Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13943/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsin” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağlar massivində yerləşən, 0,1169 ha ərazisi olan 717 saylı bağ sahəsinin plan və ölçülərini tərtib edərək adına xüsusi mülkiyyət hüququ ilə vahid çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İH X2 və İstismarı Birliyinin xx.xx.1998-ci il tarixli, 4906 nömrəli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 717 nömrəli bağ sahəsi üzərindəki 21,7 kv.m tikilidən ibarət 1 otaqlı bağ evi ilə birlikdə X6 icarəyə verilmişdir. İcarədarın razılığı ilə Bakı şəhər İH X2 və İstismarı Birliyi 717 nömrəli bağ sahəsinin 0,12 ha hissəsini xx.xx.2005-ci il tarixli, 34270 nömrəli müqaviləsinə əsasən 717 "A” nömrəli bağ sahəsi kimi X9 icarəyə vermişdir. xx.xx.1999-cu il tarixli, 059557 nömrəli alqı-satqı müqaviləsinə əsasən X11 Bakı şəhəri, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağlar massivində yerləşən, 0,1169 ha ərazisi olan, 21,7 kv.m yaşayış otağından və 22,94 kv.m köməkçi sahədən ibarət 717 nömrəli bağ sahəsini X15ma satmışdır. xx.xx.2005-ci il tarixli "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən xx.xx.2001-ci ildə vəfat etmiş X7 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağlar massivində yerləşən, 0,1169 ha ərazisi olan, 21,7 kv.m yaşayış otağından və 22,94 kv.m köməkçi sahədən ibarət 717 nömrəli bağ sahəsi xx.xx.2005-ci ildə onun vərəsəsi X12 adına mülkiyyət hüququ ilə Dövlət Reyestrində qeydiyyata alınmışdır. xx.xx.2005-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X16 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka- 2 bağlar massivində yerləşən, 21,7 kv.m yaşayış otağından və 22,94 kv.m köməkçi sahədən ibarət 717 nömrəli bağ sahəsini İddiaçı satmış və xx.xx.2005-ci ildə İddiaçı adma mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağlar massivində yerləşən 717 nömrəli bağ sahəsinə dair iki dəfə texniki pasport tərtib edilmişdir. xx.xx.2014-cü il tarixli, **********33-11301 reyestr nömrəli texniki pasportda 717 nömrəli bağın ərazisinin faktiki torpaq sahəsinin ölçüləri 0,2155 ha, tikintialtı torpaq sahəsinin ölçüləri 0,00825 ha, digər torpaq sahəsinin ölçüləri 0,20725 ha göstərilmişdir. xx.xx.2021-ci il tarixli, **********33-11301 reyestr nömrəli texniki pasportda isə 717 nömrəli bağın ərazisinin faktiki torpaq sahəsinin ölçüləri 0,1169 ha, tikintialtı torpaq sahəsinin ölçüləri 0,01064 ha, digər torpaq sahəsinin ölçüləri 0,01064 ha göstərilmişdir. Cavabdeh tərəfindən İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* № li çıxarışda istifadə olunan torpaq sahəsinin ölçüsü 0,00791 ha qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-930/2022 saylı qərardadına əsasən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2022-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda isə istifadə olunan torpaq sahəsinin ölçüsü 0,1169 ha qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağlar massivində yerləşən 717 № li bağın torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli, **********96 nömrəli bildirişi ilə 717 nömrəli bağın torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasından imtina etmişdir. İmtinaya səbəb kimi 717 nömrəli bağa dair müqavilənin bağlanıb-bağlanmaması barədə məlumatın idarənin arxiv qovluğunda aşkar olunmaması qeyd edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, xx.xx.1998-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağlar massivində yerləşən 717 nömrəli bağ evi X3 adına qeydiyyata alınmışdır. Cavabdeh formal əsaslara istinad edərək Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağlar massivində yerləşən 717 nömrəli bağın torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata almamaqla iddiaçının mülkiyyət hüquqlarının reallaşdırılmasına maneəçilik törədir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxiv məlumatlarına əsasən bağ sahəsi ilkin olaraq 0,25 ha olmuş, daha sonra həmin sahənin 0,12 ha hissəsi digər şəxsin adına daşınmaz əmalkın dövlət reyestrində qeydiyyata alınmışdır. Yerdə qalan 0,12 ha olmaqla “717” saylı bağa dair müqavilənin bağlanılıb-bağlanılmaması barədə məlumat idarənin arxiv qovluğunda məlumat aşkar edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********96 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və imtinadakı dəlillərə uyğun cavab verilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. -Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, seriya BN 001426 №-li qeydiyyat vəsiqəsinin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Vişnyovka-2 qəsəbəsi, 1 yaşayış otağı, 21,70 kvm. yaşayış sahəsindən ibarət 717 saylı bağ İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. -Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ev 717 üvnanında yerləşən bağ evi İddiaçı xüsusi mülkiyyətindədir, 0,00791 ha torpaq sahəsi isə onun istifadəsindədir. -********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ev 717 üvnanında yerləşən 44,64 kv.m olan bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. -********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ev 717 üvnanında yerləşən 0,1169 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə Bakı şəhəri 39 saylı dövlət notariat ofisində 04 may 2005-ci il tarixdə 4Ə/1-112 reyestr nömrəsi ilə təsdiq edilmiş alqısatqı müqaviləsi təqdim edilmişdir. Həmin müqavilədən görünür ki, X16 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ev 717 üvnanında olan “A” tikilisində yerləşən ümumi sahəsi 64,94 kv.m, yaşayış sahəsi 21,70 kv.m olan 1 otaqdan ibarət hissəni İddiaçı mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə aşağıdaki sənədlər təqdim olunmuşdur: -Bakı şəhər İcra Hakimiyyəti X2 və İstismarı Birliyi ilə X11 arasında bağlanmış xx.xx.1998-ci il tarixli bağın icarəyə verilməsi haqqında 4906 №-li müqaviləyə əsasən Vişnyovka 2 qəsəbəsindəki, 0,25 hektarlıq 717 saylı bağ sahəsi üzərindəki sahəsi 21,7 kvm. olan 1 otaqdan ibarət bina ilə birlikdə X6 və onun ailə üzvlərinə icarəyə verilmişdir. -xx.xx.1999-cu il tarixli, 059557 №-li alqı-satqı müqaviləsinə əsasən X10 717 saylı bağ sahəsini X1. -Qanun üzrə vərəsəlik hüququ haqqında 25 yanvar 2005-ci il tarixli şəhadətnamədən görünür ki, X14 xx.xx.2001-ci ildə vəfat etdiyindən 717 saylı bağ sahəsi xx.xx.2005-ci ildə onun vərəsəsi X12 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. -xx.xx.2005-ci il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə X16 həmin bağ sahəsini İddiaçı satmışdır. -Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-930/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağ evi 717 ünvanında yerləşən bağ evinə dair xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş X4 istifadəsində olan torpaq sahəsinin ölçüsünün həmin evə dair xx.xx.2021-ci il tarixli, **********33-11301 reyestr nömrəli texniki pasport pasporta uyğunlaşdırılaraq 0,1169 ha. göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, “Məhkəmə qeyd edir ki, mübahisəli bağ sahəsinin ilkin sahəsi 0,25 hektar olmuş və onun 0,12 hektarı digər şəxsin icarəsinə verilmişdir. 717 saylı bağ sahəsi alqı-satqı müqaviləsinə əsasən üzərində yerləşən 21,70 kvm. yaşayış otağından və 22,94 kvm. köməkçi sahədən, ümumilkdə 44, 64 kvm. bağ evi kimi iddiaçı tərəfindən satın alınsa da həmin bağ evinin yerləşdiyi torpaq sahəsi naməlum səbəblərdən alqı-satqının predmeti olmamışdır. Lakin işin mübahisəsizi halı ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan bağ evinin yerləşdiyi torpaq sahəsi hazırda 0,1169 ha.-dan ibarətdir və həmin torpaq sahəsi iddiaçı tərəfindən istifadə edilməklə özbaşına tutulmamışdır. Bağ evinin yerləşdiyi torpaq sahəsi ilkin mülkiyyətçi Kərim Sultanovun icarəsində olmuşdur və onun icarəsinə verilməsi ilə bağlı müqavilə mübahisələndirilməmişdir.” -Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-930/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-930/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının nəticəvi hissəsinə “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağ evi 717 ünvanında yerləşən 0,1169 ha. torpaq sahəsi üzərində İddiaçı istifadə hüququnun qeydiyyata alınması” kimi izah verilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Hazırkı işdən görünür ki, Belə iş materiallarında olan sənədlərdən və qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-930/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 717 nömrəli bağ evinin yerləşdiyi 0,25 hektar torpaq sahəsi üzərindəki tikililərlə keçmiş X2 və İstismarı Birliyi ilə bağlanılmış xx.xx.1998-ci il tarixli, 4906 nömrəli müqavilə əsasında X6 icarəyə verilmişdir. xx.xx.1998-ci il tarixdə Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 717 nömrəli bağ evi X3 adına qeydiyyata alınmışdır. Daha sonra 2005-ci il tarixdə X3 və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında bağ sahəsinin 0,12 hektar hissəsi X8 adına keçirilmiş və Vişnyovka-2, 717a nömrəli bağ evi kimi qeydiyyata alınmışdır. xx.xx.1999-cu il tarixli, 059557 №-li alqı-satqı müqaviləsinə əsasən X10 717 saylı bağ sahəsini X1. X14 xx.xx.2001-ci ildə vəfat etdiyindən 717 saylı bağ sahəsi xx.xx.2005-ci ildə onun vərəsəsi X12 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. xx.xx.2005-ci il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə X16 həmin bağ sahəsini İddiaçı satmış və İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 717 nömrəli bağ evinin yerləşdiyi 0,25 hektar torpaq sahəsinin ilkin mülkiyyətçisi X11 olmuş, onun bu hüquqları bağ sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə əsasında yaranmışdır. Sonuncunun həmin torpaq sahəsi üzərində hüquqlarının yaranmasına əsas verən hüquqi akt, bağın icarəyə verilməsi barədə bağlanmış müqavilədir. Həmin müqavilə qüvvədən düşməmiş, geri çağrılmamış və ya hüquqi baxımından etibarsız hesab edilməmişdir. Müqavilənin etibarlı olması torpaq sahəsinin həmin dövrdə qanuni əsaslarla X3 istifadəsində oluğunu təsbit edən hüquqi təminatlardan biri qismində çıxış etmir. Qeyd edilməlidir ki, göstərilən dövrdə 0,25 ha ölçüsündə bağ sahəsi K. Sultanovun qanuni istifadəsində olmuşdur. Bununla belə, onun həmin torpaq sahəsinə dair hüquqları artıq digər şəxslərə keçmişdir və bu hüquq keçidi K.Sultanovun öz iradəsi əsasında həyata keçirilmişdir. Belə ki, Sultanov bağ sahəsinin 0,12 ha olan hissəsində yerləşən bağ evini alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmaqla, əmlaka dair hüquqlarından könüllü imtina etmişdir. Torpaq Məcəlləsinin 88-ci maddəsi isə bu hüquqi vəziyyətin əsasını təşkil edir. Həmin maddənin müddəalarına əsasən, hər hansı tikilinin satışı həyata keçirildiyi təqdirdə, bu tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ avtomatik olaraq alıcıya keçir və bu norma həm əmlak hüquqlarının vahidliyini, həm də torpaq üzərindəki hüquqların tikiliyə bağlılığını təmin edir. Əlavə olaraq, alqı-satqı müqaviləsi çərçivəsində tərəflərin hüquq və öhdəlikləri də qanunvericiliyə uyğun olaraq formalaşır ki, bu da torpaq üzərində olan hüquqların alıcının mülkiyyətinə keçməsinin hüquqi əsasını gücləndirir. Həmçinin nəzərə alınmalıdır ki, tikiliyə dair mülkiyyət hüququ, onun altında olan torpaq sahəsinə də şamil edilir, çünki tikilinin funksional istifadəsi üçün torpaq sahəsi zəruridir. Sultanovun bağ evini satması ilə bağlı bağladığı alqı-satqı müqaviləsi, öz hüquqlarından açıq və birmənalı şəkildə imtina etməsi kimi qiymətləndirilməlidir. Bu hüquqi akt həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu maddəsinə uyğun olaraq, bağlanmış mülkiyyət münasibətləri çərçivəsində alıcının mülkiyyət hüquqlarını təsbit edir. Beləliklə, hüquqların iradə ifadəsi ilə digər şəxslərə keçməsi, qanunvericiliyin tələbləri ilə tam uyğun gəlir və tərəflərin hüquqi vəziyyətinin düzgün müəyyən edilməsini təmin edir. Eyni zamanda vurğulanmalıdır ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-930/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə sözügedən ünvanda yerləşən 0,25 ha ölçüsündə olan torpaq sahəsinin ilkin olaraq K.Sultanovun qanuni istifadəsinə ayrıldığı, lakin sonradan həmin torpaq sahəsinin müəyyən hissəsinin L. Hüseynovaya, digər hissəsinin isə bağ evinin yerləşdiyi ərazi ilə birlikdə İddiaçı istifadəsinə verildiyi hüquqi olaraq təsbit edilmişdir. Qeyd olunan məhkəmə qərarı, qanunvericiliyə əsasən, preyudisial əhəmiyyətə malikdir və tərəflərin mübahisəli hüquq münasibətlərinin müəyyən edilməsində əsas hüquqi mənbə rolunu oynayır. Məhkəmə sözügedən məhkəmə aktının preyudisialıq daşıdığını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, hüquqi qüvvəyə minmiş məhkəmə qərlarının digər məhkəmələr və ya inzibati orqanlar üçün məcburi xarakter daşıyır. Bu institut, hüquqi münasibətlərin sabitliyini təmin edir, xüsusilə maddi hüquq norması ilə təsbit edilmiş faktlar və hüquqi qiymətləndirmələrə şamil olunur. Bundan əlavə, məhkəmənin bu qərarı, mülkiyyət və torpaq istifadəsi hüquqlarının ardıcıllığını və hüquqi varisliyini təsdiq edən əsas hüquqi sənəd olmaqla yanaşı, hüquq münasibətlərində tərəflərin statusunu dəqiqləşdirmək üçün mühüm istinad nöqtəsi təşkil edir. Bu kontekstdə, məhkəmə qərarı təkcə faktiki hallar deyil, həm də hüquqi əsaslar baxımından tərəflərin hüquq və öhdəliklərinin müəyyən olunmasında həlledici əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamış, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Mövcud halda isə qeyd olunan torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması işin halları ilə müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağlar massivində yerləşən, 0,1169 ha ərazisi olan 717 saylı bağ sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququnun tərtib edilməsi və çıxarışın verilməsindən imtina etməkdə haqlı olmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirildiyi zaman, eyni zamanda cavabdeh tərəfindən həmin torpaq sahəsinə münasibətdə plan-ölçünün verilməsi də təmin olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağlar massivində yerləşən, 0,1169 ha ərazisi olan 717 saylı bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-13943/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13943/2024
10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver