Məhkəmə qərarları › İş №2-1(112)-1399/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1399/2025

27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(112)-1399/2025 27.02.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I.İşin halları İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 üvanında yerləşən ümumi sahəsi 329,10 kv.metr 6 otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırki iş üzrə ##.##.2025-ci il tarixli Qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “iddiaçıya məxsus ünvan 3 üvanında yerləşən ümumi sahəsi 329,10 kv.metr olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İarəsinə həvalə edilməsi” kimi icraata qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən təqdim edilmiş Qeydiyyat Vəsiqəsindən də aşkar olduğu kimi, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 329.10 kv.metr, 6 otaqdan ibarət fərdi yaşayış evi iddiaçının adına mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, *** saylı qərarı əsasında qeydə alınmışdır. Bu fakt ***** nömrə ilə reyestr kitabında yazılmış, 4189 invertar nömrəsi ilə qeydiyyata alınmışdır. Sözügedən sənəd rəis və qeydəalma üzrə məsul şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Bundan savayı, iddiaçıya məxsus sözügedən fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Həmin sənəddə torpaq sahəsinin şərhi, torpaq sahəsinin planı, tikinti planı, 1-ci və 2-ci mərtəbənin planı, binanın təsviri, tikinti və qurğuların təsviri ilə bağlı məlumatlar təsbit olunmuşdur. Sözügedən texniki pasport Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən tərtib edilmiş, imza və möhürlə təsdiq edilmişdir (Texniki pasportun surəti iddia ərizəsinə əlavə edilmişdir). İddiaçı uzun illərdir ki, ona məxsus fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır, təsərrüfat aparır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, fərdi yaşayış evinə dair təqdim edilmiş - qeydiyyat vəsiqəsi barədə İdarənin arxivində məlumat aşkar olunmamış, həmçinin texniki pasport təqdim edilmədiyindən ərizənin araşdırılması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı İddiaçı ona məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 329,10 kv.metr, 6 otaqdan ibarət fərdi yaşayış evi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** saylı, ##.##.2023cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və 233020626164 xaricolma nömrəli ##.##.2023cü il tarixli məktublarla cavab verilmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə dair təqdim edilmiş qeydiyyat vəsiqəsi barədə * saylı Bakı Ərazi İdarəsinin və * saylı Abşeron ərazi idarəsinin arxivlərində məlumat aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən Fərdi yaşayış evi X1 ərazisidir və 5 metr aralıdan 270 mm.lik orta təzyiqli yeraltı qaz xətti keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilir. cavabdeh1 strukturunda baş vermiş dəyişikliklə əlaqədar olaraq cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. III. Tədqiq edilən sübutlar Abşeron rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli Sərəncamına əsasən 50 ailəyə 5,0 hektar həyatyanı torpaq fondu ayrılmışdır. Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqların Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfində verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Abşeron rayon, Buzovna qəsəbəsi, Qaçaq Nəbi küçəsində ev 38 sahəsi 329,10 kv.m ümumi sahəsi 329,10 kv.m 6 otaqdan ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron rayon İcra hakimiyyəti Başçısının ## ##### 1999-cu il tarixli *** saylı qərarı əsasında qeydə alınmışdır. ***** №-li reyestr kitabında yazılmışdır. **** №-li inventar işi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına tərtib olunmuş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportu iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, arxiv və reyestr məlumatlarına əsasən sözügedən ünvana dair ***** reyestr nömrəli və 4189 inventar nömrəli qeydiyyatın aparılması barədə hər hansı məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı adına sözügedən ünvanın qeydiyyatdan keçməsi ilə bağlı, həmçinin təqdim edilən qeydiyyat vəsiqəsinin tərtib ediməsinə dair məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Abşeron rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərinə dair verilmiş qeydiyyat vəsiqələrinin arxiv sənədləri cavabdeh1n * saylı Bakı Ərazi İdarəsinə təhvil verildiyindən aidiyyəti üzrə müraciət edilməsi məqsədəmüvafiqdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Mərkəzin arxivində Abşeron rayonu, Buzovna qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən İddiaçı məxsus ** nömrəli (ümumi sahəsi 329,10 kv.m altı otaqdan ibarət) yaşayış evinə dair **** nömrəli Qeydiyyat vəsiqəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər, eləcə də yaşayış evinin Texniki Pasportu aşkar edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanın qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. IV. İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin etmədiyini irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddia tələbinin predmeti olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edildiyi müəyyən edilmir. İddiaçı İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olaraq Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqların Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfində verilmiş Qeydiyyat Vəsiqəsini və Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportunu məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinə sorğular ünvanlanaraq Abşeron rayonu, Buzovna qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evinə dair verilmiş **** nömrəli ***** reyestr nömrəli qeydiyyat vəsiqəsinin və texniki pasportun arxiv nüsxələrinin təsdiq edilmiş surətlərinin təqdim edilməsi tələb edilmişdir. Buna baxmayaraq məhkəməyə ünvanlanan məktublarda qeyd edilmişdir ki, arxivdə Abşeron rayonu, Buzovna qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən İddiaçı məxsus ** nömrəli (ümumi sahəsi 329,10 kv.m altı otaqdan ibarət) yaşayış evinə dair **** nömrəli Qeydiyyat vəsiqəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər, eləcə də yaşayış evinin Texniki Pasportu aşkar edilməmişdir. Belə ola təqdirdə məhkəmə hesab edir ki, iddia tələbinin predmeti olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edildiyi müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin (qeydiyyat vəsiqəsi və texniki pasportun) dövlət arxivlərində mövcudluğu təsdiqlənməmişdir. Habelə, **** nömrəli ***** reyestr nömrəli Qeydiyyat vəsiqəsində istinad olunan Abşeron rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli Sərəncamı torpaq ayrılması barədədir. Odur ki, məhkəmə iş üzrə təqdim edilən sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün iddiaçının “qanuni gözləntisi” yoxdur. Belə ki, hazırda iddiaçının hüquqi vəziyyəti tələbin hüquqi əsasını təşkil edən disposiziya şərtinə uyğun gəlmir. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Belə ki, qeyd edilən daşınmaz əmlaka dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi olmadığı üçün hüquqların qeydiyyata alınmaqla çıxarışın verilməsi tələbi təmin edilməməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir. “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı, və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında" Azerbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh1 strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 Nizamnaməsi" yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilatı xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh1 tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar