Məhkəmə qərarları › İş №2-1(112)-1394/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1394/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1394/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 300 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi şəhadətnamə əsasında iddiaçıya məxsus olmuşdur, o, həmin torpaq sahəsinin 300 kv.m hissəsinin alqı satqı müqaviləsinə əsasən digər şəxsə satmış, qalan 300 kv.m torpaq sahəsənə dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, İdarə tərəfindən müxtəlif bəhanələr gətirilərək torpaq sahəsi bugünədək sənədləşdirilməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin bu hərəkəti tamamilə əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********96 xaricolma nömrəli xx.xx.2024-cü il tarixli məktublarla cavab verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxiv məlumatlarına əsasən sənədlər toplusuna əlavə olunmuş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-9907D nömrəli şəhadətnamədə qeyd olunan 600 kv.m torpaq sahəsinin 300 kv.m hisəsi 4Ə-1/31 reyestr nömrəli, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özğəninkiləşdirilmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və çöl-ölçmə işləri aparılarkən torpaq sahəsinin faktiki ölçüsü 589 kv.m təşkil etdiyi müəyyən olmuşdur. Məlumat üçün bildirilir ki, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən sənədlər toplusuna əlavə olunmuş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-9907D nömrəli şəhadətnamədə qeyd olunan 600 kv.m torpaq sahəsinin 300 kv.m hisəsi 4Ə-1/31 reyestr nömrəli, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özğəninkiləşdirilmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və çöl-ölçmə işləri aparılarkən torpaq sahəsinin faktiki ölçüsü 589 kv.m təşkil etdiyi müəyyən olmuşdur. Bundan başqa, şəhadətnamədə hüquq sahibinin soy adı “Zeynalova”, şəxsiyyəti təsdiq edən sənəddə isə “Qurbanova” kimi qeyd olunmuşdur, eyni şəxs olması barədə sənəd təqdim edilməmişdir. -Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 1630 №-li, xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi ilə Azot-Oksigen zavodunun arasında 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3 ayrılmışdır. -Torpağın mülkiyyətə verilməsinə dair JN-9907D nömrəli şəhadətnamədən görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1988-ci il tarixli, 1630 saylı sərəncamı ilə X3 0,06 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsinin yerləşmə yeri müəyyən edilmişdir. -Notarial qaydada təsdiq edilmiş AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, X7 və X10 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-9907D Kod 00500026 seriyalı xx.xx.2023-cü il tarixli 8768 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki torpaq sahəsinin 300 kv.m hissəsini X1. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-49605/2024 nömrəli sorğuya cavab məktubuna əsasən X4 adına Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Nərimanov küçəsi, ev 23, 231 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Nərimanov küçəsi, ev 23, 231 saylı mənzilin torpaq sahəsinə dair məlumat (sənəd) aşkar edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.5 maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş iş materiallarında əks olunan sənədlərin təhlili göstərir ki, iddiaçının mübahisə predmetini təşkil edən torpaq sahəsinə dair JN- 9907D kodlu, 00500026 seriyalı mülkiyyət hüququnu təsdiq edən şəhadətnaməsi mövcuddur. İddiaçı həmin şəhadətnaməyə əsasən torpaq sahəsinin 300 kv.m-lik hissəsini satmış, qalan 300 kv.m-lik hissəyə dair isə mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək niyyətindədir. Lakin cavabdeh orqan iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından aşağıdakı əsaslarla imtina etmişdir: -Torpaq sahəsinin 300 kv.m-lik hissəsinin digər şəxsin adına özgəninkiləşdirilməsi; -Torpaq sahəsinin faktiki ölçüsünün 589 kv.m təşkil etməsi; -Şəhadətnamədə hüquq sahibinin soyadı ilə şəxsiyyət vəsiqəsində göstərilən soyad arasında fərqin mövcudluğu; -Torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttində yerləşməsidir. Məhkəmə cavabdehin birinci və ikinci imtina əsaslarına ümumi şəkildə qiymət verərək bildirir ki, bu amillər iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək hüququndan məhrum edilməsi üçün imtina əsası hesab edilə bilməz. Belə ki, iddiaçıya ayrılmış torpaq sahəsinin ümumi ölçüsü 600 kv.m təşkil etsə də, onun yalnız 300 kv.m-lik hissəsi AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, digər 300 kv.m-lik hissəyə dair isə iddiaçı mülkiyyət hüquqlarını saxlamışdır. Bu baxımdan, iddiaçının əsas hüquqi marağı torpaq sahəsinin ümumi faktiki ölçüsündən asılı olmayaraq, konkret olaraq 300 kv.m-lik hissəyə dair mülkiyyət hüquqlarının reallaşdırılmasına yönəlmişdir. Torpaq sahəsinin ayrılması ilə bağlı sənədlər qüvvədə olduğu təqdirdə iddiaçının torpaq sahəsinin qalan 300 kv.m hissəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasından məhrum edilə bilməz. Cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədlərin qüvvədən düşməsi, etibarsız sayılması, yaxud həqiqətə uyğun olmaması ilə bağlı, o cümlədən mötəbərliyini şübhə altına alan hər hansı dəlil təqdim etməmişdir. Digər imtina əsasına gəldikdə, məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılması ilə bağlı sənədlərdə iddiaçının soyadı "Zeynalova" kimi göstərilmiş, lakin onun şəxsiyyət vəsiqəsində soyadı "Qurbanova" kimi qeyd edilmişdir. Bununla belə, bu hal torpaq sahəsinin iddiaçıya məxsus olmasını təkzib etmir. İş materiallarında olan digər daşınmaz əmlakın alqı-satqı müqaviləsində də satıcı kimi "X2 qızı" göstərilmişdir ki, bu da iddiaçının şəxsiyyəti ilə bağlı hər hansı şübhəni aradan qaldırır. Eyni zamanda, təqdim olunmuş sənədlərin müqayisəli təhlili nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmuş, ünvan 2 ünvanında yaşamışdır. Bu məlumatlar nəzərə alınmaqla, JN- 9907D kodlu mülkiyyət şəhadətnaməsinin məhz iddiaçıya aid olduğu heç bir şübhə doğurmur. İddiaçının istifadəsində olan torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair" Qaydaların 1.4-cü bəndinə əsasən, bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Məhkəmə son olaraq onu da vurğulamağı zəruri hesab edir ki, baxmayaraq ki, torpağın mülkiyyətə verilməsinə dair JN-9907D nömrəli şəhadətnamədə iddiaçı ilə yanaşı digər iki şəxsin adı göstərilsə də, bu hal adıçəkilən şəxslər tərəfindən torpaq sahəsinə dair hüquqlarının iddiaçının adına rəsmiləşdirilməsi üçün razılıq ərizələrinin verilməsi zəruriliyini istisna edir. Belə ki, şəhadətnamədə adları göstərilən X12 və X13 iddiaçı ilə ünvan 3 ünvanda qeydiyyatda olan və yaşayan şəxslər olmuşdurlar. JN-9907D nömrəli şəhadətnamədə onları adları göstərilsə də, həmin şəhadətnamənin verilməsinə əsas olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 1630 №-li, xx.xx.1998-ci il tarixli Sərəncamda torpaq sahəsinin onlara ayrılmasından bəhs olunmamış, torpaq sahəsinin yalnız iddiaçıya ayrılması nəzərdə tutulmuşdur. Torpaq sahəsinin ayrılması barədə sərəncam hal-hazırda öz hüquqi qüvvəsini saxladığından, sərəncamda qeyd olunan məlumatların mötəbərliyi nəzərə alınır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, hazırki iş üzrə X8 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması və onların iddiaya qarşı olan münasibətlərinin öyrənilməsinə hər hansı zərurət olmamışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, cavabdehin dəlilləri qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli və ünvan 1 ünvanında yerləşən 300 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 300 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar