Məhkəmə qərarları › İş №2-1(112)-13946/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13946/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13946/2025 21.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Qaradağ Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin 987 nömrəli xx.xx.1998-ci il tarixli Sərəncamı ilə İddiaçı (bundan sonra iddiaçı) fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsindən 600,0 kv.m. torpaq sahəsi verilmişdir. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Sahil qəsəbəsində iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə sxemi tərtib edilmişdir. İddiaçı Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin 987 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə ona ayrılna torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh onun müraciətinə hər hansı cavab verməmişdir. Daha sonra cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan başqa, qeyd olunan torpaq sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında 2-1 (112)-13946/2025 saylı məhkəmə işi mövcuddur və yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ RİH Başçısının fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında xx.xx.1998-ci il tarixli, 987 nömrəli sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-kadastr cizgisinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Qaradağ RİH Başçısının fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında xx.xx.1998-ci il tarixli, 987 nömrəli sərəncamına əsasən Sahil qəsəbə sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsindən 600.0 kv.metr torpaq sahəsi ayrılıb verilmişdir. Sərəncamın surəti Milli Arxiv idarəsinin Bakı filialında mövcuddur. X1 ilə İddiaçı nikahda olmuş, əri Tofiq Əhmədov xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı 30 ildən artıq müddətdə ailəsi ilə birlikdə istifadə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınmasını istəyir. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətlərinə heç bir cavab verilməmiş, mənzilə baxış keçirilməmiş, ümumiyyətlə, müraciət üzrə heç bir inzibati hərəkətlər aparılmamışdır. Cavabdeh inzibati orqanın hərəkətsizliyi məhkəməyə müraciət etmək üçün əsas vermişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Qaradağ Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində adi cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri və mərkəz koordinatları qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə cavab vermədiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Qaradağ Rayon İcra Hakimiyyətinin sərəncamı ilə ona Sahil qəsəbəsindən ayrılmış 600,0 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətinə hər hansı cavab verməmişdir. Daha sonra iddia ərizəsinə etirazda cavabdeh bildirmişdir ki, təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri və mərkəz koordinatları qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı aşağıdakılar qeyd edilir: Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyəti tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə sxemi hazırlanmış və surəti ona təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il tarixli müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,06 ha, faktiki ölçüsü 0.0645 ha təşkil edir. Torpaq sahəsinin sərhədləri mişar daşları ilə hasarlanıb. Bir tərəfdən 319 saylı tam orta məktəb (ara sərhədləri daş mişarla hasarlanın), iki tərəf qonşu, bir tərəf boş sahə. Torpaq sahəsi üzərində bir mərtəbəli tikili var. Yerləşmə cizgisi təqdim edilmədiyindən müqayisəli araşdırmaq mümkün olmadı. Vətəndaş tərəfindən göstərilən torpaq sahəsinin baş planı və koordinatları əlavə olundu. Dövlət Arxivinin Bakı Filialı xx.xx.2023-cü il tarixli məktubla İddiaçı barəsində Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 987 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışını iddiaçıya göndərmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin 987 nömrəli xx.xx.1998-ci il tarixli Sərəncamı iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır və həmin sənəd hazırda qüvvədədir. Belə ki, həmin sərəncam geri çağırılmamış, ləğv olunmamış, dəyişdirilməmiş və ya qüvvədən düşmüş hesab olunmamışdır, cavabdeh də bu sərəncamın qüvvədə olmasını mübahisələndirilmir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol vermişdir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Qaradağ RİH Başçısının fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında xx.xx.1998-ci il tarixli, 987 nömrəli sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-kadastr cizgisinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar