Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13990/2023 23.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı “qərarın cavabdeh tərəfindən məcburi şəkildə icra edilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3138/2019 nömrəli, xx.xx.2019-cü il tarixli qərarının tez bir zamanda cavabdeh tərəfindən məcburi şəkildə icra edilərək iddiaçıya 175100 (yüz yetmiş beş min yüz) manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi ilə bağlı qərar qəbul edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3138/2019 nömrəli xx.xx.2019-cü il tarixli qərarı indiyədək icra olunmadığı üçün 50000 (əlli min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən 250000 manat maddi, 100000 manat mənəvi, 30,40 manat ödənilmiş dövlət rüsumunun, 11,50 manat etibarnamə üçün ödənilmiş rüsumun və 550 manat vəkilə ödənilmiş pulun tutularaq verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra mən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən 250000 manat maddi və 100000 manat mənəvi ziyanın tutularaq verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 06 avqust 2019-cu il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində işə cəlb edilmişdir. Nəticədə isə, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3138/2019 nömrəli, xx.xx.2019-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3138/2019 nömrəli, xx.xx.2019-cü il tarixli qərarı ilə vurulmuş maddi ziyana görə 173100 (yüz yetmiş üç min yüz) manat və mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Bu qərarın qəbul edilməsindən sonra qərarın icrası üçün dəfələrlə müraciət etsə də, qərar icra olunmamışdır. Bu isə tamamilə qanunsuz olduğuna görə bir daha qərarın icrasının təmin edilməsi üçün məhkəməyə müraciət etməyi qərara almışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2- 1(81)-3138/2019 nömrəli qərarı xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə göndərilmişdir, lakin həmin qərar cavabdeh orqan tərəfindən hal-hazırkı tarixədək icra edilməmişdir. Qərarın icra edilməməsindən narazı qaldığı üçün qeyd edilən qərarın icrasının təmin edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3138/2019 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti 500 (beş yüz) manat məbləğində cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh bu qərardaddan apellyasiya şikayəti verərək narazı qaldığını bildirsə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-687/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3138/2019 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin, Bakı İnzibati Məhkəməsinin bu işlə bağlı olan icra vərəqəsi də tərtib edilərək 07 aprel 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Lakin sözügedən qərar xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almasına rəğmən hələ də icra olunmur. Bu isə kobud bir pozuntudur. Hazırda işin icrası Yasamal Rayon İcra Şöbəsinə tapşırılmışdır. Lakin burada da işin icrası üçün heç bir hərəkət edilmir. Bu qanunsuzluğun aradan qaldırılması üçün Yasamal Rayon İcra Şöbəsi tərəfindən bu qərarın məcburi icrası öhdəliyi Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Bütün bu məhkəmə qərarlarına və faktiki, hüquqi hallara baxmayaraq hələ də müvafiq məhkəmə qərarı icra edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3138/2019 nömrəli, xx.xx.2019-cü il tarixli qərarının qəbul edilməsindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq hələ də qərar icra edilməmişdir. Dəfələrlə bununla bağlı müxtəlif orqanlara müraciət etmiş, amma hələ də heç bir dəyişiklik olmamışdır. Bütün bunlara görə də, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3138/2019 nömrəli, xx.xx.2019-cü il tarixli qərarının indiyədək hansı səbəbdən icra edilməməsi barədə məlumat verilməsini və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3138/2019 nömrəli, xx.xx.2019-cü il tarixli qərarının tez bir zamanda məcburi şəkildə icra edilməsini xahiş etmişdir. Lakin bu müraciətinə cavab olaraq heç bir icra hərəkəti aparılmamış və yalnız xx.xx.2023-cü il tarixli cavab məktubu göndərilmişdir. Bu cavab məktubundan pul vəsaitinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrılacağı qeyd olunmuşdur. Həmçinin Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda “hazırda icra sənədinin icra olunması istiqamətində tədbirlər görülür” qeyd olunmuşdur. Lakin Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən heç bir tədbir görülmür. Halbuki cavabdeh məcburi icra tədbirləri görərək bu icranı həyata keçirə bilər. Bunu etməməsi isə Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa ziddir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3138/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia qismən təmin edilərək İddiaçı Qara oğluna vurulmuş maddi ziyana görə 173100 (yüz yetmiş üç min yüz) manat və mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində kompensasiyanın İddiaçı Qara oğluna ödənilməsi vəzifəsi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən İddiaçı Qüdrət oğluna ünvanlanmış xx/xx-84705/31 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3138/2019 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən İddiaçı Qara oğluna vurulmuş maddi ziyana görə 173100 (yüz yetmiş üç min yüz) manat və mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraata başlanılmışdır. Məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə həmin tarixdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Borclu qurumdan bildirilmişdir ki, sözügedən vəsaitin Maliyyə Nazirliyi tərəfindən ayrıldığı təqdirdə icra sənədinin icrası təmin olunacaqdır. Həmçinin xx.xx.2023cü il tarixdə tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə icra sənədinin icrası ilə bağlı qeyd olunan vəsaitin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə ayrılması ilə bağlı məsələyə baxılması üçün müraciət olunmuşdur. Hazırda icra sənədinin icra olunması istiqamətində tədbirlər görülür. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3188/2019 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti 500 (beş yüz) manat məbləğində cərimə edilmiş və həmin qurumdan tutulan cərimə dövlət büdcəsinə ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3138/2019 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək müvafiq tələb ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. X1 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X1 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40). Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. 119.1. Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. 119.2. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı (tələbkar) qüvvədə olan yekun məhkəmə aktının lazımi qaydada icra olunmamasına dair ərizə ilə (həmin işlə bağlı) Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər və məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir. Bu barədə məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilməsinə baxmayaraq iddiaçı iddia tələbini müdafiə etmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblərlə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-13990/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13990/2023
23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver