Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-139/2022 25.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 473 saylı torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ona Əzizbəyov (indiki Xəzər rayonu) rayon XDS İK-nin 11 saylı 03.07.1990-cı il tarixli qərarı ilə 875 kv.m sahəsi olan fərdi ev tikmək üçün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 473 saylı torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan o, torpaq sahəsinin qanuni istifadəçisidir. Torpaq sahəsini hasara alıb və orada ev tikərək ailəsi ilə birlikdə yaşayıb. Torpağa dair Xəzər RİHB-nin 07.12.2018-ci il tarixli məktubuna əsasən istifadələrində olan 473 saylı torpaq sahəsinin cizgisi və xəritəsindən çıxarışın verilməsi qəsəbə nümayəndəliyinə tapşırılmış və bunun nəticəsində onun adına Buzovna qəsəbə nümayəndəliyi tərəfindən torpağa dair cizgi və xəritədən çıxarış hazırlanmışdır. Torpağa dair plan və ölçünü və dövlət reystrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin ona imtina məktubu ilə bildirilmişdir ki, torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, o, qanunvericiliklə tələb olunan bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin hazırki (işin nömrəsi 2-1(112)-1694/2020) iş üzrə 09.09.2020ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən və İddiaçı faktiki istifadəsində olan 473 saylı 855 kv. metr torpaq sahəsinə dair İddiaçı adına plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
4. Qeyd edilən məhkəmə qərarı ilə müəyyən edilir ki: -Əzizbəyov rayon X5 İcraiyyə Komitəsi tərəfindən verilmiş “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında “03 iyul 1990-cı il tarixli 11 №-li Qərarın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şükürova (hazırda Həsənova) Fatmaxanım Alxas qızına Buzovna qəsəbəsində 473 №-li sahədə fərdi ev tikmək üçün 875 kv. metr torpaq sahəsi ayrılmışdır. -Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış 18.03.2020-ci il tarixli 247 №li məktubda göstərilmişdir ki, keçmiş Əzizbəyov rayon XDS İK-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 1990-cı ilə dair arxiv sənədləri, o cümlədən 03.07.1990-cı il tarixli, 11 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Bakı şəhər İcra hakimiyyətinin arxivinə müraciət olunması tövsiyə olunmuşdur. -Bakı şəhər İcra hakimiyyəti başçısının aparatı tərəfindən H-93-112 №li 30.03.2017- ci il tarixli arxiv arayışı ilə Əzizbəyob rayon X5 İcraiyyə Komitəsinin 1990-cı il tarixli 11 №li qərarının təsdiqlənmiş surəti İddiaçı göndərilmişdir (arxiv arayışı və qərarın təsdiqlənmiş surəti iş materiallarına əlavə olunmuşdur). -Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti Başçısının Həsənova (Şükürova) Fatmaxanım Alxas qızına ünvanladığı 07.12.2018-ci il tarixli H-141/2-091/2 №li məktubda Əzizbəyov rayon XDS İK-nin 11 saylı, 03.07.1990-cı il tarixli qərarı ilə Buzovna qəsəbəsində ev tikmək üçün ayrılmış 473 saylı torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışın verilməsi barədə rayon icra Hakimiyyətinə unvanlanmış ərizəyə baxıldığı, ayrılmış torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışın hazırlanıb təsdiq edilərək, göndərildiyi bildirilmişdir (torpaq sahəsinin cizgisi və xəritədən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmişdir). -Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyəti X1 İdarəsinin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə ünvanladığı məktubda idarənin mütəxəssislərinin İddiaçı iştirakı ilə yerində müayinə aparılarkən X1 idarəsinin balansında olan Bilgəh nasos stansiyası yaxınlığında sonuncuya məxsus daş hasara alınmış evin Bilgəh nasos stansiyasının və D700 mm-lik təzyiqli boru xəttinin mühafizə zolağına aid olmadığının müəyyən edildiyi, ona görə də sənədləşdirilməsinə etiraz olunmadığı bildirilmişdir. -cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********96 №li 17.06.2020-ci il tarixli məktubda göstərilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirilmişdir. Göstərilən torpaq sahəsi hasar daxilində faktiki 855,0 kv. metr təşkil edir (sənəd üzrə 875,0 kv. metr). Üzərində 1 mərtəbəli yaşayış evi və həyət tikililəri mövcuddur. Torpaq sahəsinin şərq sərhəddindən 21,0 metr məsafədən diametri 500 mm olan su borusunun keçdiyi müəyyən olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28.07.2020-ci il tarixli 10/715 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində 473 №li sahədə yerləşən torpaq sahəsinə baxış keçirilən zaman ölçü işləri aparılaraq torpaq sahəsinin hasarından Bilgəh nasos stansiyasına qədər olan məsafə 72 metr, D700 mm-lik təzyiqli boru xəttinə qədər olan məsafənin isə 21 metr olduğunu, “Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 2.6-1-in 9.23-cü bəndini (cədvəl 140). “Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti X1 İdarəsi”nin məktubunu, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsini nəzərə aldıqda torpaq sahəsinin Bilgəh nasos stansiyasının və D700 mm-lik təzyiqli boru xəttinin mühafizə zolağına düşmədiyi müəyyən olunur. Şükürova (Həsənova) Fatmaxanım Alxas qızının faktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində 473 №li sahədə yerləşən 875 kv. metr torpaq sahəsinin ölçüləri ilə Əzizbəyov rayon X5 İcraiyyə Komitəsi tərəfindən verilmiş “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 03 iyul 1990-cı il tarixli 11 №li qərarda və Xəzər rayon İcra hakimiyyəti Başçısının Buzovna Qəsəbə nümayəndəliyi və rayon Təsərrüfat şöbəsi tərəfindən təsdiq edilmiş cizgi-xəritədə göstərilən torpaq sahəsinin ölçülərinin üst-üstə düşdüyü müəyyən olunur. -cavabdehin **********09 №li 30.08.2019-cu il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, Əzizbəyov (indiki Xəzər) rayon XDS İK-nin 11 saylı. 03.07.1990-cı il tarixli qərarı əsasında adına verilmiş Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 473 saylı torpaq sahəsinin dövlət torpağı olub-olmaması barədə aidiyyatı quruma təkrar sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göstərilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğu bildirildiyindən müraciətin təmin olunması mümkün olmamışdır.
5. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-255/2021 nömrəli iş üzrə 01.02.2021-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1694/2020 nömrəli iş üzrə 09 sentyabr 2020- ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilmişdir. Qərarda bildirilmişdir ki: -...mübahisəli torpaq sahəsinin hüquqi statusu müəyyən edilməmiş, bu məsələnin dəqiqləşdirilməsi üçün sübutlar toplanmamış və araşdırılmamış, o cümlədən iş üzrə məhkəmə ekspertizası təyin edilməmiş, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən zəruri prosessual hərəkətlər edilməmiş, qeyd olunan mübahisəli fakt hər hansı mötəbər sübutla təkzib olunmadan, iddianın formal qaydada təmin edilməsinə üstünlük verilmişdir. Halbuki, iş məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd əldə edilməli idi. Bu məqsədlə qeyd olunmalıdır ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. AR Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 28.07.2020-ci il tarixli 10/715 nömrəli ekspert rəyinun verilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən ekspert qarşısında yalnız iki: 1. torpaq sahəsi Bilgəh nasos stansiyasının və D700 mm-lik təyziqli boru xəttinin mühafizə zolağına düşürmü? 2. torpaq sahəsi ilə cizgi-xəritədə göstərilən torpaq sahələri üst-üstə düşürmü? sualları qoyulduğu üçün, həmin ekspert rəyi ilə mübahisəli torpaq sahəsinin hüquqi statusu və rejimi, o cümlədən yaşayış təyinatı üçün nəzərdə tutulan ərazilərdə yerləşib-yerləşmədiyi müəyyən edilməmişdir...
6. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə 07.05.2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qeyd edilən göstərişləri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır. - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, yerləşən 473 saylı torpaq sahəsinin məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq kateqoriyası barədə (kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları); - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, yerləşən 473 saylı torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənmə (məhdudiyyətlər) barədə; Rəyin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, yerləşən 473 saylı torpaq sahəsinin koordinatlar üzrə yerləşmə sxemi təqdim edilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim olunmuş mütəxəssis rəyinə əsasən müəyyən olunur ki: - iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin mütəxəssisləri tərəfindən araşdırma aparılmış ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir). -iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən ərazi 864 kv.m təşkil edir, yaşayış məntəqəsi təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır. Mübahisələndirilən əraziyə hər hansı hüquqi və fiziki şəxsə eləcə də İddiaçı torpaq sahəsinin ayrılması, hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilmədi (sxemlər əlavə edilir).
8. Məhkəmənin 24.11.2021-ci il tairixli qərardadı ilə iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 473 saylı torpaq sahəsinin faktiki ölçüsü 864 kv.m olmaqla plan-ölçü sənədinin və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.
9. Cavabdeh iddianın dəyişdirilməsinə etiraz etməmişdir.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, Əzizbəyov (indiki Xəzər) rayon XDS İK-nin 11 saylı 03.07.1990-cı il tarixli qərarı əsasında iddiaçının adına verilmiş Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 473 saylı torpaq sahəsinin dövlət torpağı olub-olmaması barədə aidiyyatı quruma sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göstərilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğu bildirildiyindən müraciətin təmin edilməsi mümkün olmamışdır. Belə ki, məsələ ilə bağlı ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, koordinatları təqdim edilmiş sözügedən torpaq sahəsi elektron baza məlumatlarında dövlət mülkiyyəti kimi göstərilmişdir. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla iddianın rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
13. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
18. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.
22. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
25. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
26. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0.5. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 5.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 5.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 5.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 5.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
17. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
18. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyinə əsasən, mübahisələndirilən ərazi 864 kv.m təşkil edir, yaşayış məntəqəsi təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır. Torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq iddiaçının istifadəsindədir. Qeyd edilən torpaq sahəsi üzərinə hazırda iddiaçının hüquqları formal olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından elektron baza məlumatlarına əsasən dövlət mülkiyyətində olması iddiaçının hüquqlarının qeydə alınmaması üçün əsas ola bilməz və məhkəmə cavabdehin bu dəlilini hüquqların qeydiyyatından imtina üçün əsaslı, ağlabatan və qanunla qarşıya qoyulan məqsədə mütənasib hesab etmir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
20. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
21. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
22. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
23. İddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
24. X7 Məhkəməsi dəfələrlə qərarlarında əmlak marağı olduqda “aktiv”i, eləcə də hüququ təsdiq edən məhkəmə qərarlarını (“X3 A.O” Belçikaya qarşı; Burdov Rusiyaya qarşı işlər), icarə hüququnu (İatridis Yunanıstana qarşı iş) mülkiyyət kimi qiymətləndirmişdir.
25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Əzizbəyov (indiki Xəzər) rayon XDS İKnin 11 saylı 03.07.1990-cı il tarixli qərarı ilə təsdiq edilmiş maddi maraq iddiaçının mülkiyyətini təşkil edir və iddiaçının torpaq sahəsinə faktiki ölçülərinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
26. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən və İddiaçı faktiki istifadəsində olan 473 saylı 864 kv.m. torpaq sahəsinə dair İddiaçı adına plan və ölçü sənədinin tərtib edilməsi, xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva