Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13925/2023 11.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “internet saytlarına giriş imkanının təmin edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının nəzarət altında “www.eqanun.az”, “www.president.az”, “www.azertag.az”, “www.echr.coe.int”, www.meclis.gov.az internet saytlarına daxil olması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3 və digər maddələri ilə 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı 08 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçı həbs olunmazdan əvvəl ölkədə və dünyada baş verən hadisələrlə yaxından maraqlanıb və hazırda onun gündəlik xəbərləri oxumasına, ölkədə baş verən hadisələri və məhkəmə işləri barədə xəbərləri, qərarları izləməsinə ehtiyacı var. Bundan əlavə, onun hüquqlarının pozuntusu ilə bağlı Avropa İnsan hüquqları Məhkəməsinə 2 şikayət göndərilib, bir şikayətin də göndərilməsi planlaşdırılır. İddiaçının müdafiəçisi cavabdehə müraciət edərək iddiaçının nəzarət altında “www.e-qanun.az”, “www.president.az”, “www.azertag.az”, “echr.coe.int”, www.meclis.gov.az internet saytlarına daxil olmasına şərait yaradılmasını xahiş etmiş, Penitensiar Xidmət 02 avqust 2023-cü il tarixli cavabında göstərmişdir ki, müraciətin təmini imkan xaricindədir. Cavabdehin bu imtinası qanunsuzdur və onun məlumat almaq hüququnu pozur. Cavabdehin onun müraciətdə göstərdiyi internet saytlarına girişinin təmin edilməməsi onun məlumat əldə etmək hüququnu pozmuşdur. Azərbaycan qanunvericiliyində məhkumların cəzaçəkmə müəssisələrində internet informasiya ehtiyatlarından istifadə etmək imkanları nəzərdə tutulmasa da, Avropa İnsan hüquqları Məhkəməsinin təcrübəsinə görə, bu, məhkumların Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulan hüquqlarını pozur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə görə, Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Daxili qanunvericilikdə məhkumların internetə çıxış imkanları nəzərdə tutulmasa da, internet informasiya ehtiyatlarından istifadə etməklə iddiaçı məlumatlar əldə edə bilər. Ona bu imkanın yaradılmaması məlumat almaq hüququnu pozmuş olacaq. X3nın 59.5-ci bəndinə görə, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında təsərrüfat və məişət xidməti işlərinə cəlb olunan məhkumlar üçün müvafiq avadanlıqlarla təchiz edilmiş kompüter otaqları təşkil olunur. Məhkumlarla tərbiyə işinin aparılmasında kompüterlərdən istifadə zamanı onların internet şəbəkəsinə qoşulmasına nəzarət altında yol verilir. Çıxış tələb edilən vebsaytların hər biri ictimai xarakter daşımaqla cəmiyyətin həyatında iştirakın ayrılmaz komponentini təşkil edir, www.president.az vebsaytı Prezidentin, wwwj.meclis.gov.az Parlamentin, www.echr.coe.int Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi veb səhifələridir, www.e-qanun.az bütün qanunvericilik aktlarının yerləşdirildiyi databazadır, www.azertag.az isə rəsmi informasiya agentliyinin vebsaytıdır. İddiaçının internetdən istifadə etməklə bu saytlara çıxışına icazə verilməməsi onu faktiki olaraq ictimai həyatın ən önəmli sferaları barədə informasiya əldə etmək imkanından məhrum edib. Göstərilən vebsaytlar iddiaçının özünü effektiv müdafiə etmək imkanını da xeyli zəiflətmişdir. İddiaçının məlumat alımaq hüququna müdaxilə “demokratik cəmiyyətdə zərurət” tələbinə də cavab verməmişdir. İddiaçının göstərilən vebsaytlara çıxışı Hökumət üçün hər hansı əlavə xərclər yaratmayacaqdır, eləcə də cəzaçəkmə müəssisəsinin iş yükünün artmasına, müəssisənin normal fəaliyyətinin pozulmasına və onun üçün hər hansı ağır yükə və ya riskə səbəb olmayacaqdır. Qanunvericilik normasından görünür ki, məhkumların nəzarət altında internet şəbəkəsinə qoşulmasına yol verilir. Bu, o deməkdir ki, artıq təhlükəsizlik tədbirlərinin görülməsi üçün lazımi xərclər çəkilmişdir. Belə olan halda, iddiaçının əlavə olaraq göstərdiyi vebsaytlara daxil olmasının hansı risklərə səbəb olması bəlli deyil; bu barədə cavabdeh tərəfindən riskin dəyərləndirilməsi həyata keçirilməmişdir. Əlavə olaraq, o da nəzərə alınmalıdır ki, iddiaçının çıxış imkanına malik olmaq istədiyi vebsaytlar rəsmi dövlət orqanlarının və Avropa Məhkəməsinin veb səhifələridir (müqayisə üçün bax, Kalda Estoniyaya qarşı Avropa Məhkəməsinin qərarı, ərizə № 17429/10, paraqraf 53). Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi məhkəmə tərəfindən təyin edilən cəzaların icrası və çəkilməsi, habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini müəyyən edir. Cəzaların İcrası Məcəlləsinin 74-cü maddəsi cəzaçəkmə müəssisələrində rejim və onun əsas tələblərini tənzimləyir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə uyğun olaraq cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X3 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, cəzaçəkmə müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Cəzaların İcrası Məcəlləsinin 74.5-ci maddəsində qeyd olunub ki, cəzaçəkmə müəssisələrində məhkumlara özlərində saxlamağa, əldə etməyə, habelə onlara bağlama və banderollarda göndərilməsinə, sovqatlarda gətirilməsinə icazə verilən əşya, mallar və ərzaq məhsullarının siyahısı cəzaçəkmə müəssisələrinin X3 ilə müəyyən edilir. Cəzaların İcrası Məcəlləsinin 74.6-ci maddəsinə əsasən isə bu məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, digər əşya, mallar və ərzaq məhsulları cəzaçəkmə müəssisəsində aşkar edildikdə onlar həmin müəssisənin müdiriyyəti tərəfindən götürülür, müvafiq araşdırma aparılır və məhkumun hərəkətləri cəzaların icrası qaydalarının pozuntusu kimi qiymətləndirilə bilər. Götürülmüş əşya, mallar və ya ərzaq məhsulları məhkum azad olunanadək saxlanılması üçün anbara təhvil verilir və ya cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Bu barədə məhkuma məlumat verilməklə müvafiq akt tərtib olunur. Cəzaçəkmə müəssisəsinə daxil olan və ya çıxan şəxslərdə bu məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, digər əşya, mallar və ərzaq məhsulları aşkar edildikdə, qanunla bu əmələ görə məsuliyyət nəzərdə tutulmamışdırsa, belə əşyalar onları gətirmiş şəxslərə qaytarılır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X4”nda “Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların Siyahısı” göstərilib (Əlavə 5, Əlavə 38). Optik cihazlar, peycer, mobil telefon, faks, kompüter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular qadağan olunmuş əşyaların Siyahısına daxildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3, 66.5, 120.2.1, 120.2.3, 120.2.4, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 277, 278.2 və digər maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və hazırda 08 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməsi işin mübahisəsiz halıdır. İşdən görünür ki, iddiaçı nümayəndəsi vasitəsilə cavabdehə müraciət edərək, müəssisə əməkdaşlarının nəzarəti altında "www.e-qanun.az", "www.president.az", "www.azertag.az", "echr.coe.int", “www.meclis.gov.az” internet saytlarına daxil olmasına şərait yaradılmasını xahiş etmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixli müraciəti ilə ididaçının tələbini təmin etməyərək bildirmişdir ki, “Cəzaçəkmə müəssisələrinin X3”nın 42.6-cı bəndinin 38 nömrəli əlavəsinə uyğun olaraq mobil telefon, kompüter və internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aid olduğundan müraciətin təmini imkan xaricindədir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74-cü maddəsinə əsasən: 74.1. Cəzaçəkmə müəssisələrində rejim qanunla və normativ hüquqi aktlarla müəyyən olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrası və çəkilməsi qaydasıdır. Rejim məhkumların mühafizəsini və təcrid olunmasını, onlara daim nəzarət edilməsini, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsini, onların hüquq və azadlıqlarının həyata keçirilməsini, işçi heyətinin və məhkumların şəxsi təhlükəsizliyini, müxtəlif kateqoriyalı məhkumların bir-birindən ayrı saxlanılmasını, cəzaçəkmə müəssisəsinin məhkəmə tərəfindən təyin edilmiş növündən asılı olaraq, müxtəlif saxlanılma şəraitini, cəzanın icrası şərtlərinin dəyişdirilməsini təmin edir. 74.2. Cəzaçəkmə müəssisələrində müdiriyyət tərəfindən cəzaçəkmə müəssisələrinin X1 nəzərdə tutulmuş və məhkumlar üçün yerinə yetirilməsi məcburi olan gün bölgüsü müəyyən edilir. 74.4. Cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X3 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, cəzaçəkmə müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. 74.5. Cəzaçəkmə müəssisələrində məhkumlara özlərində saxlamağa, əldə etməyə, habelə onlara bağlama və banderollarda göndərilməsinə, sovqatlarda gətirilməsinə icazə verilən əşya, mallar və ərzaq məhsullarının siyahısı cəzaçəkmə müəssisələrinin X3 ilə müəyyən edilir. 74.6. Bu məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, digər əşya, mallar və ərzaq məhsulları cəzaçəkmə müəssisəsində aşkar edildikdə onlar həmin müəssisənin müdiriyyəti tərəfindən götürülür, müvafiq araşdırma aparılır və məhkumun hərəkətləri cəzaların icrası qaydalarının pozuntusu kimi qiymətləndirilə bilər. Götürülmüş əşya, mallar və ya ərzaq məhsulları məhkum azad olunanadək saxlanılması üçün anbara təhvil verilir və ya cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Bu barədə məhkuma məlumat verilməklə müvafiq akt tərtib olunur. Cəzaçəkmə müəssisəsinə daxil olan və ya çıxan şəxslərdə bu məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, digər əşya, mallar və ərzaq məhsulları aşkar edildikdə, qanunla bu əmələ görə məsuliyyət nəzərdə tutulmamışdırsa, belə əşyalar onları gətirmiş şəxslərə qaytarılır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X3”a 5-ci əlavədə optik cihazlar, peycer, mobil telefon, faks, kompüter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların Siyahısına aid edilmişdir. Qaydaların 59.5-ci bəndinə əsasən cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında təsərrüfat və məişət xidməti işlərinə cəlb olunan məhkumlar üçün müvafiq avadanlıqlarla təchiz edilmiş kompüter otaqları təşkil olunur. Məhkumlarla tərbiyə işinin aparılmasında kompüterlərdən istifadə zamanı onların internet şəbəkəsinə qoşulmasına nəzarət altında yol verilir. Hər həftə üçün məhkumların kompüter otağından istifadə proqramı tərbiyə işinin təşkili xidməti tərəfindən müəyyən edilir. Eyni zamanda müəssisənin müdiriyyəti tərəfindən məhkumlar üçün kompüter kursları təşkil edilə bilər. Tənbeh tədbiri qismində intizam və cərimə təcridxanalarına, birnəfərlik kameralara, kamera tipli otaqlara, həbsxanalarda ciddi saxlanma şəraitinə, habelə Cəzaların İcrası Məcəlləsinin 70.4.3-cü maddəsinə əsasən həbsxanaya keçirilmiş məhkumlara kompüter otaqlarından istifadəyə icazə verilmir. Göründüyü kimi, qanunverici internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğuları cəzaçəkmə müəssisələrində saxlanılan şəxs tərəfindən istifadəsi qadağan olunan əşyalara aid etmişdir. Qanunverici məhkumun yalnız bir halda, onlarla tərbiyə işinin aparılması ilə bağlı kompüterdən istifadə zamanı internet şəbəkəsinə qoşulması imkanını nəzərdə tutmuş, bu imkanı təsərrüfat və məişət xidməti işlərinə cəlb olunan məhkumlara şamil etməklə internet şəbəkəsinə qoşulmasına nəzarət altında yol verilməsini müəyyən etmişdir. Yəni qanunverici kompüterlərdən istifadə zamanı internet şəbəkəsindən yalnız tərbiyə işinin məsədləri üçün, həm də həmin Qaydalarda nəzərdə tutulmuş üsulla istifadə edilməsini təsbit etmişdir. İşdən görünür ki, iddiaçı hazırda internet şəbəkəsinə qoşulma imkanının verilməsini xahiş etsə də, bu, tərbiyə işinin aparılması ilə bağlı olmamışdır. Buna görə də qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsas mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-13925/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13925/2023
11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver