Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1393/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 oktyabr 2018-ci il tarixli qərarına əsasən iddiaçı "xxxx" MMC-də 2017-ci ilin mart ayından 2018-ci ilin avqust ayınadək olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 17 oktyabr 2018-ci il tarixdə başlamış və 7 may 2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama müddəti 10 dəfə müvəqqəti olaraq dayandırılmış, 2 dəfə uzadılmış və əlavə yoxlama tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi 12 may 2020-ci il tarixli **********167298 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında 19 iyun 2020-ci il tarixli **********137462 nömrəli qərar qəbul edilmişdir. Sözügedən qərara əsasən iddiaçıya 2017-ci ilin mənfəət vergisi üzrə 144.193,51 manat, 2017-ci ilin ƏDV üzrə 187.933,62 manat, 2018-ci ilin ƏDV üzrə 707.040,90 manat, 2017-ci ilin torpaq vergisi üzrə 2.448 manat, 2018-ci ilin torpaq vergisi üzrə 2.448 manat, ümumilikdə 1.044.064,03 manat vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 515.790,07 manat, 57.1-ci maddəsinə uyğun olaraq 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı “Azərekspertiza” Birliyinə müraciət edilmiş və 1 mart 2017-ci il tarixdən 31 avqust 2018-ci il tarixədək dövrün aylar üzrə istehsal həcminin müəyyənləşdirilməsi məqsədi ilə 18 aprel 2019-cu il tarixli **********166210 saylı qərara əsasən mütəxəssis dəvət edilmiş və 10 dekabr 2019-cu il tarixli mütəxəssis rəyi alınmışdır. 21 noyabr 2018-ci il tarixli **********169422 saylı qərara əsasən MMC-də inventarizasiya həyata keçirilmiş və akt tərtib edilmiş, ümumilikdə 1.659.855,15 manat dəyərində malın əskik gəlməsi aşkar edilmişdir. 29 noyabr 2018-ci il və 14 noyabr 2018-ci il tarixli qərarlara əsasən yoxlamaya ekspert dəvət olunmuş və 10 dekabr 2019-cu il tarixli ekspert rəyi alınmışdır. Aşağıdakı göstərilənlərə əsasən iddiaçı barəsində qəbul edilmiş 19 iyun 2020-ci il tarixli qərar tamamilə əsassız və qanunsuz hesab edilir: 1) Səyyar vergi yoxlaması aktından göründüyü kimi, yoxlama zamanı dəvət edilmiş mütəxəssisin və ekspertin rəylərinə əsasən cəmiyyətin istehsal həcminin müəssisənin ilkin mühasibat sənədlərində əks edilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən iki dəfədən artıq olduğu müəyyən edilmiş, bu səbəbdən də 2017-ci il üzrə mənfəət vergisi məqsədləri üçün gəlirin məbləği müəssisə tərəfindən təqdim edilmiş satış sənədlərində əks etdirilmiş göstəricilər nəzərə alınmaqla mütəxəssis və ekspert rəylərinə əsasən hesablanmışdır. Belə ki, yoxlama nəticəsində cəmiyyətin mənfəət vergisi məqsədləri üçün 2017-ci il üzrə vergiyə cəlb edilən ümumi gəliri yanvar – fevral ayları üzrə 530.579,04 manat, mart – dekabr ayları üzrə 4.317.838,18 manat, ümumilikdə isə 4.848.417,22 manat məbləğində müəyyən edilmiş və xərc sənədləri tam təqdim edilmədiyindən AR Nazirlər Kabinetinin 1 mart 2001ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»na əsasən cəmiyyətə 144.193,51 manat əlavə mənfəət vergisi məbləği hesablanmışdır. Cavabdeh vergi orqanı iddiaçıya mənfəət vergisi hesablayan zaman Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilən ardıcıllığı pozmuşdur. Həmin Məcəllənin 67.2-ci maddəsinə görə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. AR Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 1-ci bəndinin məzmununa görə vergi orqanı vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə ödənilməli olan verginin məbləğini 67.1.1 – 67.1.9-cu maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadıqda həmin Qaydalara əsasən hesablayır. Göründüyü kimi, cavabdeh vergi orqanı vergi qanunvericiliyində nəzərdə tutulan ardıcıllığı gözləmədən, yəni əlaqəli məlumatları və analoji vergi ödəyicisi barədə uçot və hesabat məlumatlarını əldə etmədən birbaşa sözügedən Qaydaları tətbiq etmişdir. Halbuki, cəmiyyətin aldığı (idxal etdiyi) malların dəyəri, bank hesablarında apardığı əməliyyatlar yoxlamanı həyata keçirmiş vergi orqanına məlum olmuş, lakin vergi orqanı həmin əlaqəli məlumatları görməzdən gələrək hesablama zamanı yalnız ekspert və metəxəssis rəylərinə istinad etmişdir; 2) Səyyar vergi yoxlaması aktında sənədlərin cəmiyyət tərəfindən təqdim edilmədiyi qeyd edilmişdir. Halbuki, yoxlama dövrünə aid zəruri sənədlər yoxlamanı həyata keçirmiş vergi orqanına təqdim edilmiş, lakin sonuncu cəmiyyətə əsassız və qanunsuz əlavə vergi məbləği hesablamaq məqsədilə başqa metoda əl atmışdır. Vergi Məcəlləsinin 43.11-ci maddəsinin tətbiq edilməməsi vergi orqanının qanunsuz hərəkətini göstərən digər bir sübutdur. Həmin maddənin tələblərindən göründüyü kimi, sənədlər təqdim edilmədiyi halda, vergi orqanı bununla əlaqədar olaraq məhkəməyə müraciət etməli olduğu halda, cavabdeh inzibati orqan həmin maddənin tələblərinə əməl etməkdən boyun qaçırmışdır. Çünki, yoxlamaya dair zəruri sənədlər MMC tərəfindən yoxlamaya təqdim edilmişdir; 3) Səyyar vergi yoxlaması aktının 24-cü səhifəsindən görünür ki, vergi orqanı cəmiyyətə ƏDV hesablayarkən inventarizasiya zamanı əskik gəlmiş 1.659.855,15 manat məbləğində malların dəyərini də vergiyə cəlb edilən dövriyyə kimi qəbul etmişdir. Cavabdeh vergi orqanı iddiaçının ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyatlarının həcmini səyyar vergi yoxlaması aktında qeyd etdiyi kimi, mütəxəssis və ekspert rəylərinə əsasən inventarizasiya zamanı əskik gəlmiş malların dəyərini isə müəssisəsinin öz mühasibatlıq sənədlərinə əsasən müəyyən etmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı vergi ödəyicisinə məxsus mühasibatlıq sənədləri tam olmadığından, onlara istinad etmədən, ƏDV məqsədləri üçün vergiyə cəlb edilən əməliyyarların ümumi həcmini mütəxəssis və ekspert rəylərini əsas götürərək hesabladığı halda, vergi ödəyicisinin öz mühasibatlıq sənədlərinə əsasən müəyyən edilən əskik malların dəyərini də əsassız olaraq vergiyə cəlb edilən əməliyyatların siyahısına daxil etmişdir. Halbuki, əskik gələn malların dəyəri ekspert və mütəxəssis rəylərinə əsasən müəyyən edilən istehsal həcminin tərkib hissəni təşkil edir ki, bu da nəticədə cəmiyyətə ikiqat verginin hesablanmasına səbəb olmuşdur; 4) İddiaçı tərəfindən istehsal edilən məhsulların bazar qiyməti müəyyən edilərkən Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri pozulmuşdur («Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Vergi ödəyicisi Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etmədikdə, yəni səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə,mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə verginin məbləği Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərinə əsasən deyil, məhz 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlardan istifadə olunmaqla hesablanır. Göründüyü kimi, iddiaçı tərəfindən mühasibat sənədləri təqdim edilməməsi əsası ilə vergi orqanı Vergi Məcəlləsinin 14-cü maddəsinə istinad edərək vergiləri hesablayan zaman vergi qanunvericiliyinin yuxarıda qeyd olunan tələbini kobud şəkildə pozmuşdur; 5) Səyyar vergi yoxlmasında hesablama zamanı 10 dekabr 2019-cu il tarixli mütəxəssis rəyinə istinad edilməsi qeyd olunsa da, yoxlama zamanı iddiaçıya eyni zamanda 8 may 2020-ci il tarixli dəqiqləşdirilmiş mütəxəssis rəyi təqdim edilmişdir. Bundan başqa, cavabdeh vergi orqanı iddiaçı "xxxx" MMC-də həyata keçirilmiş səyyar vergi yoxlamasının sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qanunla müəyyən edilmiş qaydada və müddətdə qeydiyyata alınmasını təmin etməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh vergi orqanı vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlarının – “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” 11 dekabr 2019-cu il və 19 mart 2020-ci il tarixli qərarlarının qəbulundan sonra 5 iş günü ərzində yoxlamanın nəticəısi barədə məlumatın müvafiq reyestrə daxil olunmasını təmin etməmişdir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və apanlması qaydası haqqında» Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyaya keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan marılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göstərilənlərə əsasən hesab edilir ki, cavabdeh vergi orqanı qanunvericiliyin tələblərini və vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC-nin qanunla qorunan hüquq və maraqlarını pozaraq MMC-də 11 dekabr 2019-cu il tarixdən 7 may 2020-ci il tarixədək ümumilikdə 60 gün müddətinə həyata keçirilmiş əlavə vergi yoxlaması tədbirlərinin və yoxlamanın nəticəsi barədə məlumatların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmasını təmin etməmişdir. Beləliklə, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərini və iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozaraq əsassız və qanunsuz əlavə vergi məbləği hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanununun 61-ci maddələrinə, İPM-in 3.1, 14.1, 32.1, 68.1-ci maddələrinə əsaslanaraq, cavabdehin **********137462 nömrəli 19 iyun 2020-ci il tarixli qərarının kəğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazında aşağıdakılar bildirilir: - Vergi orqanının 16 oktyabr 2018-ci il tarixli qərarına əsasən İddiaçı MMC-də səyyar vergi yoxlaması (yoxlanılan dövr 01.03.2017 – 31.08.2018) təyin edilmişdir. Səyyar vergi yoxlaması 17 oktyabr 2018-ci il tarixdə başlanmış, 12 may 2020-ci il tarixdə başa çatdırılmışdır, yoxlamanın nəticələri üzrə 12 may 2020-ci il tarixli **********167298 nömrəli akt tərtib olunmuşdur. Vergi ödəyicisi aktı imzalamqdan imtina etmiş, bu barədə aktın bir nüsxəsi ödəyicinin hüquqi ünvanına və elektron poçt ünvanına göndərilmişdir. Aparılan səyyar vergi yoxlaması zamanı vergidən yayınma halları aşkar edilmiş, vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə 19 iyun 2020-ci il tarixli **********137462 nömrəli qərar çıxarılmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” vergi ödəyicisinə 17 oktyabr 2018-ci il tarixli tələbnamə verilmişdir. Lakin yoxlama üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilməmişdir. Belə ki, yoxlanılan dövrdə müəssisə “Qızıl quyu” limonadlarının, "Çeşmə" sularının (qazlı və qazsız), "Beloçka" tumlarının və şirin qarğıdalı çubuqlarının istehsalı və satışı ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı müəssisədə Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 saylı Fərmanında nəzərdə tutulmuş «İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»nın tələblərinə əməl edilməməsi müəyyən olunmuşdur. Müəssisədə alınmış (idxal edilmiş) malların anbara mədaxili, anbardan istehsala buraxılışı, hazır məhsulların anbara qəbulu və anbardan satışa verilməsi AR Maliyyə Nazirliyinin Kollegiyasının 4 oktyabr 2017-ci il tarixli Q-12 saylı qərarına uyğun həyata keçirilməmiş, malların təsərrüfatdaxili yerdəyişməsi zamanı qeyd olunan qərarda nəzərdə tutulan qaiməfakturalar tərtib edilməmişdir. Həmin Fərmanın 3.5-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti “istehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir. Fərmanın 5.1-ci bəndinə əsasən istehsalı başa çatmış hazır məhsullar bu məhsullar üçün nəzərdə tutulmuş anbarlara təhvil verilir. Bu zaman istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və sair) tərəfindən istehsal olunmuş hazır məhsullar “hazır məhsulların təhvil-qəbul aktı” ilə anbarın məsul şəxsinə təhvil verilir. Fərmanın 5.3-cü bəndinə əsasən anbara təhvil verilmiş hazır məhsullarla bağlı hesabat ayı bitdikdən sonra faktiki istehsal xərcləri əsasında qiymətləndirilmiş dəyərlə uçota alınır. Yoxlama gedişatında müəssisə tərəfindən yoxlamaya məhsulların ishehsalı və satışı ilə bağlı sənədlər tam təqdim edilməmiş və bu səbəbdən yoxlama zamanı müəssisə tərəfindən istehsal edilmiş məhsulların real istehsal həcminin müəyyən edilməsi məqsədi ilə Baş İdarənin 18 aprel 2019-cu il tarixli qərarı ilə yoxlamaya mütəxəssis cəlb edilmişdir. Qərarda qoyulan suallar üzrə mütəxəssis tərəfindən 10 dekabr 2019-cu il tarixli rəy təqdim edilmişdir. Yoxlama zamanı mütəxəssis rəyindən vergilərin hesablanması zamanı istifadə edilmişdir. Mütəxəssis rəyinə əsasən yoxlanılan dövrdə müəssisədə istehsal olunan “qovrulmuş günəbaxan tumu”nun orta istehsal həcmi 1.181.079,6 kq, “şirin qarğıdalı çubuqları”nın orta istehsal həcmi 113.839 kq, 0,33 litr həcmli plastik butulkada su istehsalının həcmi 84.368 ədəd, 0,5 litr həcmli plastik butulkada su istehsalının həcmi 64.062 ədəd, 0,5 litr həcmli şüşə butulkada su istehsalının həcmi 201.832 ədəd, 0,7 litr həcmli şüşə butulkada su istehsalının həcmi 219.985 ədəd, 1,0 litr həcmli plastik butulkada su istehsalının həcmi 11.698 ədəd, 0,2 litr həcmli plastik butulkada limonad istehsalının həcmi 697 ədəd, 0,5 litr həcmli şüşə butulkada limonad istehsalının həcmi 2.123.254 ədəd, 0,5 litr həcmli plastik butulkada limonad istehsalının həcmi 276.130 ədəd, 0,75 litr həcmli şüşə butulkada limonad istehsalının həcmi 1.675.347 ədəd,1,0 litr həcmli plastik butulkada limonad istehsalının həcmi 229.014 ədəd, 1,5 litr həcmli plastik butulkada limonad istehsalının həcmi 184.377 ədəd müəyyən olunmuşdur. Göstərilənləri və Vergi Məcəlləsinin 23.1.14, 36.2, 44-cü maddələrini nəzərə alaraq müəssisə tərəfindən yoxlanılan dövr üzrə istehsal olunmuş məhsullarının real bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə ekspert rəyinin verilməsi üçün Baş İdarə 18 oktyabr 2018-ci il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” qərar çıxarmış və ekspert tərəfindən 10 dekabr 2019-cu il tarixli ekspert rəyi verilmişdir. Yoxlama zamanı ekspert rəyindən vergilərin hesablanması zamanı istifadə edilmişdir. Rəyə əsasən müəssisədə istehsal olunan “qovrulmuş günəbaxan tumu”nun bir kq-nın orta satış qiyməti 4,50 manat, “şirin qarğıdalı çubuqları”nın bir kq-nın orta satış qiyməti 2,50 manat, 0,33 litr həcmli plastik butulkada suyun 1 ədədinin satış qiyməti 0,16 manat, 0,5 litr həcmli şüşə butulkada suyun 1 ədədinin orta satış qiyməti 0,62 manat, 0,7 litr həcmli şüşə butulkada suyun 1 ədədinin orta satış qiyməti 0,76 manat, 1,0 litr həcmli plastik butulkada suyun 1 ədədinin orta satış qiyməti 0,45 manat, 0,2 litr həcmli plastik butulkada limonadın 1 ədədinin orta satış qiyməti 0,40 manat. 0,5 litr həcmli şüşə butulkada limonadın 1 ədədinin orta satış qiyməti 0,78 manat, 0,5 litr həcmli plastik butulkada limonadın 1 ədədinin orta satış qiyməti 0,39 manat, 0,75 litr həcmli şüşə butulkada limonadın 1 ədədinin orta satış qiyməti 0,76 manat, 1,0 litr həcmli plastik butulkada limonadın 1 ədədinin orta satış qiyməti 0,83 manat, 1,5 litr həcmli plastik butulkada limonadın 1 ədədinin orta satış qiyməti 1,10 manat müəyyən olunmuşdur. Vergi orqanının “’Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” 21 noyabr 2018-ci il tarixli qərarına əsasən İddiaçı MMC-də əsas vəsaitlərin, xammal-materialların, hazır məhsulların və digər sərvətlərin inventarizasiyasının aparılması təyin edilmiş, inventarizasiyanın həyata keçirilməsi Vergi Məcəlləsinin 38-ci maddəsinə uyğun müəyyən edilmiş qaydalara əməl edilməklə aparılmış və nəticəsi 21 noyabr 2018-ci il tarixli aktla rəsmləşdirilmişdir. Müəssisənin uçot göstəriciləri ilə inventarizasiya nəticəsində müəyyən edilmiş göstəriciləri müqayisə edilərkən ümumilikdə 1.659.855,15 manat dəyərində malın əksik gəldiyi aşkar edilmişdir. Müəssisə tərəfindən yoxlanılan dövrdə 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Həmin bəyannamədə müəssisə tərəfindən gəlir və xərclərin hesablama metodu ilə əks etdirilməsi göstərilmişdir. Yoxlama gedişatında müəssisə tərəfindən yoxlamaya məhsulların ishehsalı və satışı ilə bağlı sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcmini müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən iki dəfədən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə 2017-ci il üzrə mənfəət vergisi məqsədləri üçün gəlirin məbləği müəssisə təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert tərəfindən hazırlanmış rəyin məlumatlarına əsasən hesablanmışdır. Lakin müəssisə tərəfindən yoxlamaya əlavə satışlarla bağlı xərc sənədləri təqdim edilmədiyindən, yoxlama ilə 2017-ci il üzrə mənfəətin birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunmalıdır ki, günəbaxan tumlarının təmizlənməsi, qablaşdırılması (Beloçka), “Qızıl quyu” limonadlarının və “Çeşmə” (qazlı və qazsız) sularının istehsalı üçün zəruri olan xammal və materiallara çəkilən xərclər bəlli olmadığından mənfəətin müəyyən edilməsi mümükün olmamışdır. Bundan başqa, yoxlama zamanı müəssisədə «İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»nın tələblərinə əməl edilməməsi müəyyən olunmuşdur. Belə ki, müəssisədə alınmış (idxal edilmiş) malların anbara mədaxili, anbardan istehsala buraxılışı, hazır məhsulların anbara qəbulu və anbardan satışa verilməsi AR Maliyyə Nazirliyinin Kollegiyasının 4 oktyabr 2017-ci il tarixli Q-12 saylı qərarına uyğun həyata keçirilməmiş, malların təsərrüfatdaxili yerdəyişməsi zamanı qeyd olunan qərarda nəzərdə tutulan qaimə-fakturalar tərtib edilməmişdir. Göstərilənləri nəzərə alaraq mənfəət vergisi Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddələrinə, AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır: 2017-ci ildə müəssisənin mənfəətinin 808.069,54 manat olduğu müəyyən edilmiş, göstərilən mənfəət məbləğinə 20% dərəcəsi ilə (808.069,54 x 20% = 161.613,91) 161.613,91 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə əsasən hesablanmış 17.420,40 (161.613,91 – 17.420,40 = 144.193,51) manat nəzərə alınmaqla büdcəyə əlavə 144.193,51 manat mənfəətdən vergi hesablanmışdır. ƏDV bəyannamədə göstərilən məbləğinin göstərilməli olan məbləğinə nisbətdə 964.666,32 manat azaldılması, 69.691,8 manat artıq hesablanması müəyyən olunmuşdur. Qeyd olunan məbləğin 665.892,39 manat hissəsi mütəxəssis rəynə əsasən yoxlanılan dövrdə dövriyyənin artması nəticəsində və 298.773,92 manat hissəsi isə müəssisənin uçot göstəriciləri ilə inventarizasiya nəticəsində müəyyən edilmiş göstəriciləri müqayisə edilərkən ümumilikdə 1.659.855,15 manat dəyərində malın əksik gəlməsi (1.659.855,15 x 18% = 298.773,92) nəticəsində hesablanmışdır. Yoxlanılan dövrdə müəssisənin istifadəsində olan Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən 2,03 ha (2.03 x 10.000 = 20.300 kv.m) sahədə istehsal fəaliyyəti ilə məşğul olmuş, lakin torpaq vergisinin bəyannaməsini təqdim etməmiş, vergi hesablanmamış və ödəməmişdir. Səyyar vergi yoxlaması zamanı 2017 – 2018-ci illər üçün hər il üçün 2.448 manat olmaqla ümumilikdə 4.896 manat torpaq vergisi hesablanmışdır. Vergi qanunvericiliyinin pozulmasına görə müəssisəyə Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən ƏDV-nin 964.666,32 manat, mənfəət vergisinin 144.193,51 manat, torpaq vergisinin 4.896 manat azaldılmasına, görə 556.957,92 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. İddiçının dəlili ondan ibarətdir ki, vergi orqanı tərəfindən yoxlama zamanı iddiaçı tərəfindən istehsal edilən məhsulların bazar qiyməti müəyyən edilərkən Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri pozulmuşdur. Müəssisədə Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 saylı Fərmanında nəzərdə tutulmuş Qaydaların tələblərinə əməl edilməməsi müəyyən olunmuşdur. Belə ki, müəssisədə alınmış (idxal edilmiş) malların anbara mədaxili, anbardan istehsala buraxılışı, hazır məhsulların anbara qəbulu və anbardan satışa verilməsi AR Maliyyə Nazirliyinin Kollegiyasının 4 oktyabr 2017-ci il tarixli Q-12 saylı qərarına uyğun həyata keçirilməmiş, malların təsərrüfatdaxili yerdəyişməsi zamanı qeyd olunan qərarda nəzərdə tutulan qaiməfakturalar tərtib edilməmişdir. Qeyd olunanları nəzərə alaraq mənfəət vergisi Vergi Məcəlləsinin 67.14-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanmışdır. İddiaçı MMC-nin direktorunun barəsində cinayət işinin başlanması, bu əməli ilk dəfə törətməsi və vurulmuş ziyanı tamamilə ödəməsi ilə əlaqədar olaraq cinayət işinin başlanmasından rədd edilmişdir. Qeyd edilən hal isə iddiaçı tərəfindən müəssisəyə hesablanmış vergi məbləği ilə razılaşdığı anlama gəlir. Göstərilənlərə və Vergi Məcəlləsinin 16, 23.1.14, 24.0.1, 36.2, 45, 67.1, 70.3, 130.2-ci maddələrinə, İPM-in 1.2-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsaslanaraq, İddiaçı MMC-nin iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin iş üzrə qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə həvalə edilmişdir: - Mühasibatlıq sənədləri və vergi bəyannamələri nəzərə alınmaqla İddiaçı MMC-nin ödəməli olduğu 2017-ci il üzrə mənfəət vergisi, 2017-ci ilin mart – dekabr ayları və 2018-ci ilin yanvar – avqust ayları üzrə ƏDV, 2017 – 2018-ci illər üzrə torpaq vergisinin məbləğləri nə qədər təşkil etmişdir? AR Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 25 iyun 2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Mərkəzinin ekspertinin həmin tarixli 9/3314 nömrəli rəyində aşağıdakılar bildirilir: - (rəyin tədqiqat hissəsi) . . . Vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlaması zamanı alınmış mütəxəssis və ekspert rəyləri, eləcə də digər hallar nəzərə alınaraq ƏDV və mənfəət vergisi hesablanmışdır. 10 dekabr 2019-cu il tarixli mütəxəssis rəyi ilə müəssisənin, isehlak etdiyi elektrik enerjisi və təbii qaz sərfiyyatı əsas götürülərək istehsal həcmi müəyyən edilmişdir. Mütəxəssis öz rəyinə əlavə etdiyi cədvəllərində müəyyən etdiyi dövri ehtimal xarakter daşımasını bir başa qeyd etmişdir. Belə ki, həmin cədvəllərin son sütunları “ehtimal olunan” dövriyyə adlanır və sütunlarda aylar üzrə mütəxəssis özü tərəfindən müəyyən edilən istehsal həcminə əsasən istehsal dövriyyəsini hesablamışdır. Yoxlama aktından məlum olur ki, mütəxəssis rəyindəki ehtimal olunan dövriyyənin həqiqiliyi araşdırılmamışdır. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: Xammal və materiallar, qaytarılmış tullantılar, texniki məqsədlər üçün yanacaq, enerji və su, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya, ümumi sex xərcləri, ümumi zavod xərcləri, zay məhsul və itkilər, sair istehsalat xərcləri, əmtəəlik məhsulun tam maya dəyəri. Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. İş materiallarında müəssisə tərəfindən istehsal edilmiş məhsulun maya dəyəri və xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məlumatları və eləcə də, istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxarıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir. Buna baxmayaraq, mütəxəssis tərəfindən müəssisənin fəaliyyəti üzrə faktiki istehsal həcmi müəyyən olunmuş məhsulunun faktiki maya dəyərinin yalnız sərf edilmiş təbii qaz və elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, müəssisə torpaq vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə müəssisəyə hesablanmış 4.896 manat torpaq vergisi hazırkı tədqiqatla əsaslı hesab edilir. Hesablamaya səbəb, müəssisənin istifadəsində olan və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 2,03 ha torpaq sahəsinin olması, lakin torpaq vergisinin bəyannaməsi vermədiyi, vergini hesablamadığı və ödəmədiyi göstərilmişdir. Beləliklə, yoxlamanın əhatə etdiyi dövr üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 144.193,51 manat məbləğində mənfəət vergisinin, 964.666,32 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Hazırki ekspertiza zamanı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən 4.896 manat torpaq vergisinin az hesablanması müəyyən edilir. Müəssisənin 2017-ci il üzrə mənfəətinin manat olduğu müəyyən edildi. Göstərilən mənfəət məbləğinə 20% dərəcəsi ilə (747.155,3 x 20% = 149.431,1) 149.431,1 manat mənfəət vergisi hesablandı. Müəssisənin təqdim etdiyi bəyannaməyə əsasən hesablanmış 17.420,40 manat nəzərə alınmaqla 2017-ci il üzrə büdcəyə ödəməli olduğu məbləğ 132.010,7 manat müəyyən edilir; - (rəyin nəticə hissəsi) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 12 may 2020-ci il tarixli **********6167298 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 144.193,51 manat məbləğində mənfəət vergisinin, 964.666,32 manat məbləğində ƏDVnin düzgünlüyü müəyyən olunmur. Hazırkı ekspertiza zamanı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən 4.896 manat məbləğində torpaq vergisinin az hesablanması müəyyən edilir. Tədqiqata təqdim edilmiş mühasibat sənədləri və vergi bəyannamələri nəzərə alındıqda yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 132.010,7 manat məbləğində mənfəət vergisinin (2017-ci il üzrə) və 4.896 manat məbləğində torpaq vergisinin az hesablanması müəyyən edilir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ekspert rəyi ilə məhkəməyə təqdim olunmuş yazılı mülahizəsində aşağıdakılar bildirilir: - Baş İdarə məhkəmə ekspertizasının 25 iyun 2021-ci il tarixli rəyi ilə razılaşmır və hesab edir ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməməlidir. Rəyin əsaslandırma hissəsindən görünür ki, ekspert İddiaçı MMC-də vergi yoxlaması zamanı alınmış aylar üzrə istehsal həcminin müəyyənləşdirilməsi barədə 10 dekabr 2019-cu il tarixli mütəxəssis rəyi ilə razılaşmayaraq müəssisə tərəfindən istehsal prosesində istifadə edilmiş təbii qaz sərfi və elektrik enerjisi sərfinin, həmçinin boşdayanmalardan yaranan təbii qaz sərfinin hansı əsaslarla müəyyən edildiyinin rəydə göstərilmədiyini bildirmişdir. 10 dekabr 2019-cu il tarixli rəydə mütəxəssisin qeydinə əsasən istehsal olunmuş məhsulların bir saat ərzində təbii qaz, elektrik enerjisi və istehsal edilmiş məhsulun miqdarını müəyyən etmək məqsədilə MMC-yə məxsus təbii qaz sayğacı və elektrik sayğacının göstəriciləri qeydə alınmış, “Azəriqaz” İB və "xxxx" ASC tərəfindən aylar üzrə təqdim edilmiş təbii qaz, elektrik enerjisi sərfiyyatının göstəricilərinə əsasən təhlillər aparılaraq istehsalın həcmi müəyyən edilmişdir. Həmçinin istehsal sahələrinin ayrı-ayrılıqda bir saat ərzində elektrik enerjisi sərfiyyatı və istehsalda iştirak edən avadanlıqların elektrik enerjisi sərfiyyatına uyğunluğunu aydınlaşdırmaq məqsədilə elektrik enerjisi sərfiyyatçılarının yük göstəriciləri AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-sınaq mərkəzi tərəfindən 565/2 nömrəli şəhadətnamə ilə təsdiqlənmiş DT226 tipli Ampertutqacdan istifadə edilərək ölçülmüş, ölçmələrin nəticəsi rəqəmsal fotoaparatla çəkilmiş, iştirakçılar tərəfindən təsdiqlənmişdir. Müvafiq hesaoatlar cədvəllər şəklində ayrı-ayrılıqda rəyə əlavə edilmişdir. Həmçinin mütəxəssis rəyində istehsal gücünün hesablanmasında müxtəlif xarakterli səbəblərdən avadanlıqların boşdayanmaları, zay məhsulun ləğvi və digər səbəblərdən yaranan vaxt itkisi nəzərə alınaraq, giriş, çıxış və orta istehsal gücü fərqləndirildiyindən orta illik istehsal gücü hesablanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində səyyar vergi yoxlamasının gedişində tərtib edilmiş 10 dekabr 2019-ci il tarixli ekspert rəyinə münasibət bildirərək qeyd etmişdir ki, rəydə analoji vergi ödəyicisinin məlumatları araşdırılmamış, bazar qiymətinin tətbiq olunması halları ilə bağlı iş materiallarında hər hansı sənəd yaxud məlumat öz əksini tapmamışdır. Ekspertin qeyd edilən yanaşması ilə bağlı bildirilir ki, ekspert tərəfindən digər ekspertin rəyinə münasibət bildirilməsi onun səlahiyyətlərinin aşılması ilə nəticələnir. Belə ki, mübahisələndirilən qərar üzrə hesablamanın əsasını təşkil edən səyyar vergi yoxlaması zamanı tərtib olunmuş mütəxəssis və ekspert rəyinin qiymətləndirilməsi və onun əsaslılığına münasibət bildirilməsi ekspertin deyil, məhkəmənin səlahiyyətidir. Lakin göründüyü kimi, ekspert rəyində iş üzrə sübutlara qiymət verməklə yanaşı, işin hallarını da təhrif etmişdir. Belə ki, səyyar vergi yoxlaması zamanı cəlb edilən ekspert rəyində istehsal edilən məhsulların satış qiymətlərinin bazar qiymətlərinə uyğunluğunu müəyyən etmək üçün analoji müəssisələrin bu növ məhsullarının qiymətləri, Bakı şəhərində bu növ məhsulların istehsal və satış obyektlərində topdansatış qiymətlərini araşdırdığını, göstərilən dövr ərzində qovrulmuş günəbaxan tumu, qarğıdalı çubuqları, su və limonad içkisi məhsullarının satış qiyməti, tərkibi, hesablama qaydaları və sair haqda məlumatların Dövlət Statistika Komitəsinin rəsmi saytına, Azərbaycan Respublikasının internet saytlarına müraciət olunaraq öyrənildiyini, həmçinin MMC tərəfindən əldə edilmiş və təsdiqlənmiş məlumatlara istinad edildiyini qeyd edilmişdir. Ekspert həmçinin 21 noyabr 2018-ci il tarixli inventarizasiyanın həyata keçirilməsi barədə akta münasibət bildirmiş, inventarizasiyanın müəssisənin mühasibat uçotu göstəriciləri əsas götürülməklə aparıldığını, lakin mühasibat uçotu göstəricilərinin nəyə əsasən müəyyən edildiyinin aydın olmadığını, səyyar vergi yoxlaması aktında yoxlayıcı tərəfindən zəruri olan sənədlərin vergi orqanına təqdim edilmədiyini qeyd etmişdir. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında vergi ödəyicisinə 17 oktyabr 2018-ci il tarixli tələbnamə verilmiş, lakin yoxlama üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilməmişdir və 9 aprel 2018-ci il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” Akt tərtib edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ’’Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” 21 noyabr 2018-ci il tarixli qərarına əsasən isə İddiaçı MMC-də əsas vəsaitlərin, xammal-materialların, hazır məhsulların və digər sərvətlərin inventarizasiyasının aparılması təyin edilmiş, inventarizasiyanın həyata keçirilməsi Vergi Məcəlləsinin 38-ci maddəsinə uyğun müəyyən edilmiş qaydalara əməl edilməklə aparılmış, inventarizasiya zamanı müəssisənin uçot göstəriciləri ilə bağlı olan sənəd və məlumatlar əldə edilmiş və müvafiq sənədlərlə inventarizasiya nəticəsində müəyyən edilmiş göstəricilər müqayisə edilərkən ümumilikdə 1.659.855,15 manat dəyərində malın əskik gəldiyi aşkar edilmişdir. Bununla yanaşı, ekspertin qeyd edilən hala münasibət bildirməsi əsaslı deyildir. Daha əvvəl də qeyd edildiyi kimi ekspert təyin edilmiş ekspertizanın mahiyyətinə uyğun tədqiqat aparmaq əvəzinə məhkəmənin səlahiyyətinə aid olan işin hallarının qiymətləndirilməsini həyata keçirmişdir. Həmçinin, ekspert inventarizasiyanın başlaması, bitməsi və aktın tərtib olunması tarixinin 28 noyabr 2018-ci il tarixdə olduğunu, bu dövrün yoxlanılan dövrdən sonra olduğunu qeyd etmişdir. Əvvəla, inventarizasiya aktının tarixi 21 noyabr 2018-ci ildir, səyyar vergi yoxlaması isə 1 mart 2017-cı il tarixdən 31 avqust 2018-ci il tarixədək olan dövr üzrə aparılmış, 17 oktyabr 2018-ci il tarixdə başlanmış, 7 may 2020-ci il tarixdə başa çatdırılmış və yoxlamanın nəticələri üzrə 12 may 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Bu isə, yoxlanılan dövrlə bağlı hər hansı uyğunsuzluğa səbəb olmur. Ekspert rəydə 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində göstərilən xərclərin sənədlərlə öz əksini tapdığını bildirmiş, xərc sənədləri əsas götürülməklə müəssisənin mənfəətini Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən AR Nazirlər Kabinetinin 1 amrt 2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik 20% götürülərək hesablamışdır. Lakin yoxlama gedişatında müəssisə tərəfindən yoxlamaya məhsulların istehsalı və satışı ilə bağlı sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcmini müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən iki dəfədən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə 2017-ci il üzrə mənfəət vergisi məqsədləri üçün gəlirin məbləği müəssisənin təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert tərəfindən hazırlanmış rəyin məlumatlarına əsasən hesablanmışdır. Belə ki, müəssisə tərəfindən yoxlamaya əlavə satışlarla bağlı xərc sənədləri təqdim edilmədiyindən yoxlama ilə 2017-ci il üzrə mənfəətin birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Göstərilənləri nəzərə alaraq müəssisənin 2017-ci il üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq AR Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək gəlirə əsasən hesablanmışdır. Həmçinin, əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin göstərilməli olan məbləğinə nisbətdə 964.666,32 manat azaldılması, 69.691,8 manat artıq hesablanması müəyyən olunmuş, qeyd olunan məbləğin 665.892,39 manat hissəsi mütəxəssis rəyinə əsasən yoxlanılan dövrdə dövriyyənin artması nəticəsində və 298.773,92 manat hissəsi isə müəssisənin uçot göstəriciləri ilə inventarizasiya nəticəsində müəyyən edilmiş göstəriciləri müqayisə edilərkən ümumilikdə 1.659.855,15 manat dəyərində malın əksik gəlməsi (1.659.855,15 x 18% = 298.773,92) nəticəsində hesablanmışdır. Göründüyü kimi ekspert qarşısında qoyulmuş suallar üzrə lazımi araşdırma aparmadan, işin hüquqi hallarını qiymətləndirməklə əsassız rəy tərtib etmişdir. Odur ki, öz səlahiyyətindən kənara çıxan məsələlər üzrə tərtib edilmiş ekspert rəyi iş üzrə mötəbər sübut qismində qiymətləndirilə bilməz. Göstərilənlərə və «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» AR Qanununn 3, 13-cü maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə, İPM-in 58.7-ci maddəsinə əsaslanaraq, 25 iyun 2021-ci il tarixli 9/3314 nömrəli ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda və ekspert rəyinə dair yazılı mülahizədə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, AR Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İş materiallarında olan məhkəmə iclas prokolundan görünür ki, məhkəmə baxışı üzrə məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 bildirdi ki, vergi orqanı əməkdaşı kimi İddiaçı MMC-də 2018-ci ildə inventarizasiyanın keçirilməsində iştirak etmişdir. İnventarizasiya zamanı mallar sayılmış və təqdim olunmuş sənədlərlə müqayisə edilmişdir. İş materiallarında olan məhkəmə iclas prokolundan görünür ki, məhkəmə baxışı üzrə məhkəmə iclasında şahid qismində iştirak etmiş X2 bildirdi ki, vergi orqanı əməkdaşı kimi İddiaçı MMC-də 2018-ci ildə inventarizasiyanın keçirilməsində iştirak etmişdir. Mallar sayılmış və əskik gəlmişdir. Müəssisənin sənədlərinin necə əldə edildiyini müddət çox keçdiyindən xatırlamır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçının 1 mart 2017-ci il tarixdən 1 sentyabr 2018-ci il tarixədək olan dövr üzrə fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 17 ay aparılmış və 12 may 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında cavabdeh tərəfindən **********137462 nömrəli 19 iyun 2020-ci il tarixli qərar qəbul edilərək iddiaçıya 2017-ci il üzrə 144.193,51 manat vergisi, 187.933,62 manat ƏDV, 2.448 manat torpaq vergisi, 2018-ci il üzrə 707.040,90 manat ƏDV, 2.448 manat torpaq vergisi, ümumilikdə 1.044.064,03 manat vergi məbləği hesablanmış, müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir. İddiaçı hazırda cavabdehin həmin qərarını mübahisələndirir. Cavabdeh həmin qərarın qəbulunu belə əsaslandırır: 1) yoxlama zamanı vergi orqanı tərəfindən cəlb edilmiş mütəxəssisdən və ekspertdən alınmış rəylər əsasında iddiaçının istehsal həcmi və istehsal olunan malların bazar qiyməti müəyyən edilərək, bunun məcmusunda müəssisənin yoxlanılan dövr üzrə dövriyyəsi və ona münasibətdə əlavə vergi məbləğləri hesablanmışdır; 2) yoxlama zamanı 2017 – 2018-ci illər üzrə torpaq vergisinin ödənilmədiyi müəyyən edilmişdir; 3) yoxlama çərçivəsində müəssisədə həyat keçirilmiş inventarizasiya zamanı müəssisədə mal qalığı aşkar edilmiş və həmin mallara münasibətdə əlavə vergi məbləği (ƏDV) hesablanmışdır; 4) hesablanmış həmin vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 515.790,07 manat maliyyə sanksiyası, eləcə də Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən müvafiq hesabatların (2 hesabat) vaxtında təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının dəlilləri: 1) vergi orqanı tərəfindən müəssisənin yoxlanılan dövr üzrə müəyyən edilmiş dövriyyəsi reallığı əks etdirmir; 2) cavabdeh orqanı iddiaçıya mənfəət vergisi hesablayarkən Vergi Məcəlləsinin müddəalarında (67-ci maddəsi) müəyyən edilmiş ardıcığı pozmuşdur; 3) yoxlama zamanı mübütn zəruri sənədlər təqdim edilmişdir; 4) invertarizasiya zamanı “qalıq mal” kimi qiymətləndirilən hissə əsassız olaraq vergiyə cəlb olunan əməliyyatların siyahısına daxil edilmiş, halbuki əskik gələn malların dəyəri mütəxəssis və ekspert rəylərinə əsasən dövriyyənin tərkib hissəsini təşkil edir ki, bu da nəticədə vergi ödəyicisi kimi iddiaçıya ikiqat vergi məbləğinin hesablanmasına səbəb olmuşdur; 5) yoxlama zamanı bazar qiyməti müəyyən edilərkən Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri pozulmuşdur; 6) yoxlama aktında 12 dekabr 2019-cu il tarixli mütəxəssis rəyinə istinad olunsa da, yoxlama zamanı iddiaçıya həm də 8 may 2020-ci il tarixli “dəqiqləşdirilmiş mütəxəssis rəyi” təqdim edilmişdir; 7) yoxlamanın müddətinin artırılması, dayandırılması barədə, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsinə dair qərarlar yoxlamaların vahid məlumat reyestrində qanunla müəyyən edilmiş müddətdə və qaydada qeydiyata alınmamışdır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçı hazırda cavabdehin **********137462 nömrəli 19 iyun 2020-ci il tarixli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddəti buraxılmadığından, qərar cavabdeh tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin (birinci cümləsi) tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. «İnzibati icraat haqqında» AR Qanununun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 104.1-ci maddəsinə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 203-cü maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Rezident və qeyrirezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – 19 iyun 2020-ci il tarixli **********137462 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı pozuntulara yol verildiyini müəyyən edir: - Vergi orqanının 16 oktyabr 2018-ci il tarixli **********165951 nömrəli qərarında AR Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad olunmaqla vergi ödəyicisi kimi hazırkı iddiaçının fəaliyyətində “növbədənkənar” səyyar vergi yoxlamasının təyin olunması qərara alınsa da, sözügedən qərarda, eləcə də inzibati orqan yoxlamanın nəticələri üzrə aktda, həmin akt əsasında qəbul edilmiş vergi ödəyicisinin məsuliyyətə cəlb olunması barədə qərarda, habelə hazırkı inzibati məhkəmə icraatında təqdim olunmuş iddiaya qarşı yazılı etirazda yoxlamanın “növbədənkənar”lığını əsaslandıran hallara, yəni mənbəyi bəlli olan hansı məlumatın yoxlamadan əvvəl əldə olunması və sonradan yoxlama zamanı (materiallarla) öz təsdiqini tapmasına dair heç bir dəlil bildirməmiş, sübut təqdim təqdim etməmişdir: - Vergi orqanının iddiaçının faəliyyəti üzrə səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, səyyar vergi yoxlaması 17 ay davam etmiş və bu müddət ərzində iki dəfə “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsinə dair”, 2 dəfə “müddətin uzadılması barədə” və 10 dəfə “yoxlamanın dayandırılması barədə” qərarlar qəbul olunsa da, həmin qərarların zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş 19 iyun 2020-ci il tarixli qərarda heç bir tutarlı xüsusatla əsaslandırılmamış (ekspertin və mütəxəssisin dəvət olunması barədə qərar istisna olmaqla), eləcə də əlavə yoxlama tədbirlərinin nədən ibarət olması və sonradan hansısa haların əlavə tədbirlərlə aydınlaşdırıldığı açıqlanmamışdır. Bundan başqa, mövcud qanunvericilik («Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə») normaları müvafiq icra hakimiyyəti orqanı kimi AR Ədliyyə Nazirliyi tərəfindən aparılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə səyyar vergi yoxlamasının dayandırılması və müddətinin artırılması barədə qərarların daxil edilməsini mütləq sayır. İnzibati icraatda tətbiq edilən bu tədbirin mahiyyətinə görə eyni zərurət, vergi orqanı tərəfindən “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərar qəbul edildikdə də yaranır. Belə ki, sözügedən qərarın qəbulu özlüyündə vergi yoxlaması müddətinin artırılmasını da ehtiva edir. Hazırkı işdə olan sənədlərlə isə məlum olur ki, vergi orqanı “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” barədə iki qərarın həmin reyestrə daxil olunmasını təmin etməmişdir. Belə hal, həmin reyestrdə “qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Bununla da müəyyən edilir ki, vergi orqanının növbədənkənar keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar qəbul olunarkən «İnzibati icraat haqqında» AR Qanunun 48-ci maddəsi, AR Vergi Məcəlləsinin 38.2-ci maddəsi, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur; - Səyyar vergi yoxlaması zamanı mütəxəssis və ekspert rəyləri də nəzərə alınaraq iddiaçıya ƏDV və mənfəət vergisi hesablanmışdır. Mütəxəssis rəyi ilə isehlak olunmuş elektrik enerjisi və təbii qaz sərfiyyatı əsas götürülərək istehsal həcmi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, istənilən istehsal sahələri olan müəssisənin idarəetmə orqanı və digər köməkçi sahələr (anbar və s.), yəni qeyri-istehsal sahəsi üzrə işin təşkili ilə bağlı elektrik enerjisi sərfiyyatının olması təkzibolunmazdır. Bundan başqa, yoxlama zamanı mütəxəssis rəyində istehsal prosesində boşdayanmalar, işıqlandırmama, ofiz avadanlıqları və s. üzrə yaranan sərfiyyatlar ümumi ölçüyə münasibətdə faizlə göstərilsə də, bu nisbətin hansı meyarlara əsaslandığı müəyyən edilmir. Bu hal, istehsal prosesində yuxarıda göstərilən sərfiyyatların nəzərə alınanlardan fərqli olmasını istisna etmir. Eləcə də nəzərə alınmalıdır ki, istənilən istehsalat sahələrində elektrik enerjisi və təbii qaz sərfiyyatı istehsal həcminin müəyyən edilməsi üçün yeganə göstərici kimi çıxış edə bilməz. İstehsal həcmini müəyyənləşdirilən bir sıra əlamətlər, o cümlədən xammal-material, qaytarılmış mallar, tullantılar, işçi qüvvəsi və s. mövcuddur. Yoxlama aktında istinad olunan mütəxəssis rəyinə əlavə olunmuş cədvəldə müəyyən edilən dövriyyənin “ehtimal xarakterli” olduğu qeyd olunmuşdur. Lakin məhkəmə icraatında yoxlama zamanı bu ehtimalların dəqiqləşdirilmədiyi, real dövriyyənin müəyyən edilməsi istiqamətində əlavə sübutlar toplanmadığı və əlavə vergi məbləğinin böyük qisminin həmin ehtimal olunan dövriyyə əsasında hesablandığı müəyyən edilir. Halbuki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. - Yoxlama zamanı istehsal olunmuş malların real bazar qiymətinin müəyyən edilməsi üçün ekspetr dəvət edilmiş və 10 dekabr 2020-ci il tarixli ekspet rəyi alınmışdır. Həmin rəydə göstərilən qiymət əsasında isə, müəssisənin müvafiq dövr üzrə dövriyyəsi müəyyənləşdirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş mateillarına əsasən müəssisənin mal satışını elektron-qaimə fakturalarla həyata keçirdiyi müəyyən olunur. Həmin elektron-qaimə fakturalarda malların satış qiyməti göstərildiyi halda bazar qiymətinin müəyyən edilməsi və bu məqsədlə məhz ekspert rəyinin alınması zərurətinin nədən irəli gəlməsini cavabdeh əsaslandırmamışdır; - Vergi Məcəlləsinin 67-ci maddəsi sənədlər təqdim edilmədikdə, vergi ödəyicisi mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda ödənilməli olan verginin məbləğinin hesablanması qaydalarını nəzərdə tutur. Bu halda ardıcıl olaraq vergilərin əlaqəli məlumatlar əsasında, bu mümkün olmadıqda analoji vergi ödəyicisi barədə məlumatlar əsasında, bu cür hesablama aparmaq da mümkün olmadıqda isə, mənfəət vergisinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanması tələb olunur. Vergi Məcəlləsinin 67-ci maddəsinin dispozisiya şərtlərinin işin halları ilə əlaqəli təhlili onu deməyə əsas verir ki, vergi orqanı tərəfndən həmin norma yoxlama zamanı düzgün tətbiq edilməmişdir. Çünki, səyyar vergu yoxlaması aktında iddiaçınn qarşılıqlı əlaqələrinin nəzərə alınması, analoji müəssisənin və əlaqəli məlumatların mövcud olub-olmaması ilə bağlı heç bir məlumatlar öz əksini tapmamışdır; - Yoxlama zamanı cavabdeh tərəfindən inventarizasiya keçirilmiş və vergi ödəyicisi kimi iddiaçının müvafiq dövrdə fəaliyyəti üzrə mal qalığının aşkar olunması barədə akt tərtib edilmişdir. İnventarizasiya aktına əsasən müəssisənin uçot götəriciləri ilə inventarizasiya nəticəsində müəyyən edilmiş göstəriciləri müqayisə edilərək, ümumilikdə 1.659.855,15 manat dəyərində malın əskik gəldiyi aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh orqan yoxlama aktında bir tərəfdən sənədlərin təqdim olunmamasını bildirmiş, digər tərəfdən isə müəssisənin mühasibat uçotu sənədlərinə əsasən inventarizasiya keçirmişdir. Müəssisənin mühasibat uçotu göstəricilərinin cavabdeh tərəfindən hansı mənbəyə istinadən qəbul edildiyi və bunun əsasında da inventarizasiya aktının rəsmiləşdirilməsi heç bir mötəbər sübutla, o cümlədən cavabdehin təqdim etdiyi sənədlər və dəvət olunmuş şahidlərin ifadələri ilə təsdiqlənmir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh 19 iyun 2020-ci il tarixli **********137462 saylı qərarında müvafiq rəylər və sənədlər əsasında mənfəət vergisi və ƏDV hesablasa da, hazırkı məhkəmə icraatında alınmış ekspertiza rəyi inzibati orqanın bu qənaətini təksib edir və 2017-ci ll üzrə 132.010,7 manat mənfəət vergisinin hesablanmalı olduğunu müəyyən edir. Bu isə o deməkdir ki, iddiaçı 2017-ci il üzrə 12.182,81 (144.193,51 – 132.010,7 = 12.182,81) manat mənfəət vergisinin hesablanması əsassızdır. İlk növbədə nəzərə alınmalıdır ki, istər inzibati icraatda, istərsə də inzibati məhkəmə icraatında “ekspet rəyi” daha mötəbər sübut kimi qiymətləndirilir, nəinki “mütəxəssis rəyi”. Bundan başqa, hazırkı iş üzrə alınmış 25 iyun 2021-ci il tarixli 9/3314 nömrəli ekspetiza rəyi ilə razılaşmamaq üzrə hər hansı əsas müəyyən edilmir, rəy qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Lakin məhkəmə tərəflərin dəlillərinə mövcud qanunvericiliyn müvafiq müddəaları baxımından qiymət verərək, yoxlama zamanı iddiaçıya hesablanmış 4.896 manat torpaq vergisinin qanuna uyğun olması qənaətinə gəlir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsi ilə bağlı hər hansı bəyannamə verilməsi və vergi məbləğinin ödənilməsi barədə heç bir sübut nə yoxlama zamanı, nə də hazırkı inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Bundan başqa, iddiaçıya vergi bəyannamələrinin vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə istinadən 80 manat maliyyə sanksiasının tətbiqi qanunauyğun olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehin **********137462 nömrəli 19 iyun 2020-ci il tarixli qərarı qismən, yəni “ƏDV (tam) və 12.182,81 manat mənfəət vergisi hesablanması, həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsində qanuna ziddir. Yəni, həmin qərar “2017-ci il üzrə 132.010,7 manat mənfəət vergisi və ona münasibətdə 66.005,35 manat maliyyə sanksiyası, 2017 – 2018-ci illər üzrə 4.896 manat torpaq vergisi və ona münasibətdə 2.448 manat maliyyə sanksiyası, hesabatların təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyası” hissələrində qanuni qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (**********137462 nömrəli 19 iyun 2020-ci il tarixli qərar) qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********137462 nömrəli 19 iyun 2020-ci il tarixli qərarı “2017-ci il üzrə 132.010,7 manat mənfəət vergisi və ona münasibətdə 66.005,35 manat maliyyə sanksiyası, 2017 – 2018-ci illər üzrə 4.896 manat torpaq vergisi və ona münasibətdə 2.448 manat maliyyə sanksiyası, hesabatların təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyası” hissələri istisna olmaqla qalan hissədə ləğv edilməli, iddia digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********137462 nömrəli 19 iyun 2020-ci il tarixli qərarı “2017-ci il üzrə 132.010,7 manat mənfəət vergisi və ona münasibətdə 66.005,35 manat maliyyə sanksiyası, 2017 – 2018-ci illər üzrə 4.896 manat torpaq vergisi və ona münasibətdə 2.448 manat maliyyə sanksiyası, hesabatların təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyası” hissələri istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1393/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1393/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver