Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13933/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “qərarda dəyişiklik edilməsi və kompensasiya” tələbinə dair inzibati iş üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “qərarda dəyişiklik edilməsi və kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaçı işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsində “Azərbaycan Respublikasmın ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin” Avro-4 ekoloji normalarına uyğunlaşdınlması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014cü il tarixli, 2 nömrəli qərarının yeni redaksiyada verilməsi tələbi irəli sürülmüşdür. Həmin qərara əsasən, Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro-4 ekoloji normaları tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin mübahisə predmeti olan qərarı, sadəcə olaraq anlayış baxımından inzibati aktın (qərar, sərəncam və s.) ehtiva etdiyi qərar anlamında başa düşülməməlidir. Belə ki, həm inzibati aktlarla bağlı yuxarıda qeyd olunmuş tələblər, həm də normativ hüquqi aktlarla bağlı konstitusion-hüquqi tələblər baxımından qiymətləndirildikdə, Nazirlər Kabinetinin qərarının fərdi deyil, ümumi normativ xarakter daşıdığı, konkret şəxsə və ya dairəsi müəyyən edilə bilən şəxslərə deyil, qeyrimüəyyən sayda şəxslərə ünvanlandığı aşkar görünür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinə uyğun olaraq, Nazirlər Kabineti ümumi qaydalar müəyyən etdiyi hallarda qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Nazirlər Kabinetinin qərarı qanunvericilik sisteminə daxil olan normativ hüquqi akt sayılır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə uyğun olaraq normativ hüquqi akt hamı üçün məcburi davranış qaydaları müəyyən edən, qeyrimüəyyən şəxslər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənəddir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qəbul edilmiş, qeyri-müəyyən şəxslər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ hüquqi aktdır. Azərbaycan Respublikası Konstitusiyasının 130-ci maddəsinin və İnzibati Prosessual Məcəlləsinin 122-ci maddəsinin müəyyən etdiyi qaydalara əsasən normativ hüquqi aktlarla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı hazırkı məzmunda “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair şərtləri ödəmir və bu mənada inzibati akt kimi qiymətləndirilə bilməz. Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarı konkret hər hansı bir şəxsə deyil, ümumiyyətlə qeyri-müəyyən sayda şəxsə münasibətdə abstrakt normativ tənzimləməni nəzərdə tutur. Həmçinin məhkəmə vurğulayır ki, iddianın əsas hissəsinin (qərarda dəyişiklik edilməsi) mümkün sayılmaması ondan asılı olan digər hissənin (maddi və mənəvi ziyanın ödənilməsi) də mümkün sayılmamasını şərtləndirir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “qərarda dəyişiklik edilməsi və kompensasiya” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-13933/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13933/2023
26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver