Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13911/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin bərpa edilməsi edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AA 598555 №-li Doğum haqqında şəhadətnamədə əsasən, X4 2 fevral 1947-ci il tarixində doğulmuşdur. 302107 №-li Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X4 ilə X5 xx.xx.1968-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin akt qeydində X3 xx.xx.1947-ci il tarixdə, Füzuli rayonunda anadan olması, milliyətinin Azərbaycanlı olması qeyd edilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1968-ci il tarixdə, 932 nömrəli qeyd aparılmışdır. AZE02196171 nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, X4 xx.xx.1947-ci ildə Füzuli rayonunda doğulmuşdur. AZ-İ 969653 nömrəli Ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X4 xx.xx.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 sentyabr 2018-ci ildə 1515 nömrəsi ilə qeyd edilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) mərhum atasının doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Yasamal Rayon Qeydiyyat Şöbəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalaria əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Əlavə olaraq bildiririk ki, doğum haqqında şəhadətnamənin mövcud olmasına baxmayaraq, şəhadətnamədə uşaq, ata və ana barədə məlumatlar tam oxunmur. Göstərilənlərə əsasən, doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məsləhət görülür.” İddia tələbi, İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 doğum akt qeydinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə atası X4 vəfat etmişdir. Atası vəfat etdikdən sonra o vərəsəlik işi ilə əlaqədar mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Notariat Kontoruna müraciət etmişdir. Bu zaman atasının doğum haqqında şəhadətnaməsi tələb olundu. Lakin həmin sənəd SSSRnin vaxtında tərtib olunduğundan köhnə sənəd olduğu üçün oxunaqlı deyil. Valideynlərinin nikah şəhadətnaməsində isə adlar oxunaqlıdır. Yasamal rayonunda qeydə alınan həmin nikah şəhadətnaməsində adının “X4” kimi qeyd edildiyi aydın görünür. Həmin sənədi həmçinin ərizəsəni əlavə edir. Bu faktın müəyyənləşdirilməsi üçün 18 may 2025-ci il tarixində Dövlət arxivinin Füzuli Filialına 4 saylı Bakı “ASAN XİDMƏT” mərkəzindən ərizə anketlə müraciət etmişdir. 20 may 2025-ci il tarixdə cavab olaraq. Füzuli rayonunda doğulmuş xx.xx.1947-ci il təvəllüdlü atası X3 doğum aktı qeyd və doğum bərpa aktı qeyd kitablarında aşkar olunmadığı cavab olaraq bildirilmişdir. 18 may 2025-ci il tarixdə həmçinin Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinə bununla bağlı müraciət etmişdir. 17 iyun 2025-ci il tarixli 3-48-DA/2-A-6-793/2025 saylı məktubla cavab verilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin 1947-ci ilə dair (Qaryagin) Füzuli rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən X3 doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricində olduğu bildirilmişdir. Hazırda mərhum atasına aid hüquq müəyyənedici sənədlərdə uyğunsuzluq olması onun qanun üzrə vərəsəlik əsasında miras qəbul etməyinə maneə yaradır. Bununla bağlı faktı başqa qaydada müəyyən edə bilməməyi, bu faktın məhkəmə qaydasında müəyyən edilməsinə əsas yaratmışdır. Hesab edir ki, təqdim olunan sənədlər atasının doğum haqda şəhadətnaməsində adının bərpa olunması barədə qərarın verilməsi üçün əsasdır və müvafiq qərarın cavabdeh tərəfindən verilməsinin faktiki və hüquqi şərtləri həm təqdim etdiyi sübutlarla müəyyən edilən hallar, həm də qanunvericiliyin tələbləri ilə təsdiq olunur. Lakin cavabdeh tərəfindən onun ərizəsinin təmin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı münasibət bildirməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu hərəkətsizlik etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum atası X3 doğum barədə akt qeydinin əvvəllər mövcud olması, onun xx.xx.1947-ci ildə Füzuli rayonunda doğulması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli və ona əlavə edilmiş doğum, nikah, ölüm akt qeydləri ilə, həmçinin iş materiallarında olan digər sənədlər əsasında öz təsdiqini tapmışdır və həmin sənədlər əsasında iddiaçının mərhum atası X3 doğum haqqında akt qeydinin bərpa edilməsi mümkündür. İş materiallarına, iddiaçının 2 fevral 1947-ci il tarixdə doğulmasına dair AA 598555 №-li Doğum haqqında şəhadətnamənin surəti əlavə edilmişdir. Həmin şəhadətnamədən də müəyyən edilir ki, iddiaçının doğum akt qeydi əvvəllər mövcud olmuş və buna uyöun olaraq iddiaçıya həm doğum haqqında şəhatnamə, sonradan isə, şəxsiyyəti təsdiq edən sənəd, mənzilə dair hüquqmeəyyənedici sənəd və ölüm haqqında şəhadətnamə verilmişdir. Həmçinin iddiaçının nikahı, övladlarının doğum akt qeydi və ölümü barədə akt qeyləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13 və 16-cı maddələrinə əsasən vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Qeyd edilən sənədlərə əsasən müəyyən edilir ki, iddiaçının doğum akt qeydi əvvəllər mövcud olmuş, Füzuli rayonunun sənədləri arxivə təhvil verilmədiyindən həmin akt qeydi barədə məlumat əldə etmək mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. 2.02.1947-ci ildə Füzuli rayonunda anadan olmuş X3 (atası X6, anası X1) doğum akt qeydinin bərpa olunması öhdəliyi Yasamal rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-13911/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13911/2025
18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver