Məhkəmə qərarları › İş №2-1(112)-1393/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1393/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1393/2025 10.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094 məhəllə, 3 saylı binanın arxa hissəsində yerləşən 120 kv.m torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnu tanıyaraq, buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndə-vəkili sonradan məhkəməyə ərizə təqdim edərək “Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 92 nömrəli qərarı ilə ayrılmış Bakıxanov qəsəbəsi, 4094 məhəllədə, 3 saylı evin arxa hissəsində yerləşən, 120 kv.m torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi və qeyd olunan torpaq sahəsinə dair texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”ni xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 4094-cü məhəllədə olan 3 saylı binanın arxasında yerləşən bağ sahəsi kimi istifadə olunmuş torpaq sahəsi uzun müddət iddiaçının istifadəsində olmuşdur. Həmin torpaq sahəsinin uzun müddət onun istifadəsində olmasını nəzərə alaraq o, həmin torpaq sahəsini sənədləşdirmək istəmişdir. Təxminən 2007-ci ilin əvvəllərində, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinə müraciət etmişdir. Oradan ona bildirilmişdir ki, həmin torpaq sahəsi ona satıla bilər. Buna görə də ilk əvvəl Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti ilə razılaşdırma aparılmalıdır. Bir müddət sonra, ona bildirilmişdir ki, Bələdiyyənin müraciəti əsasında, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, qeyd olunan torpaq sahəsinin ona satılmasına razılıq vermişdir. Bundan sonra, qeyd olunan torpaq sahəsinin iddiaçıya satılmasına dair akt tərtib olunmuşdur. Həmçinin, Bakı şəhəri Sabunçu rayon Bakıxanov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 92 saylı qərarı ilə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 4094-cü məhəllədə olan 3 saylı binanın arxasında yerləşən, fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 120 kv.m torpaq sahəsi ona ayrılmışdır. İddiaçı hazırda daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Sabunçu rayon Bakıxanov bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş torpaqların alqı-satqısına dair akt Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmiş, o cümlədən cizgidə istinad məsafələri qeyd edilməmiş, perimetrik ölçü və konfiqurasiyada fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir, dövlət mülkiyyəti torpağıdır. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman sahənin çoxmərtəbəli yaşayış binalarının həyətində ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3/02/2-K-0011-8/2024 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Bakı Fililalı tərəfindən təqdim olunmuş: -Bakı şəhəri Sabunçu rayon Bakıxanov bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli məktubdan görünür ki, Bakıxanov bələdiyyəsi yuxarıda göstərilənləri nəzərə alaraq, Bakıxanov qəsəbəsi, 4094 məhəllə, 3 saylı evin arxa hissəsində 120.0 m2 torpaq sahəsini alqı-satqı edərək, vətəndaş İddiaçı mülkiyyətinə verilməsinə münasibət bildirməsi üçün məktubla Sabunçu Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmişdir. -Sabunçu rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Bakıxanov qəsəbəsi, 4094-cü məhəllə, 3 saylı evin arxa tərəfində uzun müddət bağ kimi istifadə etdiyi 120,0 m2 torpaq sahəsinin orada mühəndis qurğularının (elektrik, qaz, su, kanalizasiya, telefon, və. s) mövcudluğunu rayonun müvafiq təsərrüfatları ilə razılaşdırılaraq «Bələdiyyələr haqqında»kı mövcud qanunun tələblərinə uyğun olaraq sənədləşdirilməsinə etiıaz olunmur. -Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsi İqtisad-İnkişaf Daimi Komissiyasının xx.xx.2007-ci il tarixli qərarına sasən Bakıxanov qəsəbəsi, 4094 məhələ, 3 saylı evin arxa hissəsində 120 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. -Bakı şəhəri Sabunçu Rayonu Bakıxanov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 92 nömrəli qərarı ilə Bakıxanov qəsəbəsi, 4094 məhəllə, 3 saylı evin arxa hissəsində vət. İddiaçı uzun müddət istifadə etdiyi 120.0 kv. m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı edilərək, mülkiyyətinə verilməklə, G.M. Kərimovaya satılmışdır (1 kv.m üçün 3.20 manat ödəmək şərtilə). -Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 92 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi İddiaçı əvvəlcədən 384.00 manat haqq müqabilində satılmışdır. -Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundan çıxarışa əsasən Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 1/543 saylı razılıq məktubunu nəzərə alaraq, vət.İddiaçı 4094 məhəllə 3 saylı evin arxa hissəsində fərdi yaşayış evinin tikintisi üçün 120 kv.m torpaq sahəsinin alqı-satqı edilərək, onun adına sənədləşdirilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən sorğuya cavab məktubu ilə təqdim olunmuş: -Seriya MA № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, 3 saylı evin arxa hissəsində yerləşən torpaq sahəsi üzərində X2 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. (alqı-satqı müqaviləsinə və torpaq sahəsinin ilkin mülkiyyətçiyə ayrılması barədə Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin xx.xx.2006cı il tarixli sərəncamına əsasən) -Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində X1 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. (Əsas: 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2(81)-3382/2014 nömrəli qərarı ilə torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmasa da, torpaq sahəsi üzərində bələdiyyə qərarı ilə istifadə hüququ tanınmışdır) Cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyi ilə bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 137.7 kv.m təşkil edir. Torpaq sahəsi üzərində ümumi sahəsi 108.5 kv.m olan yaşayış evi (4 otaq yaşayış sahəsi 65.8 kv.m) mövcuddur. Tikili qeyd olunan "xxxx" MMC tərəfindən tərtib edilmiş memarlııq və planlaşdırma bölməsinə uyğundur. Tikilinin 7.0 metr aralı məsafəsində 5 mərtəbəli yaşayış binası, 16.0 m aralı məsafəsində 7 mərtəbə+mansard olan yaşayış binası və 2.0 m aralı məsafədə isə 2 mərtəbəli yaşayış binası mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən daşınmaz əmlak yaşayış binasının qarşısında ətrafda yaşıllıq ağacları olan ərazidə yerləşir. Tikili 2008-ci il tarixli ortofotoda müşahidə olunur. Bələdiyyələrin təsdiqlənmiş sərhədləri olmadığından, bələdiyyə ərazisi olub-olmadığını araşdırmaq mümkün olmadı. Göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Qeyd olunan maddənin normasından irəli gələn hüquqi nəticələrə əsasən, hüquqmüəyyənedici sənədlərin tərkibi və əhatə dairəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən əvvəlki (yəni, 01 yanvar 2013cü ilədək olan) və sonrakı dövrlərdə inşa olunmuş tikililərə münasibətdə fərqləndirilmişdir. Baxılan mübahisənin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı mülkiyyət hüququnun torpaq sahəsi üzərində yaranmasını bələdiyyənin qəbul etdiyi müvafiq qərarı ilə əsaslandırır, fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının isə inşa işlərinin xx.xx.2013-cü il tarixindən öncə həyata keçirilməsi faktına əsasən meydana gəldiyini irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə baxılması, birbaşa şəkildə həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqlarının müəyyən olunmasından asılıdır. Belə ki, yuxarıda istinad olunan Qanunun 8.0.9.1.2-ci maddəsindən göründüyü kimi, 01 yanvar 2013-cü il tarixədək məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evləri üzərində hüquqların qeydiyyata alınması üçün həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin mövcudluğu yetərli sayılır. Buna görə də məhkəmə, ilk öncə torpaq sahəsinə münasibət bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması əsaslarından biridir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan: 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin: -3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; -3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aiddir. Mövcud əmlak qanunvericiliyinin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddia olunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlir. Cavabdeh tərəfindən qeyd olunan sənədlərin mötəbərliyini və həqiqiliyini şübhə altına alan, həmçinin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda da təqdim edilmiş sənədlər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh inzibati orqan imtina əsası kimi aşağıdakı dəlilləri irəli sürmüşdür:

1. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir.

2. Yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyindən və perimetrik ölçülərdə fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

3. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır.

4. Sahə çoxmərtəbəli yaşayış binalarının həyətində ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Məhkəmə qeyd edir ki, torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmaması təsdiqlənməməsi və digər aidiyyəti orqanlardan rəy alınması hər hansı şəxs üçün bilavasitə nəticə yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil, icraatda yalnız iştirak xarakterli olmaqla yekun aktın qəbuluna xidmət edir. Eyni zamanda bu hal iddiaçının məsuliyyət sferasına aid məsələ olmadığından onun əleyhinə istifadə edilə bilməz. Çünki, müvafiq aktı qeydə almaq iddiaçının öhdəliyi deyil, səlahiyyətli dövlət orqanlarının vəzifəsidir. Həmçinin, təqdim edilmiş cizgidə istinad məsafələri, dəqiq istinadlar, perimetrik ölçülərin qeyd edilməməsi də iddiaçının ziyanına olan hal kimi şərh edilməməlidir. Belə ki, tələblərə cavab verən cizginin tərtib edilməsi müvafiq dövlət orqanının səlahiyyətinə aiddir. Odur ki, cavabdehin bu xüsusatla imtinası formal mülahizələrə söykənmiş kimi qiymətləndirilir. Oxşar mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-269/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında analoji imtina dəlilinə eyni formada hüquqi mövqe ifadə edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “...torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.” Göründüyü kimi, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Qanunvericiliyin tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır. Bu baxımdan, inzibati icraatın gedişində torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilib-edilməməsi iddiaçının təqsiri ilə bağlı məsələ deyil və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq inzibati icraat həyata keçirilərkən, bələdiyyə tərəfindən inzibati prosedurun ayrılmaz tərkib hissəsi kimi nəzərdə tutulmuş torpaq alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunması mərhələsi təmin olunmasa da, ümumilikdə icraat çərçivəsində digər mühüm prosessual hərəkətlər yerinə yetirilmişdir. Belə ki, bələdiyyə torpaq sahəsinin ayrılmasından öncə həmin sahəsinin ayrılmasına razılıq verilibverilməməsi məsələsinin aydınlaşdırılması məqsədilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısına rəsmi qaydada müraciət etmiş, icra hakimiyyəti isə öz razılıq mövqeyini müvafiq məktubla ifadə etmişdir. Ardınca, bələdiyyə orqanı tərəfindən keçirilmiş iclasda həmin torpaq sahəsinin iddiaçıya ayrılması məsələsi gündəliyə daxil edilərək, bu tədbir məqsədəuyğun hesab olunmuş və bununla bağlı müvafiq qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunan hallardan da aydın görünür ki, torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın icrasında müəyyən formal çatışmazlıqlar (torpaq alqı-satqısına dair aktın müvafiq orqana təqdim olunmaması) mövcud olsa da, torpaq sahəsinin ayrılmasına dair müvafiq rəyin alınması faktiki olaraq yerinə yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar faktiki və hüquqi hallara əsaslanan mübahisə üzrə qəbul etdiyi 2-1(102)-1438/2023 saylı, xx.xx.2023 tarixli qərarında qeyd edilmişdir ki:”42. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı təxminən 30 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.” Hazırkı halda o da diqqətə alınmalıdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində, yaxud qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübut təqdim edilməmişdir. Torpaq sahəsinin ölçülərinin, konfiqurasiyası ilə yerləşmə cizgisindəki uyğunsuzluq varsa belə, bu iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, yuxarıda istinad olunan “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndən göründüyü kimi yerquruluşu işləri aparılmaqla və qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqları aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdehin səlahiyyətinə aiddir. Məhkəmə cavabdehin iddia olunan torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh göstərilən məsələlərlə əlaqədar heç bir dəlil təqdim etməmiş, öz arqumentlərinin əsaslığını sübuta yetirə bilməmişdir. Əksinə, cavabdehin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi sənədlərdən iddiaçının qonşuluğunda yerləşən torpaq sahələri üzərində ayrı-ayrı şəxslərin adına hüquqların dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Xüsusi ilə qeyd edilməlidir ki, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələrinin ilkin hüquqmüəyyənedici sənədi iddiaçı da olduğu kimi bələdiyyə qərarı çıxış etmişdir. Nə qədər ki, cavabdeh bələdiyyə qərarı əsasında başqa şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirirsə, bərabər münasibət iddiaçıya münasibətdə də göstərilməli, onun da hüququ dövlət qeydiyyatına alınmalıdır. Göründüyü kimi cavabdeh tərəf mübahisələndirilən torpaq sahəsinin ayrılan vaxt bələdiyyənin mülkiyyətində olmadığını iddia etsə də, iddia olunan torpaq sahəsi ilə qonşuluğunda yerləşən digər torpaq sahələrinin ayrılması məhz eyni bələdiyyə tərəfindən qəbul edilmiş qərarlar əsasında həyata keçirilmiş, nəticə etibarilə həmin sahələrdən birinə dair şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, digər şəxsə münasibətdə isə müvafiq məhkəmə qərarı ilə istifadə hüquqları tanınmışdır. Eyni zamanda, məsələ ilə bağlı əhəmiyyət kəsb edən mühüm hallardan biri də Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının rəsmi razılıq məktubudur. Sözügedən sənəddə qeyd olunan mövqedə açıq şəkildə mübahisələndirilən torpaq sahəsinin bələdiyyə ərazi sərhədləri daxilində yerləşdiyi təsdiq edilmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın bu dəlili təkzib edilir və cavabdehin iddiaçı ilə analoji hüquqi vəziyyətdə olan şəxslərin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı inzibati praktikası artıq mövcuddur. Ancaq cavabdeh tələbi eyni faktiki və hüquqi əsaslara söykənən iddiaçının eyni ərazidə yerləşən daşınmaz əmlak üzərində hüququnun qeydiyyatına dair müraciətinin təmin edilməsindən imtina etmiş, bununla da bərabərlik (bərabər yanaşma) prinsipini pozmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İddia olunan torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının həyətində ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşməsi ilə bağlı cavabdehin mövqeyi əsaslı olması hesab edilmir. Əvvəla ona görə ki, yuxarıda göstərildiyi kimi, mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinin qeydiyyata alınması ilə bağlı cavabdehin praktikası artıq mövcduddur. Digər tərəfdən, sahənin yaşıllıq ərazi olması torpaq sahəsinə hər hansı hüququn qeydiyyata alınması istisna olunmur. Yaşıllıq ərazisinə zərər vurulması mülkiyyət hüququna dair iddianın predmetinə daxil deyil. Təbii haldır ki, istifadədə olan istənilən əmlakda, o cümlədən torpaq sahəsində ekoloji təhlükəsizliyin gözlənilməsi, yaşıllıq ərazisinin qorunmasına dair tələblərə hər bir şəxsin, o cümlədən iddiaçının riayət etməsi vacibdir. Həmin tələblərə riayət edilməməsi, onsuz da işin hallarından asılı olaraq inzibati, hətta cinayət məsuliyyətinə səbəb ola bilər. Lakin məhz ərazinin yaşıllıq olması mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina kimi başa düşülməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 92 №-li qərarı ilə ayrılmış torpaq sahəsi üzərində iddiaçının gözlənilən mülkiyyət hüquqları yaranmış və həmin hüquqların qeydiyyatı cavabdeh tərəfindən həyata keçirilməlidir. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinə dair hissəsinə münasibətdə bildirir ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsi İqtisad-İnkişaf Daimi Komissiyasının xx.xx.2007-ci il tarixli qərarından görünür ki, Bakıxanov qəsəbəsi, 4094 məhələ, 3 saylı evin arxa hissəsində 120 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Göründüyü kimi mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin xx.xx.2013-cü il tarixədək inşa olunduğu müəyyən olunur. Məhkəmə hesab edir ki, bu halda, fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınmasına münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2ci maddəsinin tətbiq edilməsi prosessual qənaət prinsipi baxımından məqsədəuyğundur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, xx.xx.2013-cü il tarixinədək torpaq sahəsinin xüsusi mülkiyyətində olmaqla, yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş və hündürlüyü 12 metrədək olan fərdi yaşayış evlərinə münasibətdə hüquqmüəyyənedici sənəd kimi yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin mövcudluğu kifayət hesab olunmuşdur. İş materiallarından görünür ki, iddiaçıya məxsus evin layihəsi mövcuddur və inşa edilmiş evin layihə ilə uyğunsuzluğu barədə tərəflər arasında hər hansı mübaihsə yoxdur. Belə olan halda qeyd edilir ki, iddiaçının fərdi yaşayış evini inşa etdiyi dövrdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı rəsmiləşdirilməmiş olsa da, torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı əsasında onun gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Hazırkı məhkəmə qərarı ilə həmin hüquqların qeydiyyata alınması təmin olunduğuna görə, iddiaçı göstərilən maddənin tətbiq dairəsinə daxil olmaqla, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan hüquqmüəyyənedici sənəd tələblərinə cavab verir. Bu səbəbdən də, həm torpaq sahəsi, həm də onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Beləliklə, məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, göstərilən dəlillər qanunvericiliklə torpaq sahəsinə və fərdi yaşayış evinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə, iddiaçının torpaq sahəsinə dair texniki sənədin verilməsi ilə bağlı tələbinə münasibət bildirərkən qeyd edir ki, iddia tələbinin dəqiqləşməsi barədə ərizədə texniki ifadə xətasına yol verildiyi müşahidə olunur. Belə ki, iddiaçı torpaq sahəsinə dair plan-ölçü verilməsini tələb etmək əvəzinə texniki pasportun verilməsini xahiş etmişdir. Məhkəmə, iddianın mahiyyətini, həmçinin iddiaçının iradəsinin məzmununu və məqsədini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçının əsas hüquqi məqsədi torpaq sahəsinə dair texniki sənədin əldə olunmasına yönəlmişdir. Bu baxımdan, forma baxımından ifadədə qeyridəqiqlik mövcud olsa da, tələb edilən sənədin hüquqi xarakteri nəzərə alınmaqla, onun plan-ölçü sənədinə dair olduğu qənaətinə gəlinmişdir. Məhkəmə, iddiaçının torpaq sahəsinə dair texniki sənədin verilməsinə nail olmaq istədiyini nəzərə alaraq hesab edir ki, onun torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyatı və çıxarışın verilməsi həyata keçirildiyi zaman, həmçinin torpaq sahəsinə dair plan-ölçünün verilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 92 №-li qərarı ilə ayrılmış Bakıxanov qəsəbəsi, 4094 məhəllədə, 3 saylı evin arxa hissəsində yerləşən, 120 kv.m torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi və qeyd olunan torpaq sahəsinə dair plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar