Məhkəmə qərarları › İş №2-1(112)-1390/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1390/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1390/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bilgəh bələdiyyəsi tərəfindən ona ayrılmış 640 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsi əsasında Bilgəh Bəllədiyyəsi onun ərazisində yerləşən və istifadəsində olan 640 kv.metr torpaq sahəsini alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi barədə qərar qəbul etmiş və tərəflər arasında alqı-satqı aktı bağlanmışdır. Cavabdeh isə sənədlərin əslinin təqdim edilməməsi səbəbindən imtina vermişdir. Həmin sənədlər isə iddiaçıda mövcuddur. Bu səbəbdən iddia təmin edilməlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********87 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim olunmuş “Torpaqların alqı-satqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanına uyğun deyil. Belə ki, “Torpaqların alqı-satqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Həmçinin qeyd olunan torpaq sahəsinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, torpaq sahasi onun istifadəsindədir. Həmin torpaqla bağlı bütün ödənişləri bələdiyyəyə ödəyir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 052 saylı, 15 avqust 2007-ci il tarixli qərarında Bilgəh qəsəbəsi ərazisində 16-cı dalanda yerləşən 1525 saylı bağın 640 kv.metr artıq sahəsi Torpaq Məcəlləsinin 59cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) ünvan 1 ünvanda yaşayan iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı ilə Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsi 15 avqust 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Seriya AEP, 834848 nömrəli, xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən iddiaçı torpaq alqı-satqısı üçün 1741,00 manat məbləğində pul ödəmişdir. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 7 iyun 2024-cü il tarixli, 51 nömrəli məktubunda bildirilmişdir ki, Bilgəh bələdiyyəsinin 2000- 2008-ci illərə aid sənədlərin Arxiv İdarəsinin 18 fevral 2009-cu il tarixli aktına əsasən oxunması mümkün olmadığına görə ləğv edilmişdir. Ona görə də, vətəndaşa torpaq sahəsi barədə məlumat vermək mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindn məhkəmə sorğusuna əsasən xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) 10 may 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması məqsədilə ayrılmış ərazilərin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşib-yerləşmədiyinə dair məlumat verilməsi barədə iddiaçının Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığı məktubuna baxılmış, araşdırma müddəti ərzində vətəndaş tərəfindən təqdim olunmuş Əmlak Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ƏEM/A06-220/24 nömrəli məktubunda göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsinin daş hasarının 0,2 metrlik məsafəsindən SOCARın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan yanmayan materialdan olan dayaqlar (polad) üzərində quraşdırılmış 3 ədəd d40 mm-lik (istismara verildiyi tarix: 2017-ci il) aşağı təzyiqli yerüstü qaz kəməri keçir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 052 saylı, 15 avqust 2007-ci il tarixli qərarı ilə Bilgəh qəsəbəsi ərazisində 16-cı dalanda yerləşən 1525 saylı bağın 640 kv.metr artıq sahəsi Bilgəh bələdiyyəsi tərəfindən ona ayrılmış 640 kv.metr torpaq sahəsinin ona ayrılmasına əsaslanaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi bələdiyyələrin iclaslarında həll edilir (144.İ. 6)). Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (145.İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (145. İİ.). “Bələdiyyələrin statusu haqqında” Qanunda göstərilmişdir ki, bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır (16.1). Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur (6.). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). Göründüyü kimi Bilgəh Bələdiyyəsinin xx.xx.2007-cü il tarixli, 052 saylı qərarı və həmin qərarın əsasında duran sənədlər nə Dövlət Arxivinin Bakı Filialında, nə də Bələdiyyənin həmin dövrə aid olan arxiv məlumat bazasında aşkar edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədin isə arxiv nüsxəsi həmin sənədi vermiş bələdiyyə orqanında belə aşkar edilmədiyi üçün həmin sənəd mötəbər sayıla bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bilgəh bələdiyyəsi tərəfindən ona ayrılmış 640 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar