Məhkəmə qərarları › İş №2-1(112)-13983/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13983/2023

03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13983/2023 03.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Baş Prokurorluğuna qarşı cinayət faktının araşdırılması və tədbir görülməsi barədə inzibati akt qəbul edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Baş Prokurorluğuna qarşı cinayət faktının araşdırılması və tədbir görülməsi barədə inzibati akt qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X1:

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məzmunundan müəyyən olunur ki, iddiaçının tələbi hüquqi şəxsin əməllərində cinayət hüquqi xarakterli əməllərinin olması barədə ərizəyə münasibət verilməsindən ibarət olmaqla cavabdehin cinayət prosessual fəaliyyəti ilə bağlıdır və iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM): 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbsdə saxlanılma yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun; 449.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər; 449.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutulması və həbsdə saxlanılması; 449.3.3. tutulmuş şəxsin hüquqlarının pozulması; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; 67.3-cü maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Məhkəmənin qənaətinə görə, hər nə qədərdi iddiaçı hazırki mübahisənin ümumi publik xarakter daşıdığını iddia etsə də, mübahisənin kökündə cinayət əməllərinin olubolmaması və nəticə etibari ilə cinayət işinin başlanması barədə qərarın qəbul edilməsi durur ki, bu növ mübahisələr cinayət prosessual fəaliyyətindən irəli gəlir. Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanunun 3.2.1-ci maddəsinin tələblərinə nəzər yetirdikdə məlum olur ki, Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia tələbi mümkünlük şərtlərini ödəmir. Məhkəmənin qənaətinə görə, şəxsin cinayət haqqında ərizəsinə cavab verilməməsi də inzibati orqan tərəfindən cinayət haqqında ərizənin qəbul edilməsindən imtina kimi qiymətləndirilməlidir. Belə ki, CPM-in 449.3.1-ci maddəsində cinayət haqqında ərizənin cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilməsindən imtina edilməsi həmin orqanın aktiv davranışı kimi nəzərdə tutulsa da, hazırkı halda, bu qənaət (cinayət haqqında ərizənin qəbul edilməsindən imtina) həmin orqanın ərizəyə cavab verilməməsində ifadə olunan passiv davranışından irəli gəlir. Göründüyü kimi, hər iki (aktiv və passiv) davranış eyni nəticəyə yönəlmişdir. Odur ki, CPM 449.1 və 67.3-cü maddələrinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən şikayətlərə məhkəmə nəzarətini həyata keçirən ümumi məhkəmələr (rayon (şəhər) məhkəməsi) tərəfindən baxılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Həmçinin, iddiaçıya izah edilir ki, cinayət işinin başlanılmasından imtinaya dair istintaq orqanlarının hərəkət və hərəkətsizliyindən cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək hüququ izah edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar