Məhkəmə qərarları › İş №2-1(112)-13981/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13981/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13981/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “protokolun ləğvi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddiaçı barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokolun və həmin protokola əsasən 16.271,02 AZN məbləğində inzibati cərimə edilməsinin məhkəmə qaydasında ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi fəaliyyətə başlamış və vaxtlı-vaxtında vergi orqanları ilə təmasda olmuşdur. Yəni, hər bir şey onun və cavabdeh tərəfindən nəzarətdə olmuş və vergini həmişə vaxtında ödəmişdir. Lakin, bir müddət əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ona qarşı süni surətdə hesablama aparılmış və qeyri-qanuni 16.271,02 AZN məbləğində borc yaratmışdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə sadalanan normaların tələblərindən çıxış edərək hazırkı iddianın mümkünlüyünü qiymətləndirir. Hazırkı işdən müəyyən olunur ki, Dövlət Vergi Xidmətinin konkret olaraq hansı inzibati aktı, hərəkət və ya hərəkətsizliyinin nəticəsində hüquqlarının pozulduğu və bu əsasdan cavabdeh orqan qismində çıxış etməli olması ilə bağlı müvafiq sübutlar iddia tələbində ifadə edilməmiş, bu barədə sübutlar iddia ərizəsinə təqdim edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının qanuni təmsilçisi olduğu "xxxx" MMC-yə (VÖEN **********) 8214,94 manat, "xxxx" MMC-yə (VÖEN **********) üzrə 8450,79 manat vergi borcu hesablanmışdır. Hazırkı halda iddiaçı hər iki hüquqi şəxsin qanuni təmsilçisi olsa da sözügedən vergi ödəyiciləri "xxxx" MMC, "xxxx" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsində vergi uçotundadırlar. Məhkəmə qeyd edir ki, iddia tələbində iddiaçı tətbiq edilmiş cərimələrin və borcların silinməsini tələb etsə də bu cərimə və borcun Dövlət Vergi Xidmətinin vergi borclarının bilavasitə hesablanması, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsini təmin etməkdə səlahiyyətli olan müstəqil inzibati orqan statusuna malik idarələri (Bakı şəhəri X3 üzrə Baş İdarəsi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və s.) tərəfindən hesablandığı və tələb edildiyi barədə sənədlər iddia ərizəsinə əlavə edilmədiyindən əsl cavabdehin hansı qurum olması müəyyən olunmur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının tələbi tətbiq edilmiş cərimələrin və borcların silinməsi olsa da bu növ iddia inzibati məhkəmə icraatında mübahisələndirmə haqqında iddiaya uyğundur. Belə ki, vergi qanunvericiliyinin tələblərinə əsasən vergi borcu vergi orqanının keçirdiyi vergi yoxlamaları nəticəsində vergilərin hesablanması barədə və ya vergi məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qərarlarında öz əksini tapmaqla vergi ödəyicisindən tələb edilir. Vergi ödəyicisinin isə vergi öhdəliyini müəyyən edən vergi orqanının qərarını Vergi Məcəlləsinin 62-ci, İnzibati Prosessual Məcəllənin 32-ci maddələrini əsas götürməklə yuxarı vergi orqanında və yaxud inzibati məhkəmə icraatında mübahisələndirmək hüququ vardır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Göründüyü kimi müstəqil vergi ödəyiciləri olan MMC-lərin vergi borcunun silinməsi barədə tələbləri üçün ilk növbədə həmin borcun hansı inzibati aktlar əsasında hesablandığı müəyyən olunmalı, məhz həmin inzibati aktlar hər bir vergi ödəyicisi tərəfindən (MMC tərəfindən) müstəqil qaydada inzibati məhkəmə icraatında mübahisələndirilməklə iddiaçının hüquqi marağına uyğun iddia tələbi qoyula bilər. Lakin hazırkı iş üzrə iddiaçının mübahisələndirdikləri cərimə və borcların vergi orqanının hansı qərarları əsasında hesablandığı nə iddia ərizəsindən, nə də ona əlavə edilmiş sənədlərdən müəyyən olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 16.2-ci bəndində göstərilmişdir ki, iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə görə isə həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Məhkəmə hazırkı iddia üzrə iddiaçı və cavabdeh qismində cəlb ediləcək qurumun dəqiqləşdirilməsini, iddia tələbinin predmeti olaraq vergi orqanının inzibati aktların mübahisələndirilməsinin zəruri olmasını nəzərə alaraq və iddia ərizəsi ilə bağlı bütün bu qeyd edilən nöqsanların aradan qaldırılmasının hazırkı inzibati məhkəmə icraatında mümkün olmamasını rəhbər tutaraq iddia ərizəsinin qeyd edilən tələblərə uyğunlaşdırması ilə bağlı hüquqi yardım göstərilməsinə, ağlabatan müddətin təyin edilməsinə zərurət görməmişdir. Məhkəmə qeyd edir ki, ağlabatan müddət təyin edilməsi ilə bağlı hüquqi yardım yalnız iddia ərizəsi ilə bağlı müvafiq çatışmazlıqlar aradan qaldırıldıqda inzibati məhkəmə icraatında davam edə bilən, baxılması yolverilən iddialara münasibətdə keçərlidir. Lakin hazırkı iddia ərizəsi üzrə iddiaçının, cavabdehin və predmetin dəyişdirilməsi tələb olunur ki, bu cür nöqsanların aradan qaldırılması iddia tələbinin dəqiqləşdirilməsinə deyil, artıq yeni inzibati iddia tələbinə gətirib çıxarır ki, bu da inzibati məhkəmə icraatında yolverilməzdir. Beləliklə, hazırkı iddia inzibati məhkəmə icraatında mümkünlük şərtlərinə cavab vermədiyindən mümkünsüz sayılmalıdır. Bununla yanaşı iddiaçıya izah edilir ki, hazırkı qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla yenidən inzibati məhkəmədə iddia qaldırmaq hüququ saxlanılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar