Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13944/2023 12.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxslər X13 və X9 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxslər X13, X17, X16 və X14 cəlb olunmaqla) qarşı “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 ünvanında yerləşən 105 nömrəli mənzilin pasport qeydiyyatından X13, X17, X16 və X6 çıxarılmasının cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı notarial qaydada alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən 105 nömrəli mənzili 05 aprel 2016-cı il il tarixində almışdır. Qeyd olunan mənzildə mənzilin keçmiş sahibi ilə birlikdə qohumları da qeydiyyata alınmışdılar. İddiaçı qeyd olunan mənzili aldığı zaman mənzilin sahibi bildirmişdir ki, xx.xx.2016-cı il tarixinədək qeyd olunan mənzildən qeydiyyatdan çıxacaqlar və həmin tarixdə evin keçmiş sahibi X18 qeydiyyatdan çıxmışdır. Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra qeyd olunan mənzilin mülkiyyətində olmasının qeydiyyata alınması ilə bağlı iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək RX ******* nömrəli çıxarışı əldə etmişdir. İddiaçı ASAN xidmətə yaxınlaşaraq mənzili qızının adına keçirilməsini istəmiş və həmin anda iddiaçıya məlum olmuşdur ki, tanımadığı və heç bir qohumluq əlaqəsi olmayan üçüncü şəxslər X13, X17, X16 və X14 həmin evdə pasport qeydiyyatındadırlar. Qeyd olunan şəxslərin mənzilə hansı əsaslarla qeydiyyata alınmaları iddiaçıya məlum deyil. İddiaçı üçüncü şəxslərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nizami Rayon Polis İdarəsinə yazılı şəkildə müraciət etmişdir. Müraciətinin əsasında cavabdeh orqan xx.xx.2023-cü il tarixli imtina məktubu verərək, aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Qeyd olunan mənzil alqı-satqı müqaviləsi əsasında əldə edildikdən sonra üçüncü şəxslər həmin mənzildən çıxmışdılar və hal-hazırda harda yaşamaqları iddiaçıya məlum deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X13, X17, X16 və X14 iş üzrə üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı yazılı münasibət təqdim olunaraq bildirilmişdir ki, məhkəmə qətnaməsi icraya yönəldikdən sonra tərəflərindən icra olunacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. İş üzrə üçüncü şəxs X14 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və iddia tələbinə etiraz etdiyini bildirmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər – X13 və X16 mübahisələndirilən ünvanda yaşamadıqlarını, hazırda kirayədə yaşadıqlarını, iddiaçıya qarşı hər hansı tələblərinin olmadığını, hazırda Bakı İnzibati Məhkəməsinin icraatında həmin binada yerləşən ayrı mənzilə qeydiyyata alınmaya dair iddia tələbləri üzrə işə baxıldığını, iddiaçının mülkiyyətində olan 105 nömrəli mənzildən qeydiyyatdan çıxarılacaqları təqdirdə qeydiyyatsız qalacaqlarına görə hazırkı iddia tələbinə etiraz etdiklərini bildirdilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının və üçüncü şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş və ona müvafiq tələblə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. -AR DİN tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, iş üzrə üçüncü şəxslər ünvan 3-də qeydiyyatdadırlar. -xx.xx.2016-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 ünvanında yerləşən 105 nömrəli mənzili X5 almışdır. Müvafiq sorğu əsasında Bakı şəhəri 50 saylı Notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilmiş 4Ə-224 reyestr saylı “Alqı-satqı müqaviləsi”nə dair notariat işində saxlanılan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin materiala əlavə edilmiş: -Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 92/7 №-li Sərəncamın surətindən görünür ki, ünvan 3-ə dair X12 adına icarə müqaviləsi bağlanmışdır. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 ünvanında yerləşən 105 nömrəli mənzil X12 xüsusi mülkiyyətində olmuşdur. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, hazırda İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 ünvanında yerləşən 105 nömrəli mənzilə dair üçüncü şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X13 xx.xx.2004-cü il tarixdən, X17 xx.xx.2005-ci il tarixdən, X16 xx.xx.2011-ci il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün olmamışdır. -X21 tərəfindən verilmiş 29 nömrəli orderin surətindən görünür ki, X11 Özbəkistan küçəsi, ev 21, mənzil 105, mərtəbə 4 ünvanında yerləşən zavodun yataqxanasından otaq ayrılmışdır. -Məhkəmənin sorğusuna cavab olaraq 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vətəndaş F.Şahmarov 1989-cu ildən X21nda işləmiş və həmin müəssisə tərəfindən ona Özbəkistan küçəsi 21 saylı binada otaq verildikdən sonra qeydiyyata düşmüşdür. 2002-ci ildə övladının xəstəliyi ilə əlaqədar Lerik rayonuna getdiyi zaman onun mənzilində Zəngilan rayonu məcburi köçkün X24 ailəsi ilə birlikdə məskunlaşıb. Maşınqayırma zavodunda işlədiyi dövrdə order əsasında qeydiyyata düşmüş X1 21 saylı bina Birliyin balansına xx.xx.2007-ci ildən qəbul edildiyi vaxtdan orderdə göstərilən mənzildə yaşamamışdır. Onun qeydiyyatda olduğu 105-ci mənzil hal-hazırda özəldir. xx.xx.2016-cı il tarixindən verilmiş №********** qeydiyyat vəsiqəsi var- (köhnə nömrə 116 olub). Özbəkistan küçəsi 21 saylı bina Birliyin balansına qəbul edildiyi zaman inventarizasiya vaxtı sıralama ardıcıllığına uyğun 105-ci mənzil 69 №-li mənzil olaraq təyin edilib. Bildirilir ki, rəsmi çıxarış verilmiş 105-ci mənzil F.Şahmarovun mənzili deyil. -1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 83 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 21 saylı yataqxanının 105 №-li otağında qeydiyyatdadır. İnventarlaşdırma zamanı 105 saylı otaq 69 saylı otaq kimi qeydiyyata alınmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 ünvanında yerləşən 105 nömrəli mənzilin mülkiyyətçisidir. Onun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; -2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; -5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxslər faktiki yaşamadıqları və istifadə hüquqları olmadığı ünvan üzrə qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxsin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Belə ki, Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə işin araşdırılan hallarından görünür ki, iddiaçı ünvan 3-in mülkiyyətçisidir. Üçüncü şəxslər iddiaçının ailə üzvü və digər qohumu deyil. Onların qeyd olunan mənzildə faktiki olaraq yaşamaması həm iş materialları, həm də öz izahatları ilə müəyyən edilmiş, bununla yanaşı həmin mənzilə dair əmlak hüquqlarının müvafiq reyestrdə qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə təqdim edilmiş orderə münasibətdə bildirir ki, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş məktubdan göründüyü kimi, binanın balanssaxlayıcısının dəyişməsi dövründə aparılmış inventarizasiya ilə mənzillərin sıralama ardıcıllığında dəyişiklik olmuşdur. İddiaçı isə 105 nömrəli mənzili 2016-cı ildə, yəni inventarizasiyadan sonrakı dövrdə əldə etmişdir. Belə olan halda, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduqlarından iddiaçı həmin şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın imtinası isə iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Üçüncü şəxslər X13, X17, X16 və X6 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-13944/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13944/2023
12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver