Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1395/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və riskli vergi ödəyiciləri siyahısından çıxarılma” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək barəsində tərtib edilən 29 aprel 2024-cü il tarixli, **********011400 nömrəli qərarın tamamilə ləğv edilməsi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Fərdi sahibkar olaraq barəsində qanunsuz və qərəzli əsaslarla tərtib edilən 29 aprel 2024-cü il tarixli, **********011400 nömrəli qərarın tamamilə ləğv edilməsi, riskli vergi ödəyicisi hesab edilməsi barədə 10 dekabr 2022-ci il tarixli, **********820300 nömrəli qərarın tamamilə ləğv edilməsi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılması” kimi dəqiqləşdirilmişdir.
3. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 29 aprel 2024-cü il tarixli, **********011400 nömrəli qərarın tamamilə ləğv edilməsi və iddiaçının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə qərar qəbul edilmısi” kimi dəqiqləşdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 10 dekabr 2022-ci il tarixli, **********820300 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 29 aprel 2024-cü il tarixli, **********011400 nömrəli qərar ilə barəsində 17.899,43 manat vergi hesablanmış və əlavə hesablamalara əsasən 13.424,96 manat vergi məbləği müəyyən edilmişdir. Hesab edir ki, fərdi sahibkar olaraq barəsində tərtib edilən 29 aprel 2024-cü il tarixli, **********011400 nömrəli qərar əsassız və qanunsuz olduğu üçün tamamilə ləğv edilməlidir və riskli vergi ödəyicilərinin siyahısından çıxarılma barədə tələbi təmin edilməlidir. Belə ki, fərdi sahibkar kimi əsas və yeganə fəaliyyət istiqaməti yük avtomobili nəqliyyatının fəaliyyəti olmaqla əvvəlcədən olan razılaşmalara əsasən müqavilə əsasında hüquqi şəxsə məxsus olan xarici ölkələdə olan yüklərin ölkəmizə daşınmasını təmin edir və ya əksinə ölkəmizdə olan yüklərin xarici ölkələrə daşınmasını təmin edir, bir sözlə əsas və yeganə fəaliyyəti təminatı təmin etməklə beynəlxalq yükdaşımaların həyata keçriİməsidir. Əsassız olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən 10 dekabr 2022-ci il tarixli, **********820300 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Riskli vergi ödəyicisi hesab ediləndən sonra vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 29 aprel 2024-cü il tarixli, **********011400 nömrəli qərar ilə əvvəlki ödədiyi vergilər nəzərə alınmaqla barəsində 13.424.96 manat məbləğində vergi hesablanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 dekabr 2022-ci il tarixli, **********820300 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilməyi barədə qərar tamamilə qanunsuz olduğundan “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının müddəaları barəsində təbiq edilə bilməz. 10 dekabr 2022-ci il tarixli, **********820300 nömrəli qərarın müəyyən etdi hissəsinin 1-ci abazasında ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilməsi göstərilmişdir. Həmin qərarın 2-ci abzasında aparılmış təhlilər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keşirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyi anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Vergi orqanın bu yanaşması tamamilə qərəzlidir. Onun fəaliyyət göstərmədiyi digər sahibkarlıq fəaliyyəti sahələrində onu ittiham edirlər. Mənbəyi bəlli olan və ya olmayan məlumatlar hansılardır ki, həmin məlumatlara istinad edilməmişdir. İddiaçı idxal və ixrac əməliyyatları aparmamışdır. Ümumiyyətlə fərdi sahibkar kimi ticarət və ölkə daxilində yükdaşıma fəaliyyətilə məşğul olmamış, məşğul olmadığı bu fəaliyyətə görə hansı əsaslarla anbar sahəsinə sahib və ya malik olmalıdır. Bir sözlə ticarət, başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, təsərrüfat subyekti olmayıb, belə olan halda təsərrüfat subyektinin olması nə dərəcədə realdır? 1-ci abazasla və 2-ci abazasda məzmunlar tamamilə bir birinə ziddiyət təşkil edir. 1-ci və 2-ci abzasda göstərilən fəaliyyət sahələri ilə fəaliyyət göstərmədiyindən barəsində tərtib olunan riskli vergi ödəyicisi hesab edilməyi barədə qərar tamamilə ləğv edilməlidir və riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır. Vergi orqanı beynəlxalq istiqamətlər üzrə daşıma xidmətlərinin göstərilməsi ilə bağlı Okean Trans MMC-yə məxsus əmlakların beynəlxalq yükadaşımalrını həyata keçirdiyi Okean Trans MMC-nin kommersiya fəaliyyəti ilə onun beynəlxalq yükdaşıma fəaliyyətini yəqin ki, səhv salıb. İddiaçının beynəlxalq yükdaşıma fəaliyyəti tərəflər arasında bağlanan müqavilədə və müqavilə müddətinin uzadılması barədə 1 saylı əlavədə tamamilə müəyyən olunub. Bu qərar digər hüquq və ya fiziki şəxsə aid olan qərardan ona münasibətdə köçürülüb, mahiyyəti araşdırılmayıb və barəsində tərtib olunan qərarda tamamilə yanlışlığa yol verilib. Bu kimi süni maneələr və əsassız müdaxilələr səbəbindən sahibkalıq fəaliyyətini təmin edə bilmir. Riskli vergi ödəyicisi hesab ediləndən sonra vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 29 aprel 2024-cü il tarixli. **********01 1400 nömrəli qərar tamamilə yanlışdır. Yuxarıda qeyd etdiyi kimi məşğul olmadığı sahibkarlıq fəaliyyətinə istinad etməklə əssasız olaraq riskli vergi ödəyicisi hesab edilməyi barədə qərara əsaslanıb, barəsində 17.899,43 manat vergi hesablanıb. 2022-ci ildə 7 dəfə Okean Trans MMC-yə məxsus əmlakların beynəlxalq yükadaşımalrını həyata keçirmiş, ümumi daşıma məbləği elektron qaimələrə əsasən 48.900 manat təşkil edib. Bu barədə elektron qaimələri və digər sənədləri sorğu əsasında vegi orqanına təqdim etmişdir. Bundan əlavə vergi orqanı Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 29 aprel 2024-cü il tarixli, **********011400 nömrəli qərarla barəsində müəyyən olunan əvvəlki vaxtlarda ödədiyi vergilər daxil olmaqla, ümumilikdə 17.899,43 manat vergi məbləğinin hamısına vergi öhdəliyi müəyyən edə bilməz. Mübahisəli hallarda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən göstərilən əsasların yəni, beynəlxalq daşıma qadalarının müəyyənləşdirilməsi üçün ekspert dəvət etməlidir. 10 dekabr 2022-ci il tarixli, **********820300 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilməyi barədə qərarda tətbib edilərkən və onun əsasında müəyyənləşən Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 29 aprel 2024-cü il tarixli, **********011400 nömrəli qərarla barəsində müəyyən olunan 17.899.43 manat vergi məbləği hesablanmamalı idi. Qeyd etdyi kimi vergi öhdəliyi 2022-ci il üzrə cəmi 48 900 manat müəyyən olunan beynəlxalq yükdaşımanın 20%-nə münasibətdə tətbiq olunması vergi orqanın kobud səhvi və qərəzli mövqeyidir. Bundan əlavə 11 oktyabr 2023-cü il tarixli müraciətinə cavabda vergi orqanı yeni hal “kəşf” edərək, fəaliyyətinin təhlilni aparmış, heç bir əsaslandırma aparılmadan əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmamasına baxmayaraq, təsərrüfat sübyektinin vergi orqanında qeydiyyata alınmadığını müəyyən etmişdir. Bu tamamilə yanlış yanaşmadır, vergi orqanı onun qanunsuz sahibkarlıq fəaliyyətində ittiham edir, hansı ki, o, beynəlxalq yükdaşımalardan başqa digər fəaliyyətlə məşğul deyil. Həmin məktubda 06.01.22-23.05.22-ci il tarixlərdə ümumilikdə dəyəri 48.9 min manat olması elektron qaimələrlə beynəlxalq yükdaşımaya görə fəaliyyətini qəbul edir. 24.01.23-17.07.23-cü il tarixlərdə o, riskli vergi ödəyicilərinin siyahısına daxil edildiyindən hər hansı fəaliyyəti olmayıb, 90 min manatın hesablanmasının mənbəyi olmadığından tamamilə yanlış hesablanmadır, Fərqlənmə nişanın ancaq Ölkə daxilində yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər əldə etməli olduğundan, o, bu fəaliyyətlə məşğul olmadığından Fərqlənmə nişanın olmasının tələb edilməsi tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.7-ci maddəsində bu hallar tam aydın və səlis şəkildə yazılıb, Vergi orqanı özlüyündə bu maddənin tələblərini kobud şəkildə pozaraq, 90 min manatın haradan aşkar və ya müəyyən etdiklərini və barəsində özlərinin müəyyən etdikləri vergi öhdəliyinin əsaslandırılması üçün heç bir səbəb olmadan Fərqlənmə nişanın olması halını müəyyən edib. Beynəlxalq yükdaşıma fəaliyyəti beynəlxalq yükdaşıma fəaliyyətini həyata keçirdiyi hüquqi şəxslər arasında bağlanan beynəlxalq yük daşıma müqavilələrində öz əksini tapmışdır. O, mülkiyyətində olan DAF markalı 99BO460 qeydiyyat nişanlı yəhərli dartıcı (SCHMİTZ markalı 99ZA200 qeydiyyat nişanlı yarımqoşqu) nəqliyyat vasitəsi ilə beynəlxalq yük daşıma fəaliyyəti ilə bağlı daşımanın təyinatı üzrə xarici Ölkələrə giriş-çıxış üçün hazırkı AYNA əvvəlki X2 Xidmətindən İcazə (Dazvol) sənədini almışdır. Qeyd etdiyi kimi vergi öhdəliyi 2022-ci il üzrə cəmi 48 900 manat müəyyən olunan satışın 20 %- nə münasibətdə tətbiq olunması vergi orqanın kobud səhvi və qərəzli mövqeyidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsnə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 10 dekabr 2022-ci il tarixli, **********820300 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilməyi tamamilə qanunsuz qərardır. Riskli vergi ödəyicisi hesab edilməyi barədə aparılan araşdırmanın mahiyyəti izah edilmir və elektron kabinetə əlavə olunmayıb. Hansı yoxlamalar əsasında araşdırma aparılması qərarda öz əksini tapmayıb. Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamaların kameral və ya səyyar olması göstərilib. Vergi orqanı barəsində aşkar olunan pozuntu ilə bağlı vergi qanunvericiliyinin digər normalarını tətbiq etməklə təqdim edilmiş qaimə fakturaya münasibətdə başqa vergi normaları tətbiq edə bilərdi və həmin tətbiq edilən normaya uyğun olaraq vergiləri dərhal ödəyə bilər. Riskli vergi ödəyicisi hesab edilməyi barədə tətbiq olunan 10 dekabr 2022-ci il tarixli **********820300 nömrəli qərar qəbul edilərkən ciddi hüquq pozuntusuna yol verilib. Belə ki, bu qərar qüvvəyə mindikdən sonra aparılan əməliyyatlara münasibətdə tətbiq edilməlidir, amma vergi orqanı apardığı qərarın qəbulundan əvvəlki əməliyyatlara münasibətdə hazırkı qərarı qəbul edib. Qeyd etdiyi bu hal ciddi hüquq pozuntusudur. Riskli vergi ödəyicisi hesab edilməyi barədə tətbiq olunan 10 dekabr 2022-ci il tarixli, **********820300 nömrəli qərar çox ağır və qərəzli qərardır. O, vergi qanunvericiliyinin fərdi sahikarlar barədə təbiq olunan vergi güzəştlərindən məhrum olub. Ağır vergi öhdəliyi ilə yüklənməyin səbəbindən özünün sahibkarlıq fəaliyyətini davam etdirə bilmir. Fərdi sahibkar kimi fəaliyyətinin qanunvercilikdə nəzərdə tutulmuş riskli vergi ödəyicisi meyarlarına uyğun gəlmədiyindən, onun riskli vergi ödəyicisi olmamağını göstərir.
5. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, uçot baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdə vergi qeydiyyatına alınmış və əsas fəaliyyət növü “Yük avtomobili nəqliyyatının fəaliyyəti” olmuşdur. Vergi ödəyicisinin xx.xx.2024-cü il tarixdə təqdim etdiyi bəyannamə məlumatlarında 2023-cü il ərzində vergi ödəyicisinin gəlirinin 90 000 manat, gəlirdən çıxılan xərclərinin 500,25 manat və dövr üzrə vergiyə cəlb olunan gəliri 89 499,75 manat qeyd edilmişdir. Təqdim edilmiş 2023-cü il üzrə gəlir vergisi bəyannaməsində Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətinə tətbiq olunn 75% güzəşt hüququndan istifadə edilmişdir. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.3-cü yarımbəndinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmiş və təqdim edilmiş 2023-cü il üzrə gəlir vergisi bəyannaməsində 75% güzəşt hüququndan istifadə edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********718400 nömrəli “2023-cü il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 13424.96 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********011400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin, vergi ödəyicisi ticarət fəaliyyəti həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarı və ya digər təsərrüfat subyekti olmamışdır. Qeyd olunan hal qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Araşdırılma zamanı baza məlumatlarına əsasən mövcud olan risk meyarının aradan qaldırılmadığı müəyyən edilmişdir. Bununla yanaşı Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq vergiləri hesablamaq vergi orqanının hüququdur.
6. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********820300 nömrəli Qərara əsasən vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
7. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024cü il tarixli **********011400 nömrəli qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nm 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Eyni zamanda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsi daxil edilmişdir.
8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün buraxılış vəsiqəsi və kartı (VÖEN: **********; buraxılış vəsiqəsi: AZ14917; buraxılış kartı: AZ30095) mövcuddur. Əlavə olaraq sözügedən şəxsin ölkədaxili yükdaşıma fəaliyyəti göstərməsi üçün buraxılış vəsiqəsi və kartı alınmamışdır.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi və iddiaçı tərəfindən həyata keçirilən əməliyyatların əmtəəsiz əməliyyat hesab olunduğunu bildirdi.
İİ. İddianın növü və mümkünlüyü
11. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
13. Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
14. İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
15. İddia tələbi İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması hissəsində məcburetmə növündə iddia, xx.xx.2024-cü il tarixli **********011400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi hissəsində mübahisələndirmə növündə iddiadır. Qeyd edilən tələblər bir-biri ilə əlaqəlidir, bir cavabdehə yönəlib və eyni məhkəməyə aiddir, ona görə də bir iddiada birləşdirilə bilər.
16. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
17. İddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli Qərarı əsasında riskli vergi ödəyicisi hesab edilmiş İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılmasını xahiş etmişdir.
18. Mübahisənin yaranmasının səbəbi vergi ödəyicisi olan İddiaçı qeydiyyatda olan anbarın (o cümlədən icarəyə götürdüyü anbarın) və ya təsəsrrüfat subyektinin (obyektinin) olmamasıdır ki, bu da cavabdeh orqan tərəfindən iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsinə səbəb olmuşdur.
19. Belə ki, cavabdeh orqan tərəfindən Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü bəndinə istinad olunaraq iddiaçı tərəfindən həyata keçirilən fəaliyyəti əmtəəsiz əməliyyat hesab edilmişdir.
20. Vergi Məcəlləsinin: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. xx.xx.2022-ci il tarixdə olan redaksiyada deyilirdi: 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;
22. Proseduru tənzimləyən maddi hüquq normaların ciddi tətbiqi maddi hüququn əsl mahiyyətinə xələl gətirə bilər. Bu zaman müvafiq normalar hüququn ümumi prinsiplərinə və maddi hüququn əsl mahiyyətinə uyğun şəkildə təvsir olunaraq tətbiq edilməlidir.
23. Məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tətbiqi zamanı qərarın hərfi təfsirinə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, tənzimləyicinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır.
24. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməyən vergi ödəyicilərinin müvafiq risk amilləri nəzərə alınmaqla riskli vergi ödəyicisi olaraq qeydiyyata alınması vergidən yayınma hallarının qarşısının alınması, nəticədə isə vergi inzibatçılığının inkişaf etdirilməsi məqsədi ilə müəyyənləşdirilmişdir.
25. Odur ki, ilk növbədə vergi ödəyicinin riskli hesab edilməsi əsaslarının qanuniliyinə qiymət verilməlidir.
26. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü bənddə müəyyən olunmuş risk meyarının tətbiq olunması zamanı vergi ödəyicisinin həyata keçirdiyi fəaliyyətin xarakterinin nəzərə alınması zəruridir. Belə ki, iddiaçının fərdi sahibkar kimi yük avtomobili nəqliyyatının fəaliyyəti olmaqla əvvəlcədən olan razılaşmalara əsasən müqavilə əsasında hüquqi şəxsə məxsus xarici ölkədə olan yüklərin ölkəyə daşınmasının təmin edilməsi və ya əksinə ölkədə olan yüklərin xarici ölkələrə daşınmasının təmin edilməsidir. Bu halı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xx.xx.2024-cü il tarixli məktubu təsdiq etmişdir. Belə ki, məktubda qeyd edilmişdir ki, İddiaçı beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün buraxılış vəsiqəsi və kartı mövcuddur, sözügedən şəxsin ölkədaxili yükdaşıma fəaliyyəti göstərməsi üçün buraxılış vəsiqəsi və kartı alınmamışdır.
27. Məhkəmə qeyd edir ki, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxs üçün hər hansı qeydiyyatda olan anbarın və ya təsəsrrüfat subyektinin (obyektinin) tələb olunması həmin sahibkarlıq fəaliyyətinin xarakteri ilə uyğunsuzluq təşkil edir və qanunvericilikdə müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı təsərrüfat subyektinin (obyektinin) olması tələbi birbaşa nəzərdə tutulmamışdır.
28. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi qanunvericinin, eləcə də tənzimləyicinin güddüyü məqsədə uyğun deyildir və iddiaçısın riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh orqana həvalə edilməldir.
29. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********011400 nömrəli Qərara əsasən iddiaçıya kameral vergi yoxlaması nəticəsində 13.424,96 manat məbləğində 2023-cü il üzrə gəlir vergisi müəyyən olunmuşdur.
30. Mübahisənin yaranması səbəbi vergi ödəyicisinin xx.xx.2024-cü il tarixdə təqdim etdiyi bəyannamə məlumatlarında 2023-cü il ərzində vergi ödəyicisinin gəlirinin 90 000 manat, gəlirdən çıxılan xərclərinin 500,25 manat və dövr üzrə vergiyə cəlb olunan gəliri 89 499,75 manat qeyd edilməsidir. Belə ki, təqdim edilmiş 2023-cü il üzrə gəlir vergisi bəyannaməsində iddiaçı Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların saibkarlıq fəaliyyətinə tətbiq olunan 75% güzəşt hüququndan istifadə etmişdir. Cavabdeh iddiaçının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.3-cü yarımbəndinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən etmiş və təqdim edilmiş 2023-cü il üzrə gəlir vergisi bəyannaməsində 75% güzəşt hüququndan istifadə edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
31. 3 dekabr 2021-ci il tarixli, 406-VİQD nömrəli Azərbaycan Respublikasının qanunu ilə 102.1.30-cu maddəyə “mikro” sözündən əvvəl “bu məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan” sözləri əlavə edilmişdir.
32. 5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Azərbaycan Respublikasının qanunu ilə 102.1.30-cu maddə aşağıdakı yeni redaksiyada verilmişdir. 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir; əvvəlki redaksiyada deyilirdi: 102.1.30. Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;
33. Məhkəmə qeyd edir ki, meyarların 2.1.3-cü bəndi iddiaçının fəaliyyətinə tətbiq edilərək, riskli əməliyyat kimi qeyd edilmişdir.
34. Vergi məsuliyyəti müəyyən edən qərara münasibətdə cavabdehin dəlilləri ondan ibarətdir ki, iddiaçı gəlirlərin və xərclərin uçotunu aparmadığı üçün mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faiz güzəşt hüququndan istifadə edə bilməz. Belə ki, bu onunla şərtlənir ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuşdur. Cavabdeh bildirir ki, mikro sahibkarlıq subyekti olan fərdi sahibkara münasibətdə müvafiq güzəşt hüququndan məhrum olma riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın nəticəsidir.
35. Məhkəmə qeyd edir ki, normaların təhlilinə əsasən riskli vergi ödəyicisi hesab olunma birmənalı olaraq ödəyicinin gəlirlərin və xərclərin uçotunu aparmadığını şərtləndirmir. Odur ki, həmin qərarın nəticəsində əlavə araşdırma aparmadan (avtomatik olaraq) ödəyicisinin qeyd edilən güzəşt hüququndan məhrum edilməsi qanuni hesab edilə bilməz.
36. Məhkəmə hesab edir ki, cavabdeh qurum iddiaçının gəlir və xərclərinin uçotunun aparılmamasını sübut edən hər hansı dəlil təqdim etməmişdir. Əksinə, e-qaimə əsasında iş və xidmət təqdim edir, vergi orqanına hesabatlarını verir. Digər tərəfdən mikro sahibkarın riskli hesab olunması nəticəsində avtomatik olaraq onun vergi güzəştlərindən məhrum edilmiş hesab edilməsinə dair hər hansı müddəa yoxdur. Təsadüfi deyildir ki, həmin maddəyə (102.1.30) edilmiş dəyişiklik nəticəsində də maddənin tətbiqi şərtləri konkretləşdirilmiş, vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda həmin maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmədiyi qeyd edilmişdir.
37. Odur ki, iddia təmin edilməli, iddiaçının İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********011400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir.
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********011400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva