iddiaçıların qanuni mənafeyini pozur. Belə ki, iddiaçılar ünvanı qeyd olunan binaların 1970-ci illərdən etibarən sakinləridir, burada yaşayırlar və binalarına dair həyətlərin abadlaşdırılmasında, yaşıllaşdırılmasında xidmətləri olmuşdur. Binaların əhatə etdiyi ərazi - Bakı Şəhərinin Baş Planına əsasən Landşaft Rekreasiya zonası kimi əhalinin zəruri istifadəsi üçün təyin edilmiş və 1974-cü ildən etibarən BŞİK-nın Mədəniyyət Şöbəsinin balansında Ana və Uşaq Parkı qurulmuş, 1980-ci illərdə “X17” münasibətilə başlanmış xoşməramlı tədbirlər zamanı həmin Rekreasiya Zonasının müəyyən hissəsində, futbol meydançası, Kirov Rayon Şəhmat Məktəbi, yaşıllıq istirahət sahələri təşkil edilmiş, əhalinin təşəbbüsü ilə xeyir-şər evi tikilmiş, daimi istifadəsində olmuşdur. Növbəti mərhələdə xeyir-şər evinin yanında 30-35 kv.m ölçülü, yüngül konstruksiyadan ibarət olan dondurma və limonad satışı üçün Çeburaşka adlı köşk qurulmuşdur. X11 dağıldıqdan sonra köşkün adı "xxxx" kimi qeyd edilmiş və həmin köşkdə sahibləri tərəfindən artırma işləri aparılmaqla xeyir-şər evinin divarlarına birləşdirilmiş, sakinlər etiraz etdikdə həmin artırmanın bir tərəfi sökdürülmüş, müəyyən hissəsi isə qalmış və bunun müvəqqəti olduğu bildirilmişdir. 2004-cü ildə "xxxx" obyektini digər şəxslər, yəni Bakı İnşaat MTK tərəfindən satın alınmış və xeyir-şər evinin də MTK-ya satılması üçün danışıqlar aparmış, lakin əhali tərəfindən birmənalı şəkildə etiraz edilmişdir. Bir müddət sonra gecə saatlarında MTK-nın adamları tərəfindən xeyir-şər evinin dam örtüyü vurub sındırılmışdır. Sakinlər öz vəsaitləri hesabına dam örtüyünü təmir etdirmişdir. MTK növbəti mərhələdə burada çoxmərtəbli tikinti işlərinin aparılması məqsədilə "xxxx" obyektini sökdürüb ləğv etdirmiş, bu zaman xeyir-şər evinin dam örtüyünü təkrarən vurub zədələmiş, istifadəyə yararsız hala salmağa çalışmışdır. Əhalinin şikayətləri ilə bağlı aparılmış kompleks araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, aparmaq istədikləri tikintiyə görə MTK tərəfindən hazırlanmış sənədlər saxtadır, burada çoxmərtəbəli tikinti işlərinin aparılmasına dair dövlət tərəfindən icazə verilməyib, MTK- nın hərəkətləri qanunsuzdur. Özbaşınalığın qarşısı alınmış, lakin MTK həyətimizin dağıdılmış hissəsini bərpa etməkdən imtina etdiyinə görə sakinlər səfərbər olaraq əraziyə texniki vasitələr və inşaat materialları gətirmiş, bərpa etməyə başlamışlar. Həmin vaxtlarda Binəqədi Rayon İcra Hakimiyyətinin başısı əraziyə gəlib sakinlərlə görüşərək bildirmişdir ki, vətəndaşların ardıcıl şikayətlərinin qanuna uyğun surətdə təmin edilməsi məqsədilə məsələ yuxarı orqanlar tərəfindən nəzarətə götürülmüşdür və müvafiq köməkliklər göstəriləcəkdir. Xeyir-şər evinin yaxınlığında, 182 nömrəli binanın həyətində 1988-ci ildən etibarən iddiaçılara - sakinlərə məxsus olan 12 sayda qaraj mövcud olmuşdur. Təklif olmuşdur ki, həmin qarajların sahibləri ilə razılaşdırılsın, qarajlar oradan götürülsün, xeyir-şər evi ora köçürülsün, xeyirşər evinin əvvəlki yeri isə abadlaşdır ilsin, bununla da söz-söhbət tamamlansın. Məsələ xeyir-şər evi ilə bağlı olduğuna görə qaraj sahiblərinin çox hissəsi razılaşmışlar. Tikintiyə başlanan zaman isə İcra hakimiyyəti tərəfindən bidlirilmişdir ki, 1 saylı Mənzil İstismar Sahəsinin özünün iş otaqları yoxdur, hazırki yer icarəyə götürülmüşdür, ona görə də burada iki mərtəbə tikiləcək, birinci mərtəbə xeyir-şər evi kimi, ikinci mərtəbə isə Mənzil İstismar sahəsinə veriləcək. Bu hal hamının narazılığına səbəb olmuşdur və qaraj sakinləri qarajların əvəzini tələb etmişlər. Nəticədə yeni xeyir-şər evinin tikintisi yarımçıq dayandırılmış, əvvəlki xeyir-şər evinin bir tərəfi isə sökdürülmüş halda saxlanılmışdır. İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, əhali ilə İcra Hakimiyyəti arasında yekdil fikir olmadığına, narazılıqlar yarandığına görə İcra Hakimiyyəti məsələyə qarışmaq istəmir və məqsədəuyğundur ki, təmir-bərpa işləri sakinlərin özləri tərəfindən davam etdirilsin. Ərazidə yaşayan imkanlı şəxslərin və digərlərinin köməkliyi ilə abadlıq və xeyir-şər evi ilə bağlı tədbirlər davam etdirilmişdir. Bir müddət sonra Bakı Şəhər İcra Hakimiyyəti, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, AR FHN və digər orqanlar tərəfindən gəlmiş nümayəndələr tikinti işlərini dayandırmış və danışıqları belə olmuşdur ki, “inşaat materiallarının əhalinin şəxsi vəsaiti hesabına alınması, köməklik göstərilməsi mümkündür, lakin tikinti işləri aidiyyatı orqanlar, o cümlədən İcra Hakimiyyəti və Bələdiyyə tərəfindən təşkil olunmalıdır və təmir-bərpa işlərinin təsdiqlənmiş layihə əsasında həyata keçirilməsi barədə Rayon İcra Orqanlarına məktublar təqdim olunmuşdur, əks təqdirdə isə belə alınır ki, burada özbaşına tikinti işləri aparılır. BİŞH MŞBİ tərəfindən sakinlərə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan ərazidəki xeyir-şər evi yaxınlıqdakı məsafədə yenidən bərpa edilir, digər tədbirlər həyata keçirilir, lakin gələcəkdə aparılan abadlıq işləri mütləq qaydada sakinlərin narazılıq və xahişləri nəzərə alınmaqla və təsdiqlənmiş layihə sənədləri əsasında həyata keçirilməlidir. Binəqədi RİH-in xx.xx.2012 tarixli cavab məktubunda bildirilmişdir ki, ərazidəki qaraj və xeyir-şər evinin sökdürülməsi və yenidən qurulması abadlıq işləri çərçivəsində sakinlərin razılığı əsasında həyata keçirilmişdir. AR DŞAK, Binəqədi Bələdiyyəsinin xx.xx.2013, xx.xx.2012 tarixli cavab məktublarında bildirilmişdir ki, qeyd olunan ünvanda əhalinin istifadəsi üçün xeyir-şər evi qurulur, digər tikintiləri nəzərdə tutulmamışdır. Tikinti Dövlət Orqanlarının nəzarəti ilə həyata keçirilmiş, sökdürülmüş köhnə xeyir-şər evinin salamat materiallarından yenisinin tikintisində istifadə olunmuş, tələb olunan digər materiallar da alınmış, sakinlərin köməkliyi ilə tikinti başa çatdırılmışdır. Xeyir-şər evi hazır olduqdan sonra qapının açarları sakinlərdə olmuş, toplanmış vəsait hesabına müxtəlif məişət əşyaları, avadanlıqlar, o cümlədən soyuducu, elektrik plitəsi və s. alınmış, əsasən hüzür məclislərində istifadə olunmuş, bu istiqamətdə hər hansı bir problemlər baş verməmişdir. Covid-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təyin edilmiş məlum qadağalar zamanı (2020-ci ilin əvvələrindən) xeyir-şər evindən istifadə edilməsi dayandırılmış, polis tərəfindən nəzarətdə saxlanılmışdır. 2023-cü ilin fevral ayının sonlarında tanımadıqları şəxslər xeyir-şər evi ilə bərabər həyətin bir hissəsinin ətrafına gül dibçəklərindən ibarət “hasar” çəkərək bağlanmış, xeyir-şər evinin və ərazinin onlara məxsus olduğunu bildirmişlər. Məlum olmuşdur ki, qapının açarları sakinlərin xəbəri olmadan dəyişdirilmiş və məişət əşyaları götürülmüşdür. Məsələ mübahisələrə səbəb olmuş və İcra Hakimiyyəti, polis tərəfindən gəlmiş nümayəndələrin tələbi ilə dibçəklər ərazidən dərhal yığışdırılmışdır. Ərazidə olan şəxslər bildirmişlər ki, dibçəklərin əraziyə kimlər tərəfindən gətirildiyi və kimlər tərəfindən düzüldüyündən xəbərləri yoxdur və məlumatsızdırlar. 5-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, xeyir-şər evi üzrə X5 adına xx.xx.2023-cü il tarixli Reyestr Çıxarışı verilmişdir, ona görə də mübahisəli məsələ ilə əlaqədar olaraq məhkəməyə müraciət olunmalıdır. Quliyev Emin bildirmişdir ki, o bu yeri Elşən adlı şəxsdən satın almışdır və alarkən burada məişət əşyaları görməyib. Bildiririk ki, Elşən adlı şəxs tərəfindən burada hər hansı bir tikinti işləri aparılmayıb, məsələ aydınlıq gətirilməsi məqsədilə Elşən adlı şəxslə görüşülüb danışılmasının təşkil edilməsini, həmin Reyestr Çıxarışı ilə tanış olmağını dəfələrlə xahiş etsək də, E.Z.Quliyev imtina etmiş və sakinlər məcburən dövlət orqanlarına müraciət edərək həmin Çıxarışın ləğv edilməsini xahiş etmişlər. Məsələ ilə bağlı AR İN Əmlak Məsələləri Dövlət Xidmətinin Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2023 tarixli cavabında qeyd olunmuşdur ki, ünvanı göstərilən topaq sahəsi üzrə Binəqədi Bələdiyyəsi tərəfindən X3 adı ilə verilmiş xx.xx.2006 tarixli, 258 nömrəli qərar və xx.xx.2006-cı il tarixli, 297 nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixli İstismar Aktı və Reyestr Çıxarışı verilmişdir. Və sonradan xx.xx.2023cü il tarixdə X5 adı ilə qeydə alınmışdır. Tikintiyə İcazə sənədləri verən orqanların xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli cavab məktublarında konkret olaraq bildirilmişdir ki, qeyd olunan ünvanda mövcud xeyir-şər evinin özəl obyekt kimi M.F.Məmmədovun adma qeydə alınması barədə həmin orqanlarda məlumat yoxdur və Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət olunmalıdır. Binəqədi RİH-in xx.xx.2023, xx.xx.2023-cü il tarixli cavabında bildirilir ki, istismar aktının verilməsi İcra Hakimiyyətinini səlahiyyətinə daxil deyil, məsələ barədə Binəqədi Rayon İcra Hakimiyyətinin arxivində məlumat yoxdur, lakin araşdırmalar zamanında obyektin Quliyev Elşən adlı şəxsin adına qeyd alındığı müəyyən edilmişdir, məsələ ilə əlaqədar AR Milli Arxiv İdarəsinə müraciət olunmalıdır. AR Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2023-cü il tarixli və AR Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli cavablarında bildirilmişdir ki, Binəqədi Bələdiyyəsinin adıgedən xx.xx.2006-cı il tarixli qərarı və xx.xx.2006-cı il tarixli müqaviləsi barədə həmin orqanların arxivlərinə məlumat daxil olmayıb. Binəqədi Bələdiyyəsinin adıgedən həmin qərarının tapılması və ləğv edilməsi barədə yazılmış ərizəyə cavab olaraq Binəqədi Bələdiyyəsinin xx.xx.2023-cü il, xx.xx.2023 və sonuncu xx.xx.2023-cü il tarixli məktublarında konkret olaraq bildirilmişdir ki, qeyd olunan xeyir-şər evinin yerləşdiyi ərazi Bələdiyyənin inzibati Ərazi Vahidinə daxildir, ictimai/ümumi əsaslar üçün təyin olunmuşdur və həmin torpaq sahəsinin satılması üzrə Binəqədi Bəldiyyəsi adından qeyd olunan xx.xx.2006-cı il tarixli, 258 nömrəli qərar və xx.xx.2006-cı il tarixli, 297 nömrəli alqı-satqı müqaviləsi X2 Bazasında (Arxivində) aşkarlanmamışdır, mövcud deyil. Məsələ ilə əlaqədar olara məhkəməyə müraciət olunması tövsiyə olunur.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən iddiaçılara ünvanlanan məktubda qeyd olunmuşdur ki, ünvan ünvanda yerləşən ümumi sahəsi 153.7 kv.m olan qeyri-yaşayış binası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 258 nömrəli qərarına, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 297 nömrəli müqaviləyə, xx.xx.2018-ci il tarixli 89 nömrəli istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə İstismarına icazə sənədinə əsasən ilkin olaraq xx.xx.2018-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-79 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə X6 adına qeydiyyatdan keçmişdir.
4. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanan xx.xx.2023-cü il tarixlə məktubda qeyd olunmuşdur ki, Binəqədi Rayon Binəqədi Bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 258 saylı qərar və xx.xx.2006-cı il tarixli, 297 saylı müqavilə X1 məlumatlar Bazasında aşkarlanmamışdır və sözügedən qərarın etibarsızlığı ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.
5. Məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdime edilmiş məktubda qeyd olunmuşdur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 2000-2010-cu ilə aid qərarları və həmin qərarların qəbul edilməsinə əsas olmuş sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. Aidiyyəti üzrə müraciət etmək tövsiyə olunur.
6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd olunmuşdur ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 2006-cı ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.2006-cı il tarixli 258 saylı və xx.xx.2006-cı il tarixli 297 saylı müqavilə Dövlət arxivinin Bakı filialına təhvil verilməmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 258 saylı qərarı mövcud deyil, arxivdə və X1 məlumat bazasında aşkarlanmamışdır.
II. İddianın növü və mümkünlüyü
8. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 258 nömrəli qərarının etibarsız sayılmasını tələb edir.
11. Odur ki, iddianın növü müəyyən etmə və ya tanınma haqqında iddiadır.
12. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
13. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
14. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X7rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X8rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
16. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
17. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
18. Məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən mübahisələndirilən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 258 nömrəli qərarı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin avtomatlaşdırılmış elektron məlumat bazasında və arxivində tapılmamışdır. Beləliklə, iddia tələbinin predmeti olan qərarın mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
19. Odur ki, iddiaçıların konkret halda müvafiq (mövcud olmayan) qərarın etibarsız hesab edilməsi tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə, konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
20. İddia tələbinin ikinci hissəsinə uyğun olaraq, iddiaçı xx.xx.2006-cı il tarixli 297 nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir.
21. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: 4.İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
22. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
23. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan olsa belə, alqı-satqı müqaviləsinin etibarsız sayılması mülki hüquq münasibətlərindən irəli gəldiyi üçün (cavabdehin ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil) mülki mühakimə icraatının predmetidir və inzibati icraat qaydaları ilə tənzimlənmir.
24. Digər tərəfdən həmin əqdin də mövcud olması müəyyən edilmir.
25. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan iddianın mümkün sayılmaması onun məhkəməyə çatım hüququnun pozulması ilə nəticələnmir.
26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
27. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva