Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1399/2023 26.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayədəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “köçürülmə öhdəliyinin cavabdehə həvalə olunması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 may 2022-ci il tarixli 17/4 7538 № 58 saylı məktubunun qanunsuz və əsassız hesab edilməsinə, atası X5 cəza müddətinin qalan hissəsinin Azərbaycan Respublikasında çəkməsi üçün Rusiya Federasiyasından gətirilməsi öhdəliyinin icrasının Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Pentisiar Xidmətinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X1 Federsiyasının Moskva Şəhər Məhkəməsinin 28 yanvar 2013-cü il tarixli hökmü ilə Rusiya Federsiyasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinib 16 (on altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını Rusiya Federasiyasının ciddi rejimli X10 çəkilməsi hökm edilmişdir. Cəzanın əvvəli 03 fevral 2011-ci il, cəzanın sonu 02 fevral 2027-ci il hesablanmışdır.O, və anası X6 ‘‘Azadlıqdan məhkum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat” Qaydalarının 2.5-ci maddəsini rəhbər tutaraq atasının cəzasının qalan hissəsinin Azərbaycan Respublikasında çəkməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ərizə ilə müraciət etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2014-cü ildə atasının cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkmək üçün onun, Rusiya Federssiyasından gətirilməsi ilə bağlı razılıq vermişdir və bu barədə “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzasının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyasına uyğun olaraq bütün tədbirlər görülmüşdür. Rusiya Federasiyasının Saratov Vilayət Məhkəməsinin 09 avqust 2017-ci il tarixli qərarı Rusiya Federasiyasının Penitensiar xidmətinin direktor müavini vəzifəsini müvəqqəti icra edən V.Q.Boyarinevanın atası X8 cəzasının Azərbaycan Respublikasında çəkməsinə dair müraciəti təmin edilmişdir, atasının cəzasının çəkilməmiş hissəsini Azərbaycan Respublikasında çəkilməsi qərara alınmışdır, qərar isə 11 sentyabr 2017-ci il tarixdə qüvvəyə minmişdir. Rusiya Federasiyası Saratov Vilayət Məhkəməsinin 09 avqust 2017-ci il tarixli qərarından göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 30 oktyabr 2014-cü il tarixli qərarına əsasən atası X5 Azərbaycan Respublikasına gətirilməsinə razılıq verərək Rusiya Federasiyasının Hökmünün icrası ilə bağlı öhdəliyi üzərinə götürmüşdür. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin atasının Azərbaycana gətirilməsi və onun cəzasının qalan hissəsini Azərbaycanda çəkilməsi ilə bağlı müraciətlərinə cavab olaraq, 09 oktyabr 2020-ci il tarixli, 17/412500 № 107 saylı və 12 may 2022-ci il tarixli, 17/47538 № 58 saylı məktublarda bildirilmişdir ki, “qeyd olunan konvensiyanın tələblərinə uyğun olaraq müraciətlərində göstərilən məsələyə baxılmış və məhkum Yaşar Namazovun ölkəyə qəbul edilməsi məqsədə müvafiq hesab edilməmişdir”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iddiaya dair yazılı münasibətində (etirazı) göstərilmişdir ki, 1969-cu ildə Bərdə şəhərində doğulmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş X16 Federasiyasının Moskva Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi və cinayətkar birlik yaratma cinayətlərinə görə 16 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzanın əvvəli xx.xx.2011-ci il, cəzanın sonu: xx.xx.2027-ci il. Yaşar Namazov cəza çəkdiyi müəssisənin rəhbərliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədə mənfi xarakterizə olunmuş, müəssisədə narkotik vasitələrin istifadəsinə, satışına və əldə edilməsinə meyilli məhkum kimi əməliyyat aparatında profilaktiki qeydiyyata götürüldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən məhkumun şəxsiyyəti, törətdiyi cinayət əməlinin xüsusatları, eyni zamanda gətirildiyi təqdirdə penitensiar müəssisələrin əməliyyat şəraitinə mənfi təsir göstərə biləcəyi nəzərə alınaraq Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Ədliyyə Nazirinin müavini Penitensiar xidmətin rəisi tərəfindən imtina məktubu imzalanaraq, Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə göndərilmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına gətirilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” xx.xx.1983-cü il tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” xx.xx.1998-ci il tarixli Moskva Konvensiyasına və bir sıra ikitərəfli beynəlxalq müqavilələrə əsaslanaraq həyata keçirilir. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” xx.xx.1983-cü il tarixli Avropa Konvensiyasının 3-cü maddəsinə, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” xx.xx.1998-ci il tarixli Moskva Konvensiyasının 5-ci maddəsinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün verilməsinin əsas şərtlərindən biri hər iki dövlətin buna razılığın verilməsidir. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” 2000ci il 12 dekabr tarixli Qanuna və “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında Konvensiya” üzrə səlahiyyətli orqanın təyin edilməsi barədə” ölkə Prezidentinin 2005-ci il 19 aprel tarixli Sərəncamına, habelə beynəlxalq müqavilələrə uyğun olaraq həmin müqavilələrin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədi ilə səlahiyyətli orqan- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müəyyən edilmişdir. “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmişdir. Qaydaların 1.4-cü bəndinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinə dair işlər ilə əlaqədar vətəndaşların qəbulu nazirlik üzrə müəyyən olunmuş qaydaya uyğun olaraq Nazirliyin Penitensiar xidməti tərəfindən həyata keçirilir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X13 məhkəmə iclasında etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı xx.xx.1993-cü il təvəllüdlü İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan; İddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Saratov Regional Məhkəməsinin “Azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş çıxsin cəzasını vətəndaşı olduğu dövlətə çəkmək üçün verilməsi haqqında 09 avqust 2007-ci il tarixli qərarının tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, Moskva Şəhər Məhkəməsinin 28 yanvar 2013-cü il tarixli hökmü ilə X1 Federasiyası Cinayət Məcəlləsinin 210-cu maddəsinin 1-ci hissəsi, 188-ci maddəsinin 4-cü hissəsi, xx.xx.2009-cu il tarixli 377-FZ nömrəli Federal Qanuna əsasən dəyişikliklərlə, 30cu maddənin 1-ci hissəsi-228.1-ci maddənin 3-cü hissəsinin “a”, “q” bəndləri, 30-cu maddənin 1-ci hissəsi - Rusiya Cinayət Məcəlləsinin 228.1-ci maddənin 3-cü hissəsinin “a”, “q” bəndləri, xx.xx.2009-cu il tarixli 215-FZ nömrəli Federal Qanuna əsasən dəyişikliklərlə ilə təqsirli bilinib, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinin tətbiqi ilə 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli islah koloniyasında çəkməklə, cəzanın çəkilməsinin başlanğıcı xx.xx.2011-ci il, müddətin sonu xx.xx.2027-ci ildir. 13 fevral 2014-cü ildə X7 Xidmətinin Saratov vilayəti üzrə İslah Koloniyası - 17-də cəza çəkən Namazov Y.A. Rusiya Federasiyasının səlahiyyətli orqanlarına onun cəzasının Azərbaycan Respublikasında çəkilməsi üçün köçürülməsini xahiş edib. Saratov Regional Məhkəməsinin 09 avqust 2007-ci il tarixli qərarı ilə Rusiya Federasiyasının Cəzaların İcrası üzrə Federal Xidmətinin direktor müavini vəzifəsini icra edən V.Q. Boyarinevin məhkum X5 cəzasının Azərbaycan Respublikasında çəkilməsi üçün verilməsi barədə təqdimatının təmin edilməsi, Moskva Şəhər Məhkəməsinin 28 yanvar 2013-cü il tarixli hökmü ilə məhkum edilmiş X5 (24 fevral 1969-cu il təvəllüdlü, doğulduğu yer: Azərbaycan Respublikası, Bərdə şəhəri, Azərbaycan Respublikasının vətəndaşı) cəzasının çəkilməsi üçün Azərbaycan Respublikasına keçirilməsi qərara alınmışdır. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17/4/12500-N-107 saylı, xx.xx.2020-ci il tarixli və 17/4-7538-N58 saylı xx.xx.2022-ci il tarixli eyni məzmunlu məktublarında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzasının qalan hissəsini vətəndaşı olduğu ölkədə çəkmək üçün həmin dövlətə verilməsi “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyası ilə tənzimləndiyi, qeyd olunan konvensiyanın tələblərinə uyğun olaraq müraciətində göstərilən məsələyə baxıldığı və məhkum Y.Namazovun ölkəyə qəbul edilməsinin məqsədəmüvafiq hesab edilmədiyi qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17/10-781 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş inzibati icraat materiallarına əlavə olunmuş: - Rusiya Federasiyası Saratov Vilayəti 17 saylı islah müəssissəsi tərəfindən məhkum X12 barəsində verilmiş xx.xx.2014-cü il tarixli “xasiyyətnamə”də göstərilmişdir ki, o, xx.xx.2013-cü il tarixdən “müəssisədə narkotik vasitələrin istifadəsinə, satışına və əldə edilməsinə meyilli məhkum kimi” əməliyyat aparatında profilaktiki qeydiyyata götürülmüşdür. Nəticə olaraq bildirilmişdir ki, X12 islah olunmağa meyilli olmamışdır. - Əməliyyat - rejim idarəsinin müavini Əməliyyat şöbəsinin rəisi ədliyyə polkovniki Süleyman Qədirov və Əməliyyat - rejim idarəsinin Əməliyyat şöbəsinin böyük inspektoru ədliyyə mayoru Anar Novruzzadə tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, 1969-cu ildə Bərdə şəhərində doğulmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş Y.Namazov Rusiya Federasiyasının Moskva Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi və cinayətkar birlik yaratma cinayətlərinə görə (52,0338 qram narkotik vasitə heroin) 16 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli: xx.xx.2011-ci il, cəzasının sonu: xx.xx.2027-ci il. Hazırda Saratov vilayətində yerləşən 17 saylı islah müəssisəsində cəza çəkir. Y.Namazovun cəza çəkdiyi müəssisənin rəhbərliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədə sonuncu mənfi xarakterizə olunmuş, müəssisədə narkotik vasitələrin istifadəsinə, satışına və əldə edilməsinə meyilli məhkum kimi əməliyyat aparatında profilaktiki qeydiyyata götürüldüyü müəyyən edilmişdir. Y.Namazovun ölkəyə qəbul edilməsi ilə bağlı araşdırma ötən illərdə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi tərəfindən aparılmış, sonuncunun ölkəyə qəbul edilməsinin məqsədəmüvafıq hesab edilməsi barədə Beynəlxalq əməkdaşlıq idarəsi tərəfindən zəmanət məktubu Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi tərəfindən Y.Namazovun şəxsi işi münasibət bildirilməsi üçün Penitensiar xidmətə göndərildikdə, Penitensiar xidmət tərəfindən məhkumun törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsi, şəxsiyyəti, davranışı və islah prosessinə münasibəti nəzərə alınaraq Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Bununla bağlı Penitensiar xidmət tərəfindən Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinə 17/4-1887 nömrəli, xx.xx.2018-ci il tarixli məktubla məlumat verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinə ünvanlanmış xx/xx-0205 №li xx.xx.2018-ci il tarixli məktubda göstərilmişdir ki, Rusiya Federasiyasında cəza çəkən Azərbaycan Respublikasının vətəndaşı məhkum X5 cəzasının qalan hissəsini çəkmək üçün ölkəyə qəbul edilməsi məsələsinə Penitensiar xidmətdə baxılmışdır. Məhkum Y.Namazovun törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsi, şəxsiyyəti, davranışı və islah prosessinə münasibəti nəzərə alınaraq cəzasının qalan hissəsini çəkmək üçün ölkəyə qəbul edilməsi məqsədəmüvafiq hesab edilmədiyi qeyd olunmuşdur. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyası: Maddə 2. Bir Tərəfin ərazisində cəza çəkən şəxs, ona verilmiş cəzanı çəkmək üçün bu Konvensiyanın müddəalarına uyğun olaraq başqa bir Tərəfin ərazisinə köçürülə bilər. Bu məqsədlə, o, hökm çıxaran dövlətə və ya idarə edən dövlətə bu Konvensiyaya əsasən köçürülməsində maraqlı olduğunu bildirə bilər. Məhkum edilmiş şəxs bu Konvensiyaya əsasən yalnız aşağıdakılara əsasən köçürülə bilər: “f” bəndi - hökm çıxaran və icra edən Dövlətlər köçürməyə razı olduqda. (Maddə 3); Köçürmə tələbləri və cavablar yazılı şəkildə həyata keçirilir. Tələblər sorğu edən Dövlətin Ədliyyə Nazirliyi tərəfindən X9 Nazirliyinə göndərilir. Cavablar eyni kanallar vasitəsilə çatdırılır. Hər hansı bir Tərəf, Avropa Şurasının Baş Katibinə ünvanlanan bəyannamə ilə, digər rabitə kanallarından istifadə edəcəyini göstərir. Sorğu alan Dövlət dərhal tələb olunan köçürməni qəbul edibetməməsi barədə sorğu edən Dövlətə məlumat verəcəkdir (Maddə 5). “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 06 mart tarixli Moskva Konvensiyası: Maddə 4. Bir məhkumun köçürülməsi üçün tələb həm hökm çıxaran dövlətdən, həm də idarə edən Dövlətdən gələ bilər. Məhkumun özü, yaxın qohumları, qanuni nümayəndəsi və vəkili məhkumun köçürülməsi tələbi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarına müraciət edə bilər. Məhkumun köçürülməsi aşağıdakı şərtlər daxilində həyata keçirilə bilər (Maddə 5); - şəxsin həbs cəzasına məhkum edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə minmiş olduqda; - bu Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində göstərilən şəxslər tərəfindən köçürmə müraciəti olduqda; -məhkumun yazılı razılığı varsa və ya məhkum yaşına, fiziki və ya mənəvi vəziyyətinə görə iradəsini sərbəst ifadə edə bilmirsə, bu halda qanuni nümayəndəsinin razılığı varsa; - şəxs qəbul və ötürülməni həyata keçirən Razılığa gələn tərəflərin qanunlarına görə azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətlərə görə məhkum edilmişdirsə; - köçürmə tələbinin qəbulu zamanı çəkilməmiş həbs müddəti ən azı altı aydırsa; - hökm çıxaran dövlətlə idarə edən dövlət arasında məhkumun köçürülməsi və qəbulu barədə razılaşma mövcuddursa. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”: Bənd 1.1. Bu Qaydalar azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərin qəbulunu və bununla bağlı həyata keçirilən sənədləşmə prosedurlarını müəyyən edir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyasına və bir sıra dövlətlərlə bağlanmış ikitərəfli müqavilələrə (bundan sonra – beynəlxalq müqavilələr) əsasən həyata keçirilir (Bənd 1.2); Müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur (Bənd 3.1); Hökmü çıxaran dövlətdən daxil olmuş müraciət bu Qaydaların 2.4-cü bəndinə uyğun təqdim edildikdən dərhal sonra həmin müraciət və ona əlavə edilmiş sənədlər mahiyyəti üzrə baxılması üçün İdarə tərəfindən Penitensiar xidmətə göndərilir(Bənd 3.2) Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir (Bənd 3.3); 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.2. şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; 3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir (Bənd 3.4); Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır ( Bənd 3.5); Rəy Penitensiar xidmətin əməliyyat-rejim üzrə rəis müavini tərəfindən imzalanır və Nazir müavini - Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilir (Bənd 3.6); Məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır (Bənd 3.7); Bənd 3.8. Zəmanət məktubuna aşağıdakı sənədlər əlavə edilir: 3.8.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini və ya Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasını təsdiq edən sənəd; 3.8.2. Məhkumun azadlıqdan məhrum edilməsinə əsas olan əməlin cinayət olduğunu göstərən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə Cəzaların İcrası Məcəlləsinin və digər aidiyyəti qanunvericilik aktlarının maddələrinin mətni. İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir (Bənd 3.9); Hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir (Bənd 3.10); Məhkumun verilmə yeri, vaxtı və qaydası tərəflərin cəzanı icra edən orqanları tərəfindən müəyyənləşdirilir (Bənd 3.11) Bu Qaydaların 2.5-ci bəndində göstərilən hallar nəzərə alınmaqla, Penitensiar xidmət və ya İdarə tərəfindən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətin nəticəsi barədə maraqlı şəxslərə və ya hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına məlumat verilir (Bənd 3.12) Məhkum olunmuş şəxslər cəzanın qalan hissəsinin çəkilməsi üçün qəbul edildikdən sonra Penitensiar xidmət hökmün icrası haqqında qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edir. Məhkəmə çıxarılmış hökmdən çıxış edərək onun icrası haqqında qərar qəbul edir (Bənd 4.1) İdarə bir ay müddətində hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına hökmün tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını və həmin qərarın icrası barədə məlumatları təqdim edir. (Bənd 4.2). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “31” oktyabr 2019-cu il tarixli “21-N” nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnaməsinin: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti (bundan sonra - Penitensiar xidmət) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur. Penitensiar xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, BMT-nin Məhbuslarla davranışın minimal standart qaydalarını (X11), BMT-nin Məhbuslarla rəftarın əsas prinsiplərini, X2 və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cəzaların İcrası və Cinayət- Prosessual məcəllələrini, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununu, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqların təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə»ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur ( maddə 1.2). Penitensiar xidmət fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında həyata keçirir( maddə 1.5). Həmin Əsasnamənin 3.1.10-cu bəndində bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi, Azərbaycan Respublikasında cəza çəkən əcnəbi vətəndaşların mənsub olduqları ölkələrə verilməsi ilə bağlı tədbirlər görmək xidmətin vəzifəsi kimi göstərilmişdir. Səlahiyyətlərinə aid olan məsələlərə dair xidməti yoxlamalar və araşdırmalar həyata keçirmək (maddə 4.1.6); həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, cəzaların icrası və cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqları həyata keçirmək (maddə 4.1.27) xidmətin hüququ kimi göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasını Qanununun: 2.0.7-ci maddəsində diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi anlayışı kimi qeyd olunmuşdur. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır( 14.2) Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3) Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddələrin ümumiləşdirilmiş təhlilinə görə, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1399/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1399/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver